Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə152/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   148   149   150   151   152   153   154   155   ...   266
27. ŞAH ABBASLA BOSTANÇI
Bir ili bir kişinin yaxşı bosdanı olur. Çoxlu məhsul götürür: yemiş, qarpız, xıra. Kişi satdığın satır, yediyini yeyir, genə çox qalır yerdə. Fikirrəşir bını neyniyim. Arvadı bına deyir ki, a kişi, gəl bınnan bir yaxşı pay düzəlt, apar ver Şah Abbasa, bəlkə o da sənə bir qiymətdi şey verər, biz də kasıblığın daşını atax. Kişi deyir:

– Ay arvat, camaat padşaha qızıl verir, gümüş verir, nə bilim qiymətdi şeylər verir. Padşahın nəyinə lazımdı yemiş-qarpız. Qoy oturum yerimdə. Mənim başımı bəlaya salma.



Arvad çox deyənnən sora, tay kişi bezir, bekar arvatdar­danmış da, görükür. Kişi deyir:

– Yaxşı, apararam.

Səhər kişi durur, könülsüz-könülsüz olsa da, bir eşşəh yükü xıra çatır, aparır. Kişi evdən bir az aralammışdı ki, dərd bını götürür, padşah hirsdənər, bının boynun vırar. Mən nağayrım. Evə də gedəjəm, arvad başdıyajax deyinməyə. Kişi elə fikirri-fikirri gedirdi ki, birdən kimsə qıraxdan dedi:

– Salam-məleyküm, a kişi. Nə yaman fikirrisən?

– Əleykümət-salam, – kişi dedi. Baxdı ki, bına salam verən bir keçəldi, qabağında beş-altı qoyun, keçi otarır. Kişi əleykümət-salam deyib getmək isdiyirdi ki, keçəl genə soruşdu.

– A kişi, niyə belə bikefsən?

Kişi dedi:

– Ay keçəl, nəyinə gərəhdi, get qoyunu otar, mənə bir köməyin dəymiyənnən sora neynirsən mənim dərdimi?

Keçəl dedi:

– A kişi, dərdini danış, heç olmasa yüngülləşərsən, bir də nə bilməh olar, bəlkə, elə köməyim dəydi.

Kişinin nə dərdi vardısa, hamısını danışdı keçələ, dedi:

– Ay keçəl, indi gedirəm, ya Şah Abbas boynumu vırdıra, ya da maa bir bəxşiş verə, Allah kərimdi.

Bı keçəlin də otardığı qoyunnar bir nəfəriniydi, keçəl ona nökər durmuşdu, amma keçəlin qoyun otarmaxdan xoşu gəlmirdi. Keçəl bir az çoxbilmiş olur axı. Tez qayıtdı ki, a kişi, gəti bu qoyunnarı da verim saa, bir az da cibimdə pulum var, onu da verim saa, o xıraları ver maa, mən aparım şaha. Qismətim nəsə, o da olar. Kişi əvvəlcə inanmadı. Sora gördü ki, keçəl zarafat eləmir, elə fikri bıdı, tez razı oldu. Qoyunnarı alıf, keçəlin pılın da alıf xıraları eşşəh qarışıx verdi keçələ. Kişi orda-bırda bir az gejəliyənnən sora qayıtdı gəldi evə. Qoyunnarı saldı həyətə. Səsə-küyə arvad çıxdı, dedi:

– A kişi, bı nə qoyundu, bəs eşşəh hanı?

Kişi dedi:

– Arvat, apardım xıraları verdim Şah Abbasa, yedi, çox xoşuna gəldi. Əmr elədi, maa bir az qoyun verdilər, bir az da pul. Pul da cibimdədi. Eşşəh də yolda batdı palçığa, nə qədər elədim, çıxarda bilmədim, qaldı öldü.

Arvad bir az kişinin qarasına danışannan sora dedi:

– Gördün, a kişi, mən deyənə qulağ asmax isdəmirdin. Gördün mən necə ağıllıyam. Gələn il genə aparıf Şah Abbasa pay verərsən, genə Şah Abbas sənə bəxşiş verər.

Kişi dedi:

– Hə, arvad, düz deyirsən, sən çox ağıllısan.

Bılar bırda qalsın, gör indi keçəlin başına nə gəldi. Keçəl yol­nan getməhdə olsun, eşit Şah Abbasnan vəzir Allahverdi xandan. Şah Abbasnan vəzir Allahverdi xan dərviş paltarı geyif genə həmişəki kimi məmləkəti gəzməyə çıxmışdılar. Bılar elə yolda keçələ irast olullar. Şah Abbas keçəldən soruşur ki, a keçəl, bı nədi, hara aparır­san? Dedi ki, bosdanım yaxşı çıxmışdı, onnan Şah Abbasa pay aparıram. Vəzir Allahverdi xan deyir ki, ay keçəl, camaat padşaha qiymətdi pay aparır, qızıl-gümüş aparır, sən də yemiş-qarpız. Padşahın nəyinə lazımdı yemiş-qarpız.

Keçəl deyir:

– Əşi, aparıram, götürər, götürər. Götürməz də, soxaram gözdərinə, gələrəm.

Ta bılar özdərin biruzə vermillər. Şah Abbas başqa yolnan gəlir, oturur taxta. Keçəl eşşəyin böyründə gəlir çıxır sarayın qapı­sının ağzına. Keşihçilər bına deyillər ki, ay keçəl, nə isdiyirsən? Deyir bəs, belə-belə, şaha yemiş-qarpız gətirmişəm. Şah Abbasa xəbər çatır, bilir axı kimdi, deyir:

– Bıraxın gəlsin.

Keçəli gətirillər şahın yanına. Şah deyir:

– Keçəl, eşidirəm.

Deyir:


– Qibleyi-aləm, sizə bir az yemiş-qarpız gətirmişəm.

Şah deyir:

– Ay keçəl, camaat şaha qiymətdi bəxşiş gətirir, sən də yemiş-qarpız gətirmisən, neyniyəjəh şah bı boyda yemiş-qarpızı?

– Qibleyi-aləm, mənim də gücüm bına çatdı. Dedim apara­ram, şahın xətri xoş olar.

Şah deyir:

– Ay keçəl, heş fikirrəşmədin ki, birdən şah bına hirsdəndi, götürmədi, üstəlih sənin boynuu da vırdırdı.

Deyir:

– Qibleyi-aləm, götürərsən, lap yaxşı, götürməzsən də yolda dediyim olsun.



Şah Abbas deyir:

– Keçəl, yolda nə demişdin?

– Şah sağ olsun, bir sözdü, elə-belə demişdim.

– Keçəl, Allaha and olsun, yolda nə dediyini deməsən, sənin boynuu vırdırajam. Yox, əgər düzünü desən, sənə çoxlu qızıl, gümüş verəjəm.

Keçəl çox bilir axı. Sırazı annadı ki, yolda dərviş paltarında rast gəldiyi adamlardan biri Şah Abbas özüymüş, biri də onun vəziri Allahverdi xan. Yolda necə demişdisə, elə də şaha dedi.

Şah Abbas əmr elədi, keçəlin gətirdiyi yemiş-qarpızdan bir-ikisini kəssinnər. Kəsdilər, şah yedi. Gördü, doğurdan da, çox daddıdı. Əmr elədi, keçələ iki kisə qızıl-gümüş verif yola salsınnar. Vəzir bı tərəfdən qayıtdı ki, şah sağ olsun, nə qızıl, nə gümüş, yemiş-qarpıza da qızıl-gümüş verəllərmi? Şah Abbas dedi ki, vəzir, onun da gücü ona çatıf, onu gətirif. Vəzir dedi ki, şah sağ olsun, mən bına dözə bilmərəm, irazı olmaram ki, keçəlin biri o boyda qızıl-gümüş aparsın. Gedif oları keçəldən geri alajam.

Dedi:

– Ala bilirsənsə, get, al.



Vəzir tez ata minif kəsmə yolnan gəlif keçəlin qabağın kəsdi. Dedi:

– Sənə üş sual verəjəm, tapdın, tapdın. Tapmadın qızıllar mənimdi. Keçəl gördü kü, başqa yol yoxdu, dedi:

– Razıyam.

Vəzir dedi:

– De görüm bı dünyada ən şirin şey nədi?

Keçəl dedi:

– Vəzir, könül sevən göyçək olar.

Dedi:


– Keçəl, de görüm, göydəki ulduzların sayı nə qədərdi?

Dedi:


– Vəzir, göydəki ulduzların sayı mənim eşşəyimin tüklərinin sayı qədərdi. İnanmırsan, gəl say.

Vəzir gördü ki, keçəl bı sualın da altınnan çıxdı, üçüncü sualın verdi:

– De görüm, Allah hardadı?

Dedi:


– Paho, vəzir, sən nə eyib şey danışırsan. Mən heç eşşəyin üsdə Allahın yerin sənə gösdərə bilərəmmi? Eşşəh çox natəmiz heyvandı. Gəl sən atı ver, mən minim, Allahın da yerin sənə gösdərim, sora atını qaytarajam özünə.

Vəzir Allahverdi xan bına inandı, düşdü, atı verdi keçələ. Keçələ də elə at lazımıydı. Neynirdi eşşəyi. Nə qədər “hoşa” deyirdisə də, güjnən addım atırdı. Elə atı minən kimi qızıl-gümüş kisəsin də götürdü, dedi:

– Vəzir, Allah o de, o dağın arxasındadı. İnanmırsansa, get bax, mən getdim. Sən sağ, mən salamat.

Keçəl ata bir qamçı çəkif gözdən itdi. Vəzir də kor-peşman, bildi ki, keçəl bını allatdı, qayıtdı gəldi saraya. Şah Abbas bilirdi ki, vəzir keçəldən qızıl ala bilmiyəjəh. Vəziri qanıqara görən kimi, dalağı sanjdı. Dedi:

– Vəzir, nə oldu, aldınmı qızılları?

Dedi:


– Yox, şah sağ olsun, ala bilmədim.

Vəzir başına gələni danışdı şaha. Şah Abbas qayıtdı ki, vəzir, mən qızılları vermişdim, sən də atı verdin apardı. Bajarana baş qurban, keçəl bajardı.

Bı tərəfdən də keçəl atnan gəldi çıxdı o bosdançının evin tapdı. Qızılların yarısın bına verdi, qoyunnarı da geri aldı. Eşşəyin də pılın verdi kişiyə. Qoyunnarın da aldı, çıxdı getdi. Qızılları kişiyə verəndə dedi ki, bəs bı sənin yemiş-qarpızının pılınnandı. Kişi gətdi bu qızıllardan arvada gösdərdi. Arvad soruşdu ki, bı pıllar hardandı? Kişi dedi:

– Bəs belə-belə. Mən o vaxt yemiş-qarpızı aparıf Şah Abbasa çatdırmamışdım, yolda vermişdim keçələ. O da bəs belə, qızıl-gümüş gətdi verdi, qoyunnarın da aldı getdi, onunkuydu.

Bını eşidən arvad kişiynən başdadı dalaşmağa. Kişiyə hər söz deyir. Axırda kişiyə deyir ki, bilmirəm, keçəl nətəri eliyif, aparıf xıranı Şah Abbasdan qızıl-gümüş alıf, sən heylə elə, yoxsa səni evə qoymujam. Kişi də mənim kimi arvatdan qorxanın biriymiş, fərsi­ziymiş. Bilmir nağarsın. Durur gedir keçəlin yanına. Arvad dedih­lərin bına deyir. Deyir, arvad məni evə qoymur, ölmüşəm, məni götür. Keçəlin bına yazığı gəlir, nejə getmişdi, başına nə gəlmişdi, nejə qayıtmışdı, hamısın bına danışır. Kişi gəlir evə.

Arvad məsələni bilənnən sonra bını məcbur eliyir ki, təzədən bir eşşəh yükü xıra yükləsin, aparsın Şah Abbasa, çoxlu qızıl-gü­müş alsın gətirsin. Arvatdı, zənənədi, gözü doymaz heş vaxt, ajgöz olur hə­mişə. Kişi naəlaj qalır, gedir bazardan bir eşşəh alır, gəlir. Yüh­lüyür, bir yaxşı eşşəh yükü, düşür yola, gedir. Bir xeyli gedənnən sora yolda iki nəfərə rast gəlir. Genə bılardı elə, paltarrarın dəyi­şif­lər, Şah Abbasnan vəziridi. Kişiynən salam-məleyküm, əleykümət-salam eliyənnən sora, deyillər ki, bı nə yükdü, hara aparırsan, özün də niyə bikefsən? Görüllər axı kişi fikirridi, qəmlidi. Kişi deyir:

– Əşi, heş nə, elə-belə şeydi.



Bılar bir də üz vırannan sonra kişi deyir, bəs belə-belə. İndi də bını aparıram Şah Abbasa. Genə bı vəzir Allahverdi xan deyir ki, əşi, camaat şaha qiymətdi xələtdər aparır, hədiyyə verir. Şah ney­nir xıranı? Demirsən birdən şah əsəbləşər götürməz, səni də hələ asdırar. Kişi deyir, əşi götürər götürər, götürməz vıraram başı­na, gələrəm. Şah Abbas bilir ki, bırda nəsə bir sirr var. Amma tay kişi bılara niyə bikef olduğun demir, eləcə deyir ki, yemiş-qarpızdı, bosdanım yaxşı oluf, Şah Abbasa onnan pay aparıram. Şah Abbas tay üz vırmır. Görür ki, bırda bir sirr gizdənif. Qayıdır gəlir saraya, deyir bəs belə-belə, bir kişi eşşəynən gələjəh, eşşəhdə də yük. Gətirərsiniz onu yanıma. Kişi gəlir çıxır sarayın qabağına. Aparıllar bını Şah Abbasın yanına. Şah Abbas bına deyir ki, kişi, xeyirdimi? Kimsən, nəçisən, nəyə gəlmisən? Kişi deyir ki, bostanım yaxşı məhsul vermişdi, onnan sizə pay gətirmişəm. Şah Abbas hirsdənir:

– Kişi, neynirəm mən yemiş-qarpızı, mənə qızıl gətirillər, nə bilim tay nə. Demirsən mən bını götürmərəm?

Kişi qorxudan özün elə itirir ki, bilmir nə desin. Elə bircə onu deyə bilir ki, əşi, götürərsən, lap yaxşı, götürməzsən, yolda dediyim olsun. Keçəl bına demişdi axı. Şah Abbas deyir ki, kişi, yolda nə demişdin? Düzünü deyəsən ha? Yoxsa, bu dəyqə boynuu vırdıra­jam. Kişinin yadınnan çıxır ki, yolda nə demişdi. Elə Şah Abbas soruşduxca kişi deyir ki, yolda dediyim olsun, yolda dediyim olsun. Şah Abbas əmr eliyir, kişini gətirillər dar ağacına. Məqsədi bıdı ki, kişidən örgənə ki, yolda nə deyif. Özü bilir, isdiyir bını kişidən eşitsin. Yoxluyur görsün ki, kişi qorxağ adamdı, yoxsa nətəri. Bı sirri örgənməh isdiyir axı. Kişiyə deyir:

– Səni kim örgədif göndərif?

Deyir:

– Heş kim, elə özüm gəlmişəm.



Bı tərəfdən keçəl deyir ki, əşi, görəsən, bı kişinin başına nə gəl­di? Yazığın biridi, fərəsətsizdi, birdən nəsə başına bir iş gələr. Gəlir, sarayın qabağına çatanda görür ki, kişini az qalıf dar ağacın­nan asal­lar. Gəlir əhvalatı örgənir. İcazə alır, gəlir Şah Abbasın yanına, deyir:

– Şah sağ olsun, əmr elə kişini gətirsinnər bıra.



Şah Abbas əmr eliyir, kişini gətirillər. Keçəl deyir ki, şah sağ olsun, o birinci səfər gələn xıranı da bı kişi gətirirdi, mən qoyunnarı verif onu alıf gətirmişdim. Bı yazığın başına gələnin hamısı arvadı­nın ucbatınnandı. Keçəl əhvalatın hamısın danışır. Şah Abbas bıları bağış­dıyır. Bu keçəl bını aldatmışdı, demişd, yaxşı bosdanım oluf. Şah bıla­ra çoxlu təzədən pıl verif yola salır. Kişi gəlir arvadını boşu­­yur, başqa bir arvad alır, rahat yaşıyır, keçəl də gedir öz evində rahat yaşıyır.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin