Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan şİfahi xalq əDƏBİyyatina daiR



Yüklə 0,98 Mb.
səhifə3/9
tarix27.12.2017
ölçüsü0,98 Mb.
#36092
1   2   3   4   5   6   7   8   9

QAYNAQLAR

  1. Allahmanlı M. Ozan, aşiq və aşıq. Bakı, Ağrıdağ, 1997

  2. Azərbaycan məhəbbət dastanları. (Tərtib edənlər: M.H.Təhmasib, T.Fər­zəliyev, İ.Abbasov, N.Seyidov). Bakı, Elm, 1979

  3. Azərbaycan dastanları. 5 cilddə. II cild. (Tərtib edənlər: Ə.Axundov, M.H.Təhmasib). Bakı, Çıraq, 2005

  4. Bayat F. Türk təkkə (təsəvvüf) ədəbiyyatı. Bakı, Elm və təhsil, 2011

  5. Bayat F. Folklor dərsləri. Bakı, Elm və təhsil, 2012

  6. Cəfərli M. Azərbaycan məhəbbət dastanlarının poetikası. Bakı, Elm, 2000

  7. Hacıyeva M. Rıhtım M. Folklor və təsəvvüf ədəbiyyatı sözlüyü. Bakı, Nurlan, 2009

  8. Hümmətova X. Yunis Əmrənin lirikası. Namizədlik dissertasiyası. Bakı, 1997

  9. Hümmətova X. Abdal obrazının xalq ədəbi ənənəsində və təsəvvüf şeirində yeri. AŞXƏDT, XXI, Bakı, Səda, 2006, s. 39-48

  10. Ислам. Энциклопедический словарь. Москва, Наука, 1991

  11. Kaplan M. Türk edebiyyatı üzerindəe araştırmalar. I. İstanbul, 1976

  12. Köprülü F. Türk edebiyatında ilk mutasavvıflar. 4-cü basım. Ankara, Gaye Matbaacılık sanayii, 1981

  13. Qasımlı M. Aşıq sənəti. Bakı, Ozan, 1996

Məmmədli N. Füzulinin “Leyli və Məcnun” əsərində təsəvvüf və onun bədii ifadə sistemi. Namizədlik dissertasiyası. Bakı, 1999

Nigar HƏSƏNOVA

Filologiya üzrə fəlsəfə doktoru,

AMEA Folklor İnstitutu

nigar.qasanova.80@mail.ru
AŞIQ HÜSEYN BOZALQANLININ DİL SƏNƏTKARLIĞI
Xülasə

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri də Aşıq Hüseyn Bozalqanlı olmuşdur. O, dilimizi dərindən bilən, xalqımızın məişətinə, etnoqrafiyasına yaxından bələd olan el sənətkarı olmuşdur.

Məqalədə aşığın şeir dili araşdırılır, buradakı məna rəngarəngliyi, zənginlik xüsusi vurğulanır. Aşığın məqamında işlətdiyi frazeoloji vahidlər, atalar sözləri nümunələr əsasında önə çıxarılır. Buradakı zəngin bədii təsvir vasitələri, obrazlılıq təhlilə cəlb olunur.

Açar sözlər: Aşıq Hüseyn, aşıq ədəbiyyatı, aşıq mühiti, dil, təsvir, məcaz
LANGUAGE ARTİSTRY OF ASHUG HUSSEİN BOZALGANLİ

Summary

Ashug Hussein Bozalganli has been one of the renowned representative of the art of Azerbaijani ashug. He is a people’s artist who has been aware of the national language deeply, has had been knowledgeable in both folk traditions, and ethnography.

In the article Ashug’s poetry is explored, also meaning diversity, and richness are especially noted. The phraseology units, proverbs used properly by Ashug is highlighted on the basis of the examples. The Artistic descriptions, and figurativeness used here are analyzed in the article.

Key words: Ashug Hussein Bozalganli, ashug literature, ashug envir onment, language, description, metaphor.
ЯЗЫКОВЫЕ ИСКУССТВО АШУГ ГУСЕИНА БОЗАЛАГАНЛЫ

Резюме

Одним из выдающих членов Азербайджанского ашугского искусство является Ашуг Гусеин Бозалганлы. Он был народным деятелем, который знал глубоко наш язык, был хорошо знаком с народным бытом и этно­графией.

В статье исследуется стиховой язык ашуга, акцентируется на раз­нообразие смаелов. Здес выделена фразеологические выражения, послови­цы, употребляемые художественные средства для описания образност.

Ключевые слова: Ашуг Гусеин, ашугская литература, ашугская окружающая среда, язык, описание, метафора.

Azərbaycan aşıq sənətinin tarixi demək olar ki, xalqımızın tarixi qədər qə­dimdir. Bu sənət dilimizi, mədəniyyətimizi, mənəviyyatımızı, məişətimizi qoru­yub saxlayaraq, təbliğ edərək zamanla özündən sonrakı nəslə ötürmüşdür. Aşıq məktəblərinin küll halında və bu məktəblərin nümayəndələrinin yaradıcılığının ayrıca olaraq araşdırılması ümumilikdə Azərbaycan elmi və mədəniyyəti sahə­sində olduqca əhəmiyyətlidir. Bu baxımdan Gəncəbasar aşıq mühiti zənginliyi, özünəməxsus ənənələri ilə seçilir. "Biz – tədqiqatçılar aşıq musiqisini aşıq şei­rindən, aşıq şeirini ifaçılıq prosesindən ayrı götürsək də, götürməsək də, ənənə ənənə olaraq qalır. Hər ustadın fəaliyyəti sayəsində yeni-yeni havalar, yeni-yeni dastanlar, yeni-yeni şeir janrları ilə zənginləşən ənənədə əsl mahiyyət dəyişmir. "Aşıq" adı daşıyan sənətkar nə boyda istedad sahibi olur-olsun, ənənəyə tabedir: sözü qələmdən çox sazla yaradır, sözü xalqa kitab-dəftərdən çox canlı ifaçılıqla çatdırır" (4, 9). Əlbəttə ki, sənətkarın dünyagörüşünün mükəmməl olaraq yetiş­məsində mühit də əsas amil hesab edilir. Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri də Gəncəbasar aşıq mühitinin yetirməsi Aşıq Hüseyn Bozalqanlı olmuşdur. O, dilimizi dərindən bilən, xalqımızın məişətinə, etnoqra­fiyasına yaxından bələd olan el sənətkarı olmuşdur. Aşıq Hüseyn haqqında Vəli Xuluflu, Hümmət Əlizadə ilkin məlumatlar vermiş, Paşa Əfəndiyev, Məhərrəm Qasımlı təhlillər aparmış, Səyyarə Qasımova dissertasiya işi müdafiə edərək mo­noqrafiya çap etdirmişdir. Bütün bunlarla yanaşı, bədii təsvir və ifadə vasi­tələrindən xüsusi bacarıq və məharətlə istifadə edən aşığın yaradıcılığında araş­dırılmalı istiqamətlərdən biri – dil sənətkarlığı da maraq doğurur. Aşıq Hüseyn sözdən xüsusi ustalıqla istifadə etməsinə görə fərqlənir. Odur ki, ustad aşığın şeirlərinin təsir gücünü, emosionallığını artıran məcazlardan geniş istifadə etdiyi göz önündədir.



Metafora aşıq yaradıcılığında daha çox istifadə ediən bədii təsvir vasi­təsidir və Aşıq Hüseynin şeirlərində xeyli sayda rast gəlinir.
Bahar oldu, çiçək açdı,

Güllər qırmızı geyindi (1, 14).
Göründüyü kimi, geyinmək insana xas olduğu halda, güllərin üzərinə kö­çürülmüşdür.
Yazıq canım bir cananın eşqindən

Alışıb atəşə əriyir, lələ!



Hicranın sərdarı, qəmin sultanı

Səf çəkib üstümə yeriyir, lələ! (1,74)


Bu bənddə də rəngarəng nümunələr cəmlənib: canım əriyir; hicranın sərdarı, qəmin sultanı üstümə yeriyir – deməklə aşıq ərimək halını canın, yeri­mək xüsusiyyətini isə hicranın, qəmin üzərinə köçürmüşdür.

Epitet. Aşıq Hüseynin şeirlərində məcazın növlərindən biri olan epitetlər də çoxdur. Bəlli olduğu kimi, epitet məcazın nisbətən mürəkkəb formasıdır. İşlənmə dairəsinin genişliyinə görə də diqqəti çəkir. Nümunələrə nəzər salaq:
Həzarat, yaxşı baxın,

Qarşıda duran gözələ.

Naz satan, müjgan atan,

Qaşları kaman gözələ (1,87).
Yaxud:
Ağızda mirvari dişi

Qaymaq dodağa yaraşır.



Zərəfşan xalları var

Büllur buxağa yaraşır (1,87).
Yaxud:
Yanağın laləsi saralıb, solmaz,

Şahmar zülfün çalan kimsə sağalmaz (1, 41).
Yaxud:
Dizimin taqəti, gözümün nuru,

Aşiqinəm, ay xatalı ceyranım!



Lalə yanağına, əl-ayağına,

Nə düzübsən xəttü-xalı, ceyranım! (1, 43)
Məlumdur ki, Azərbaycan ədəbiyyatında geniş yayılmış və müxtəlif sə­nətkarların əsərlərində müşahidə edilən bir sıra qəlibləşmiş epitetlər vardır: kaman qaşlı, lalə yanaqlı, büllur buxaqlı və s. Yuxarıda qeyd etdiyimiz nümu­nələrdən aydındır ki, Aşıq Hüseynin şeirlərində bu cür uğurlu epitetlər – mü­qəyyəd epitetlər çoxdur. Yeri gəlmişkən qeyd edək ki, sonuncu – Nə düzübsən xəttü-xalı, ceyranım! misrasında bədii sual və xitab da fikrin emosional çat­dırılması baxımından diqqəti çəkir. Xitablardan istifadə sənətkarın şeirlərində, ümumiyyətlə, çoxluq təşkil edir:
Qasid, görsən, bu dərdimi de yara,

Sinəm üstü düyünlüdür de yara (1,61).


Təşbeh məcazın sadə növlərindən biridir. Epitetlərdən fərqinə gəlincə, epitetlər bir sözə qüvvətləndirici başqa söz əlavə etmək yolu ilə düzəlirsə, təşbeh iki əşya arasında oxşar əlamət tapmaq yolu ilə yaranır. Aşıq Hüseynin yaratdığı maraqlı təşbeh nümunələrinə nəzər salaq:
Tellərin dönüb kəməndə,

Gözəllər olub şərməndə.

Siyah zülfün dal gərdəndə

Hör, başına dolandığım (1, 16).


Yaxud:
Şəkər sözün ürəyimə yayıldı,

Zənbur kimi şəhdin şana gələndə (1, 27).



Yaralı bülbüləm, qaldım budaqda,

Söyünəm, sözlərim dildə, dodaqda (1, 48).


Bu nümunələrdə tellərin kəməndə bənzədilməsi və ya aşığın yaralı bülbülə bənzədilməsi ilə məcaz yaradılmışdır.
Dərya olan dərdim, Qaf olan qəmim,

Atıbdı qürbətə, yad elə məni (1,71).


Yaxud:
Dodağı süd qaymağı,

Şəkər zülalından betər.



Dil şirin, dəhan şəkər,

Təbrizin balından betər (1,88).


Göründüyü kimi, bu misralarda daha uğurlu məcazlar müşahidə edirik.

Arxaizmlərdən bədii dilin üslub xüsusiyyətlərini vermək üçün istifadə olunur. Aşıq Hüseynin yaradıcılığında dövrün müəyyən dil xüsusiyyətlərini nəzərə çatdıran arxaizmlərə kifayət qədər rast gəlirik:
Qara bağrım şan-şan oldu,

Dərmanımı bilən yoxdu (1, 17).


Bağır sözü bu gün də Tovuz şivələrində işlənməkdədir : Bü:nkü bağır-öyfə savaxkı quyruxdan irəlidi. Qərb qrupu şivələrində bağrı badaş ifadəsi də işlənir. "Dədə Qorqud kitabı"nda bağrı yanmaq ifadəsinə rast gəlirik: Yalnuzca oğul görünməz, bağrım yanar; Yandı bağrım, göynədi içim (6, 38, 61).

Gözəllər gözəli, hüsnü sənubər,



Al yaşıl geyindi, yar bizə gəldi.

Nə gözəl çəkilib qəddi-qaməti,

Xubluğu mahala car bizə gəldi (1,44).
Qırmızı sözünün sinonimi olaraq rəng bildirən sifət mənasını ifadə edən al,ümumiyyətlə, aşıq poeziyasında, adətən, yaşıl sözü ilə qoşa işlənir.
Yaraşır əndamına

Yaşılı, alı gözəlin (Aşıq Ələsgər).
Al-yaşıl geyinib qarşıda durma,

Yayın bədnəzərdən, göz dəyər sənə ( Qurbani).


Yeri gəlmişkən qeyd edək ki, qırmızı rəngin yaşılla yaraşdırılması "Şuşanın dağları" xalq mahnısında xüsusilə diqqəti çəkir: Qırmızı qoftalı, yaşıl tumanlı, Dərdindən ölməyə çoxdur gümanlı.

Tovuz şivələrində al sözü bu gün də müşahidə edilir:



Al sözü qırmızı rəng mənasında "Dədə Qorqud" dastanında dəfələrlə iş­lənir: Alca qanun yer yüzinə dökəyinmi? Güz alması kibi al yanağın tutdu, yırtdı (6, 35, 47).
Dağları bürüyüb aşiqin ünü,

Niyə qıyıb şirin cana, gedirsən (1, 45).


Ün sözü səs anlamında Tovuz şivələrində hazırda işlənməkdədir. Bu sözə şifahi xalq yaradıcılığı nümunələrində daha çox rast gəlinir. "Dədə Qorqud" dastanında da ün sözü dəfələrlə işlənib (6, 42, 45).
Hərcayıdan kənar eylə kəndini,

Çəkginən əlini iraq-irağa.

Nakəslərdən gizlin eylə sirrini,

Yayarlar sirrini iraq-irağa (1,68).


İraq arxaizmi bu gün də qərb qrupu şivələrində, xüsusilə Gəncəbasar böl­gəsində yaşlı insanların dilində işləkliyini saxlayıb.

Xalqımızın inkişaf tarixinin müəyyənləşdirilməsində mühüm rola malik peşə-sənət sözləri də aşığın şeirlərində əks olunmuşdur:


Səhər durub kolxozçular

Tarlıya kotan aparır (1.89).


Frazeologizmlər. El aşığının dilində xalq deyimləri yüzlərlədir və bunlar bədii mətnə təbiilik gətirir. Onlardan bir neçəsini nümunə gətirmək yerinə düşər:
Söyünəm, bəhrə dalmışam,

Canımı oda salmışam,

Gör necə boyat olmuşam,

Daha yada salan yoxdu (1, 17).
Yön çevirib bir məclisə varanda

Ağır əyləş, sağa-sola danışma (1, 20).
Sözün tutma hər azğının, axmağın,

Xoşlanılmaz aralıqdan çıxmağın,

Layiq deyil başa qaxınc qaxmağın,

Öz eybini bilə-bilə danışma (1, 20).


Şikarım uçurdum, tuta bilmədim,

Aşkara oxumu ata bilmədim.

Yeridim, yüyürdüm çata bilmədim,

Könlümün öyünü yıxdı da getdi (1, 47).
İstəyirəm, yön çöyürəm elimə,

Qaşlarıyla qıfıl vurur dilimə (1,74).
Atalar sözlərindən istifadə. Aşıq Hüseyn şeirlərinin təsir gücünü daha qüvvətləndirmək məqsədilə atalar sözlərindən yerli-yerində istifadə etmişdir. Məqamı düşdükcə məzmununa xələl gətirmədən yeni çalarda işlətmişdir:
Qoç iyidi üç şey çəkər qabağa

Yaxşı sirdaş, yaxşı yoldaş, yaxşı at (1, 21).
Daha bir nümunədə isə "Söz qılıncdan kəsərlidir" məsəli yada düşür:
Kim olsa bu yolda döyüş nəfəri,

Çıxara qəlbindən qəmi, kədəri,

Qolda var, qüvvəsi, canda hünəri,

Söhbəti qılıncdan çox kəsər ola (1, 23).
"Çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə" atalar sözü yeni formada təqdim edilir:

Sınanmış dostuna gəl tələ qurma,

Çəkdiyin ziyanı qonşudan görmə,

Təklifsiz yerlərdə oturub-durma,

Təklif olan yerdə qal, göyçək olar (1, 53).
Yaxud:
Söyün mərd igidin düzdü ixlası,

Eyləməz heç kimə xainlik bəsi.

Yüz çalışsa, gəlməz tək əlin səsi,

Qeyid üçün arxa, el göyçək olar (1, 53)


bəndində "Birlik harada, dirilik orada" deyimini xatırladan "Tək əldən səs çıx­maz" hikməti vurğulanarkən aşıq qafiyə xatirinə söz sırasını dəyişmişdir.

Daha bir beytdə isə "bilən biri də bilər, bilməyən heç mini də bilməz" xalq deyimi özünəməxsus tərzdə ifadə olunmuşdur:


Bir kimsənin olsa düz etiqadı,

Kimsədən-kimsəyə etməz qeybəti.



Nəcib adam çox bilər az hörməti,

Nanəcib də pis düşünər yaxşısın (1,70).


Aşağıdakı nümunədə isə ustad aşıq insanın nəsli, kökü təmiz olduqda onun nəticədə aşkar görünəcəyinə, bir gün özünü bildirəcəyinə əmin olmağı qarşı tərəfə - dinləyiciyə, oxucuya tövsiyə edir:
Nüftəsindən halal olan

Soyunu aşkar eylər.



Ot öz kökü üstə bitər

Kəc xəyala düşmə sən (1,80).


Aşıq Hüseyn Bozalqanlının orijinal cinasyaratma qabiliyyəti olmuşdur. Onun təcnislərindəki cinas sistemi aşığın ana dilinin incəliklərinə dərin bələd­liyini göstərir. Cinas fiqurunun yaradılmasında canlı danışıq koloritini ifadə edən sözlərə, etnoqrafik səciyyəli deyimlərə üstünlük verməsi Aşıq Hüseyn Bozalqanlının bir sənətkar kimi ümumən folklor ovqatını əks etdirən dil-üslub keyfiyyətinin daşıyıcısı olduğunu göstərir (7 , 137).
Söyün sözün nə gizdəyə, nə dana,

Nə yaranar, daha doğar nə də ana.

Gövhər mətahını açma nadana,

Tök bazara, sərrafına yaxşı sat (1, 21).

Burada birinci misrada nə dana sözü "boynuna almamaq" mənasındadır. İkinci misrada nə də ana sözündə nə də bölüşdürmə bağlayıcısı və ana sözü işlənmişdir. Üçüncü misrada nadan sözü yönlük hal şəkilçisini qəbul etmişdir.
Qışın firqətindən dağlar qaralı,

Xəstə könlüm dağ başından qar alı

Misə qalay vursan, axır qaralı,

Nə lələ bənziyər, nə gövhər olmaz (1, 22).
Burada birinci misrada aşıq, dağlar qaralı ifadəsilə qışın həsrətindən dağ­ların vəziyyətini vurğulayır. İkinci misrada "qar götürür" mənası bildirilir. Üçün­cü misrada isə ağardılması məqsədilə qalaylanan misin bir müddət sonra yenə qaralmasını nəzərə çatdıran aşıq burada dinləyiciyə, oxucuya dərin mənası olan fikrini bildirir.
Qəvvas oldum, dəryalar da dərindi,

Dərd əkmişdim, bar gətirib, dər indi.

Mənim məhəbbtim sənə dərindi,

Səninki görsənir ay üzdən-üzdən (1,63).


Burada birinci misrada dərin sözü "dayaz sözünün antonimi" anlamında işlədilmişdir. İkinci misrada indi sözü zaman anlayışı ifadə edir, dərmək feili isə "qırmaq, üzmək" feilinin sinonimidir. Üçüncü misrada isə məhəbbətin dərinliyi onun çoxluğuna, sonsuzluğuna işarədir.

Etnoqrafik leksika. Ustad aşıqlar xalqımızın məişətinə, zəngin etnoqra­fiyasına yaxndan bələd olan, ona xüsusi dəyər verən insanlar olmuşlar. Aşıq Hüseyn Bozalqanlının şeirərində də xalqımızın gündəlik həyat tərzini əks et­dirən xeyli sayda dil faktları öz əksini tapmışdır:
Nə vaxt ki ət olur, işi xoş olur,

Nə vaxt horra olur, işi yaş olur (1, 50).

Un da yoxdu, kəsdirəydik əriştə,

Düyü alınmayıb, yuyula teştdə (1, 25).

Nə odun var, öydə ocaq qalıyax,

Nə də yağ var, plov üstə calıyax.

Gedək kimin sinisini yalıyax,

Ölmürük, itmirik, ajal da yoxdu (1, 25).


Burada Azərbaycan mətbəxində üstünlük verilən ət, yağ, düyü və un məh­sullarının; horra, əriştə, plov xörək növlərinin; odun, ocaq, teşt, sini kimi mət­bəx ləvazimatlarının adına rast gəlirik.

Söz qrupları: Aşıq ədəbiyyatında şeir dilini araşdırarkən şəkil və məna etibarilə fərqlənən söz qrupları – omonim, sinonim və antonimlərdən çox isti­fadə edildiyi diqqəti cəlb edir. Bu, Aşıq Hüseynin şeirlərində də izlənilir:
Qadir Allah, qismət eylə halalı

Haramnan dövlətim, nə malım ola (1,157).
Göründüyü kimi, burada halal-haram antonimləri, dövlət-mal sinonimləri işlədilmişdir.

Toponimika. Dilimizin onomastik leksikasının öyrənilməsində klassik aşıq poeziyasında işlənən yer, yurd adlarının tədqiqata cəlb edilməsi əhəmiyyət­lidir.
Aləmi-zərrədə İslam dinniyəm,

Sadiqin qolunda bənd divannıyam,

Mahalım Tovuzdu, Bozalqanlıyam,

İsmim xəbər alsan, aşıq Söyündü (1,158).


Bu gün torpaqlamızın bir hissəsi erməni tapdağı altındadır və mənfur er­mənilər yer adlarımızın saxtalaşdırılması ilə bağlı daim haqsız təbliğat aparırlar. Yer-yurd, mahal-kənd adlarımızın ədəbiyyatımızda yaşaması bu gün xüsusilə dəyərlidir. Fakt ortaya qoymaq üçün dəlil sübutdur.

Xalq etimologiyasına görə, Tovuz rayonunun Bozalqanlı kəndinin adı Boz Alı Qanlı adlı tarixi şəxsiyyətin adı ilə bağlıdır. Söyləyici Həsənov Əsgər Nəcəf oğlunun (1926-cı il təvəllüdlü) dediyinə gəlincə, "Boz türkün bozlar tayfasın­nan­dı, al sözü indi də qırmızı mənasında işdəner, yəni bozlar qırmızı qannıdılar".

Əslində Bozalqanlı mürəkkəb toponimik addır və iki türk tayfasının adını özündə birləşdirir. Tədqiqatçı Zirəddin Xasıyev yazır ki, bu cür birləşmə hər iki tayfanın dövrü üçün nüfuzlu, güclü olması ilə bağlıdır. Çünki bir yerdən başqa yerə köçərək məskunlaşan hər hansı qədim nüfuza malik tayfa heç vaxt öz soykökündən ayrılmaq istəməzdi. Təbii ki, bu cür müxtəlif etnik qrupa malik tay­faların birləşməsindən yaranmış Bozalqanlı kimi adlar məhz bu tarixi zəru­rətdən doğmuşdur (3, 63). Yeri gəlmişkən qeyd edək ki,Cənubi Azərbaycanda Aşıq Abbas Tufarqanlı da qanlı soyundan olmuşdur.

Nəticə olaraq onu da vurğulayaq ki, son dövrlərdə bir sıra tədqiqatçıların el sənətkarlarının dilinin fərdi şəkildə araşdırılması istiqamətində gördüyü işlər təqdirəlayiqdir. Bu zaman folklorşünaslarımız mövzuları ilə bağlı tədqiqat ob­yekt­lərinin sənətkarlıq xüsusiyyətlərini də elmi təhlilə cəlb etmişlər (2; 4; 7). Belə araşdırmalar folklorşünaslıq elmi ilə yanaşı, Azərbaycan dili leksikasının tarixi inkişaf prosesini izləmək, müxtəlif dövrlərdə onun dəqiq mənzərəsini təyin etmək baxımından böyk imkanlar aça bilər.


Qaynaqlar
1. Aşıq Hüseyn Bozalqanlı. Bakı, Nurlan, 2003, 234 səh. Tərtib edəni: Aşıq Əli Quliyev

2. Əskər N. Aşıq Nəsibin yaradıcılıq yolu. Bakı, Elm və təhsil, 2016, 164s.

3. Xasıyev Z. Tovuzun toponim dünyası. Bakı, Elm və təhsil, 2010, 228s.

4. İsayeva S. Aşıq Şəmşirin poetikası. Bakı, Elm və təhsil, 2012, 256s.

5. Kazımoğlu M. Ustad aşıq və tarixi ənənə. Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir mərhələsi mövzusunda Beynəlxalq elmi konfransın materialları. Bakı, Nurlan, 2013, 408 səh.

6. Kitabi-Dədə Qorqud. Bakı, Yazıçı, 1988, 265s.

7. Qasımova S. Hüseyn Bozalqanlının poetik irsi. Bakı, elm və təhsil, 2012, 176s.
Atif İslam oğlu İSLAMZADƏ

Filologiya üzrə fəlsəfə doktoru

e-mail: atif.islamzade@mail.ru
OĞUZ EPİK ƏNƏNƏSİNDƏ “QALIN OĞUZIN DÖVLƏTİ” İYERARXİYA İŞARƏSİ KİMİ
XÜLASƏ

Bu məqalədə “Dədə Qorqud kitabı”nda yer alan və iki əsas obrazdan daha əhatəli şəkildə ümumiləşdirilən Qazan xan təyininin dövləti əsasları aydınlaş­dırılmışdır. Eyni zamanda oğuz epik sistemində bu təyinin yeri və təsiri araş­dırma boyu izlənilmişdir. “Qalın oğuzın dövləti”nin iyerarxiya işarəsi kimi Qa­zan obrazının mifoloji semantikasının təhlili kontekstində araşdırılması daha məqsədəuyğundur. Çünki bu təyin yalnız Qazan xana məxsusdur. “Qalın Oğuzın dövləti” qəlibinin təhlili göstərir ki, bu, iyerarxiya işarəsidir. Oğuz etnosunun və Oğuz məkanının vahid ali idarəçiliyini işarələyir. Eyni zamanda “Qalın Oğuzın dövləti” anlayışında mətnaltı səviyyədə oğuz epik sistemində mövcud olan, lakin aşkar şəkildə görünməyən geniş bir “motiv” araşdırılıb elmi-kütləvi icti­maiyyətə təqdim olunmuşdur.



Açar sözlər: Oğuz epik ənənəsi, “Dədə Qorqud kitabı”, Qalın oğuz, Uçoq, Bozoq, Qazan xan, motiv
Ph.D. Atif Islamzade

Galin Oguzun dovleti” (“Galin Oghuz’s state”) as the hierarchy sign



in Oghuz epic tradition

Summary

In this article the state basis of Gazan khan generalized in details more than two main characters in the epos “Dede Gorgud” are cleared up. At the same time the place and attitude of this appointment in the Oghuz epic system have been studied in the whole investigation. Of course, to investigate “Galin Oguzun dovleti” (“Galin Oghuz’s state”) as the hierarchy sign of the character Gazan in the mythological semantics analysis context is very advisable. Because such appointment belongs only to Gazan khan. The analysis of module “Galin Oguzun dovleti” shows that it is the sign of the hierarchy. It mentions the only high administration of the Oghuz ethnos and Oghuz place. At the same time in the conception “Galin Oguzun dovleti” the “motif” existing in the Oghuz epic system, but unseen obviously has been introduced to the scientific-mass public.



Key words: Oghuz epic tradition, the book “Dede Gorgud”, Galin oghuz, Uchog, Bozog, Gazan khan, motif


Атиф Исламзаде

«Государство Галын Огуза» как знак иерархии

в Огузской эпической традиции

РЕЗЮМЕ

В этой статье выяснились государственные основания назначения Газан хана, нашедшего свое место и наиболее развернуто обобщенного чем два основных образа в «Китаби-Деде Коркуд». И в то же время по всему исследованию преследовалось место и влияние этого назначения в огузской эпической системе. Наиболее целесообразно исследование образа Газан, в контексте анализа мифологической семантики как знак иерархии «Государства Галын огуза». Потому, что это назначение принадлежит именно Газан хану. Анализ модели «Государства Галын огуза» указывает на знак иерархии. Обозначает высшее управление этноса и пространства огуза. И в то же время анализируясь представился к научно-массовой общественности существующий в огузской эпической системе, в понятии «Государство Галын огуза» на подтекстовом уровне, но не очевидный широкий «мотив».



Ключевые слова: Огузская эпическая традиция, «Китаби-Деде Коркуд», Галын огуз, Учог, Бозог, Газан хан, мотив
Oğuz epik ənənəsində yer alan “Qalın oğuzın dövləti”nin iyerarxiya işa­rəsi kimi Qazan obrazının mifoloji semantikasının təhlili kontekstində araşdı­rılması daha məqsədəuyğundur. Çünki bu təyin yalnız Qazan xana məxsusdur. “Qalın Oğuzın dövləti” qəlibinin təhlili göstərir ki, bu, iyerarxiya işarəsidir. Oğuz etnosunun və Oğuz məkanının vahid ali idarəçiliyini işarələyir.

Bu təyinin oxunuşunda tədqiqatçı alimlər arasında mübahisə yoxdur. Eyni oxunuş kütləvi auditoriyaya təqdim olunmuşdur (1; 2; 3; 4; 5; 6).

Əlyazma nüsxəsində “ı” yaxud “u” səsini bildirən hərf, hərəkə işarəsi olmadığı üçün “Qalın Oğuzın dövləti” və yaxud “Qalın Oğuzun dövləti” kimi oxu­nuşu sərbəstdir (4, 585 (36). Qalın Oğuzun dövləti birləşməsinə aid olan döv­lət sözünün bir şəxsə aidliyi şübhə yaratdığından bu sözün başqa məna ça­larlarına diqqət verilmiş, əsasən uğur, səadət mənasında Qazan xanın Qalın Oğu­­zun uğuru kimi oxunulmasına çalışılmışdır (7, 17, 20, 69, 71).

Dövlət sözünün lüğəvi izahı hökumət, var, sərvət, varlılıq, səadət, xoş­bəxtlik və s.dir (8, 156).

Gördüyümüz kimi, dövlət sözünün həm ali qanunverici orqan, həm də uğur, səadət, xoşbəxtlik anlamlarında işlənməsi mümkündür. Onu da qeyd edək ki, dövlət sözü yalnız hökumət anlamında işlənə bilməz. Çünki hökumət demokratik dövləti-idarəçilikdə yalnız dövləti orqanlardan biri, totalitar-avtoritar idarəçilikdə isə hakimiyyət mənasında işləkdir. Lakin dövlət yalnız bu anlayışla məhdudlaşa bilməz. Dövlət bir ölkənin bütün ali siyasi hakimiyyətini özündə cəmləməklə eyni zamanda maddi, iqtisadi və mənəvi dəyərlərin təmsilçisi kimi çıxış etməklə ölkə sinonimi kimi lüğəvi funksionallıq qazanır. Dövlət ərazisi, dövlət atributları, dövlət bayrağı, dövlətçilik, Azərbaycan dövləti və s. Elə bu baxımdan da Qazan xanın “Qalın Oğuzun dövləti” olması Oğuz məkanının döv­lət qismində nümayiş olunan Oğuz dövləti anlayışı ilə fərdi dövlət anlayışının ziddiyyət təşkil etməsi bu ifadənin müxtəlif cür izah edilməsinə gətirib çıxarır. Lakin Qazan xanın “Qalın Oğuzun dövləti” olması kontekst məzmununa tam uyğundur. Qazan iki əsas şəxsdən biri kimi, xüsusilə də daha fəal şəxs olaraq Oğuz dövlətçiliyinin təmsilçisi, dövlətin simasıdır. Qalın Oğuzun iki dövlət siması vardır. Bayındır və Qazan xan. Bayındır xan “Qaba ələm götürən Ba­yındır xan” olaraq anılmaqla dövlətin modeli olmasına diqqət çəkilirsə, Qazan xan “Qalın Oğuzun dövləti” olmaqla bu səviyyədə aşkarlanır. Bəs nə üçün bu ifadə yalnız Qazan xana aid edilir? Çünki oğuz epik ənənəsinin ən möhtəşəm abidəsi olan “Dədə Qorqud kiabı”nda Bozoq-Uçoq qarşıdurmasının ən potensial tərəfi Qazan xan hesab olunur. Bayındır xan da Uçoqlardan olmasına baxma­yaraq bu qarşıdurmada fəal tərəf kimi görünmür. Bu eyni zamanda Bayındır xanın xaqan statusundan irəli gəlir. Onun fəal tərəfi Qazan xan olduğu üçün aqressiv münasibət də məhz Qazan xana yüklənir. Qalın Oğuz Uçoq-Bozoq tayfalarının ümumi adı olmaqla Qazan xanın “Qalın Oğuzun dövləti” adlanması onun yalnız Uçoqların deyil, Bozoqların da başçısı olduğunu səciyyələndirir, bütün Oğuz elinin ali idarəçilik statusunun Qazan xana məxsusluğunu diqqətə çatdırır. Özü də bu təsadüfi anlam səviyyəsində yox, mətndə təsdiqlənən ideya qaynağı kimi özünü göstərir. Qazan Aruz, Uçoq-Bozoq qarşıdurmasının sözsüz reaksiyası kimi Qazanın bütün Oğuzun başçısı olması və bunun təbii hal olaraq qəbul olunmasına çalışılması əvvəldə də qeyd etdiyimiz kimi müxtəlif söz və təyinlərdə əks olunur. Təsadüfi deyil ki, Bayındır xanın kölgə hakimiyyətini çıxmaqla bütün Qalın Oğuzun yalnız iki təmsilçisi var – Qazan və Beyrək. Qa­zan “Qalın Oğuzun dövləti”, Beyrək isə “Qalın Oğuzun imrəncisi”dir. Qazanın təyini məlumdur. Beyrəyin təmsilçiliyi isə bu şəkildə tanıdılır: “Parasarın Bay­burd hasarından parlıyıb uçan, at alaca gərdəginə qarşu gələn, Qalın Oğuz im­rəncisi, Qazan bəgin yınağı, Bozayğırlu Beyrək” (3, 42, 77).

Beyrəyin “Qalın Oğuzun imrəncisi” olması onun da yüksək statusunu göstərir. İmrənci sözü arzu olunan şəxs kimi izah olunur (4, 167). Eyni zamanda DQK lüğəti bu sözün daha geniş çalarını diqqətə çatdırır. Belə ki, Beyrək Qazan xanın inağıdır, lakin Bozoqlardan qız alımışdır. Elə buna görə də o, hər iki tərəfin birləşdiyi bütün Qalın Oğuzun sözçüsü qismində çıxış edir. Beyrəyin ölümünün müxtəlif struktur səviyyələri ilə bərabər həmçinin əsas səbəblərindən biri kimi onun Qalın Oğuzun imrəncisi olması ciddi rol oynayır. Aruz Qalın Oğuzun təmsilçisi olan Qazana qarşı Qalın Oğuzun təmsilçisi Beyrəyi çıxar­mağa can atır. Çünki o, aqressiv mövqeyini qanuniləşdirməyə çalışır. Bu səbəb­dən də əgər Beyrək Qazana qarşı çıxarsa, bu Aruzun bütün Oğuzu səciyyə­lən­dirən Qalın Oğuza qarşı çıxmağının hüquqi-siyasi bəraəti ola bilər. Aruz bu taktiki addımı üçün həm də Beyrəyə ona görə söykənmək istəyir ki, Qazan “Qalın Oğuzun dövləti” olduğu üçün Qazana qarşı çıxış etmək, Oğuzun bütöv­lüyünə qarşı çıxış etməkdir. Aruz Beyrəyin Qazanın inağı olduğu üçün bu ad­dımı atmayacağını bilsə də, onun Bozoqlardan qız aldığı üçün buna məcbur qalacağına ümid edir. Çünki Bozoqlardan Uçoqların qız alma gələnəyinin Qazan xan tərəfindən pozulması (Qazan xan Uçoqlardan qız alıb) bu gələnəyin daşıyı­cısı olan Beyrək üçün törə qanunlarının, şəxsi münasibətlərdən (inaqlıq titulun­dan) daha üstün ola biləcəyinə edilən güman Beyrəyin Qazana qarşı çıxa bilmək ehtimalını Aruz nəzərində gücləndirir. Məhz Qazanın “Qalın Oğuzun dövləti” olduğuna görə Beyrəyin ona qarşı qoyulmasını Beyrək özü yaxşı başa düşür. Bu səbəbdən də Qazana qarşı onu çağıran Beyrəklə Aruz arasında gərgin qarşıdur­ma nəticəsində Beyrək canından keçərək deyir: “Vallah, mən Qazan Oğuzına başım qomuşam. Qazandan dönməzəm, gərəksə yüz parə eylə!” (3, 125).

Məhz “Qazan Oğuzu” ifadəsi Qazanın Uçoqların deyil, bütün Oğuzun təmsilçisi kimi “Qalın Oğuzun dövləti” statusunda olduğunun Beyrək dilində bir daha təsdiqidir. Bu ifadənin Uçoqları bildirməsi ehtimalına gəlincə onu deyək ki, Beyrək situasiya gərəyincə bu sözü söylədiyi üçün aydın olur ki, o, Qazan Oğuzu deyərkən Uçoqları deyil, Qalın Oğuzu nəzərdə tutur, Aruzun onların tərəfinə keçmək təklifinə qarşı mövqe nümayiş etdirərək yeni Oğuz eli (Aruz Oğuzu, yaxud Bozoq) formalaşdırmaya qarşı çıxır, Qazanın başçılığı altında olan Qalın Oğuzu tanıdığını bəyan edir. Bunun təsadüfi sözlük deyil, Oğuz kompleksini ifadə edən anlayış olması təəssüf ki, bəzi tədqiqatçıların diqqətin­dən qaçdığı üçün Qazan Oğuzu birləşməsi Qazan uğuruna (uğruna) kimi kon­tekst daxili ifadə kimi də oxunmuşdur (1, 156, 10, 147). Lakin əlyazma nüs­xəsində bu ifadə aşkar şəkildə Qazan Oğuzu kimi yazılmışdır (4, 324/297) F.Zeynalov, S.Əlizadə bu ismi söz birləşməsini məhz əlyazma nüsxəsinə uyğun şəkildə oxumuşlar (3, 124; 99, 110).

Ümumiyyətlə, əlyazma oxunuşuna tam sərbəst yanaşma eyni məntiqi mü­nasibətin ziddini ortaya çıxarıb, mətnin bütünlüklə təhrif olunmasına da gətirə bilər. Məhz Qazan Oğuzı birləşməsinin Qazan uğruna kimi oxunması “Qalın Oğuzun dövləti” təyininin anlamı üzərinə kölgə sala bilər. Elə “Qalın Oğuzun dövləti” anlamının oxunuş qaydasına, transliterasiya və qiraət üsuluna aidiyyəti olmasa da, uğur mənasında oxunuşu da Qazan statusunu təhrif edir. Çünki Qa­zandan əlavə Qalın Oğuzun uğuru olan digər şəxslər də Oğuz elində mövcuddur. Qarıcıq Çoban, Basat, Uruz və s. Basatın Qalın Oğuzu qurtarması, onun uğuru olması Dədə Qorqud dilində alqış səviyyəsində də əks olunur. “Qalın Oğuz bəglərini bundan qurtardın. Qadir Allah yüzün ağ etsün, Basat!” (3, 103). “Qalın Oğuzun dövləti” isə yalnız Qazan xandır. Hər halda DQK mətni də bunu təs­diqləyir. Bu mətnin spesifikası aşkar göstərir ki, mətndə təsadüfi anlam, rabi­təsiz bəsit təkrar bircə ifadə səviyyəsində də özünü göstərmir.

Qalın Oğuz söz birləşməsinin soy, tayfa, millət (etnos) və yer, yurd, ölkə (topos) adı kimi işlənməsi “Qalın Oğuzun dövləti” birləşməsinin struktur və şəxs (antropos) adlarını bildirməsi ilə heç bir ziddiyyət təşkil etmir. Çünki dövlət xalqın varlığını təmsil edir. Xalq imtiyazsız olsa belə, yenə də xalq yoxdursa, dövlət yoxdur. Buna görə də anlamlar çarpazlaşıb bir anlam səviyyəsində anlaşılır (etnotoponimika). Struktur adının şəxsi ifadə etməsi də eyni funksiyada mənalanır. Şəxsin aid olduğu strukturda əsas təmsil sifəti olduğu üçün eyni strukturun (burada ali idarəçiliyin) adı ilə adlanır. “Makedoniyalı İsgəndərin imperiyası” adlı böyük ərazidə yerləşən dövlətin İsgəndərin (Aleksandrın) adı ilə adlanması buna misaldır (9, 394). Tarixdə buna aid misallar az deyildir. Fransa kralı XIV Lüdovikin (1643-1715) özünü dövlət adlandırması tarixdə məşhurdur (10, 159, 60). İngiltərə kraliçası I Yelizaveta (1558-1603) da təkrar fikir söyləmişdir. Hətta bu ifadəni ilk dəfə onun işlətməsi də güman edilir (10, 160). Elə xalq deyimləri (paremi) arasında geniş imkanlı şəxslər haqqında “dövlət içində dövlət” kəlamının işlənilməsi də dövlət quru­luşunun şəxslərin adı ilə əlaqələnməsinə dair örnəklərdəndir. Belə görünür ki, Qalın Oğuzun dövləti birləşməsinin arxaik lüğətə aid olmasını və çağdaş for­mada işlənməsindən bir qədər fərqli anlayışda qəbul olunmasını da ehtimal etmək olar. Lakin sözün funksionallşması da diqqətçəkici məsələlərdəndir. Belə ki qalın sözü DQK mətnində müasir anlamıyla birgə fərqli anlam kəsb edir, iki böyük tayfanın birləşib el yaratması, qalın olması, əks törənən anlayışda isə tək olarsa, nazik olması ilə eyni sözün şaxələnməsindən, funksionallaşmasından ortaya çıxır. Bizə məlumdur ki, Oğuz sözünün X əsrdən sonra türkmənlə əvəz edilməsinə dair fikirlər vardır (11, 5). Lakin Oğuz adının elə Rəşiddədində, Əbülqazidə, Yazıçıoğlu Əlidə və s. də sonrakı əsrlərdə işlənməsi bu sözün arxaizminin müasir anlamla heç bir ziddiyyət təşkil etmədən işlək olduğunu göstərir ( 12; 13; 14; 15). Elə bu istiqamətdə də dövlət sözü də dövləti təmsil edən şəxs mənasında kontekst məzmununa uyğun olaraq insana da aid edil­mişdir ki, bu təyin məhz bu anlayışın ifadəsi olaraq ortaya çıxır. Qazan xanın eyni boy daxilində ikinci dəfə ov məkanında “Qalın Oğuzun dövləti” adlan­dırılması da bu sözün təsadüfi söz kimi işlənmədiyini göstərir (3, 44).

“Qalın Oğuzun dövləti”nin xan statusunu ifadə etməsi məhz bu təyinin dövlət anlamında işləndiyini göstərir. Elə bu status göstəricisinin real təzahürü olaraq III boyda Qazan xanın təkrar səviyyədə “Qalın Oğuzun arqası” adlanması da sinonim sözlük olaraq eyni status və funksiyanı diqqətə çatdırmaq üçündür (3, 52).

Biz Qalın Oğuzun dövləti birləşməsinin başlanğıc sözlüyünə diqqət çə­kərək yuxarıda bildirmişdik ki, “qalın” sözü əski düşüncə ilə çağdaş təfəkkü­rün işlək sözlüyü kimi DQK-də anlam səviyyəsini nümayiş etdirir. Elə bu səbəbdən də bu sözün araşdırılması vacib struktur komponentləri aşkarlayır. Bu baxımdan qalın sözü üç səviyyəni işarələyir:

1. İki tayfa birləşməsi işarələnir.

2. Oğuz kosmoloji strukturunun işarəsi kimi Oğuz mifoloji dünya mode­lini proyeksiyalandırır.

3. Motiv səviyyəsi aşkarlanır.

Qalın sözünün Oğuz sözünə qoşularaq Uçoq-Bozoq tayfa birliyini ifadə etməsini bir az qabaq qeyd etmişdik. Bu sözün tayfa birliyini əks etdirməsi ən əhəmiyyətli izahlı lüğət qaynağı olan DQK mətnində aşkarlanır. DQK-də Uçoq-Bozoq tayfası İç Oğuz və Dış Oğuz deyə iki siyasi-inzibati əraziyə bölünür və Uçoqun İç Oğuz, Bozoqun isə Dış Oğuz olduğu açıqlanır. “Uçoq Bozoq yıqnaq olsa, Qazan evin yağmaladardı. Qazan gerü evin yağmalatdı. Əmma Taş Oğuz bilə bulınmadı. Həmin İç Oğuz yağmaladı” (3, 123).

Uçoqun və Bozoqun Qalın Oğuz olması isə bu şəkildə aydın olur: “Bu məhəldə Qalın Oğuz bəgləri yetdi, xanım, görəlim, kimlər yetdi” (3, 49). Məhz bu məlumatdan sonra Qalın Oğuz bəylərinin adı bir-bir sadalanır, məlum olur ki, bu bəy ərənlər Uçoq (İç Oğuz) və Bozoq (Taş Oğuz-Dış Oğuz) bəyləridir (3, 49, 50, 66, 67, 77, 78).

Qalın Oğuzun Oğuz mifoloji dünya modelinin etnoqonik-kosmoqonik invariant strukturunu təşkil etməsi diqqətçəkici hadisədir. Məlumdur ki, Oğuz mifoloji strukturu Oğuz soyunu modelləşdirir və bu kosmoloji struktur təşkil edib yuxarıda qeyd etdiyimiz kimi Oğuz, onun iki xatunu, altı oğlu üzərində proyeksiyalanır. Toy ritualı da Oğuz mifoloji dünya modelini səciyyələndirir. Uç oğulun yay, üç oğulun isə ox tapması iyerarxik strukturu müəyyən edir. F.Rə­şidəddin yay və ox nişanəsi ilə işarələnən gələcək Oğuz elinin, Qalın Oğuzun (onların övladları Uçoq, Bozoq tayfalarını təşkil edir) Qalın Oğuz olaraq qalmasının və öz yerlərini bilmələri məcburiyyətinin Oğuz xan tərəfindən müəyyənləşdirildiyini qətiyyətlə yazır: “Oğuz yayı üç hissəyə bölüb üç böyük oğluna, üç oxu isə üç kiçik oğluna verdi. Belə buyurdu: yay payladığım üç oğ­lumdan törəyən qəbilələr Bozok adlanacaqlar...ox payladığım digər üç oğlumun nəslindən törəyən qəbilələrin adı Uçok olsun... Buyurdu ki, bundan sonra oğul­larımdan hər hansı gəlirsə, birlikdə (təmağamişi) çalışmalı və “biz hamımız bir kökdənik” deyib orduda da öz yerlərini və rütbələrini bilməlidirlər” (12, 37, 38).

Gördüyümüz kimi, Oğuz xaqan Bozoqların və Uçoqların bir kökdən olduğu üçün öz yerləri ilə qane olaraq həmişə bir yerdə olmalarını, yəni Qalın Oğuz olmalarını buyurur. DQK-də XII boya doğru gələn ziddiyyət iki Oğuz tayfasının bir kökdən olmasına baxmayaraq bir-biriylə çarpışmasıyla sonuclanır. Qalın Oğuz ayrılır, Oğuz parçlanır, Oğuz yasası pozulur. Qazan xanın evini yağmalatması prosesində (ritual ərəfədə) Qalın Oğuz ikiyə ayrılırsa, Aruzun evinin yağmalanmasından sonra Qalın Oğuz yenə də birləşir. Bu barədə XII boyda oxuyuruq: “Qazan suçların bağışladı, Beyrəgin qanın tayısından aldı. Aruzın evini çapdırdı. Elini-günini yəğmalatdı” (3, 126).

Qazanın evini yağmalatmasında Qalın Oğuz birliyinin pozulması etiket xarakteri daşıdığı üçün Aruzun Beyrəyi öldürməsi paraçalanmaya Oğuz qanı, qardaş qanı qarışdırması baxımından bir kökdən olanların qan yaddaşına təcavüz aktı kimi qiymətləndirilib Qalın Oğuzun parçalanmasında Aruz aqressiv tərəf kimi qəbul olunur. Ona görə də onun evi yağmalanıb Qalın Oğuz birliyi saxla­nır. Çünki bu il yağmaya çağrılmayan Dış Oğuz gələn il çağrıla bilər. Öldürülən Oğuz ərəni isə geri qaytarıla bilməz. Qazanın evinin özü tərəfindən yağmaya verilməsi Qalın Oğuzun birləşməsi aktıdır. Məhz Dış Oğuzun yağmaya çağrılmaması bu aktın pozulmasına qarşı iğtişaş kimi ortaya çıxır. Lakin Aruzun evinin yağmalanması Qalın Oğuzun birləşməsini Qazan xan tərəfindən təmin edir. Bu Qazan xanın “Qalın Oğuzun dövləti” statusunu bir daha təsdiq edir. Elə Qazan xanın evinin yağmalanması gələnəyi də onun “Qalın Oğuzun dövləti” olmasını göstərir.

Qalın sözünün motiv səviyyəsi də Oğuz mifoloji dünya modelinin inikası olan yuxarıda diqqət çəkdiyimiz yay və ox örnəyində görünür. Oğuz xaqan yayı üç yerə parçalamaqla və hər birini bir oğluna verməklə bu parçaların ayrı-ayrı­lıqda yay parçası olması, yay funksiyasını yerinə yetirə bilməməsi, birləşdikdə isə bütöv yay ola biləcəyi, nazik olmanın ayrı-ayrılıqda sınacağı, bir yerdə qalın olmanın isə qalacağı tövsiyyəsini nümayiş etdirir. Üç oxun da ayrı-ayrılıqda deyil, bir yerdə güclü olmasını onun adının Uçoq qoyulması göstərir. Elə Uçoq adının assosiasiyası olaraq yay parçalarına bir yerdə Bozoq deyilməsi də böyük ox anlamı verməklə eyni mahiyyəti daşıyır. Sözün arxaik şəkli əlimizdə olmadığı üçün ifrat etimoloji araşdırmaya ehtiyac görmədən onu qeyd edək ki, dastan və nağıllarda bu iyerarxik strukturun motiv səviyyəsi daşınmaqdadır. Belə ki, üç, yaxud yeddi çubuğun (əsasən çubuq olur ki, bu da yay parçaları, yaxud ox arxetipindən qaynaqlanır) ayrı-ayrılıqda asanlıqla sındırılması bir yerə bağlananda isə ən qüvvətli pəhləvanların da onu sındıra bilməməsi, qalın olduqda bütövlüyün və qüvvənin, nazik olduqda isə parçanın və zəifliyin işarəsi olaraq anlam qazanır. Bu baxımdan bu ifadə Oğuz mifinin paradiqması kimi motiv səviyyəsində müxtəlif örnəklərdə funksionallaşmış şəkildə diqqət çəkir. Hətta Yazıçıoğlu Əlinin “Təvarixi-ali Səlcuq” adlı Oğuznaməsində bu motiv qaynağının təsviri Oğuz mifində Qalın Oğuz dövlətinin nə demək olduğundan xəbər verir. Elə X.Koroğlu da bu barədə söhbət açarkən fikrimizcə, bu əhvalatı (bir oxun sınması, altı oxun isə sınmaması) verdikdən sonra “çox güman ki, bu əfsanə etimoloji baxımdan Oğuzların Bozok etnonimi ilə bağlıdır” (16, 54) qənaətinə təsadüfən gəlməmişdir.

Beləliklə, “Qalın Oğuzun dövləti” anlayışı Oğuz mifinin bütövlükdə para­diq­ması kimi proyeksiyalanmaqla bərabər Qalın Oğuz Bozoq-Uçoq birləşmə­sində şəxslərin təmsilçiliyinin (altı oğul nəzərdə tutulur) dövlət anlayışı ifadə etməsi göz qabağındadır. Məhz Oğuz xaqan yayları parçalamaqla, oxları bölüş­dürməklə bu oğulların Oğuz səltənətinin (xanədanının) dövləti olmasını model­ləşdirir. Qazan xanın Oğuz mifinin paradiqması kimi “Qalın Oğuzun dövləti” olması eyni invariant strukturun DQK-də xan öyüncləri arasında obraz klişesi olaraq sabitləşməsi Oğuz ali idarəçiliyinin əsas şəxsi olmasından meydana gəlir.


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin