AxiRƏt azuqəSİ


PEYĞƏMBƏRİN (S) CƏNNƏT VƏ CƏHƏNNƏM BARƏSİNDƏ SÖYLƏDİKLƏRİ



Yüklə 6,59 Mb.
səhifə33/36
tarix17.11.2018
ölçüsü6,59 Mb.
#82680
1   ...   28   29   30   31   32   33   34   35   36

PEYĞƏMBƏRİN (S) CƏNNƏT VƏ CƏHƏNNƏM BARƏSİNDƏ SÖYLƏDİKLƏRİ


İlahi xof məqamına çatmağın bir sıra yolları vardır. Bu yollardan biri də, Allahdan qorxan kimsələr haqqında mə᾽lumat əldə etməkdir. Onları tanımaqla, insan xof halına, ilahi qorxu məqamına yiyələnə bilməsi üçün bu yolda onları ən yaxşı nümunə olaraq seçə bilər. Buna görə də, bu rəvayətdə Allah bəndələri içərisində ən üstün xof məqamına sahib mələklər göstərilmişdir. Biz keçmiş dərsdə bu barədə söhbət etdik.

MƏXLUQATIN ƏZƏMƏTİ HAQQINDA DÜŞÜNMƏK


İlahi xofa nail olmağın yollarından biri də, Allahın məxluqatının əzəməti haqqında təfəkkür etməkdir.

Şübhəsiz ki, insanın Allahın yaratdıqlarının əzəməti haqqında düşünməsi, onun diqqətini Allahın sonsuz və nöqsansız hikmətinə yönəldir və öz gücsüzlüyünü, Allaha möhtac olmasını daha yaxşı dərk etməyə kömək edir. Belə olan surətdə kamala çatmaq yolunda əvvəldə olduğundan daha artıq sə᾽y edir və nəfsin istəklərinə uyub şeytana itaət etməkdən əl çəkir. Allahın əzəmətini, sonsuz qüdrətini tanımaqdan əlavə, Onun qarşısında müxalifət etməkdən qorxub çəkinir. Məxluqatın yaradılış əzəmətini tanıması və insanın diqqətinin Allahın əzəmətinə yönəlməsi məsələsinə Qur᾽anda və rəvayətlərdə də rast gəlinir. Qur᾽an ayələri və dini mətnlərə nəzər salsaq görəcəyik ki, Allah və övliyalar bu məsələ ətrafında düşünməyə ciddi tə᾽kid etmişlər. Öz nurani bəyanları ilə yaradılmışların tutumlarını, bağlılıqlarını, möhkəm qanuna söykəndiklərini, müxtəlifliklərini açıqlamışlar. Bununla, insanları öz ətraflarına nəzər salmağa, kiçik varlıqlardan tutmuş böyük mövcudata qədər, bütün yaradılmışlar və yaradılış haqqında düşünməyə vadar etmişlər.

Əli (ə) öz nurani bəyanında Allahın sonsuz qüdrəti və saysız ne᾽mətləri haqqında təfəkkür etməyi insanı doğru yola və Allah qorxusuna aparıb çıxaran vasitə bilir: «Və əgər camaat Allahın böyüklüyü və saysız ne᾽mətləri haqqında düşünsəydilər, doğru yola qayıdar və əzabın yandırıcı odundan qorxardılar. Lakin ürəklər xəstə, baxışlar eyiblidir. Məgər ən kiçik yaradılmış şeyə baxıb görmürlər ki, Yaradan onu necə əsaslı və möhkəm yaratmışdır?! Necə qulaq və göz verib, necə sümüklə bərkitmiş və necə dəri ilə geyindirmişdir?!»1.

Davamında buyurur: «Qarışqaya bir baxın! Baxın görün cüssəsi necə də kiçik və nazikdir, gözünü qıysan belə görmürsən, necə yaradıldığı haqqında düşünsən, (sirrini) bilmirsən. Öz yolunu necə də tapıb gedir, ruzisini tapmaqda necə də tələsir. Dən tapsa, aparıb yuvasında anbara yerləşdirir. Qışın ruzisini yayda toplayır və yuvasına daxil olduqda, gedib-gəldiyi yolu yadında saxlayır. Onu görəcək qədər ruzisi ona yetişir və ruzisi qəbul edilmişdir. Ne᾽mət verən onu unutmaz və mükafat verən onu məhrum etməz; hətta sərt quru daşlar üzərində məskən salsa belə»2.

İmam Sadiq (ə) rəvayət edir ki, ətir satan Zeynəb, Peyğəmbəri-əkrəmin (s) evinə gəlir və Peyğəmbərdən (s) Allahın əzəməti barəsində sual edir. Peyğəmbər (s) cavabında bu aləmin digər aləmlərlə müqayisəsini söyləyir və həmçinin, birinin digərinə nisbətdə kiçikliyini bəyan edir. O cümlədən buyurur:

«Üstündə olduğumuz yer, altında və üstündə olanlarla birlikdə onu əhatə etmiş göyün müqabilində geniş biyabanda düşmüş üzük halqası kimidir. Eləcə də, bizim olduğumuz qalaktika ikinci göyə nisbətdə, biyabanda görünən üzük kimidir»3.

Bu nisbət, hər aləmin özündən yuxarı aləmlə müqayisəsində mövcuddur və beləliklə, gedib çıxır yeddinci aləmə ki, o da öz növbəsində ərş və kürsü ilə müqayisədə heç bir şey hesab olunur.

Aləmin əzəməti haqqında düşünməyin, insanın Allahın əzəməti qarşısında öz kiçikliyini dərk etməsindəki tə᾽sirinə görədir ki, əxlaq alimləri tapşırmışlar: «Namaz qılarkən, diqqətinizin tam Allahda cəmləşməsini istəyirsinizsə, çalışın geniş açıqlığa, çöllüyə gedin. Çünki gözünüz işlədikcə görünən bir fəzada yaradılışın əzəmətli mexanizmi qarşısında öz kiçikliyinizi daha yaxşı dərk edəcəksiniz».

Təbiidir ki, insan qapalı və dar mühitdə olduğu zaman, aləm haqqında təsəvvürü də həmin məhdud mühitin tə᾽siri alında olacaqdır. Lakin geniş təbiətin qoynuna çıxsa, dağları, dənizləri müşahidə etsə, aləm haqqındakı təsəvvürü də istər-istəməz dəyişiləcəkdir. Hələ bu, Yer kürəsinin əzəmətinin göürüntüsüdür. İndi gör ki, yer göylə və birinci göy də digər göylərlə müqayisədə hansı əzəmətə malikdirlər.

Bu gün kosmik təhqiqatlar əsasında ulduzlar və qalaktikalar barədə əldə edilən mə᾽lumatlar insana yaradılış aləmini daha yaxşı dərk etməyə kömək edir. Təbiidir ki, insan əgər ibadətə başlamazdan əvvəl yaradılışın əzəməti haqqında bir qədər düşünsə, öz kiçikliyini daha yaxşı dərk edəcəkdir. Belə olan halda, Allaha doğru bir-iki addım daha artıq atacaqdır. Çünki Allaha yaxınlaşmağın yolu, Onun qarşısında öz kiçikliyini hiss etməkdədir.


QİYAMƏTİN VƏSFEDİLMƏZ ƏZƏMƏTİ


Şübhəsiz ki, axirət aləmi, o cümlədən cənnət və cəhənnəm Allahın yaratdıqları içərisində ən əzəmətli yaradılmışlardandır. Cənnət və cəhənnəmi olduğu kimi dərk etmək bizə müyəssər deyil. Ayə və rəvayətlərdən əldə edilən mə᾽lumatlara əsasən, Allahın əzəməti dərkedilməz olduğu kimi, qiyamətin də əzəməti və dəhşəti dərkedilməzdir. Onu olduğu kimi təsəvvür etmək qeyri-mümkündür. Lakin Allahın əzəmətinin nişanəsi olan onun haqqında ayə və rəvayətlərdə işarə edilmiş mə᾽lumatlara diqqət yetirməklə, qiyamətin əzəməti qarşısında öz mövqeyimizi, kiçikliyimizi azacıq da olsa, dərk edə bilərik. Qiyamət səhnəsinə hakim olan dəhşət və qorxu barəsində Qur᾽an buyurur:

«Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini (vaxtından əvvəl) yerə qoyar. İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyildirlər. Bu ancaq Allahın əzabının şiddətli olmasındandır!»1.

Qiyamətin səhnəsi elə dəhşətli və qorxulu olacaqdır ki, insanın ağlını başından çıxaracaqdır; belə ki, özünü idarə etməyə gücü çatmayacaqdır. Ana öz əziz körpəsini - özü də südəmər körpəsini ki, bu yaşında anasına daha çox ehtiyac duyur - qorxunun şiddətindən unudub, öz hayına qalacaqdır. Əgər insan bu ayədə deyilənlərə, onun möhtəva və məfhumuna diqqət etsə, nə qədər təkanverici olduğunu görəcəkdir. Bu onun batil baxış və rəftarının dəyişilməsinə kömək edir, onu səadət yolunun qarşısını kəsən maneələrdən uzaqlaşmağa vadar edir.

Təəssüflər olsun ki, biz ayələrin mə᾽nasına çox az diqqət edirik. Qur᾽anı ancaq üzdən oxuyub keçirik. Çalışdığımız budur ki, qiraətimiz yaxşı olsun, gözəl avazımız olsun, daha onun mə᾽nasına fikir vermirik. Öndə deyildiyi kimi, biz axirətin əzəmət və mahiyyətini dərk etməkdə acizik.

Qiyamət, cənnət və cəhənnəm haqqında olan təsəvvürümüz bu dünyada qazandığımız təsəvvür və hisslər əsasında formalaşır. Bizə cəhənnəmin yanar odundan danışanda, təsəvvürümüzə bu dünyada əlimizi odun üstünə tutarkən hiss etdiyimiz istiliyin dərdli əzabı gəlir. Cəhənnəmin yandırıcı atəşi haqqında təsəvvürümüz, bu dünyadakı atəşin yandırıcı olduğu həddədir. Və ya cənnətin ne᾽mətlərindən, ləzzətlərindən söz düşəndə, təsəvvürümüz bu dünyada dadıb-tanıdığımız ən yaxşı ne᾽mətlər üzərində cəmləşir və bundan artığı da yoxdur.

İnsan zehninin çərçivəsi və tutumu, onun xarici mühitdə gördüyü, daddığı və təcrübə etdiyi şeylərin həddində məhdudlaşır və özü də müqayisədən sonra onlar haqqında təsəvvür əldə edə bilir. İnsan görmədiyi, təcrübə etmədiyi şeyi təsəvvür edə bilmir. İnsanın zehni fəaliyyətinin məhdudiyyətini nəzərə alsaq, axirət aləminin xüsusiyyət və sifətlərinin bəyanı üçün onları, insanın bu dünyada dərk etdiyi təsəvvürlərin oxşar qəlibində bəyan etməkdən başqa çarəsi qalmır. Belə olmazsa, həmin xüsusiyyətləri heç vaxt dərk etmək olmaz. Buna görə də, həmin xüsusiyyətlərin dərkimizin üfüqündə otura bilməsi üçün mümkündür ki, milyon dəfələrlə tənəzzül etsin. Yə᾽ni bizim təsəvvürümüzün qəlibində yerləşə bilməsi, bizim dünyamızla oxşar bir hala gələ bilməsi üçün dəfələrlə kiçilmiş olsun. Əgər dərkimizin üfüqündən yuxarıda olarsa, bizə tə᾽sir etməyəcəkdir, çünki dərkedilməz olacaqdır. Deyilənləri nəzərdə tutaraq, Qur᾽anda və rəvayətlərdə sə᾽y edilmişdir ki, cənnət və cəhənnəmin əzəməti xalqın tanış olduğu nümunələrin qəlibində açıqlansın. Bu rəvayətdə də, Peyğəmbər (s) cənnət və cəhənnəmin əzəmətini bəyan edərkən, həmin üsulu seçmişdir.



Yüklə 6,59 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin