"Avropa Peyk Rabitəsi Təşkilatının yaradılması haqqında" Konvensiyaya (düzəlişlərlə) qoşulmaq barəsində
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası "Avropa Peyk Rabitəsi Təşkilatının yaradılması haqqında" 1982-ci il iyulun 15-də Paris şəhərində imzalanmış Konvensiyaya (düzəlişlərlə) qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 aprel 2002-ci il
№ 289-IIQ
Avropa Peyk Rabitəsi Təşkilatının yaradılması haqqında
KONVENSİYA
(düzəlişlərlə)
PREAMBULA
Bu Konvensiyanın Tərəfləri olan dövlətlər,
onların xalqları və xalq təsərrüfatları arasında qarşılıqlı əlaqələrin inkişafi üçün peyk rabitəsinin əhəmiyyətini, eləcə də özlərinin bu sahədə əməkdaşlığı möhkəmləndirmək səylərini vurğulayaraq,
"İNTERİM EUTELSAT" Avropa Peyk Rabitəsi Müvəqqəti Təşkilatının Avropa peyk rabitəsi sistemlərinin kosmik seqmentlərinin istismarı məqsədi ilə yaradıldığını qeyd edərək,
Ay və digər səma cisimləri də daxil olmaqla kosmik fəzanın tədqiqi və istifadəsi sahəsində dövlətlərin fəaliyyət prinsipləri haqqında 1967-ci il yanvarın 27-də Londonda, Moskvada və Vaşinqtonda bağlanmış Müqavilənin müvafiq müddəalarını nəzərə alaraq,
Avropa İttifaqı və beynəlxalq səviyyəli müvafiq sazişlər bağlamış dövlətlərin hər hansı hüquq və öhdəliklərinə xələl gətirmədən bütün iştirakçı dövlətlərə rabitə xidmətləri göstərmək məqsədi ilə ümumavropa rabitə şəbəkəsi çərçivəsində EUTELSAT peyk rabitəsi sisteminin tətbiqini və istismarını davam etdirməyə çalışaraq,
Avropada və bütün dünyada texniki, iqtisadi, normativ və siyasi təkamülü izləməyin və ehtiyac yarandıqca ona uyğunlaşmağın, xüsusən də EUTELSAT-ın operativ fəaliyyətini və onun müvafiq aktivlərini milli yurisdiksiyaya malik olmalı səhmdar cəmiyyətinə (həm də bu cəmiyyətə rəhbərlik keyfiyyətli iqtisadi və maliyyə zəminində, kommersiya dairələrində razılaşdırılmış prinsiplərə və Razılaşmaya uyğun surətdə həyata keçirilməlidir) keçirməyin zəruriliyini etiraf edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə I
(Anlayışlar)
Bu Konvensiyanın məqsədləri üçün:
a) "Konvensiya" termini "EUTELSAT" Avropa Peyk Rabitəsi Təşkilatını təsis edən, 1982-ci il iyulun 15-dən Parisdə Hökumətlər tərəfindən imzalanmaq üçün açıq olan Konvensiya (preambula və əlavələri də daxil olmaqla, sonrakı düzəlişlərlə birlikdə) deməkdir;
b) "Müvəqqəti Saziş" ifadəsi 1977-ci il mayın 13-də Hökumətlər yaxud Tanınmış özəl istismar təşkilatları arasında bağlanmış və Fransa Hökumətində saxlanılan "İNTERİM EUTELSAT" Avropa Peyk Rabitəsi Müvəqqəti Təşkilatının yaradılması haqqında Saziş deməkdir;
c) "ECS Sazişi" ifadəsi dayanıqlı xidmət peyk rabitəsi sisteminin kosmik seqmentinə dair 1978-ci il martın 10-da Parisdə bağlanmış, Müvəqqəti Sazişə Əlavə Saziş deməkdir;
d) "Tərəf" termini Konvensiyanın qüvvəyə mindiyi yaxud müvəqqəti tətbiq olunduğu dövlət deməkdir;
e) "EUTELSAT-ın Baş direktoru" ifadəsi EUTELSAT təşkilatının icra orqanının başçısı deməkdir;
"EUTELSAT-ın icraçı katibi" ifadəsi EUTELSAT təşkilatı Katibliyinin başçısı deməkdir;
g) "Eutelsat SC" ifadəsi Tərəflərdən birinin qanunları ilə tənzimlənən səhmdar cəmiyyəti deməkdir; ilkin mərhələdə o, Fransada yerləşəcək;
h) "kosmik seqment" ifadəsi rabitə peykləri sistemi, həmçinin izləmə, telemetriya, idarəetmə, nəzarət, monitorinq sistemləri və belə peyklərə istismar xidməti üçün zəruri olan digər vasitə və avadanlıq deməkdir;
i) "peyk sistemi" ifadəsi kosmik seqmentin və bu cür kosmik seqmentlə əlaqəsi olan yerüstü stansiyaların əmələ gətirdiyi sistem deməkdir;
j) "rabitə" termini naqilli, radio, optik sistemlər və ya digər elektromaqnit sistemləri vasitəsi ilə işarələrin, siqnalların, mətnin, təsvirlərin və səsin yaxud istənilən xarakterli məlumatların hər hansı ötürülməsi, şüalandırılması yaxud qəbul edilməsi deməkdir;
k) "Başlıca prinsiplər" ifadəsi bu Konvensiyanın III (a) Maddəsində göstərilən prinsiplər deməkdir;
1) "Razılaşma" termini EUTELSAT təşkilatı ilə Eutelsat SC arasında razılaşma deməkdir; bu razılaşmanın predmeti EUTELSAT təşkilatı ilə Eutelsat SC arasında qarşılıqlı münasibətləri, eləcə də onların qarşılıqlı öhdəliklərini müəyyənləşdirmək və xüsusən də EUTELSAT təşkilatına Eutelsat SC-nin Başlıca prinsiplərə riayət etməsinə nəzarəti təmin etməyə imkan verən hüquqi çərçivələri müəyyənləşdirməkdir.
Maddə II
Dostları ilə paylaş: |