Qız məktəbinin məzunu, daha sonra orada
müəllimlik etmiş Nabat Nərimanovanın (1) xatirələri (2)
Nabat xanım Nərimanova Xədicə xanım Ağayevanın (Tağıyev məktəbinin keçmiş müəllimi) dediklərini təsdiqləyir və əlavə edir ki, yuxarı sinif şagirdlərinə həmçinin tikiş və biçmə dərsləri keçilirdi. Bundan başqa klassik əsərlər keçildikcə, şagirdləri “Yevgeni Onegin”, “Demon”, “Otello” və başqa tamaşalara baxmaq üçün faytonda teatra aparırdılar. Tamaşalardan sonra şagirdlər həmin əsərlərin baş qəhrəmanlarını yazılı xarakterizə edirdilər. Müəllimələr şagirdləri ekipajlarda müşayiət edir, sonra isə lojalarda əyləşib qızlara tamaşaya dair izahatlar verirdilər. İlin sonunda bütün siniflərdə bilet sistemi ilə imtahanlar keçirilirdi. İmtahanlarda Tədris Dairəsinin müdiri Txorjevski (3), müfəttiş Kançalov, bəzən Hacının özü də iştirak edirdi. Onlar imtahanın sonunadək qalır, hər şagirdi sual-cavab edir və sonda razı halda gedirdilər.
Yuxarı sinif şagirdləri hər həftə iki-iki mətbəxdə növbətçilik edirdilər. Onlar kulinariyanı öyrənməli idilər, lakin özləri iş görmürdülər. Hər gün nahardan sonra şagirdlər bir-iki saat həyətdə oynamağa çıxırdılar.
İki-üç gündən bir qızların dişlərinin vəziyyətini yoxlamaq üçün həkim gəlirdi. Terapevt sistematik olaraq şagirdlərin səhhətini yoxlayırdı. Şübhəli diaqnozla olan uşaqlar xüsusi boks-təcridxanalarda saxlanılırdı. Sağlam uşaqlar arasında xəstəliklərin yayılmasının qarşısını almaq üçün bokslarda ayrıca personal xidmət göstərirdi.
Həftədə bir dəfə hamama gedilirdi, paltarlar yuyulur, kraxmallanır və ütülənirdi.
Aşağı sinif şagirdlərini hamamda xüsusi dayələr çimizdirirdilər. Onlar həmçinin səhərlər kiçikyaşlı qızların saçlarını darayırdılar.
Məktəb qapalı tipli olduğundan oraya giriş məhdud idi. Uşaqların qohumları müdirin icazəsi ilə içəri buraxılırdı. Nabat xanım Nərimanova həmin məktəbdə 1901-1907-ci illərdə oxumuş, 1908-ci ildən 1917-ci ilədək isə dərs demişdir. Bu illərdə məktəbin bir neçə müdiri dəyişmişdir:
Hənifə xanım Məlikova.
Məryəm xanım Sulkeviç.
Səlimə xanım Yaqubova (4).
Gülxanım Axrıyeva (5).
Nabat xanımın oxuduğu illərdə məktəbdə yemək çox yaxşı idi. Şagirdlər məktəbdə keçirilən tamaşa və konsertlərdə çıxış edirdilər. Məsələn, Nəriman Nərimanovun “Şamdan bəy” (“Dilin bəlası”) pyesi və başqa əsərləri tamaşaya qoyulurdu. Həmin tamaşalarda Nabat xanım əsas rolları ifa edirdi.
Sona xanım (H.Z.Tağıyevin həyat yoldaşı) (6) və müəllim heyəti bu tamaşalara böyük köməklik göstərirdilər. Şəhərdə yaşayan qadınlar bu tədbirlərə dəvət olunurdular.
Hacı tez-tez şagirdlərlə söhbət edir, məktəbdə onların incidilib-incidilməməsi barədə maraqlanır, evlərindəki vəziyyət haqqında çoxlu suallar verirdi. Nabat xanım imkansız ziyalı ailədən idi və pulsuz oxuyurdu.
ARDƏİA: f. 675, s. 2, s. v. 103, vv. 7-9
Dostları ilə paylaş: |