Qeyd və şərhlər:
1. X.Qasımovanın sözləri Tacəxanım Həmidova tərəfindən yazıya alınıb.
2. Xanım Qasımovanın qayınatası gəmi kapitanı idi, İrana gedib-gəlirdi. Fabrikdə dükan açmaq üçün o, H.Z.Tağıyevdən veksellə pul götürmüşdü. Dükanların işçiləri malların yeyintisinə yol vermiş və dükan sahibini müflisləşdirmişdilər (qeyd S.Tağıyeva-Sarayevanındır).
Mərdəkan qəsəbəsinin sakini
Eldar Əlikösər oğlu Əliyevin xatirələri
Mən, Əliyev Eldar Əlikösər oğlu Əzizbəyov rayonu (1) Mərdəkan kəndində anadan olmuşam. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra mən Mərdəkan kəndində İnqilab Komitəsinin ilk sədri, eyni zamanda, kənd İcraiyyə Komitəsinin sədr müavini olmuşam. 1922-ci ildən sonra isə sədr vəzifəsində işləmişəm.
Bu illərdə yoldaş N.Nərimanov Mərdəkan kəndinə gəlib kəndin ictimai, mədəni, maarif işlərini daha da qaldırmaq məqsədilə söhbətlər aparırdı. Eyni zamanda N.Nərimanov dəfələrlə bizə tapşırırdı: “Siz Hacıdan muğayat olun, onun hörmətini saxlayın, çünki o, maarifpərvər və xalq maarifi uğrunda çalışan adamdır. Heç vaxt onu başqa dövlətlilərlə bir tutmaq olmaz. O, xalqın istirahətini, mədəniyyətini sevən və onu yüksəklərə qaldıran bir şəxsdir”.
1922-ci ildə keçmiş “Kazım bəy bağı”nda klub yerləşirdi. Həmin klubun nəzdində Sovet hökuməti tərəfindən təşkil olunmuş və peşəkar kapelmeysterin rəhbərlik etdiyi nəfəsli orkestr var idi. Orkestrin bütün xərcini Sovet hökuməti ödəyirdi. Orkestrin təşkili haqqında eşidən Hacı Zeynalabdin bir gün orkestrin onun bağına gəlməyini xahiş etdi. Orkestr onun bağında çalarkən Hacı sevindiyindən ağlamağa başladı. O dedi: “Mən sevindiyimdən ağlayıram, çünki Sovet hökuməti həqiqətən zəhmətkeşlərin və sadə adamların tərəfdarı olduğu üçün xalqın mənəvi, mədəni işləri ilə maraqlanır və onun gündən-günə yüksəlməsinə çalışır”.
Bir gün söhbət etmək üçün Hacının yanına getmişdim. Hacı öz xatirələrini mənə belə nəql etdi: “Keçmişdə - çar hökuməti zamanında Qafqaz müsəlmanları adından məni çarın yanına nümayəndə göndərmişdilər. Bu vaxt məndən başqa digər xalqların da nümayəndələri gəlmişlər. Mən çarın yanına Avropa libasında yox, öz milli libasımda getmişdim. Mən o vaxta qədər hələ Avropa libası geyinməmişdim. Çarın yanına girərkən məruzəçi söylədi ki, bu şəxs Qafqaz müsəlmanlarının nümayəndəsidir. Çar mənə çox pis gözlə baxdı və yanındakına dedi ki, bu millət vəhşi millətdir. Onlara çox sərbəstlik vermək olmaz. Çarın məni o cür qarşılaması və xalqıma vəhşi nəzərlə baxması mənə çox pis təsir elədi, çünki mənim xalqım vəhşi yox, geridə qalmış xalq idi. Ona görə də mən çarın yanından qayıdandan sonra xalqımın mədəniyyətdə geri qalmasını düşünərək, nə cür olursa olsun xalqıma xidmət etməyə başladım. Məsələn, teatr, məktəb açdım” (2).
6 iyul 1957-ci il.
MATM NF, №20030-20032
Dostları ilə paylaş: |