H.Z.Tağıyevin qızı Sara Tağıyeva-Sarayevanın atasının vəsaiti hesabına təhsil almış insanlara müraciəti
Mən, H.Z.Tağıyevin vəsaiti hesabına oxumuş ölkəmizin adlı-sanlı və sıravi adamlarına onun barəsində öz xatirələrini söyləmək xahişi ilə müraciət edirəm. Bu, gənc alimlərimizə H.Z.Tağıyevin obrazını və onun inqilabaqədərki cəmiyyətin inkişafındakı rolunu düzgün anlamağa kömək edəcək. Bir çox arxiv materialları məhv olunduğundan gənc elmi işçilərimiz H.Z.Tağıyevin obrazını səhvən təhrif edərək, onu yırtıcı kapitalist kimi qələmə verirlər.
Məsələn, “Azərbaycan tarixinin maketi”nin 62-ci səhifəsində yazılıb: “Tağıyevin, Muxtarovun, Aşurovun və başqalarının simasında Azərbaycan burjuaziyası qaragüruhçu bandaların formalaşdırılmasında fəal iştirak etmişdir. Qaragüruhçular yeni erməni-müsəlman qırğınını qızışdırmaq üçün oktyabrın 20-23-də Bakıda və Azərbaycanın digər qəzalarında qanlı talanlar törətmişlər. Bir çox inqilabçı-fəhlələr qaragüruhçu bandaların quldur hücumlarının qurbanı olmuşlar”.
Və yaxud Z.Q.Axundova özünün qadın təhsili haqqında dissertasiyasının 71-ci səhifəsində yazır: “Həsən bəy Zərdabi məktəbə bir maarif ocağı kimi baxdığı halda, H.Z.Tağıyev oraya daha çox bir şöhrət və qazanc mənbəyi kimi baxırdı”.
72-ci səhifədə o, H.Məlikovanın məktəbdən getməsindən sonra şagirdlərin qidalanmasının pisləşdiyini və hətta onların yeməməzlikdən xəstələndiyini qeyd edir.
Və nəhayət işin “yaraşığı” müəllifin sonda gəldiyi nəticədir: H.Tağıyev savadsız insan idi və Zərdabi onun adından və nüfuzundan istifadə edərək qız məktəbini açdırmışdı. Beləliklə, məktəbin əslində yaradıcısı Zərdabidir (1).
Mən müasirlərdən aydınlıq gətirməyi xahiş edirəm. Dissertantların istifadə etdikləri arxiv materialları məsələni lazımi dərəcədə işıqlandırmır. Xatirələr isə obyektiv tarixi həqiqəti açıqlamağa kömək edə və arxiv sənədlərini əsaslandıra bilərdi.
Mən H.Z.Tağıyevi zəngin daxili mədəniyyətə malik, fanatizmdən uzaq, maarif uğrunda mübarizə aparan bir insan kimi xatırlayıram.
4 iyun 1957-ci il.
MATM NF, №№ 21001, 21003
Şərh:
1. Z.Axundova özünün “Azərbaycanda qadın təhsili tarixindən (1901-1914)” dissertasiyasında (Bakı, 1949) H.Z.Tağıyevin qız məktəbinin açılmasında rolunu heçə endirərək, məktəbin yaranması təşəbbüsünü görkəmli Azərbaycan maarifçisi Həsən bəy Zərdabinin adına çıxarmışdır. Tariximizin bu iki böyük şəxsiyyətinin qarşı-qarşıya qoyulması sovet ideologiyasının ruhuna tamamilə uyğun gəlirdi. Müəllif belə nəticəyə gəlirdi ki, demokratik ziyalıların nümayəndəsi, maarif uğrunda mübariz H.Zərdabi qız məktəbini açmaq üçün H.Z.Tağıyevin adından və mövqeyindən istifadə etmişdir. Bu cür yanaşmada nəinki tarixi faktları təhrif etmək, eyni zamanda sovet tarix konsepsiyasına “uyğun gələn” H.Zərdabinin müsbət, “uyğun gəlməyən” H.Z.Tağıyevin isə mənfi obrazını yaratmaq cəhdi hiss olunur. (H.Z.Tağıyevin yaratdığı qız məktəbinin tarixinin sovet tarixşünaslığında təhrif olunmasına dair ətraflı bax: Ф.Джаббаров. К освещению некоторых вопросов истории Тагиевского женского училища в азербайджанской советской историографии // Müsəlman Şərqində ilk dünyəvi qız məktəbinin yaradılmasının 110 illiyinə həsr olunmuş Beynəlxalq elmi simpoziumun məruzələri, Bakı, 2012, s.21-29).
Dostları ilə paylaş: |