Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan şİfahi xalq əDƏBİyyatina daiR


QARABAĞ FOLKLORUNDA DİNİ NAĞILLARIN YERİ



Yüklə 1,37 Mb.
səhifə9/16
tarix28.11.2017
ölçüsü1,37 Mb.
#33230
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

QARABAĞ FOLKLORUNDA DİNİ NAĞILLARIN YERİ

(“Qarabağ: folklor da bir tarixdir” topluları əsasında)
XÜLASƏ

Məqalədə Qarabağ bölgəsindən toplanmış nağıl örnəkləri içərisində xüsusi yer tutan dini nağıllar mövzu, ideya, süjet tərkibi və kompozisiya xüsusiyyətləri baxımın­dan araşdırmaya cəlb edilmişdir. Azərbaycan folklorşünaslığında nağılların təsnifatında dini nağıllar bölgüsü yeni olsa da, toplanmış nümunələr belə bir bölgünün vacibliyini təsdiqləyir. Eləcə də dini nağıllar üzərindəki tədqiqat göstərir ki, digər nağıl qrupları kimi, onların da özünəməxsus xarakterik xüsusiyyətləri vardır. Həmin örnəklərin ayrıca olaraq öyrənilməsi isə günümüz üçün aktualdır.



Açar sözlər: Qarabağ, folklor, dini nağıllar, islam, süjet, ənənəvi formullar
Ханым Мирзоева

Место религиозных сказок в фольклоре Карабаха

(на основе сборников «Карабах: и фольклор есть история»)

РЕЗЮМЕ

В статье к исследованию привлечены тема, идея, сюжетный состав и ком­по­зиционные особенности религиозных сказок, занимающих особое место среди сказок, собранных на территории Карабаха. Хотя раздел религиозных сказок в классификации сказок в азербайджанской фольклористике нов, собранные образ­цы подтверждают важность подобного раздела. Исследование религиозных ска­зок показало также, что они, как и другие группы сказок, имеют своеобразные ха­рактерные особенности. Отдельное изучение данных образцов актуально для се­годняшнего дня.



Ключевые слова: Карабах, фольклор, религиозные сказки, ислам, сюжет, традиционные формулы.
Khanım Mirzayeva

The Place of the Religious Tales in Karabakh Folklore

(In the Basis of Collection “Karabakh: Folklore Is Also a History”)

SUMMARY

Religious tales which take special place among the samples of tales collected from Karabakh region have been involved into research from the standpoint of topic, idea, plot and composition. While the division of religious tales is new in Azerbaijani folklore, collected tales confirm the importance of such division. As well as, research on religious tales show that they have some peculiarities as other groups of tales. Studying of those samples separately is urgent for today.



Key words: Karabakh, folklore, religious tales, Islam, plot, traditional formulas
Məsələnin qoyuluşu: Azərbaycanın hər bir bölgəsinin folklor mühiti ətraflı şəkildə öyrənilməlidir.

İşin məqsədi: Qarabağ bölgəsindən toplanmış folklor nümunələri içərisində dini nağılların yerini müəyyənləşdirmək.

İşin elmi yeniliyi: Qarabağ folklor mühitində dini nağılların yeri, süjet tərkibi və kompozisiya xüsusiyyətləri araşdırmaya cəlb edilmişdir.
Nağıllar şifahi xalq ədəbiyyatının ən geniş yayılmış janrlarından biridir. Bu janr istər mövzu və süjet tərkibinə, istərsə də bədii quruluş və kompozisiya xü­susiyyətlərinə görə folklor nümunələri içərisində xüsusi yer tutur. Azərbay­ca­nın bütün bölgələrindən toplanmış şifahi xalq ədəbiyyatı nümunələri içərisində nağılların ayrıca yeri vardır. Ancaq o da xüsusi qeyd edilməlidir ki, hər bir böl­gə­nin nağılları mövzu və mündəricə baxımından bir sıra fərqli özəlliklərə ma­lik­dir. Belə ki, Azərbaycanın Qarabağ bölgəsindən (o cümlədən Cənub bölgəsin­dən) toplanmış nümunələr içərisində dini motivli örnəklər xüsusilə seçilir.

Məlumdur ki, Qarabağ folklorunun toplanması və nəşri tarixi, əsasən, XIX yüzillikdən başlanır. XIX əsrin sonlarından nəşrə başlamış “Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu” olan QƏXTMT (SMOMPK) məc­mu­ə­sində Azərbaycanın digər bölgələri ilə yanaşı, Qarabağ bölgəsindən toplan­mış folklor nümunələri də çap olunmuşdur.

XX yüzilliyin əvvəllərində Qarabağ folklorunun toplanması və nəşrində 1923-cü ildə təşkil edilmiş “Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti”nin ayrı­ca rolu olmuşdur. Həmin dövrdə A.V.Baqrinin redaktorluğu ilə rus dilinə tərcü­mə edilərək çap olunan “Azərbaycanın və ətraf ərazilərin folkloru” adlı üçcild­liyində (1930) Qarabağ folkloruna aid nümunələr də vardır. Sonrakı dövrlərdə də çap olun­muş folklor toplularına, nağıllar və dastanlara aid çoxcildlik nəşr­lər­də Qarabağ bölgəsindən toplanmış folklor örnəklərinə yer verilmişdir.

Məlum hadisələrlə bağlı Qarabağ folklorunun toplanması və nəşri işi, ötən yüzilliyin 80-ci illərindən daha da sürətlənmiş, onun müxtəlif bölgələrindən toplan­mış örnəklər ayrı məcmuələrdə – külliyyat və antologiyalarda nəşr olun­mağa baş­la­mışdır. Bu sahədə görülən işlər içərisində AMEA Folklor İnstitutu­nun “Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması” adlı layihəsi əsasında çap olunan doqquz kitabdan ibarət “Qarabağ: folklor da bir tarixdir” toplularının xüsusi yeri və çəkisi vardır. Bu məqalədə də həmin toplularda yer alan örnəklər içərisində dini motivli nağıllar əsas tədqiqat obyekti kimi götürülmüşdür.

“Qarabağ: folklor da bir tarixdir” toplularında Qarabağın müxtəlif bölgələ­rin­dən toplanmış nümunələr içərisində nağıllar xüsusi yer alır. I kitabda 57, II kitabda 53, III kitabda 45, IV kitabda 26, V kitabda 59, VI kitabda 30, VII kitab­da 51, VIII kitabda 21, IX kitabda isə 23 olmaqla cəmi 365 nağıl vardır. Fil.ü.f.d. İ.Rüstəmzadə Beynəlxalq Aarne-Tompson sistemi əsasında həmin na­ğılların süjet göstəricisini hazırlamış, 357 süjet göstəricisi müəyyənləşdirmişdir (15, 349-392). Həmin süjet göstəricilərindən 63-ü dini nağılların payına düşür. (15, 359-370). Müəllifin müəyyənləşdirdiyi 63 süjet göstəricisindən 53-ü Bey­nəlxalq kataloqda qarşılığı olmayan süjet və variantlardır. Onlardan səkkizi Bey­nəlxalq kataloqda qarşılığı olmayan və ilk dəfə toplanan, ikisi isə Beynəlxalq kataloqda qarşılığı olan və ilk dəfə toplanan süjetlərdir. Məşhur rus folklorşünası V.Y.Propp digər nağıl qrupları ilə müqayisədə dini nağıllarda fərqli süjetlərin sayca çoxluğunu onların milliliyi ilə əlaqələndirirdi (12, 273).

“Qarabağ: folklor da bir tarixdir” adlı toplularındakı dini nağılların əsas iştirakçıları peyğəmbərlər və dini şəxsiyyətlərdir. Bu nağıllarda Süleyman, Mu­sa, İbrahim, İsa, İsgəndər Zülqərneyn, Məhəmməd kimi peyğəmbərlər, İmam Hə­sən, İmam Hüseyn, Həzrət Əli kimi dini şəxsiyyətlər, Əzrayıl, Cəbrayıl, Şeytan və b. əsas personajlar kimi çıxış edir.

Məlumdur ki, tarixən Azərbaycanda müxtəlif dinlər mövcud olmuş, yerli xalq bu dinlərə sitayiş etmişdir. Atəşpərəstlikdən tutmuş islam dininin gəlişi və xalq arasında yayılması, şübhəsiz ki, bu dinlərdən gələn fikir və ideologiyanın da kütlə içərisində təbliğinə yönəlmişdi. Əsasını Xeyirlə Şərin mübarizəsi təşkil edən atəşpərəstliyin dini kitabı olan “Avesta”da son olaraq Xeyir Şərin üzərində qələbə çalır. Çox-çox əski dünyagörüşlə bağlı olan bu ideologiya şifahi xalq ədəbiyyatı nümunələrində öz əksini tapmaqdadır və deyərdik ki, Xeyrin Şər üzərində qələbəsi ilə nəticələnən bütün örnəkləri də bilavasitə atəşpərəstliklə bağlamaq düzgün meyar sayıla bilməz. Çünki bütün dinlərdə, o cümlədən islam dinində də, həmişə şər əməllər pislənmiş, xeyir işlər isə yüksək qiymətlən­di­rilmişdir. Mövcud ədəbi nümunələrdə də bu ideya həmişə aparıcı olmuşdur.

Azərbaycanda son olaraq yayılan və xalqın zehniyyətinə, mənəvi həyatına, əxlaqına, həyat-tərzinə yol tapan ən əsaslı din islamdır. İslam yüksək humanist fikir və ideyalar təbliğ etmək sahəsində ən mükəmməl bir dindir. Bu dinin xalq arasında yayılması və şüurlara yol tapması tədricən baş vermiş tarixi bir proses­dir. İslamın Azərbaycanda bərqərar olduğu vaxtdan etibarən bu dinin qayda-qa­nunları, əxlaq normaları, ehkamları, vacib əməlləri, eləcə də Quran hekayətləri və Mə­həmməd peyğəmbərin hədisləri xalq arasında yayılmağa başlamışdır. Odur ki, şi­fahi xalq ədəbiyyatı nümunələrindən olan əfsanə, rəvayət, nağıl və s. örnəklərdə islam dininin, islam ideologiyasının xalq arasında təbliği ilə yanaşı, xalqın islam dinin qayda-qanunlarına baxışı və münasibəti də öz əksini tapmışdır.

Qarabağ bölgəsindən toplanaraq nəşr edilmiş dini nağılların, demək olar ki, hamısı islam dini ilə bağlıdır. Bu nağıllarda insanların bir-biri ilə gözəl mü­na­si­bətdə olmalarının çeşidli yönləri: səxavət, qonaqpərvərlik, aclara əl tutmaq, böyüyə hörmət, onun sözündən çıxmamaq, şükr etmək, rəhm və mərhəmət, qon­şuluq haq­qı, zikr, gülərüzlülük, xoşxasiyyət, borcu qaytarmaq, vəd, insanlarla xoş davran­maq, ixlas və s. kimi yüksək mənəvi keyfiyyətlər öz əksini tapır, pis əxlaq, qürrə­lənmək, lovğalıq, xəsislik, hərislik və kimi çirkin xasiyyətlər isə pislənir.

Digər nağıl qrupları kimi, dini nağılların da Beynəlxalq süjet göstəri­cisin­də yarımqruplara görə təsnifatı vardır ki, onlardan birincisi “Allah mükafat­landırır və ya cəzalandırır” adlanır. Bu yarımqrupa daxil olan süjetlərdən biri Beynəlxalq kata­loqda 757 nömrəsi ilə qeydə alınmışdır və “Peyğəmbərin qürrə­lən­məsi” adla­nır. Nağılda qürrələnmək mənfi xasiyyət kimi pislənilir. Göstərilir ki, İbrahim peyğəmbər Məkkəni tikdirdiyinə görə əlini belinə vurur və qürrələ­nərək deyir: “Allah-talaya mən bu qədər yardım eləmişəm, görəm mən bu qədər savabı neyniyəjəm? Qohuma, arvadıma, övladıma, qızıma paylıyannan sora bu savabı hara yığışdırajam?” (2, 203). Onun bu hərəkəti Allah-taalanın xoşuna gəlmir. Cəbrayıl Allahın tapşırığı ilə gecə onu yatağından götürüb səhraya atır. Aclıqdan əldən gedən İbrahim peyğəmbər otlamağa başlayır. Allahın əmri ilə Cəbrayıl ona bir parça çörək və bir tikə pendir aparır və Məkkəni tikdirməyin yarı savabını çörəklə dəyişməyi təklif edir. Peyğəmbər razılaşır. Daha sonra su­suzluqdan əziyyət çəkən peyğəmbər Cəbrayılın gətirdiyi bir bardaq suya Mək­kənin digər yarı savabını da verir. Allahın əmri ilə Məkkənin hasarından kənara qoyulan İbrahim peyğəmbərə belə bir səda gəlir: “Ya peyğəmbər, mənim varım­nan, döylətimnən, qürrəmnən öy tikdirmişdin mənə. Əlini belinə qoydun qürrə­ləndin. Deyəsən, bir qarın yeməyə satdın Məkkəni. Bəlkə, aj qarını doydurardın, bəlkə, bir yetim başı sığallıyardın, bəlkə, əlsiz adama əl tutardın” (2, 204).

Nağıl İbrahim peyğəmbərin belə bir etirafı ilə tamamlanır: “Peyğəmbər olmağıma baxma, mən bu işdə səyf elə­­mişəm.” (2, 204). Deməli, Allah-taala İbrahim peyğəmbəri qürrələn­məsi­nə görə cəzalandırır.

Azərbaycan nağıllarının süjet göstəricisində 780-799 nömrəli süjetləri əhatə edən ikinci yarımqrup belə adlanır: “Həqiqət üzə çıxır” (14, 199). Bu yarımqrupda belə bir süjet var: “Xəncərin şahidliyi”. “Qarabağ: folklor da bir tarixdir” toplu­ları­nın III kitabında bu ad altında iki mətn vardır. Bir gənc padşah oğlu olan öz əmioğ­lusunu qız üstündə öldürür. Vəzir gedib Həzrət Əlidən padşahın oğlunu öldürən adamın kimliyini öyrənmək istəyir. Həzrəti Əli qatilin padşahın qardaşı oğlu oldu­ğunu deyir. Qatil bununla razılaşmadıqda Həzrəti Əli Xəncəri şahid çağı­rır, Xəncər belə şahidlik edir: “Ya Əli, məni kim əlində tutuf hara vurursa, ora gir­məliyəm. Məni patşahın qardaşı oğlu vurdu ona. Mən də girdim öldürdüm” (4, 222).

Bununla da razılaşmayan padşahın qardaşı oğluna Həzrət Əli üçüncü bir sü­but gətirir, yəni Allahdan ölən oğlana can istəyir. Dirilən gənc onu öldürürə­nin əmi­si olduğunu deyir. Beləliklə, həqiqət üzə çıxır. Bu nağılın “Ölünün şa­hid­liyi” adlı baş­qa bir variantında isə Peyğəmbər nahaqdan şərə düşür. Bir gün bir oğlanı öldü­rüb Peyğəmbərin qapısına atırlar. Oğlanın atası Peyğəmbərə deyir ki, “ya oğlumu ver, ya da öldürəni ver, ya da, demək, sən öldürmüsən” (2, 200). Vəziyyəti belə gö­rən Peyğəmbər onlara iyirmi səkkiz xalı olan bir öküz aldırt­dırır. Onu yandırırlar, ölünü öküzün külü ilə ovurlar, ölü dirilib onu öldürənin öz əmisi oğlu olduğunu deyir (2, 201).

Azərbaycan nağıllarının süjet göstəricisində yer alan 800-809 nömrəli sü­jetlər “İnsan o dünyada” yarımqrupu kimi verilir (14, 203). Həmin yarımqrupda belə bir süjet var: “Qəhrəman atasının gizlətdiyi qızılları axtarır”. Üçüncü kitabda “Qızıl axtaran Məhəmməd”, beşinci kitabda isə “Tacir oğlu” adlı nağıl­lar bu süjetə uyğundur. Hər iki nağılın qəhrəmanı atasının gizlətdiyi qızılların yerini öyrənmək üçün o dünyaya gedir və yolda öz əməllərinə görə əzab çəkən insanlarla rastlaşır. Atası oğlunun qarşısına yarı insan, yarı heyvan şəklində çı­xır. O dünyadan qayıdan qəhrəman atasından qalan qızılların bir hissəsini yox­sullara paylayıb onu əzabdan qurtarır (4, 208-212; 6, 186-187).

Göründüyü kimi, insan öz əməllərinə görə cavabdehdir. O, bu dünyada tutduğu yaxşı və pis işlərə görə o dünyada öz əcrini (mükafatını) alır. Ümumiy­yətlə, dini nağılların bölündüyü “Allah mükafatlandırır və ya cəzalandırır”, eləcə də “İnsan o dünyada” yarımqrupunda toplanan nağıllar sanki Qurani-Kərimin 26-cı – “Ən-Nəml” (“Qarışqalar”) surəsinin 89 və 90-cı ayələrinin şərhinə həsr edilmişdir: “89. Hər kəs (Rəbbinin hüzuruna) yaxşı əməllə (tövhid kəlməsi ilə, səmimi-qəlbdən imanla) gəlsə, onu (bu əməlin) müqabilində daha yaxşı bir mükafat (Cənnət) gözləyir. Belələri o gün (qiyamət günü) dəhşətli qorxudan da əmin olarlar. 90. (Rəbbinin hüzuruna) pis əməllə gələnlər isə cəhənnəm oduna üzüstə atılarlar. (Mələklər onlara belə deyərlər:) Bu yalnız (dünyadakı pis) əməllərinizin cəzasıdır! (Sizə artıq heç bir şey edilmir!)” (11, 536)

Azərbaycan nağıllarının süjet göstəricisində 810-814 nömrəli süjetlər “Əzra­yıl və əcəli çatmış insanlar” yarımqrupunda birləşdirilmişdir (14, 205). Həmin süjet­lər içərisində “Ana övladını Əzrayıldan qaçırır” adlı süjet xüsusilə seçilir. “Qarabağ: folklor da bir tarixdir” toplularının II və V kitablarında belə bir nağıl var: “Övladını Əzrayıldan qaçıran ana” (3, 318-320; 6, 184-185). II kitaba daxil olan nağıl belə başlayır: “Bir arvadın uşağı qalmırmış, ölürmüş. Beşi ölür, onu ölür, on beşi ölür, neçəsi ölür, bilmirəm. Bunun gəlir daldan bir oğlu olur. Bu gəlir beş yaşına çatır. Bu, evi yığır, qohumu-evladı. Deyir ki, Allah, Məhəmməd, ya Əli. Azreyilin əlin­nən mən bu uşağı götürüf diyarbadiyar oluf çıxıf gedəjəm. Bura qayıdası deyiləm. Azreyil məni tapmasın. Da mənim bir belə balam qırılıf”. (3, 318) Arvad uşağı gö­türüb yola çıxır. Axşam düşəndə bir alaçıq görür və ora yaxınlaşır. Oradakı qadın­dan gecələmək üçün yer istəyir. Sən demə, bura Əzrayılın evi, onu qarşılayan isə Əzrayılın anası imiş. Övladını Əzrayıldan qaçıran ana təsadüfən onun evində qonaq olur. Qadın başına gələnləri Əzrayılın anasına danışır. Anası Əzrayıla yalvarıb-yaxarır ki, o qadının övladının canını alma, onu mənə bağışla. Əzrayıl gülərək deyir: “Ay ana, mən adam öldürənəmmi? Məni Allah-tala çağırıf yanına bu sənət maa verəndə deyif ki, biri birinə ajığı tutuf güllə atajağ, yıxılajağ yolun ortasında öləjəh. Vaxdı çatanda ölüm bunnandı. Onun öz əli özünə qannı olajaxdı” (3, 319).

Uşağın anası yuxa yayanda dinc durmadığı və yuxanı zay etdiyi üçün oğ­lu­nu oxlovla vurur. Uşaq dünyasını dəyişir. Beləliklə, ana oğlunun ölümündə özü­nü gü­nahkar sayır. Buradan da belə bir məntiqi nəticə çıxır: “Qismətdən qaçmaq olmaz”.

Nağılın V kitabdakı variantı isə belə tamamlanır: “Arvad ah-nalə eliyir, ağ­la­yır, deyir bəs nətəər olur, ordan qaşdıx gəldih ki, uşağımız salamat qala. Ev yəəsi gəlif deyir ki, bəs sən Əzrayılın evinə gəlmisən. Bu sənin uşağının qismə­tin­də varıydı, ölməliydi. Sən bu qismətdən qaça bilməzsən, Əzrayılın əlinnən qa­ça bilməzsən. Dünyanın o ujuna da gesseydin, sənin bu uşağın öləjeydi. Onu özümüz elə elədik ki, sənin əlində ölsün ki, özün-özünü günahlandırasan” (6, 185).

Azərbaycan nağıllarının süjet göstəricisində 815-826 nömrəli süjetlər “Şeytan” adlı yarımqrupda birləşdirilmişdir (14, 206). Qarabağ folklorunda həmin süjetlər içərisində qarşılığı olmayan və ilk dəfə yazıya alınan 821*** nömrəli bir süjet vardır: “Özgəsinə quyu qazan özü düşər” (15, 366). I kitaba daxil olan nağıl da elə eynilə bu cür adlanır: “Özgəsinə quyu qazan özü düşər”. Nağılın qısa məzmunu belədir: Bir nəfər təzə evlənmişdi. Günlərin birində onun əlindəki tüfəng açılır və arvadına dəyir. Təzə gəlin dünyasını dəyişir. Ər bayırda başını aşağı salıb ağlayanda şeytan nurani bir kişi sifətində gəlib ondan soruşur ki, niyə ağlayırsan? O, başına gələnləri kişiyə danışır və deyir ki, bilmirəm arvadımın ata-anasına nə cavab verəcəyəm. Kişi ona belə bir məsləhət verir: “Ə, otur burda, bir cavan oğlan gələndə deynən gedəh içəridə bir şey var, onu qaldır mənim dalıma. Bir badron da ona vur, yıx ora. Get yiyəsinə deynən belə-belə gör­düm, ikisini də öldürmüşəm.” (2, 322). Ona qulaq asan ər elə də edir. Sonra­dan məlum olur ki, öldürdüyü cavan oğlan şeytanın öz oğlu imiş. Söyləyici na­ğı­lı belə tamamlayır: “İndi şeytanın bəzən qurduğu kələyə özü düşür” (2, 322).

Beynəlxalq kataloqda dini nağıllara aid 827-849 nömrəli süjetlər qarışıq mövzulara aid olduğundan Azərbaycan nağıllarının süjet göstəricisində onlar yarımqruplara bölünməmişdir. Bu nağıl süjetlərində də qoyulan məsələlər islam əxlaqı və qayda-qanunları çərçivəsində qoyulub həll edilir. 839*B nömrəli süjet və ona aid olan nağıllar da “Allah görür” adlanır. Sözügedən toplularda bu adda iki nağıl vardır. Bu nağıllar sırf islami mahiyyət daşıyıb bir növ Qurani-Kərimin “Əl-Bəqərə” surəsinin 110-cu ayəsinin izahına həsr edilmişdir: “Həqiqətən, Allah nə etdiklərinizi görəndir” (11, 19). Hər iki nağılın süjeti bu ayənin xalq tərəfindən düzgün dərkinə, insanların pis əməllərdən, haram işlərdən çəkin­məsi­nə xidmət edir. Nağıllardan birinin qısa məzmunu belədir: Üç gənc Kərbəlaya ziyarətə gedir. Onların ziyarətini qəbul edən şəxs soruşur ki, nə gətirmisiniz? Biri yaxşı pul, o biri yaxşı var, mülk, digəri isə iman gətirdiyini deyir. Kərbəla sahibi üçüncüsünün ziyarətinin qəbul olunduğunu bildirir. Qalan ikisi çıxıb gedəndə onları bir də imtahana çəkmək istəyir və hərəsinə bir çolpa tapmağı tapşırır. Deyir ki, o çolpaları elə yerdə kəsin, heç kim görməsin. Onlardan ikisi tez bir zamanda çolpaları kəsib gətirir. Biri isə çolpanı diri gətirir və deyir ki, hara apardımsa, gördüm Allah görür, ona görə kəsə bilmədim (2, 202-203).

Eyni süjetə aid digər nağılda da molla öz şagirdlərinin iman və etiqadını sınağa çəkmək üçün onlara xoruz verir və deyir ki, bu xoruzları elə yerdə kəsin, heç kəs görməsin. Qırx şagirddən otuz doqquzu xoruzları tez bir zaman ərzində kəsib gətirir. Qırxıncı şagird isə xoruzu diri gətirir. Mola bunun səbəbini ondan soruşanda şagird deyir: “Hayana getdim, kimsəsiz yer tapa bilmədim. Ha daldalığa girdim ki, kəsim, gördüm bəndə də olmasa, Allah görür” (4, 241).

Göründüyü kimi, hər iki nağılda insanların iman və etiqadı sınağa çəkilir. Hər bir kəsin pulu, varı, dövləti, savadı, ibadəti ola bilər, amma iman və əqidə hamıda olmur. Düzgün iman, təmiz əqidə var-dövlətlə ölçülmür. Odur ki, dini nağıllarda islam dinin qayda-qanunlarına, əxlaq normalarına xalqın öz baxışı və münasibəti olduğundan onlar bir növ islam ideologiyası ilə xalq mənəviyyatının vəhdətini təşkil edir.

Dini nağılların yarımqruplara görə təsnifatı göstərir ki, bu qrupa daxil olan nağılların özündə də mövzu, məzmun və ideya baxımından müəyyən uyğunluq vardır ki, onlar ayrı-ayrı yarımqruplara bölünə bilər. Həmin yarımqruplara daxil olan süjetlər, onlarda ifadə edilən ideya və əxlaq normaları bilavasitə islami dünyagörüşü, islam dininin qayda-qanunları özündə ehtiva edir.

Beləliklə, aydın olur ki, Beynəlxalq kataloqda qeydə alınan dini nağıl süjet­lə­rindən 63-nə “Qarabağ: folklor da bir tarixdir” toplularında rast gəlinir. Həmin nağıl süjetləri isə Azərbaycan dini nağıllarının mövzu və süjet tərkibi haqqında təsəvvür yaratmağa imkan verir.

Doqquz kitabdan ibarət “Qarabağ: folklor da bir tarixdir” toplularına daxil olan dini nağıllar həm kompozisiya xüsusiyyətləri, həm də ənənəvi nağıl formul­larından istifadə baxımından da diqqəti cəlb edir.

Azərbaycan folklorşünaslığı üçün nağılların təsnifatında dini nağıllar bölgüsü təzədir. Bunu ilk dəfə fil.ü.f.d. İlkin Rüstəmzadə müəyyənləşdirmişdir. (13; 14). Ümumiyyətlə, dini nağıllar ilə dini əfsanə və rəvayətlərin fərqini müəy­yən­ləşdirərkən həmin örnəklərdə nağıllara məxsus kompozisiya xüsusiyyətlərini də üzə çıxarmaq lazımdır. Bu baxımdan dini nağıllarda rast gəlinən ənənəvi nağıl formulları da az əhəmiyyətə malik deyil. Qarabağ folkloruna aid örnəklərdə də bu formullardan geniş istifadə olunmuşdur.

Məlumdur olduğu kimi, “Bütün dünya xalqlarının nağılları üç bölümdən ibarətdir: nağılın əvvəli, özü (əsas hissəsi) və sonu. Belə ki, nağıllar başlanğıc for­mu­lu ilə başlayır, sonra əsas hadisələr cərəyan edir, sonda isə sonluq formulu ilə ye­kunlaşır. Bu bölümlər bir-birindən sabit, dəyişməz qalan ənənəvi formul­lara (baş­lanğıc, təhkiyə və sonluq) ayrılır” (1, 11). Ancaq nəzərə almaq lazımdır ki, zaman keç­dikcə, həm epik ənənələrdə, həm də mətnlərin məzmunlarında dəyişmələr baş ver­miş, nağıllarda olan klassik başlanğıc formulları da müəyyən qədər deforma­siya­ya uğramışdır. Xüsusilə, son dövrlərdə, o cümlədən “Qarabağ: folklor da bir tarix­dir” toplularındakı nağıllarda ənənəvi başlanğıc formulları mürək­kəbdən sadəyə doğru gedir. Bu, dini nağıllarda özünü xüsusilə daha qabarıq göstərir. Ancaq, bu­nun­la belə, az da olsa, bəzi nümunələrdə klassik başlanğıc formullarına rast gəlinir. Məsələn: “Biri varmış, biri yoxmuş. İki dənə yaşdı adam varmış də ər-arvad...” (6, 184). Dini nağıllarda belə ənənəvi başlanğıc formullarına çox az rast gəlinir. Bir çox hallarda onlarda “rəvayətə görə”, “deyilənə görə” və s. ifadələrindən istifadə edilir: “Bağışlanmaz günahkar” nağılında “Belə bir əfsanə gəzir ki, bir nəfər adam öz atını minərmiş, bir də tüfəngi varmış...” (4, 234), “Allah görür” nağılında “Deyilənə görə, bir mollanın qırx şəyirdi olur...” (4, 240), “İki yolçuynan dərviş” nağılında “Rəvayətə görə, bir gün kasıblıqdan əziyyət çəkən iki nəfər qazanc dalınca başqa diyara getməli olur...” (4, 241) kimi başlanğıc formulları ilə rastlaşırıq.

Nağıllarda istifadə edilən digər formullar təhkiyə formullarıdır. Bir sıra el­mi ədəbiyyatda onlara medial formullar da deyilir. Qarabağ bölgəsindən toplan­mış dini nağıl örnəklərində çeşidli təhkiyə formullarından istifadə edilmişdir. Təhkiyə formulları iki qismə bölünür: xarici və daxili. Birinci qisimdə fasilə verərək dinləyicidə maraq oyadan formullar ayrıca yer alır. Məsələn: “Nəysə, oğlan durur atı yəhərliyir, yüyənniyir, deyir, gedim onu tapım, yalvarım ona” (8, 214); “İndi kəsə deyirəm. Aparır genə, inəyi götürüf gedillər...” (4, 287); “Kəsəsi, kişi deyən kimi getdilər” (2, 193); “Nəysə, uzun sözü qısası...” (3, 301-310). Qəhrəmanın fəaliyyəti ilə xaricən bağlı olan formullar da bu qismə daxil­dir: “Az gedif, çox gedif gəlif bir səfalı yerə çatıllar...” (4, 310); “Musa peyğəm­bər az gedir, çox gedir, görür çöllü-biyabandı...” (2, 213). Bu qisimdə keçid formulları xususi rol oynayır, məsələn: “Bunlar burda qalsınlar, sizə kimdən deyim, qurud əzən yolçudan...” (4, 242); “İndi bılar burda məşğul olsun, saa mən təmbəldən xəbər verim...” (4, 285). Keçid formulları içərisində vaxtın tez keçməsi ilə bağlı olan formulların ayrıca yeri vardır: “Bir belə, beş belə. Nağıl yüyrəh olar...” (4, 282); “Nəysə, vaxt gəlir il donanır. Bunu nişannıyıllar öz əmi­si qızına...” (5, 282); “Aylar, illər ötür, uşax gəlir beş yaşına...” (6, 184).

Sözügedən nağıl örnəklərində başlanğıc və təhkiyə formulları ilə mü­qayi­sə­də sönluq formulları daha rəngarəngdir. Ancaq nəzərə almaq lazımdır ki, bə­zən dini nağıllarda sonluq formullarından istifadə edilmir. Qarabağ folklorunda onların bəziləri ilə rastlaşırıq. Xoş güzaranla bağlı formullar: “Onnan sora onnar şad-şalayın oldular” (4, 212), “Uşax da getdi qızılları çıxartdı, anasıynan bəy kefində ömür sürdü” (6, 187).

Dini nağıllarda atalar sözləri və deyimlərdən ibarət sonluq formulları da xüsu­si yer tutur: “Yaxşı günün qədri pis gündə bilinir”, “Pis günə düşmüyüncə bilmir­sən yaxşı gün nədi” (3, 372), “Amma Allahın yazısına pozu yoxdu” (6, 193) və s.



Söyləyicinin dinləyicilərə yönəlməsi ilə bağlı formullara da dini nağıllar­da geniş yer verilir: “İmkanın da, məsəlçün, varsa, elə bilginən ki, birinə yaxşı­lıq eliyə­sən, o da çıxa qabağına, yoxsa mənim evimdə pulum var deyə asım, kə­sim, bunun heş axırı yoxdu” (2, 194), “İndi hər adam ehsan verir. O ehsanatın ha­mısı qəbul olmur. Yüz tikədən bircəciyi qəbul olur, o da kimin bəxtinə düşə” (9, 161). Dini nağıl­larda sadə sonluq formulları da işləkdir: “Hə, belə işdər” (2, 214), “Bu da bu qədər” (2, 218), “Bu nağıl da bırda bitir” (4, 265), “Bırda nağıl başa çatır” (4, 289) və s.
Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin