Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan şİfahi xalq əDƏBİyyatina daiR



Yüklə 1,37 Mb.
səhifə6/16
tarix28.11.2017
ölçüsü1,37 Mb.
#33230
1   2   3   4   5   6   7   8   9   ...   16

İlhamə Cəlal qızı QƏSƏBOVA


Filologiya üzrə fəlsəfə doktoru

AMEA Folklor İnstitutu

ilhame92@ mail.ru

AŞIQ YARADICILIĞI KONTEKSTİNDƏ SÖZ BİLİCİLƏRİ

[Qazax aşıq mühiti əsasında]
XÜLASƏ

Aşıq ədəbiyyatını öyrənməyin və onun çoxsahəli fəaliyyətini, zəngin repertuarını aşkarlamağın əsas yolu bu sənətin regional-mədəni və sosial mühit özünəməx­sus­luqla­rı­na xüsusi diqqət yetirməkdədir. Bu səbəbdən də Azərbaycan aşıq yaradıcılığının zəngin bir qolunu təşkil edən Qazax aşıqlarının kontekstində söz bilicilərinin araşdırılması folk­lorda və əsasən də aşıq ədəbiyyatında yeni termin olaraq özünəməxsus rol oynayacaqdır.

Aşıqların yaradıcılığının regional və lokal kontekstdə öyrənilməsi folklor­şünas­lığın aktual problemləri sırasına daxildir. Regional və lokal mühit, ayrı-ayrı sənət­karların yaradıcılıqlarının fərdi şəkildə tədqiqi bütövlükdə mədəni sistemin mükəmməl öyrənilməsi üçün zəruridir. Məqalə bu müstəvidən özünü doğrultmuşdur.

Açar sözlər: aşıq, saz, söz, söz bilicisi, sinədəftər, Qazax
Илхама Гасабова

В КОНТЕКСТЕ СОЗДАНИЯ AŞIQ ЗНАТОКОВ

[Казахской менестреля на окружающую среду]

РЕЗЮМЕ

Главным способом изучения ашугской литературы и обнаружения его раз­носторонней деятельности и богатого репертуара является уделение особого вни­мания регионально-культурной и социальной среде. По этой причине изу­чение слова как новый термин, который является одним из ветвей азербай­джан­ского ашугского творчества в контексте ашугов будет играть особую роль в фольк­лоре и особенно в ашугской литературе.

Изучения творчества ашугов в региональном и местном контексте является одной из проблем фольклора. Региональная и местная среда, изучение творчества отдельных профессионалов является очень важным для полного изучения всей культурной системы.

Ключевые слова: ашуг, саз, слово, знающий слово, от сердца, Газах.
Ilhama Gasabova

IN THE CONTEXT OF CREATION AŞIQ CONNOISSEURS

[Kazakh minstrel on the environment]

SUMMARY

The main way to find out ashug literature and to discover its diverified activity and rich repertoire is to pay a special attention to regional and cultural and social enviromental identity. For this reason investigating the word connoisseur in the context of Gazakh ashugs which is ine of the richest branches of Azerbaijan ashug creativity will play a special role in folklore and especially in ashug literature as a new term.

Learning the creativity of ashugs in the regional and local context is one of the problems of folklore. Regional and local enviroment, the study of creativity of individual artists is too important for perfect learning thr whole cultural system

Key words: ashug, reed, word, word connoisseur, from heart, Gazakh.
Aşıq yaradıcılığı şifahi ədəbiyyat olaraq qərinələrlə xalqımızın milli mənə­vi dəyərlərini, tarixi keçmişini, xalqın yaddaşını özündə ehtiva edərək günümüzə qədər yaşatmaqdadır. Azərbaycan şifahi xalq ədəbiyyatının peşəkar ədəbi yara­dıcılıq sahəsi sayılan aşıq sənəti janr və forma əlamətlərinə görə son dərəcə zən­gin və rəngarəngdir. Aşıq poeziyası xalqımızın milli bədii təfəkkürünün səciy­yəvi xüsusiyyətlərini özündə əks etdirməklə yanaşı, klassik aşıq sənətini nəsil­dən-nəslə ötürmək baxımından da diqqəti cəlb edir. Aşıq ədəbiyyatının özünə­məx­sus xüsusiyyətlərindən biri də onun kökündən qopmadan, klas­sik ənənəyə bağlılığını itirmədən günümüzə qədər inkişaf edən bir xətlə varlığını qoruma­sı­dır. Bu varlığı həm də aşıqlarımız qoruyub saxlamış­dılar. Aşıq sənətinin qorun­masında ustad aşıqlarımızın rolu danılmazdır. Aşıqlığın ortaya çıxdığı ta­rix­dən bu günə qədər aşıq sənətinin yaşanması və davamı ustad-şəyird münasibəti ilə gerçəkləşir. Ustad-şəyird münasibətini ilk araşdıran Fuad Köp­rülüdən üzü bəri ustad-şəyird münasibətləri hələ də ənənə baxımından tam araşdırılmayıb [5]. Təbii ki, az-çox bu möv­zuya toxunan təd­qiqatçılar F.Köprülüdən daha artıq fikir söyləyə bilmədiklərindən ustad-şəyird münasibəti hələ də öyrənilməsi vacib mövzulardan biri olaraq qalmaqdadır.

Gənc aşıqlar ustad aşıqlarla sınağa çəkildikləri halda həm də söz biliciləri tərəfindən sınaq obyekti olublar. Söz bilicilərinin aşıqlarla bərabər aşıq sənətinin davamında və inkişafında müstəsna rolu olub. Söz biliciləri aşıq yaradıcılığını, klassik aşıq havalarını, dastanları mükəmməl bilənlərə və aşıqları meydanda sına­ğa çəkənlərə deyilir. Onlar o qədər dərin hafizəyə malik olurdular ki, yaddaş­larında demək olar ki, klassik dastanlarının hamısını saxlaya bilirdilər. Hətta özlərindən çox-çox keçmiş aşıqların yaradıcılığını ağız ədəbiyyatı olaraq yadda saxlamaq gücünə malik idilər. Aşığın sınağa çəkilən dönəmləri -deyildikdə məhz həmin o sınaqçılardan söhbət gedirdi. Keçmiş zamanlarda xüsusi olaraq aşıq məc­lisi qurulardı. Aşıqlar səhərə qədər çalıb oxuyar, dastan söyləyərdilər. Artıq ustad­laşmış aşıqlar belə o məclisdə söz bilicilərindən birini görsəydi həmin gecə işin daha çətin olduğunu anlayardı. Şifahi şəkildə yaşadılan qaydaya və ənənəyə görə aşığa o halda ustad deyirlərmiş ki: Ustaddan dərs alsın, saz havacatlarını düz­gün ifa etsin, söz ehtiyatı çox olsun, Aşıq Ələsgərin yaradıcılığını təmiz bilsin, dastanların hamısını bilsin, güclü yaddaşı olsun, natiq olsun, ədəb ərkanlı olsun, məclisi ələ almağı bacarsın, yaxşı səsi olsun, hazırcavab olsun [2].

Bu sayı daha da artırmaq mümkündür, çünki, aşıqdan sınaq meydanında çox şey tələb olunurdu. Bu tələbi isə hər adam edə bilməzmiş. Gərək ki, tələb edənin özünün hafizəsində bir şey olsun ki, aşığın nə dərəcədə doğu-dürüst danışdığını tuta bilsin.

Bəzi bölgələrdə dərin bilikli insanlara sinədəftər deyirlər. Azad Ozan Kərimli "Göyçə aşiq məktəbi" silsilə məqaləsində həmin insanları sinədəftər ad­lan­dıraraq onların dərin biliyindən, meydanda aşıqlarla bərabər fəaliyyət­lərindən söz açmışdır. Müəllif sinədəftər Mahmuddan söz açaraq yazır: "Onun sinədəf­tərliyinə lap məəttəl qaldıq. Niftalı Kərbəlayı İsmayıl oğlu Süleymanov 1913-cü ildə Ardanışda dünyaya göz açıbmış. Ustad şilləsi yeyəndən sonra həm təklikdə, həm də ara sıra qonşu kəndlərin sənətkarlarıyla, - ən çoxu isə Cilli Aşıq Yunusla məclis keçirərmiş. Artıq 1930-cu illərdə o dərəcədə tanınmışdı ki, özunə iki Kərim adlı şagird götürmüşdü. Onlardan biri yaxşı ifaçı idi, digəri isə sinədəftər söz deyirdi. Hər ikisi də 1925-ci ildə anadan olmuşdu. Sinədəftən Kərimin atası isə el şairi Mahmud idi" [1].



Müəllifin yazdıqlarına diqqət etsək Kərimin atası el şairi olub. Bu da onu dəlalət edir ki, Kərimin sinədəftər olması da elə ordan irəli gəlir. Bütün bölgə­lərdə belə insanlar olub. Lakin sinədəftər insanlarla söz bilicilərinin arasında fərqlər mövcudluğu böyükdür. Sinədəftər insanlar məclislərdə sinədən gələn söz­ləri söyləməklə yanaşı həm də onlar Azərbaycan poeziyasını mükəmməl bi­lir­lər. Onlar poeziyanı mükəmməl bildikləri üçün kimin yaradıcılığından söz açsan onların şeirlərini hazırcavablıqla əzbər söylərlər. Xalq şairi Zəlimxan Yaqub buna ən bariz nümunə sayıla bilər. Söz bilicisi kimi isə Məhərrəm Qa­sımlını, Məhəmmədəli Məşədiyevi göstərmək olar. Onlar olan məclisdə aşıqlar aşıq havalarında yanlışlıq edə bilməzlər.

Qazax bölgəsində də söz biliciləri ustad aşıqlara bərabər tutulur. Əslində "söz biliciləri" termini Qazax bölgəsinə məxsusdur. Onlara da ustad deyilir. Onlar da ağsaqqal, müdrik, sözü keçən insanlardır. Bəzən olur ki, aşıqların belə bilmə­diklərini həmin söz biliciləri bilirlər. Onların yaddaşı olduqca iti olur. Şeir bilmə bacarığı olduğundan bir qafiyəni belə aşıq və şairlər onların yanında səhv deyə bilməzlər. Səhv desələr də məclisin tam ortasında söz biliciləri "aşıq nərdivan qoyma" deyərsə artıq aşıq işini başa düşür ki, hardasa ya sözü səhv deyib, ya da havanı düz çalmayıb. Çünki həmin söz biliciləri daim məclislərdə olur, özlərindən böyük aşıqların məclislərində iştirak edib, özləri də onlardan öyrənirdilər. Onlarda fenomen yaddaş olur. Hafizələri güclü olduğundan heç nə yaddaşlarından çıxmır. Belə insanların yaddaşlarında elmə bəlli olmayan dastanlar, hətta klassik ustad aşıqların yaradıcılığı da olur. Özləri şeir qoşur, saz çala bildikləri halda bunu məclislərdə bəyan edib, özlərindən danışmazlar. Tarixə yol yoldaşlığı edən aşıq­ların həyat tərzini daim izləyərlər. Bu tip insanlar aşıq yaradıcılığının qoruyu­cu­larıdır. Belə insanlardan biri Qazax rayonunun Çaylı kəndində yaşamış Novruzov Murad olmuşdur [1928 - 2008]. Novruzov Muradı el arasında "Meşəbəyi Murad" yaxud "Aşıq Murad" kimi tanıyırdılar. Ömrünün sonuna qədər yaddaşı güclü olan Murad kişinin bilmədiyi dastan, havacat, ustad aşıqların yaradıcılığı yox idi. Hara­dan desən oradan doğru bilgi verərdi. Qeyri-adi yaddaşı olan Aşıq Muradı firti istedadına görə Qazax mahalının "ensklopediya"sı adlandırırdılar. Sağlığında özü­nün dediyinə görə Fərman Eyvazlı "Qaçaq Kərəm " kitabının birinci hissəsini ya­zarkən dəfələrlə onun evində qonaq olmuş, Qaçaq Kərəm və İsrafil ağa haqqında məlumatlar yazıya almışdır. Yazıçı Şəmistan Nəzirli "Azərbaycan generalları" kitabında ondan müsahibə almış, Eldar Nəsibli, Həmid Abbas, və digər söz adam­ları dəfələrlə ondan müsahibələr götürmüşlər. O, həm də Qurbani, Tufarqanlı Abbas, Diləfruz-Məsim dastanlarının yeni variantlarını və çox sayda nağıl bilirdi. Onun hafizəsində Xəyyat Mirzənin, Növrəs İmanın, Mirzə Səmədin, Qulu Məm­mədhüseynin, elmə bəlli olmayan nümunələri vardır. Təəssüflə deyək ki, o yaddaş söz bilicisinin yaddaşından yazıya köçürülmədi. Murad kişinin zil səsi vardı [3,səh.419]. Çoban Əfqanın həyat yolunun və yaradıcılığının ən doğu bariz bilicisi Murad kişi idi. Çoban Əfqanın el arasında məşhur olan bir şeirini məhz o bilirdi və ondan yazıya almışıq. [4, səh17] Murad kişinin səsi-soraği aləmə yayıldığından onun oturduğu məclisdə iştirak etməkdən çəkinərdilər. "1953-cü il oktyabr ayının 21-də şair Nov­ruz­lunun şəyirdiNəsir'> Nəsir Qazaxda Çaylı Novruzov Muradla ye­mək­xanada oturub çörək üstə höcətləşirlər.

Murad kişi deyir: – Nəsir, sənin ustadın Şair Novruzlu mə­nim qabağımda tab gətirə bilməz. Nəsir evə qayıdıb usta­dına belə yazır:


Nəsir

Başına döndüyüm, ay Şair Temraz

Bir aşıx sazını alajax sənin

Çalandı, çağırandı, tutur yaxşı saz,

Bir sutqa qulluğunda qalajax sənin
Novruzlu

Al cavabın verim, ay Nəsir səni

O kimdir sazımı alajax mənim

Ola bilsin tanış olax, dost olax

Yəqin ki, qonağım olajax mənim
Nəsir

Özünnən deyən döy sözləri çoxdu,

Bələdəm halına sözləri çoxdu.

Hərbə, zorba gəl sən onu qorxut,

Yoxsakı, saqqalın yolajaq sənin.
Novruzlu

Özünnən nə dedi o çayxanada,

Olmuya toxundu sənə, mənə də.

Kefi saz olarmış o dəmxanada

Bildim ki, əhvalım sorajaq mənim.

Nəsir

Özünnən çox dedi o çayxanada,

Adı-sanı çıxıb bil hər yana da.

Qoç döyüşü gələcəkdi sana da,

İndi halın necə olacaq sənin.

Novruzlu

Sərt olsa da yavaş-yavaş dindirrəm,

Telli sazı sinəm üstə mindirrəm.

Dirək mənəm o kərəni səndırram,

Üstümdə ləpiklər çalacax mənim.
Nəsir

Bərk dur əlinnən o etsin haşa,

Sözlərin gərək işləsin daşa.

Ümüdüm var sənin kimi qardaşa,

Qarşında o aciz qalacax sənin.
Novruzlu

Elmi adamlar olmazmı bəzzad,

Özü sənətkardı nə lazım ustad.

Hərcayı söyləsə verərmi ləzzət,

Açıb kitabımı oxuyar mənim.
Nəsir

Dodaxdəyməzdə vəfası yoxdu,

Bələdəm halına təcnisi çoxdu.

Hərbə-zorba gəl sən onu qorxut,

Şahmar ilan kimi çalacax səni.
Novruzlu

Oxuyarıx hər ikimiz bir məzə,

Köhnəni buraxıb deyərik təzə.

Nə işimiz var keçək dodaqdəyməzə,

Tab etməz qabağımdan qaçacaq mənim.
Nəsir

İrsəndə sözünü deyər dilinnən

Qoparıb sazını alacax əlinnən.

Adı Muraddı özü Çaylı elinnən,

Saz alıb qarşında duracaq sənin.

Novruzlu

Soruşsa adımı adı bəlliyəm,

Ağıllıyam ağılsıza bəlliyəm.

Kəndim Dəmirçilər, Qazax elliyəm.

Novruzluyam əhvalım soracaq mənim. [3, 319].

Buradan açıq aydın görmək mümkündür ki, Murad kişinin biliciliyindən çəkinən aşıqlarımız çox olub. Çaylı Murad kimi digər söz bilicilərindən biri də Qasım kişi olub. Deyilənə görə Qasım kişinin təşrif buyurduğu məclisdə aşıqlar məhz onun sorğu-sualından çəkinərmişlər. Dərin hafizəyə malik Qasım kişi elə bir yerdə aşığı imtahan edərmiş ki, aşıq çaşıb qalarmış.

Aşıqlar daha çox dastanlardan, Aşıq Alıdan, Sarı Aşıqdan, Aşıq Ələsgər­dən, Növrəs İmandan, Molla Cümədən imtahan olunarmışlar. Havacatların doğ­ru-dürüst ifa edilməsinə də söz biliciləri həssaslıqla yanaşarmışlar. Belə insanlar bü­tün bölgələrdə olublar. Onlar bir növ ustadların yetişməsində, aşıq yaradıc­ılığının inkişafında xalq arasında müstəsna rol oynayıblar. Məclis idarə edən aşıq həm xalqın qarşısında, həm də söz bilicilərinin qarşısında imtahan edilərmişlər.

Söz bilicilərinin aşıq yaradıcılığı kontekstində öyrənilməsi məqsədəuy­ğundur. Çünki tamlığı ilə aşıq yaradıcılığını özlərində ehtiva edən söz biliciləri sinədəftər insanlardan bu üstünlüklərinə görə bilavasitə fərqlənirlər.

Aşıq yaradıcılığının toplanması ilə məşğul olan zaman təbii ki, hər bir bölgənin birinci psixologiyasını öyrənmək lazım olur. Bununla yanaşı həmin bölgədə söz ehtiyatı çox olan, yaddaşı iti olub, aşıq yaradıcılığını dərindən bilən adamlarla maraqlandıqda toplayıcıları söz bilicilərinə yönəldirlər. Onlar hətta XIX əsrin və ondan qabaqkı əsrlərin də yazıb yaradanlarının yaradıcılığını bil­məklə yanaşı həm də şəkillərini yığıb saxlayırlar. Söz biliciləri sözün fəlsəfəsini, sözün məhvərini dərindən bildikləri üçün sözə sahib çıxırlar. Qazax aşıq mühi­tinin ustad aşıqlarından olan Məhəmmədəli Məşədiyevi söz bilicisi kimi dəyər­ləndirmək olar. Çünki aşıq Məhəmmədəli Məşədiyev aşıq havalarının düzgün ifa qaydalarını, dastanları, ustad aşıqların yaradıcılığını, poeziyanı, klassik ədə­biy­yatı mükəmməl bilir. Onun fenomen yaddaşı vardır.

Söz biliciləri arasında qadınlar olsa da onlar məclislərə getməzlər. Ancaq yeri gəldikdə bildiklərini əsirgəməzlər. Belə qadınlar əsasən evdar qadınlardır.
ƏDƏBİYYAT

1. Azad Ozan Kərimli, "Göyçə aşıq məktəbi" məqalələr silsiləsi, http://musigi-dunya.az]

2. Aşıq Sadıq Avdıoğlu, Qazax Qaymaxlı kəndi, 1939-2013

3. Qəsəbova İ., XX əsr Qazax aşıqları və el şairləri. B., Nurlan, 2009, 708 s.

4. Qəsəbova İ. XX əsr Qazax aşıq mühiti, Bakı, Elm və təhsil, 2015, 184 s

5. Köprülü M.F., “Türk ədəbiyyatında aşıq tarzının menşe ve tekamülü”, Milli tetebüler mecmuası, h 1331, No.1, İstanbul

Sevda İMANOVA

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Folklor İnstitutunun doktorantı
KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA MAGİYA İLƏ BAĞLI

OBRAZ VƏ MOTİVLƏRİN TİPOLOGİYASI
Севда Иманова

Типология образов и мотивов, связанных с магией

в эпосе «Книга моего деда Коркута»

Резюме

«Книга моего деда Коркута» является уникальным памятником сохранив­шим древние магическо-мифические представления нашего народа. Главная ценность памятника в изучении древних мифических представлений заключается в том, что каждый его образ, каждый сюжет т мотив тесно связан с мифологией, которая является системой первобытного мышления. То есть мифология как система поверий составляет идеологическо-философскую основу этого памят­ни­ка. В этом смысле «Книга моего деда Коркута» обладает огромным значением в изучении древнего магическо-мифического мировоззрения. Исследования пока­зы­вают, что «Книга моего деда Коркута» богата образами, идеей и мотивами, свя­занными с магическими представлениями. Магические представления в эпосе служат отражению эпической идеи. То есть магические элементы в эпосе ху­дожественно завуалированы. Но внимательный анализ позволяет восстановить магические представления. Благопожелания и проклятия в эпосе сохранили свой магический колорит. Кроме этого, в эпосе природные силы и акты магическо-медиативного общения составляют единую систему.



Ключевые слова: фольклор, «Книга моего деда Коркута», эпос, магия, порча, колдовство, заклинание, благопожелание, проклятие
Məsələnin qoyuluşu: “Kitabi-Dədə Qorqud” xalqımızın qədim magik-mi­fik görüşlərini özündə qoruyan unikal abidədir. Abidənin əski mifik görüşlərin öyrənilməsi baxımından əsas dəyəri ondadır ki, onun hər bir obrazı, hər bir süjet və motivi ilkin düşüncə sistemi olan mifologiya ilə sıx bağlıdır. Yəni mifologiya inanclar sistemi kimi bu abidənin ilkin ideoloji-fəlsəfi qaynağını təşkil edir. Bu cəhətdən “Kitabi-Dədə Qorqud” əski magik-mifik dünyagörüşünün öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

İşin məqsədi: Məqalənin yazılmasında əsas məqsəd “Kitabi-Dədə Qor­qud” dastanında magiya ilə bağlı obraz və motivlərin tipoloji xüsusiyyətlərini araşdırmaqdır.
“Kitabi-Dədə Qorqud” dastanında magik görüşlərin tipologiyası ilk növ­bədə bu dastanın milli yaddaş sistemindəki yeri və rolu ilə bağlıdır. Tədqiqat­çı­ların da təsdiq etdiyi kimi, bu abidə, əslində, oğuz-türk milli yaddaşının qorun­du­ğu əsas epik-bədii sistemlərdən biridir. Əlbəttə, epik düşüncənin hər bir janrı öz poetik tutum və imkanları çərçivəsində milli yaddaşla bağlı olub, bilavasitə bu yaddaşın daşıyıcısıdır. Lakin “Kitabi-Dədə Qorqud” dastanı milli yaddaşın be­lə bir daşıyıcısı kimi əvəzsiz, heç bir abidə ilə müqayisə olunmayacaq yerə və rola sahibdir. Belə ki, bu abidə oğuz-türk milli düşüncə sisteminin bütün mənalı vahidlərini özündə qorumaqla milli yaddaşın özü, ekvivalenti səviyyəsinə qalx­mışdır. Bu məqam tədqiqatçılar tərəfindən birmənalı şəkildə təsdiq olunmuşdur.

Yaşar Qarayev bu dastanı milli yaddaşın universal sistemi kimi dəyər­lən­dirərək yazır: “Min üç yüz ildir ki, Qorqud xalqın qan və gen yaddaşı kimi ya­şayır və özündən əvvəlki min üç yüz ilin də bədii və genetik arxetipini hər sət­rində, hər sözündə yaşadır. Üstəlik, növbəti, min üç yüz il üçün də ən sabit, etibarlı, mənəvi-əxlaqi kodlar və genlər yenə bu “ana kitabın” bət­nin­də və ru­hunda qorunub saxlanır. Müstəqillikdə minillik və əbədilik üçün əsaslar, xalq­larla kültürlər, yer və göy, torpaq və millət, təbiət və eko­logiya arasında davranış və rəftar kodeksi, qanun və ana yasa... hamısı, hamısı öz əksini bu kitabda tapır. Və müstəqillik dövründə də Qorqud yenidən mənəvi intibahın simvolu, milli heysiyyətin və özünüdərkin sənədi olur” (5, 4).

Burada mövzumuz baxımından diqqəti çəkən əsas konsept “Kitabi-Dədə Qorqud” dastanının müəllif tərəfindən “xalqın qan və gen yaddaşı kimi” də­yər­ləndirilməsidir. Qan və gen yaddaşı birbaşa mifologiya ilə, yəni milli yaddaşın mayasının tutulduğu, yoğrulduğu ilkin zamanla bağlıdır. Bu “maya”da eyni za­manda magik dəyərlər də yoğrulmuş və milli ruhumuzun əbədi arxetipləri sıra­sına daxil olmuşdur. Ona görə də Azərbaycan milli düşüncəsini əks etdirən folk­lorumuz, dastanlarımız, nağıllarımız, əfsanə və rəvayətlərimiz magik görüşləri özündə əks etdirən motiv və obrazlarla zəngindir. Bu istiqamətdə “Kitabi-Dədə Qorqud” dastanının öz yeri var.

“Kitabi-Dədə Qorqud” dastanında magik təsəvvürlər, heç şübhəsiz ki, bə­dii mətnin tərkib hissəsi olmaqla ilk növbədə bədii ideyanın təcəssümünə xid­mət edir. Çünki “Kitabi-Dədə Qorqud” bir qəhrəmanlıq dastanıdır və burada hər bir poetik element qəhrəmanlıq ideyasını təcəssüm etdirir. Bu mənada magik görüş­lərlə bağlı ideya, obraz, motivlər də qalın bədii örtüyə bürünmüş şəkildədir. Ancaq buna baxmayaraq həmin örtüyü qaldırıb, magik görüşləri asanlıqla bərpa etmək olur. Çünki yaranmasını şərti olaraq 1300 il kimi müəyyənləşdirdiyimiz bu abidə, Y.Qarayevin obrazlı şəkildə dediyi kimi, ən azı, “özündən əvvəlki min üç yüz ilin də bədii və genetik arxetipini hər sətrində, hər sözündə yaşadır”.

Magiya ilk növbədə tilsim, cadu, ovsunlarla bağlıdır. Azad Nəbiyev yazır ki, şifahi poeziyamızdakı əfsunlar xalq arasında ovsunlar kimi də tanınır. Türk tayfalarının ilkin magik təsəvvürlərinin məhsulu olan əfsun-ovsunlar müəyyən mərhələdə erkən insanın gündəlik məişət həyatında, dərketmə, həyatı öz bildiyi kimi ifadə etmə və onun üzərində tam hökmranlığa nail olma prosesində mühüm mövqe tutmuşdur. Magik düşüncə sonrakı poetik yaradıcılıq üçün coşğun və tükənməz qaynaq olmuşdur. Zaman keçdikcə, təbiətin sirləri insan üçün açıldıq­ca əfsun-ovsun təsəvvürləri zəifləmiş, bir janr kimi arxaikləşmişdir. Lakin əfsun yaddaşdan silinməmiş, müstəqil janr kimi yaşamış, şifahi yaradıcılığın müxtəlif üslublarında və növlərində motiv, element, ünsür və s. şəkildə qalmışdır. Əfsun sözün gücünə inamı əks etdirən bir janrdır. Bu janrda oxşar səslər, sözlər vasi­tə­silə insan psixikasına, təbiət qüvvələrinə təsir göstərilir, sözün gücü, təsiri ina­mın təntənəsinə çevrilir (7, 323-324).

Alimin bu fikrini təhlil etdikdə aşağıdakı cəhətləri görə bilirik:

1. Əfsun-ovsunlar magiya ilə bağlı janrdır.

2. İnsan bu magik janr vasitəsilə təbiətin gücünü özünə ram etməyə ça­lış­mışdır.

3. Magik düşüncə xalqın bədii yaradıcılığına təsir edərək, onun üçün coş­ğun və tükənməz qaynaq olmuşdur.

4. Zamanla magik düşüncə epoxası geridə qalsa da, magik janrlar milli bədii düşüncə sistemində itməmiş, həm müstəqil magik janrlar formasında, həm də folklor yaradıcılığının müxtəlif üslublarında və növlərində motiv, element, ünsür və s. şəkildə qalmışdır.

Sonuncu cəhət magik düşüncə formalarının “Kitabi-Dədə Qorqud” dasta­nın­da özünə yer tapmasının üzərinə işıq salır. Yəni magik düşüncə formaları za­man keçdikcə folklor yaradıcılığının bədii materialına çevrilərək başqa janrların tərkib elementi kimi yaşamaqda davam edir.

Magik düşüncəni əks etdirən janrlardan biri də cadulardır. A.Nəbiyev ya­zır ki, cadular insan psixikasına təsir göstərmək, onu müəyyən əmrə tabe etmək ənənəsi ilə bağlı yaranmışdır. Hələ qədimlərdən belə qüdrətə malik olanlar xalq arasında cadugər kimi şöhrətlənmiş və cadugərlik məşhur sənət sahələrindən hesab edilmişdir (7, 323-324).

Ümumiyyətlə, əfsunlar, cadular, tilsimlər üçün əsas olan “sözün gücünə inam”dır. Yəni insan məhz sözün magik gücü vasitəsilə digər insanlara və təbiət qüvvələrinə təsir göstərir. Bu cəhətdən “Kitabi-Dədə Qorqud” dastanında öz əksini tapmış motivlər səciyyəvidir. Dastanda insan magik sözün gücü ilə təbiət ünsürlərinə müraciət edir, onlara təsir etməyə çalışır. Məsələn, dastanın ikinci boyunda evi yağmalanmış Salur Qazan evinin sorağını yurddan, sudan, qurddan, köpəkdən xəbər alır. Eləcə də dastanın başqa boylarında biz dağa, ağaca şeir-nəğmələrlə müraciətlərin şahidi oluruq. Bu cəhətdən “Kitabi-Dədə Qorqud” dastanında insanın təbiət güclərinə şeir-nəğmələrlə müraciəti sistemli xarakter daşıyır. Ən maraqlısı ondan ibarətdir ki, dastanda təbiət obyektlərinə mü­raciət edən insan ya onlara alqış-dua deyir, ya da qarğış edir. Yəni biz das­tanda insanın təbiət gücləri ilə magik davranış modelinə əsaslanan münasi­bəti­nin iki formasını görürük:

1. İnsan təbiət obyektlərini dua-alqışla tərifləyir, onları tərənnüm edir.

2. İnsan təbiət obyektlərin qarğış edərək, onları qorxudur.

Yəni məlum olur ki, alqış və qarışlar magik təsəvvürlərlə bağlı dualardır. S.Rzasoy yazır ki, “Tanrı alqışı və Tanrı qarğışı” bir konsept olaraq həm oğuz mi­foloji düşüncəsinin funksional struktur prinsipi, həm də oğuz eposunda “sü­je­tin çoxölçülüyünü təmin edən ən əhəmiyyətli və müntəzəm fəaliyyətə malik” məna vahididir. Başqa sözlə, “Tanrı alqışı və Tanrı qarğışı” konsepti mətnaltı dü­şüncə məntiqi, süjetyaradıcı və süjetqurucu məna formuludur. Alqış və qarğış “Əsli-Kərəm” dastanında baş qəhrəmanın hərəkətinin funksional materialı və məntiqini də təşkil edir (10, 61). ““Əsli-Kərəm” dastanında baş qəhrəman Kə­rə­min magik-mistik silahı birbaşa alqış-qarğışdır. “Alqış-qarğış”, başqa sözlə, “xe­yir dua-bəd dua” Kərəmin epik davranışının əsasında durmaqla onunla bağlı sü­jeti, süjetin funksional struktur və məntiqini birbaşa qam-şaman kompleksinə aid edir” (10, 62). “Alqış-qarğışın mifik düşüncə və epik mətn (süjet) formulu ki­mi mühüm rolu “Dədə Qorqud” dastanında oğuz bəylərinin Baybörənin oğlu­nun, Baybicanın isə qızının olması üçün Tanrıdan hacət diləmə mərasimində təhkiyə formulu kimi (belə) konstitusionallaşıb: “Ol zəmanda bəglərin alqışı – alqış, qarğışı – qarğış idi. Duaları müstəcab olurdı” (4, 52). Bu etnokosmik dav­ranış formulunun təhkiyəçi tərəfindən “ol zaman”a aid olmasının manifest­ləşdi­rilməsi “Ol zəmanda bəglərin alqışı – alqış, qarğışı – qarğış idi” formulunun oğuz düşüncəsinin sakral dəyərlər sferasına bağlılığını bəyan etmək məqsədini güdür. Bu “manifestasiya” “alqış və qarğışın” eyni zamanda “Oğuz” adı ilə işa­rə­lənən dünyanın bütün sahələrindəki (etnokosmik və etnoxaotik) funksional­lı­ğı­nın mü­qəddəs dəyərlər qatı ilə energetik əlaqəsinin kəsilməməsini də nəzərdə tu­tur. Bu baxımdan, alqış-qarğışın “Əsli-Kərəm” dastanında baş qəhrəman Kə­rə­min epik davranışında kompleks olaraq təzahürü “alqış-qarğış” düşüncə for­mu­lunun Azər­baycan-oğuz düşüncə modelinin bütün daşıyıcıları, o cümlədən epos daşıyıcıları (söyləyicilər və dinləyicilər) üçün aktual olduğunu göstərir” (10, 63).

Alimin bu fikrini təhlil etdikdə aşağıdakı cəhətləri görə bilirik:

1. Alqış və qarğış magik konsept kimi milli düşüncənin aktual məna va­hid­ləridir.

2. Alqış və qarğış təkcə “Dədə Qorqud” dastanı üçün deyil, eləcə də bütün Azərbaycan eposu üçün eyni dərəcədə aktual olan məna vahidləridir.

3. Alqış və qarğış “Əsli-Kərəm” dastanında baş qəhrəmanın əsas magik silahıdır.

4. Alqış-qarğış magik formul kimi qəhrəmanları qam-şaman kompleksinə aid edir.

5. Alqış və qarğış magik enerjinin ifadə vasitələridir.

Beləliklə, alqış və qarğışlar sözün magik enerjisi ilə bağlıdır. Nail Qurba­nov alqış və qarğışları kosmoqonik yaradıcılıq aktları kimi səciyyələndirmişdir. O yazır: “Burada bir şeyə diqqət yetirmək lazımdır ki, alqışlarda ifadə olunan arzular əksər hallarda həmin şəxslərdə olmayan, çatışmayan şeylər olur. Və beləliklə, həmin arzulanan şeyin əldə olunması ilə sanki o obyektin nizamı, kos­mosun tam bərpası başa çatmış olur. Və bu arzulanan obyekt müəyyən “kos­mos”a malikdirsə, onun itirilməməsi, yəni xaos baş verməməsi arzu olunur... Qarğışlar, adətən, səbəbli olur, yəni bu və ya digər pisliyin müqabilində qarğış meydana çıxır. Başqa sözlə, qarğışı qarğıyan məcbur olduğu zaman, yəni qar­ğıdığı şəxs tərəfindən kosmosunun pozulduğu bir vaxtda özünün kosmosunu bərpa etmək üçün qarğıyır” (6, 40).

Göründüyü kimi, alqış və qarğışlar bütün hallarda “kosmosun bərpasına”, yəni dünyanın pozulmuş quruluşunun yenidən qurulmasına, yaranmasına xidmət edir. Bu da alqış və qarğışların magik formul kimi dastanlardakı yeri və rolunun üzərinə işıq salır. “Kitabi-Dədə Qorqud” dastanında müxtəlif obrazların dilindən söylənilmiş alqış və qarğışlar bütün hallarda iki mənaya xidmət edir:

1. Dastandakı bütün alqış və qarğışlar sözün magik gücünə inamı ifadə edir. Söz dastanda həlledici təsir gücünə malik sehrli qüvvə kimi qəbul olunur.

2. Dastandakı alqış və qarğışlar bütün hallarda dünyanın pozulmuş quru­luşunun bərpasına xidmət edir. Qəhrəman alqış və qarğış vasitəsilə ədalətsizliyi, nizamsızlığı,epik problemi aradan qaldırır.

Bütün bu deyilənlər “Kitabi-Dədə Qorqud” dastanında maraqlı bədii löv­hələrdə öz əksini tapmışdır. Məsələn, dastanın birinci boyunda ana Qazlıq da­ğına qarğış edir. Bu qarğış bir tərəfdən süjetin mühüm tərkib hissəsi olmaqla o bi­ri tərəfdən oğuzların magik təsəvvürlərinin tipoloji cəhətlərini müəyyənləş­dir­məyə imkan verir.

Dastanda deyilir ki, Dirsə xan özünün xain 40 igidinin sözünə aldanıb, oğlu Buğacı ovda oxlayır. Onlar ovdan qayıdanda Dirsə xanın arvadı öz oğlunu qarşı­la­mağa çıxır. Oğlunu görməyib fəryad edir. Onun başını aldatmağa çalışır­lar. Lakin o, qırx incə belli qızla Buğacı tapmaq üçün Qazılıq dağına yola düşür: “Dirsə xanıñ xatunı qayıtdı, gerü döndi. Qatlanmadı, qırq incə qızı boyına aldı. Bədəvi ata bi­nüb, oğlancuğın istəyü getdi. Qışda-yazda qarı-buzı ərinməyən Qa­zılıq tağına gəldi çıqdı. Alcaqdan yuca yerlərə capub cıqdı. Baqsa görsə bir də­rə­niñ içinə qarğa-quzğun enər-cıqar, qonar-qalqar. Bədəvi atın öncələdi, ol tərəfə yüridi” (4, 38).

Ana oğlunu qan içində və huşsuz halda tapır. O, həyəcanlanıb Qazılıq da­ğına qarğış edir: “Oğlanın anası oğlanın üstinə çapub çıqa gəldi. Baqsa görsə oğ­lancığı alca qana bulaşmış yatur. Çağıruban oğlancuğına soylar, görəlim, xa­nım, nə soylar:

Qara qıyma gözlərin uyxu almış, açğıl axı!

Ol ikicə sünücigin uzun olmış, yığışdır axı!

Təñrı verən tatlu canın seyranda imiş, endi dəxi.

Uz-gözində canun varsa, oğul, xəbər maña!

Qara başım qurban olsun, oğul saña!



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin