2.4 Muşarakah
İslam Bankçılığında mənfəətə və zərərə şərik prinsipi (Profit and Loss Sharing - PLS) ilə tətbiq olunan digər bir maliyyələşmə üsulu muşarakah adlanır. Muşarakah – adından göründüyü kimi bir şeyə şərik olmaq mənasına gəlir. Muşarakah da Mudarabah kimi Mənfəət və Zərərə Şəriklik prinsipi ilə fəaliyyət göstərir. Mudarabahdan fərqli olaraq Muşarakahda şəriklik payları ilkin tətbiq olunan kapitala görə (equity investment) müəyyənləşir, yəni hər iki tərəf proyekti maliyyələşdirir. Lakin müxtəlif məzhəblərdə Mənfəət və Zərərə şərikliyə müxtəlif yanaşmalar var. Hənəfi və Hənbəli məzhəbləri hesab edir ki, zərər tətbiq olunan ilkin kapitala (sərmayə) uyğun olsa da, mənfəətin bölgüsü tərəflərin öz aralarında razılaşma nəticəsində müəyyən oluna bilər. Lakin Maliki və Şafi məzhəbləri hesab edir ki, zərər də, mənfəət də ilkin tətbiq olunan kapitala uyğun olaraq bölünməlidir.
Muşarakahnın növlərindən biri də Azalan Muşarakah adlanır. Azalan Muşarakah1 zamanı şəriklərdən birinin payı müəyyən müddətdən bir mütəmadi olaraq digər şərik tərəfindən alınır. Bu proses şəriklərdən birinin payı 0 – a çatana qədər davam edir və digər tərəf proyektin və ya biznesin yeganə sahibi olur. Azalan muşarakah yalnız biznes proyektlərində yox, İslam ipotekası adlanan əməliyyatlarda da istifadə olunur. Bu zaman bank və ev almaq istəyən müştəri şəriklik şərtilə ev alır. Məsələn, evin qiymətinin 20% - i müştəri, 80% - i bank ödəyir. Sonra bank evi müştəriyə iacrəyə verir və müəyyən müddətdən bir müştəri bankın payının bir hissəsini alır. Bankın payı müştəri tərəfindən satın alındıqca icarə haqqı da bu paya proporsional olaraq azalır. Bu proses bankın payı 0 – a çatana qədər davam edir və sonda müştəri evin tək sahibi olur.
Muşarakah İslam Maliyyə Sisteminin ən ideal aləti hesab olunur. Hətta İslamdakı mənbələrə görə şəriklik fəaliyyəti Allah tərəfindən də təqdir olunur və bu fəaliyyətə Allah bərəkət verir. Aşağıdakı qudsi hədisdə Allah şəriklər haqqında belə deyir:
“İki şərikdən biri yoldaşına xəyanət etmədikcə onların üçüncü şəriki mənəm. Biri digərinə xəyanət etdikdə isə mən dərhal aralarından çıxaram”. (Əbu Davud)
Göründüyü kimi, bu qudsi hədisdə Allah şəriklərin dürüstlüyü zamanı özünün də onların şəriki olduğunu bəyan edərək bu fəaliyyətə xüsusi dəyər verir.
Dostları ilə paylaş: |