1.5 AAOIFI
Həmçinin İslam Maliyyə Sistemini öyrənərkən İslam Maliyyə İnstitutları üçün standartları müəyyənləşdirən təşkilatları da yaddan çıxarmaq olmaz. Bu təşkilatlardan biri İslam Maliyyə İnstitutları üçün Mühasibat Uçotu və Audit təşkilatı AAOIFI - dır, baxmayaraq ki, hələ də bütün İslam ölkələri tərəfindən yekdilliklə qəbul olunmayıb. AAOIFI (Accounting and Auditing Organization for Islamic Financial Institutions) İslam Maliyyə İnstitutları və İslam Maliyyəsi sektoru üçün mühasibat uçotu, audit, etik və şəriət standartları və kodeksləri hazırlayan qeyri – kommersiya xarakterli beynəlxalq İslam təşkilatıdır. AAOIFI həmçinin sahənin insan resursları bazasını gücləndirmək üçün İslam Maliyyəsi sahəsində məşhur olan beynəlxalq kvalifikasiyalar da təklif edir. AAOIFI 1990 – cı ilin Fevral ayının 26 – da yaradılıb və 1991 – ci ildə Bəhreyn dövlətində qeydiyyatdan keçib. Müstəqil beynəlxalq təşkilat kimi AAOIFI 45 ölkədən olan 200 üzv tərəfindən dəstəklənir. Bu üzvlərin də əksəriyyəti mərkəzi banklar, İslam Maliyyə İnstitutları və İslam Maliyyəsi sahəsinə aid digər qurumlardan ibarətdir. AAOIFI – nın standartları Bəhreyn, Qətər, Dubay Beynəlxalq Maliyyə Mərkəzi, İordaniya və Sudan tərəfindən qəbul olunub. Bəhreyn və Qətərdə bu standartlar məcburi xarakter daşıyır. Avstraliya, İndoneziya, Malaziya, Pakistan, Səudiyyə Ərəbistanı və Cənubi Afrika kimi ölkələr isə AAOIFI standartlarına əsaslanan texniki direktivlər hazırlayıblar. Lakin qeyd etmək lazımdır ki, bu ölkələr hələ də AAOIFI standartlarını tam olaraq qəbul etməyiblər.
AAOIFI – nın məqsədləri aşağıdakılardır:
İslam Maliyyə İnstitutları üçün münasib olan mühasibat uçotu və audit standartlarının müəyyənləşdirilməsi
Bu standartların seminarlar, təlimlər, periodik hesabatlar vasitəsilə yayılması
Standartların şərhlərinin hazırlanması
Mövcud standartların gözdən keçirilməsi və təkmilləşdirilməsi
1.6 IFSB
İslam Maliyyə sektoru üçün standartlar müəyyənləşdirən digər bir təşkilat IFSB – dir. Islamic Financial Services Board (IFSB) 2002 – ci ildə Malaziyanın Kuala Lumpur şəhərində təsis edilib və 2003 – cü ildən etibarən rəsmi fəaliyyətə başlayıb. IFSB İslam Maliyyəsi sahəsinin stabilliyini və inkişafını təmin etmək məqsədilə standartlar müəyyənləşdirən beynəlxalq təşkilatdır.
1.7 LMC
İslam Maliyyə Sistemində sahə üçün müxtəlif xidmətlər (məsləhət xidmətləri daxil) göstərən qurumlar da mövcuddur. Bunlardan biri Liquidity Management Centre (LMC), yəni likvidliyin idarəedilməsi mərkəzidir. Liquidity Management Centre (LMC) İslam Maliyyə İnstitutlarının artıq nəğd vəsaitlərini qısa və orta müddətli maliyyə alətləri vasitəsilə şəriətə müvafiq qaydada investisiya etmək məqsədilə yaradılıb. LMC İslam Maliyyə İnstitutlarının qısa – müddətli likvidliklərini idarə etmək üçün İslam interbank bazarlarının yaradılmasında rol oynayır. Bu məqsədlə LMC dövlətlərdən və özəl sektordan cəlb etdiyi aktivlər hesabına İslam Maliyyə İnstitutları üçün innovativ investisiya alətlərinin yaradılması ilə məşğuldur. LMC həmçinin proyekt maliyyəsi və korporativ maliyyə sahələrində məsləhət xidmətləri də göstərir.
Dostları ilə paylaş: |