AxiRƏt azuqəSİ


ALLAHIN ƏZƏMƏTİ MƏLƏKLƏRİN NƏZƏRİNDƏ



Yüklə 6,59 Mb.
səhifə30/36
tarix17.11.2018
ölçüsü6,59 Mb.
#82680
1   ...   26   27   28   29   30   31   32   33   ...   36

ALLAHIN ƏZƏMƏTİ MƏLƏKLƏRİN NƏZƏRİNDƏ

1. Qorxu və ümidin təkanverici rolu;

2. Qorxunun mahiyyəti;

3. İlahi qorxunun faydası və yeri;

4. Allah övliyalarında qorxunun məqamı;

5. İnsanın kamalı və haqq qarşısındakı acizliyi;

6. İlahi qorxu və günahdan dönmək;

7. Allah dostları və mələklərin qorxu məqamlarına baxışın rolu.


ALLAHIN ƏZƏMƏTİ MƏLƏKLƏRİN NƏZƏRİNDƏ


«Ey Əbuzər! Allahın bir sıra mələkləri var ki, Onun qorxusundan qiyamətə qədər həmişə ayaqüstə durub, başlarını aşağı dikərlər. Bu vaxt hamısı deyərlər: «Sən pak və həmd olunmağa layiqsən. Biz Sənə layiqincə bəndəçilik edə bilmədik».

Bundan əvvəl zikr və Allahı yad etmək barədə söhbət açdıq. Deyildi ki, Allah-təala xalis və səmimi qəlblə, tam diqqət və agahlıqla anılmalıdır. Zikri dilin adəti üzrə, düşüncəsiz danışırmış kimi demək olmaz. Bu bölümdə insanın zikri diqqətlə və qəlbi ayıqlıqla deyə bilməsində hansı amillərin rol oynadığını araşdıracağıq. Bu cəhəti nəzərə alaraq, Peyğəmbər (s) zikr zamanı insanda ruhi və qəlbi hazırlıq və diqqətin yaranmasına tə᾽sir qoyan mühüm nöqtələrin təhlilini verir.


ÜMİD VƏ QORXUNUN TƏKANVERİCİ ROLU


Təbii olaraq, insanı ixtiyari işlərə sövq etdirən şey ya mənfəət və xeyrə ümid bəsləməsi, ya da ziyana düşmək qorxusu olur. Əlbəttə, xeyir və ziyanın əhatə dairəsi çox genişdir. Bə᾽ziləri üçün mənfəət, elə həmin dünyəvi və maddi mənfəətlər hesab olunur və bə᾽ziləri də axirət ne᾽mətlərini həqiqi mənfəət bilirlər. Eləcə də bə᾽ziləri zərər dedikdə, maddi və dünyəvi zərərləri nəzərdə tutur, bə᾽ziləri də, axirət əzabını həqiqi zərər hesab edirlər. Bu iki dəstədən daha yuxarı olan Allah övliyaları, mənfəətlərini İlahi hüzurun dərki və Allahın feyz qapısından bəhrələnməkdə, təbii olaraq ziyanlarını da həmin ne᾽mətlərdən məhrum olmaqda görürlər. Onların qorxusu, ilahi feyzdən məhrum qalmaq qorxusudur və aydındır ki, bu qorxu dünya və axirət zərərindən çəkinənlərin qorxusundan daha şiddətlidir. Əlbəttə, bu işin həqiqəti bizlərə qapalı və dərkimizdən uzaqdır. İcmali olaraq ayə və rəvayətlərdən anlaşılır ki, belə bir xof da mövcuddur. Ümid edirik, Allah-təala Əhli-beytin nurani kəlmələrinin bərəkəti ilə bu mə᾽nanın dərkinin ləyaqətini bizlərə də inayət etsin.

Hər halda, ilahi xof və ya insanın özü tərəfindən ziyana uğraması ehtimalı ilə yaratdığı qorxu hissi - hansı ki, Allah tərəfindən aradan qaldırıla bilər - insanın Allaha qarşı həddən artıq diqqətli olmasına səbəb olur. Eləcə də, Allahın bəndəsinə əta etdiyi savab və mükafat meyli və ya Allah feyzinə qovuşmaq şövqü, insanın Allahla bağlılığını möhkəmləndirən səbəblərdəndir. İnsanların fəaliyyətə vadar edilməsi və onların qəflətdən ayılmasında xofun təkanverici rolu daha çoxdur. Hər kəs bunu özündə də imtahan edə bilər. Eşidəndə ki, bizi amansız bir təhlükə gözləyir, bu anda həmin xətərin aradan qaldırılması üçün daha çox əl-ayağa düşürük, yoxsa hansısa mənfəətə, savaba ümid bəsləməklə? Bizim üçün xətərin sovuşması, mənfəətin cəlbindən daha önəmlidir. Bəlkə də, bu səbəbdən Qur᾽anda qorxuducu xəbərlər bəşarət və ümid xəbərlərindən daha çox yer almışdır; həmçinin, peyğəmbərlər «nəzir» (qorxudan) ünvanı ilə tanıtdırılmışdır. Bə᾽zi ayələrdə peyğəmbərlər həm «mübəşşir» (müjdə verən) və həm də «nəzir» (qorxudan) olaraq tanıtdırılır. Bu ayədə olduğu kimi:

«İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi…»1.

Qur᾽anda çox az hallarda Peyğəmbərin (s) ancaq bəşir və mübəşşir ünvanı ilə göstərilməsinə rast gəlinir. Onlar əksər hallarda nəzir adı ilə yad edilir:

«Cəhənnəm (kafirlərə olan) qeyzindən az qala parça-parça olsun. Hər hansı bir tayfa cəhənnəmə atıldıqca, onun gözətçiləri onlardan (məzəmmətlə), «Məgər sizə (sizi Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməmişdimi?», - deyə soruşacaqlar»2.

Peyğəmbərlərin qorxudan, çəkindirən olaraq göstərilməsi və bu məsələyə tə᾽kid edilməsi ona görədir ki, onların xalqa verdikləri qorxu xəbərləri yaxşı əməllərinin müqabilində və᾽d olunmuş müjdə və bəşarətdən daha artıq tə᾽sir göstərir.

İlahi xof, insana faydalı olan hallardan biridir. Xüsusilə, əgər sabit bir hala gələrsə, zikr olunduğu kimi, insana bəxş edə biləcəyi faydasından biri də, onun Allaha olan bağlılığının möhkəmlənməsi olacaqdır. Baxmayaraq ki, hazırkı yazıda bu məsələnin elmi tərəflərinə toxunmaq imkanı yoxdur, lakin məsələnin daha artıq dərki üçün Allah qorxusu barədə deyilmiş bə᾽zi rəvayətlər və həmçinin, ilahi xofun ruhda və qəlbdə daha dərin tə᾽sir qoymasını nəzərə alaraq, bə᾽zi məsələlərə işarə edəcəyik.

XOF VƏ XƏŞYƏTİN MAHİYYƏTİ


Bəhs edilməsinə ehtiyac duyulan məsələlərdən biri də, xofun mahiyyəti məsələsidir. Yə᾽ni bilmək istəyirik ki, xof və qorxunun həqiqəti nədir, onun meydana çıxmasında nə kimi amillər rol oynayır və insana tə᾽siri nədən ibarətdir? Xof və xəşyət bir-birindən fərqli hallardırmı?

Bu suala daha çox lüğətşünaslıq elmi tərəfindən yanaşılır və yaxşı olardı ki, xof və qorxunun nə olduğunu, onlar arasındakı təfavütü araşdırmaq üçün ayə və rəvayətlərə müraciət edək. Rəvayətlərdə xof və xəşyət barəsində istifadə olunan mə᾽nalarına nəzər saldıqda, onlar arasında nəzərəçarpacaq elə bir fərq müşahidə etmirik və bə᾽zi yerlərdə bu iki kəlmə bir-birinin yerinə də işlədilmişdir. İnsan Allahın əzəmətini dərk və hiss edəndə, onda təvazö və səmimiyyət, xüşu` hissi əmələ gəlir, özündə olan kiçikliyi və zəifliyi aydın müşahidə edir. Allah-təala belə bir hissi insanın vücudunda qərar vermişdir. (Əlbəttə, bu hal və psixoloji əks-tə᾽sir təkcə insana şamil olmur, başqa canlılar da özlərindən güclü qarşısında həmin hissi keçirirlər). Adətən, bu halı «xəşyət» adlandırırlar və bə᾿zən də xof sözü xəşyət kəlməsinin yerinə işlədilir. İnsan qarşı tərəfin əzəmətini dərk etdiyi zaman, hətta onu bir xəbər təhdid etməsə belə, həmin məğlubiyyət və zəiflik hissini özündə hiss edir; sanki varlığını öz ixtiyarında görmür.

Adətən, xof sözü insanın üzləşdiyi ziyandan qorxu mə᾽nasında işlədilir. Təbii olaraq, Allah barəsində işlədilən xof, Allahın verəcəyi cəzadan qorxu mə᾽nasındadır ki, mümkündür, insanın pis əməllərinin qarşılıqlı məhsulu olsun.

Allahın övliyaları və bəndəçilik yoluna qədəm qoyub ali übudiyyət məqamına çatmış insanlarda xof hissi bə`zən ilahi əzəmətə olan diqqətin tə᾽sirindən yaranır və bə`zən də, ilahi feyzdən məhrum ola bilmək ehtimalını düşünərkən əmələ gəlir. Çünki Allahın görüşünə nail olmaq, Onun dərgahında hüzur tapmaq qəti və yüz faizlik bir iş deyil. Mümkündür, zavala uğrasın və ya heç baş tutmasın. Buna görə də bu ehtimalın dərki, Allah övliyalarının xofuna səbəb olur. Çünki Allahla görüşmək və haqqın hüzuruna getmək, ilahi mə᾽rifətə yol tapmış insanın ən böyük kamal və arzusudur. Onun üçün ən böyük ləzzət, Allah dərgahında özünü hazır görməsidir. Bu mərhələdən bir qədər aşağı dərəcəni biz çox yaxşı dərk edirik ki, iman üçün Allahın razılığı nə qədər ləzzətvericidir. Aşiq öz məhbubunun onu sevdiyini, ondan razı olduğunu hiss edəndə, qorxur ki, birdən məhbubunun ona bəxş etdiyi bu sevgidən, ləzzətdən məhrum olar. Bu, məhəbbət məqamına çatmış şəxs üçün ən yüksək qorxu hissidir. Bundan aşağı mərtəbədə Allahın verəcəyi əzabdan yaranan qorxu hissi durur. Qur᾽anda əksər ayələr və həmçinin, bir çox rəvayətlər bu qəbildən olan qorxuya daha çox işarə etmişdir. Bu mərhələ bizim daha ali mərhələyə çatmağımızda vasitə rolunu oynayır. Çünki bizlərə ilahi mə᾽rifətin ali mərhələsinə çatmamış ilahi xofun orta halı, dünya və onun ləzzətlərinə e᾽tinasız olmağımız da kömək edir. Bunun özü günahdan çəkinməyin amillərindən biridir. Əlbəttə, bu dərəcəyə çatmağın özü də böyük nailiyyətdir. İnsanda onu günahdan çəkindirən, dünyapərəstlikdən saxlayan daxili amilin yaranması heç də az şey deyil.

İradəsiz kəslər üçün Allahdan qorxmaq dünya çətinliklərindən qorxmaq mə᾽nasındadır. Qorxurlar ki, birdən Allah onları xəstələndirər, nə isə xoşagəlməz bir hal qarşıya çıxar, hörmətləri əldən gedər və xalqın gözündən düşər və ya əzizlərindən birini itirərlər. (Allaha imanı olan kəslərin müsibətdən, narahatlıqlardan qorxusu da, bir növ ilahi qorxu yerindədir. Belə qorxu bəyənilir və peyğəmbərlərin əksər qorxu xəbərləri də bu qəbildəndir).


Yüklə 6,59 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin