Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan şİfahi xalq əDƏBİyyatina daiR



Yüklə 0,98 Mb.
səhifə9/9
tarix27.12.2017
ölçüsü0,98 Mb.
#36092
1   2   3   4   5   6   7   8   9

Ədəbiyyat
1.Bahaeddin Ögel. Türk mitolojisi, I cild Ankara, Tarih kurumu ba­sımevi

2.Bəydili C. İstiqbal xalq ədəbiyyatınındır. Bakı, Elm və təhsil, 310 s.

3.Köprülü F. Edebiyat araştırmaları. İstanbul, Ötüken, 1989, 470 s.

4.Köprülü F. Saz şairleri. Ankara, Akçağ, 2004, 726 s.

5.İslam Ansiklopedisi, III cild, İstanbul, Güzel sanatlar matbaası, 559 s.

6.Zamanzadə D. Fuad Köprülü və Azərbaycan ədəbiyyatı. Bakı, Elm, 2003, 135 s.

7.Güllü Yoloğlu G. Mövsüm mərasimləri, Bakı, Poliqraf, 2009.
Vüsalə MƏMMƏDOVA

AMЕA Fоlklоr İnstitutunun dоktоrantı

e-mail: vusala3@mail.com
ABBAS - GÜLGƏZ DASTANI”NIN ŞEİRLƏRİNİN NƏŞRİ
Xülasə

“Abbas-Gülgəz” dastanının şeirləri çox zəngindir. Bu şeirlərin bir qismi bu günədək dəfələrlə toplanıb nəşr edilmişdir. Həmin şeirlər “Aşıq Abbas Tufarqanlının şeirləri” adı ilə verilmişdir. Əslində, biz Abbas Tufarqanlı adlı tarixi şəxsiyyətin-aşığın varlığını “Abbas-Gülgəz” dastanına əsaslanaraq söyləyə bilirik. Çünki bundan başqa əlimizdə geniş mənbə və ya konkret faktlar yoxdur. Odur ki, biz dastandakı şeirləri Abbas Tufarqanlının şeirləri yox, “Abbas-Gülgəz dastanı”nın şeirləri kimi tədqiqata cəlb edəcəyik.



Açar sözlər: “Abbas-Gülgəz” dastanının şeirləri, şeirlərin tədqiqi, şeirlərin nəşri, nəşrlərin vəziyyəti.
THE RESEARCH AND PUBLISHING OF POEMS OF "ABBAS_GULGAZ" EPOS

Summary

Poetry of “Abbas-Gulgaz” epos is very rich. Some of this verses were repeatedly collected and published to this day. These verses were given with the name “Ashiq Abbas Tufarqanlı's verses”. In reality according to “Abbas-Gulgaz” epos we can say something about historical person-Abbas Tufarqanli. Because besides this, we have no orginal sources or concrete facts. Thus, we will draw into research poetry of epos as not Abbas Tufarqanli's verses as poetry of “Abbas-Gulgaz” epos.



Key words: poems of “Abbas-Gulgaz” epos, research of the poems, publishing of the poems, situation of the publications
ИССЛЕДОВАНИЯ И ПУБЛИКАЦИЯ СТИХОВ

ЭПОСА «АББАС - ГЮЛГЯЗ»

РЕЗЮМЕ

Эпос «Аббас-Гюлгяз» богат своими стихами. Часть этих стихов неод­нократно были собраны и изданы. Эти же стихи были даны под именем «Стихи ашиг Аббас Туфарганлы». На самом деле о существовании исто­рической личности ашига под именем Аббас Туфарганлы мы можем го­ворить исходя из эпоса «Аббас-Гюлгяз». И потому кроме этого нет ши­рокого источника или конкретных фактов об этом. Мы будем исследовать стихи в эпосе не как стихи Аббаса Туфарганлы, а как стихи эпоса «Аббас-Гюлгяз».



Ключевые слова: стихи эпоса «Аббас-Гюлгез», стихов исследо­вания, стихов издание, издания состояние
“Abbas-Gülgəz” dastanının şeirlərinin toplanması və nəşri sahəsində bir çox işlər görülüb. S. Mümtaz, H. Əlizadə, A. Dadaşzadə kimi tədqiqatçıların əməyi danılmazdır. Bu sahədə ən sistemli iş H. Əlizadəyə aiddir. O, Abbas Tufarqanlıya aid etdiyi müxtəlif şeirləri toplayıb 1929, 1930, 1935, 1937-ci illərdə nəşr etdirdiyi kitablarına daxil etmişdir (3; 4; 8; 9). “Azərbaycan aşıqları” “Abbas-Gülgəz” dastanının şeirlərinin dərc olunduğu ilk kitabdır (8; 9). Həmin kitabın 107-119-cu səhifələrində “Duharkanlı Abbas” başlığı altında iyirmi beş şeir dərc edilib. Bu şeirlərdən on altısı qoşma, səkkizi gəraylı, biri vücudna­mədir. Şeirlər adları ilə verilmir, rəqəmlərlə göstərilir. Təkcə bir vücudnamə “Meracnamə” adı ilə verilir. Həmin şeirlərdən “İnciməsin” (beş bənd) qoşması “Əsas” və Şirvan versiyasına, “Bir də yaz” (üç bənd) qoşması “Əsas versiya” və “Abbas” dastanına aiddir. Qalan on doqquz şeir yalnız Əsas versiyaya aid olan şeirlərin variantlarıdır. “Meracnamə” başlığı ilə verilən yetmiş dörd misralıq vücudnamə, “Bir özgəsinə” (dörd bənd), “Nə gözəl imiş” (altı bənd) rədifli qoşmalar, “Mən” rədifli gəraylı (üç bənd) dastanın əldə etdiyimiz versiya və variantların heç birində səslənmir. Bunlardan təkcə “Nə gözəl imiş” qoşmasının beş bəndlik variantı sonradan “Azərbaycan aşıqları” (10, 68), “Tufarqanlı Abbas. 72 şeir.” (31, 29), “Azərbaycan aşıqları və el şairləri” (11, 87) kitab­larında dərc edilib. Bu kitabların hər üçündə şeirin variantları eynidir. H. Əli­zadənin nəşr etdirdiyi “Meracnamə” şeirini (8, 112-113) M. Təhmasib sənət­karlıq baxımından Aşıq Abbasın başqa şeirlərindən zəif hesab edir, onun şeiri olmasına şübhə edir. Belə bir şeiri M. Təhmasib, Abbas kimi qüdrətli bir şairin adına bağlamağı münasib görmür: “əlli səkkiz misradan ibarət olan “əvvəl-axır”, yaxud “vücudnamə”də əsil mənasında nə vəzn var, nə qafiyə var, nə də bədii təfəkkürdən əlamət var. Süni, zorakı, quru sözlər yığınından ibarət olan bu “şeir”in hətta şəkli də məlum deyildir (30, 256).

“Azərbaycan aşıqları” kitabının ikinci nəşrinin 5-7-ci səhifələrində (9, 5-7) “Divarkanlı Abbas” başlığı altında iyirmi iki şeir yer alır. Bunlardan beşi gəraylı, on yeddisi qoşmadır. Bu şeirlər də adları ilə verilmir, amma birinci nəşrdən fərqli olaraq, rum rəqəmləri ilə sıralanır. Bu kitabdakı şeirlərdən yalnız ikisinin variantına birinci nəşrdə rast gəlirik. Amma bu variantlar arasında kifayət qədər fərq var. Görünür, müəllif bu səbəbdən eyni şeirin ikinci nəşrdə də verilməsini gərəkli bilib. Sözügedən kitabdakı şeirlərdən birinə dastanın heç bir versiya və variantında rast gəlmirik. Bu şeir qoşma şəklindədir, üç bənddən ibarətdir. “Başına döndüyüm alagöz Pəri!” misrası ilə başlayır, “-ab” hissəcikli sözlərlə qafiyələnir: “inqilab”, “niqab”, “qurab”, qaimul əzab” ( kitabda “inkilab”, “nikab”, “gurab”, kaimul əzab” şəklində verilir). Bu şeirin bir variantı sonrakı illərdə müxtəlif kitablarda (10, 64), “Tufarqanlı Abbas.72 şeir.” (31, 42) nəşr edilib. Qoşmalardan ikisi – “İnciməsin” (dörd bənd), “Qaşların” (üç bənd) qoşmaları “Əsas” və Şirvan versiyasının ortaq şeirlərindəndir. Şeirlərin yerdə qalan on doqquzu isə ancaq Əsas versiyada səslənən şeirlərin variantlarıdır.

H.Əlizadənin növbəti kitabı 1935-ci ildə dərc edilib (3, 3-28). Müəllif Aşıq Abbas Tufarqanlıya aid etdiyi qırx beş şeiri bu kitabda dərc etdirib. Şeirlər sıra nömrələrilə deyil, öz adları ilə verilib. Təkcə bir qoşma adı ilə verilmir, “Aşdı da getdi” qoşmasının ardınca verilir. Həmin şeir “Gönül bir cananın sevdasındadır” misrası ilə başlayan dastanın geniş yayılmış qoşmalarındandır. Qalan şeirlərdən biri təcnis, (“Yara yüz” üç bənd), biri cığalı təcnis (“göz ala” rədifli “Cahan” başlıqlı təcnis, üç bəndlik), onu gəraylı, otuz dördü qoşmadır. Bu şeirlərdən on dördü 1929-cu il nəşrində, on dördü 1930-cu il nəşrində, ikisi hər iki nəşrdə təkrar dərc edilib, on beşi ancaq 1935-ci il nəşrində verilib. Həmin kitabda verilən şeirlər, əsasən, “Əsas versiya”nın şeirləridir. Bunlarla yanaşı, dastanda olmayan şeirlərə, bütün versiyalarda səslənən şeirlər də var. Cəmi altı şeir versiyalar üçün ortaqdır: “İnciməsin” (beş bənd), “Qaşların” (üç bənd), “Cahan” (üç bənd) qoşmaları “Əsas” və Şirvan versiyalarında, “Yaz” (üç bənd) qoşması “Əsas versiya” və “Abbas” dastanında, “Gülgəz” (üç bənd), “Bəyən­məz” (altı bənd) qoşmaları isə bunların hər üçündə səslənən şeirlərdəndir.

H.Əlizadə 1937-ci ildə yetmiş doqquz şeiri toplayıb nəşr etdirmişdir (4, 5-52). Şeirlər öz adları ilə verilir. Həmin şeirlər “Aşıqlar” kitabının 6-52-ci səhifələrində yer alır. Bunlardan biri vücudnamə, biri təcnis, biri cığalı təcnis, iyirmi biri gəraylı, əlli altısı qoşmadır. Vücudnamə “Ustadnamə” adı ilə verilir, əlli səkkiz misradan ibarətdir. Bu, əvvəlki nəşrlərdə yer almış vücudnamə ilə eynidir. Bu şeirlər, əsasən, “Əsas versiya”ya aid olan şeirlərdir. Onlar arasında özündən əvvəlki nəşrlərdə dərc edilmiş şeirlər də yer alır.

S. Mümtaz H. Əlizadədən də əvvəl el şairlərinin şeirlərini, o cümlədən Abbas Tufarqanlıya aid etdiyi bir neçə şeiri toplayıb 1927-1928-ci illərdə nəşr etdirmişdir. Bu kitab bir az da təkmilləşdirilərək 1935-ci ildə dərc olunmuş, daha sonralar Cənnət Nağıyeva və Tahirə Nurəliyevanın müəllifliyi ilə transliterasiya edilmişdir (22). 2005-ci ildə A. Mirzə iki cildliyi bir cild halında, bütün izah, qeyd, şərh və ön sözlə birlikdə nəşrə hazırlayıb (21). Həmin kitabda Tufarqanlı Abbasa aid edilən şeirlərin sayı H. Əlizadənin topladığından çox azdır. Dastanın məşhur şeirlərindən olan “Sındırar” (üç bənd) (21, 23) “Qalmasın” (üç bənd) qoşması, “Gözlərəm səni” (üç bənd), “Mən dönərəm, könül dönməz” (dörd bənd), “Məni” (dörd bənd) (21, 23) gəraylıları bu kitabda yer alır. “Qalmasın” qoşması “Əsas versiya”nın bir çox variantında səslənən eyni şeirin variantıdır. “Gözlərəm səni” gəraylısı Şirvan versiyasaının hər iki variantında, “Mən dönərəm, könül dönməz” gəraylısı isə “Əsas” və Şirvan versiyasının variantlarında səslənən şeirlərdəndir. Kitabda bu şeirlərin müəllifi Tufarqanlı Abbas yox, Zəgəmli Abbas olaraq göstərilir. Buradan çıxış edərək, hesab etmək olar ki, Zəgəmli Abbas adına verilən digər şeirlər də “Abbas-Gülgəz dastanı”na aid ola bilər. Həmin şeirlərlə yanaşı üç bəndlik “Ağlayıbdır” gəraylısı da verilir. Şeirin möhürbəndində Abbasın adı çəkilir: Abbasam, köçdüm yurdumdan (kitabda: Abbasəm kocdym jurdumdan). Bu şeirin də müəllifi Zəgəmli Abbas kimi qeyd edilir (22, 121-124). Amma nə dastanın variantlarında, nə də şeir toplularında bu gəraylıya rast gəlməmişik. “El şairləri” kitabında Bayatlı Abbas adı altında bir neçə şeirə rast gəlirik (21, 40-41). Bu şeirlərin möhürbəndində Bayat Abbas, ya da Bayatlı Abbas verilir. Paşa Əfəndiyev Aşıq Abbas Tufarqanlının təxəllüsünün bir neçə şeirində Bayat Abbas şəklində də işləndiyini bildirir (23, 188). Ancaq bu şeirilərin Abbas haqqında dastanın heç bir variantında olmadığını nəzərə alsaq, onların Aşıq Abbas Tufarqanlıya aid olmasına ehtiyatla yanaşmaq lazımdır. Həmin şeirə verilən qeydlər də bu fikri təsdiqləyir. Tərtibçi A. Mirzə göstərir ki, tədqiqatçı M. Yarəhmədovun fikrincə, Bayatlı Abbas, yaxud Abbas Bayat, Abbas Bayatlı Dərbənd yaxınlığındakı Süleyman Stalski mahalının Kürə kəndində XVI yüzillikdə doğulub yaşamışdır. S. Mümtaza görə də bu, müxtəlif vaxtlarda Dərbəndə səfər edib şeirlər yazmış Tufarqanlı Abbas deyil, ondan xeyli əvvəl yaşamış aşıqdır (21, 277). Bunlardan əlavə, həmin kitabda “Əsas versiya”nın məşhur “Görmüşəm” (üç bənd) (kitabda: “Görmişəm”) və qoşmalarına da rast gəlirik. Həmin nümunələr də Aşıq Abbasın adına verilir. Qeyd edəki, S. Mümtaz, H. Əlizadənin adlarını çəkdiyimiz nəşrlərindən Q. Namazov da məlumat vermişdir (26, 60- 62)

Ə.Axundov (29, 11-14), S.Axundov (5, 23-47; 6, 11-32), İ.Tapdıq (7, 10-16), C.Qəhrəmanov, P.Kərimov və s. müəlliflərin kitablarında da Abbas Tufar­qanlıya aid edilən şeirlər dərc olunmuşdur. Bu şeirlər dastanın ən çox nəşr edilən məşhur şeirləridir.

İlyas Tapdığın tərtib etdiyi “Aşıqlar” kitabında cəmi bir şeir - üç bəndlik “Göz dəyər sənə” qoşması özündən əvvəlki topluların heç birində dərc edil­məyib. Həmin şeirə təkcə dastanın Aşıq Səməd Həkimi (ASH) variantında rast gəlirik. Sözügedən variantın nəşr olunduğu kitabda bu qoşmanın Qurbaniyə aid olduğu qeyd edilib (1, 134) S.Axundovun tərtib etdiyi “Aşıqlar” kitabında (5, 17) və Əhliman Axundovun tərtib etdiyi “Azərbaycan aşıqları və el şairləri” kitabında (11, 28) “Göz dəyər sənə” şeiri Qurbaninin şeirləri arasında yer alır.

“Abbas-Gülgəz” dastanına aid olan şeirlərin ən zəngin toplularından biri Araz Dadaşzadənin hazırladığı “Tufarqanlı Abbas. 72 şeir” kitabıdır (31, 7-79). Yetmiş iki şeir həmin topluda öz əksini tapır. Şeirlərin hamısı adları ilə verilir. Bunlar arasında da yeni toplanmış şeirə rast gəlmirik. Bu kitabda özündən əvvəlkilərdən fərqli olaraq, şeirlər qarışıq verilmir. Əvvəl qoşmalar, sonra gəraylılar və sonda bir cığalı təcnis verilir. Qoşmaların sayı əlli iki, gəraylıların sayı isə on doqquzdur.

Əhliman Axundovun tərtib etdiyi “Azərbaycan aşıqları və el şairləri” kitabında (11, 26-87) Abbas Tufarqanlıya aid şeir verilir. Bunlar arasında yeni toplanmış şeir yoxdur, əvvəlki nəşrlərdə verilən şeirlər yer alır.

“Abbas-Gülgəz” dastanına aid şeirlərin növbəti böyük toplusu “Azər­baycan aşıqları” kitabıdır. Yetmiş iki şeir arasında yeni toplanmışı və dastanın variantlarında olmayanı yoxdur.

Cahangir Qəhrəmanovun tərtib etdiyi “Azərbaycan klassik ədəbiyyatından seçmələr” kitabında da Aşıq Abbas Tufarqanlıya aid dastanın on altı məşhur şeiri nəşr edilmişdir (16, 284-292). Haqqında danışdığımız topluların heç birində şeirlərin nə vaxt və hansı aşıqlardan toplandığı, və ya hansı kitabdan götü­rüldüyü barədə qeydlər verilmir. Şeirlərin variantının olub-olmaması haqqında da heç bir qeydə rast gəlmirik.

“Dərbənd folklor örnəkləri” kitabında da dastanın bir çox variantında səslənən “Dərbəndin” rədifli şeirin səkkiz bəndlik variantı yer alır (19, 253, 254). Yuxarıda söz açdığımız nəşrlərdən fərqli olaraq, bu kitabda şeirin söy­ləyicisi göstərilir. O, Şəmkirli el aşığı Murad Niyazlıdır.

“Azərbaycan Yurd Bilgisi” dərgisində də “Abbas-Gülgəz” dastanından bir neçə şeir parçasına rast gəlirik. M. Sadıq Sənan “Azərbaycan saz şairləri” adlı məqaləsinin ikinci hissəsini Aşıq Abbas Tufarqanlının adına bağlanan dastandan gətirdiyi nümunələrə həsr etmişdir (28, 55-59). Bu məqaləni f.ü.e.d. A.Həsən­qızı yenidən nəşrə hazırlamışdır (25, 177-179). Həmin məqalədə üç şeir verilir.

“Azərbaycan Yurd Bilgisi” dərgisində prof. Əhməd Cəfəroğlunun “XVI əsr Azərbaycan saz şairlərindən Tufarqanlı Abbas” adlı məqaləsi dərc edilib (17, 100). Bu məqalədə müəllif “Abbas-Gülgəz” dastanına aid “Endir yerə kəcabəni mən görüm”, “Aman, əl-aman”, “Ay bu yanda dur” qoşmalarından, “Getdi” gəraylısından nümunələr dərc etdirib. Amma nümunə gətirilən bəndlərdən birinə heç bir variant və ya topluda rast gəlmirik:


Abbas deyər Pərim bir luqab atdı,

Camalını görsətdi günnü yuvatdı.

Hər iyidin də yarı yanına batdı,

Sevdim özgələrin qaşını bülbül

(17, 103)
“Doğu İllerimiz Ağızlarından Toplamalar I, Kars, Erzurum, Çoruh ilbaylıkları ağızları” kitabına da prof. Əhməd Cəfəroğlu Aşıq Abbasa aid etdiyi bir neçə şeiri daxil edib. Bunlardan “Yani ne”(üç bənd), “Öp” (iki bənd), “Yen­dir kecavanı goy yarı görüm” (bir bənd), “Gelin” (üç bənd) qoşmaları “Abbas-Gülgəz” dastanına aid olsa da, şeirlərdən ikisinə heç bir variant və ya topluda rast gəlmirik. Bunlardan biri “Amandı şah baba öldürme beni” misrası ilə bitən bir bənd qoşmadır:
Şah İsmail da atasına guzudu

Deyilenner bütün ara sözüdü


İyidin şöhreti iki gözüdü

Amandı şah baba öldürme beni

(18, 143)
Bu şeirə “Şah İsmayıl” dastanında da rast gəlmirik (14, 123-159). Bu şeirlərdən ikincisi isə bir qüsurlu bənddir (18, 143). Onun ilk iki misrası (Abbas deyer müselleye varmadan, El uzadıp gonça gülün dermeden) “Bu sabahları” qoşmasının Aşıq Mahmud Qasımoğlu (AMQ) və Aşıq Qara Mövlayev (AQM) variantlarının son bəndinin birinci, ikinci misralarıdır. Üçüncü misra isə böyük ehtimalla “Ola” rədifli şeirin bir misrasıdır (Birisi yarap benem, birsi kim ola).

H.Əlizadənin nəşr etdirdiyi şeirlər arasında da dastanda rast gəlmə­diklərimiz var. Həmin şeirlər “Alagöz Pəri”, “Bir özgəsinə”, “Nə gözəl imiş” qoşmaları, “Mən” rədifli gəraylı, “Əvvəl-axır” vücudnaməsidir. Bu şeirlərdən “Nə gözəl imiş” qoşmasını M. Həkimov Abbas Tufarqanlının şeiri olaraq nü­munə göstərir (24, 155). S.Mümtazın topladığı şeirlərdən “Qalmasın”, “Ağla­ram” qoşmaları, “Ağlayıbdır” gəraylısına da əldə etdiyimiz variantlarda rast gəlmirik. Çox ehtimal ki, bu şeirlər dastanın bizə məlum olmayan variant­larından götürülmüşdür. Aşıq Hüseyn Sai və Məhəmməd Əlipur Müqəddəmin topladığı şeirlər arasında da bizə məlum olmayan şeirlərə rast gəlirik. Bu şeirlər arasında Şah Abbasın Gülgəzi Abbasın əlindən almasından (2, 23), şah zül­mündən şikayətdən bəhs edən (2, 193) şeirlərdən əlavə, Kərbəla qırğınından, İmam Hüseyndən (2, 30-31), Fatimeyi-Zəhraya müraciətindən (2, 54,55) bəhs edən şeirlərə də rast gəlirik.

Bu nümunələrdən bir daha məlum olur ki, Abbasın adına bir çox dini şeirlər verilir, hətta Təbriz aşıqları Abbasın adına verilən şeirlərin doxsan doqquz faizinin dinlə, xüsusən də imam Əli ilə bağlı olduğunu hesab edirlər. “Aşıq Abbas məsum imamların pənahgah və ümid yeri olduqlarını aşkar şəkildə qələmə almışdır. Qeyd olunduğu kimi, o, dəfələrlə imam Hüseyn (ə) və Kərbəla şəhidlərinə təvəssül etmiş, onları məzlumların və zülmə məruz qalanların yavəri adlandırmışdır. Ona namizədi Gülgəzin zülmkar məmurlar tərəfindən saxlanıl­dığını xəbər verdikdə belə deyir: “Həzrət Əbülfəzli köməyə çağırıram və şüb­həsiz, Allah mənə yardımçı olacaq.” (35). “Azərbaycan dastanları” kitabının I cildində nəşr olunmuş “Tahir və Zöhrə” dastanının üçüncü ustadnaməsində ve­rilmiş “könül!” rədifli qoşmanın möhürbəndində Abbasın adı çəkilir (13, 126). Həmin kitabın “Qeydlər” bölməsində bu qoşmanın müəllifi olaraq Abbas Tu­farqanlı haqqında məlumat da verilir (13, 313). Bu qoşmaya “Abbas-Gülgəz” dastanının əldə etdiyimiz varianrlarında rast gəlmirik

F.ü.e.d Əfzələddin Əsgərin topladığı materiallar arasında da Aşıq Abbas Tufarqanlıya aid şeir parçalarına rast gəlirik. Həmin şeirlərdən bir neçəsi tovuzlu aşıq Məhəmməd Qasımoğludan toplanmışdır. Aşığın qeydlərinə görə, bu şeirlərdən biri dastanda işlənməyən nümunədir. O, həmin şeiri atasından, atası isə Göyçədə Aşıx Alışandan öyrənib. Bu, “Qədir Allah budur səndən diləyim” misrası ilə başlayan üç bəndlik “Diləyim” qoşmasıdır. Həmin şeir üzərində mü­qayisəli təhlil apararkən məlum olur ki, əslində, sözügedən şeir dastanın “Əsas versiya”sının Aşıq Qara Mövlayev (AQM-2) variantı və Əhliman Axundovun topladığı (ƏA) variantlarında işlənən dörd bəndlik şeirin variantıdır (20).

“Abbas-Gülgəz” dastanı və Abbas Tufarqanlı ilə bağlı nəşr olunan kitab­lardan yararlanaraq Türkiyə tədqaiqatçıları da bu mövzuya toxunmuşlar. Ni­zamettin Onk (27), Dursun Yıldırım (12), Zeynalabdin M. (33) və s. belə müəlliflərdəndir. “ekitab kulturturizm.gov.tr” ünvanlı internet səhifəsində də Aşıq Abbasın adına otuz şeir yerləşdirilmişdir (34). Həmin şeirlər özlərindən əvvəl dərc olunanların ya eynisi, ya da variantlarıdır. Belə məlum olur ki, bu şeirlərin nəşri zamanı öncəki nəşrlərdəki “ənənə” nəzərə alınaraq şeirlər “Abbas-Gülgəz” dastanının yox, Abbas Tufarqanlının şeirləri şəklində verilmişdir.

Yuxarıda sadaladığımız nəşr olunmuş şeirlər, əsasən, “Əsas versiya”nın “Qərb variantları”nda olan şeirlərdir. “Əsas versiya”da olmayan, o biri ver­siyalar üçün səciyyəvi olan şeirlərdən yalnız birinin nəşrinə rast gəlirik. Bu şeir “Şirvan versiyası”nın “Gözlərəm səni” adlı gəraylısıdır. Şeiri S.Mümtaz top­layıb nəşr etdirib. Nəşr olunmuş şeirlər arasında Şirvan versiyasında, və Cənub variantlarında səslənən şeirlərinə rast gəlmirik.


ƏDƏBİYYAT


    1. Arazam, Kürə bəndəm (Tərtib edəni B. Abdullayev), Bakı: Yazıçı, 1986, 196 s

    2. Aşıq Abbas Tufarqanlı. Abbasla Gülgəz nağılı. Şeirlər (toplayanı Aşıq Hü­seyn Sai, Məhəmməd Əlipur Müqəddəm). Təbriz, Əxtər nəşriyyatı, 2006, 318 s

    3. Aşıqlar, (toplayanı H. Əlizadə), Bakı, Azərnəşr, 1935, 341.

    4. Aşıqlar, (toplayanı H. Əlizadə), Bakı, Azərnəşr, 1937, 523 s

    5. Aşıqlar (tərtib edəni S. Axundov), Bakı, 1957, 289 s

    6. Aşıqlar (tərtib edəni S. Axundov) II çap, Bakı, 1960, 182 s

    7. Aşıqlar (tərtib edəni İ. Tapdıq), Bakı, Gənclik nəşriyyatı, 1970, 108 s.

    8. Azərbaycan aşıqaları (toplayanı H. Əlizadə), I hissə, Bakı, Azərnəşr, 1929, 295 s.

    9. Azərbaycan aşıqaları (toplayanı H. Əlizadə), II hissə, Bakı, Azərnəşr, 1930, 274 s.

    10. Azərbaycan aşıqları (tərtib edənləri İ. Abbasalı, B. Abdulla), Bakı: Çaşıoğlu, 2004, 400 s.

    11. Azərbaycan aşıqları və el şairləri 1- cild (tərtib edəni Ə. Axundov), Bakı, “Elm” nəşriyyatı, 1983, 376 s.

    12. Azerbaycan aşık şairleri ve şiirlerinden örnekler. Dursun Yıldırım, Edebiyyat Fakültesi Dergisi, 2. 2. 1984, səh. 15-16

    13. Azərbaycan dastanları. Beş cilddə. I cild. Bakı, “Lider nəşriyyat”, 2005, 392 s

    14. Azərbaycan dastanları. Beş cilddə, III cild, Bakı, “Lider nəşriyyatı”, 2005, 328 s.

    15. Azərbaycan ədəbiyyatı, 2 cilddə /S. Mümtaz ; nəşrə haz. C. Nağıyeva, T. Nurəliyeva ; red. P. Kərimov ; AMEA, M. Füzuli ad. Əlyazmalar İn-tu, El şairləri 1-ci cild Bakı: Nurlan, 2005. 461 s

    16. Azərbaycan klassik ədəbiyyatından seçmələr (tərtib edəni C. Qəhrəmanov), 3 cilddə, III cild, Bakı, 2005, 456 s.

    17. Caferoğlu A. XVI-ıncı asır Azeri saz şairlerinden Tufarkanlı Abbas, “Azerbaycan Yurt Bilgisi”, İstanbul: I 1932, sayı 3, s. 97-104

    18. Caferoğlu A. Doğu İllerimiz Ağızlarından Toplamalar I, Kars, Erzurum, Çoruh ilbaylıkları ağızları, Türk Dil Kurumu yayınları: 62, Ankara: Ankara Universitesi Basımevi, 1995, XXV+ 296 s.

    19. Dərbənd folklor örnəkləri, 1–ci kitab, Bakı, “Elm və təhsil” nəşriyyatı, 2014, 368 s.

    20. “Diləyim” qoşması (Ə. Əsgərin şəxsi arxivində. Tovuz rayonunda Aşıq Məmməddən yazıya alınıb).

    21. El şairləri /S. Mümtaz; Transliterasiya və tərtib edən, ön söz, izah, şərhlərin müəllifi: A.Mirzə, Bakı, Səda, 2005, 292 s.

    22. El şairləri 2 cilddə /S. Mümtaz; nəşrə haz. C. Nağıyeva, T. Nurəliyeva1-ci cild, Bakı: Nurlan, 2005, 461 s.

    23. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı, Bakı: Maarif, 1981, 1992, 477 s.

    24. Həkimov M. Azərbaycan aşıq ədəbiyyatı (qədim və orta əsrlər). Bakı: Yazıçı, 1983, 240 s.

    25. Həsənqızı A. Mühacirətdə folklor araşdırmaları, I kitab. Bakı, Elm və təhsil, 2015, 252 s.

    26. Namazov Q. Azərbaycan aşıq sənəti. Bakı: Yazıçı, 1984, 192 s.

    27. Nizamettin O. "Şair Abbas", Karseli,, 4 (37), Ocak 1968, 4-13.

    28. Sanan M. S. Azerbaycan Saz Şairleri, “Azerbaycan Yurt Bilgisi”, İstanbul: 1932 yıl 1, sayı 2, s. 55-59

    29. Telli saz ustadları (tərtib edəni Ə. Axundov), Bakı, Azərnəşr, 1964, 159 s.

    30. Təhmasib M. H. Azərbaycan xalq dastanları (orta əsrlər). Bakı: Elm, 1972, 399 s.

    31. Tufarqanlı Abbas “72 şeir” (tərtib edəni A. Dadaşzadə), Bakı, Gənclik nəşriyyatı, 1973, 80 s

    32. Zeynallı H. Seçilmiş əsərləri, Bakı, Yazıçı, 1982, 319 s.

    33. Zeynalabdin M. Azerbaycan aşık havaları, Kardaş Edebiyatlar, I, Erzurum, 1982, 22-28.

    34. http://ekitapkulturturizm.gov.tr. Tufarganlı Âşıq Abbas.

    35. http:// Maide.az. Dilavər Məhəmmədpur. Haqq Aşiqi Hüseyn (Ə) aşiqlərin – haqq şairlərinin şeirlərində. (Tarix: 13-12-2014 11:35)

KİTABLAR, RƏYLƏR
Sakibə İsmayıl qızı Ələsgərova

ADPU, filologiya üzrə fəlsəfə doktoru, dosent
TƏNQİDƏ REALİST BAXIŞ VƏ YAXUD MƏNƏVİ-ƏXLAQİ DÜŞÜNCƏLƏR

(Təranə Rəhimlinin “Azərbaycan nəsri və tənqid”

monoqrafiyası haqqında)
Xülasə

Tənqidə realist baxış və yaxud mənəvi-əxlaqi düşüncülər.

Məqalədə dosent, tənqidçi T.Rəhimlinin “Azərbaycan nəsri və tənqid” monoqrafiyasına müəllif münasibəti öz əksini tapmışdır. 60-70-ci illər nəsri üçün aktual olan problemlərə toxunulmuşdur. Müasir insan mənəviyyatını önə çəkən ədəbi-tənqidi fikir dəstəklənmişdir. Azərbaycan ədəbi-tənqidinin dünya ədəbi tənqidinə inteqrasiyasını müsbət qarşılayan T.Rəhimlinin fikirlərinə nəzər yetirilmişdir. 60-70-ci illər ədəbi-mədəni gerçəkliyini özündə tam şəkildə əks etdirən monoqrafiyanın faydasına diqqət çəkilmişdir.



Açar sözlər: 60-70-ci illər nəsri, tənqid, obrazlar sistemi, yaradıcılıq.
Ədəbi növlərin hər bir janrında yeniləşməni və inkişafı görən tənqid həmişə vaxtında münasibətini bildirib. Ədəbiyyatımızın hər mərhələsinin elmi dərki özünü tənqidi məqalə, monoqrafiya və dissertasiyalar şəklində göstərib və göstərməkdədir. Ədəbi tənqid ədəbiyyatşünaslığın ən ağır və diqqətli sahəsidir, ədəbiyyatın arxasınca gəlir və onu müsbət keyfiyyət dəyişikliyinə doğru istiqamətləndirir.

Dos. Təranə Rəhimli uzun illər ədəbi tənqidlə iç-içə olub. İlk dissertasiyası ədəbi tənqidlə bağlıdır, bu fənn uzun müddət onun tədris yükündə olub. Odur ki, növbəti monoqrafisını ədəbi tənqiddən işləməsi gözlənilən idi. Monoqrafiya giriş, 4 fəsil və nəticədən ibarətdir. Hər fəslin məzmunu mövzusunu tam əhatə edir. 60-70-ci illər nəsrinin mərhələ xüsusiyyətləri, tarixilik və müasirlik kate­qoriyalarının nəzəri dərki elmi dəlillərlə əsaslandırılmış, yaradıcılıq problemləri tipoloji baxımdan təhlilə cəlb edilmişdir. Həmin dövr nəsrində əks olunan çağdaş sosial gerçəkliklərə ədəbi tənqidin münasibəti müəllif tərəfindən sistemli şəkildə elmi təhlilə cəlb olunmuş, bu mövzularla bağlı mülahizələri ümumiləş­dirərək əldə etdiyi elmi qənaətləri punktlarla səciyyələndirmişdir. Tipoloji təsniflər, üslub axtarışları ilə bağlı yeni fikirlər irəli sürülmüş, bədii qəhrəman, metod, dil və üslub kimi yaradıcılıq məsələləri alimin elmi yaradıcılıq süzgə­cindən keçirilərək dəyərləndirilmişdir. Müəllif bu qənaətdədir ki, 60-70-ci illər nəsrinə aid araşdırmalar aparılsa da, sistemli şəkildə olmamışdır. Monoqrafiyada bu cəhət diqqət məkəzində saxlanılmış, 60-70-ci illər nəsri haqqındakı nəzəri fikirlər ardıcıl olaraq izlənilmişdir. Həmin dövr nəsrinin sənətkarlıq xüsusiyyət­ləri, üslub təmayülləri, bədii dil məsələsi kompleks halında reallaşdırılmışdır. Nəsrin sənətkarlıq problemi çərçivəsində süjet və kompozisiya məsələlərinə tənqidin münasibətini tədqiqata cəlb edən T.Rəhimli bədii nəsrin janr növlərinin ədəbi tənqiddə təsnifi məsələsinə də diqqət çəkməyi bacarmışdır.

XX əsrin 60-cı illərində yaranan nəsrdən söhbət düşəndə həmin dövrdə yeni fikirlərin, yeni meyllərin formalaşması, ədəbiyyatda “yumşalma”, milli koloritin əvəllki dövrə nisbətən bir qədər artması, ədəbi-estetik fikrin uğurlu ədəbi nümunələri vaxtında “üzə çıxartması” kimi detaıllar yada düşür.

T.Rəhimli 60-70-ci illərdəki ədəbi yeniliyə tənqidin reaksiyasını həm həmin dövrdə yazılan tənqidi yazıları, həm də sonrakı dövrlərdə formalaşan ədəbi-tənqidi fikri izləməklə ümumiləşdirmələr aparmış, daha çox diqqəti çəkən qənaətləri, müzakirələri, dövrə aid dövlət qərarlarındakı qarşıya qoyulan tələbləri və vəzifələri müasir tənqidin baxışaçısından qiymətləndirmişdir. Nəsrin tənqid tərəfindən bütöv şəkildə qiymətləndirilməsi alimin nəzərindən qaçmamış, odur ki, monoqrafiyasında bu cəhəti əsas tutaraq sistemli elmi araşdırma apar­mışdır. Hər zaman kəsiyinin öz ədəbi yüksəlişi olur. 60-70-ci illərdə nəsrin inkişafına xidmət edən bir ədəbiyyat “ordusu” var idi. Nəsrin mərhələ xüsusiy­yətlərini nəzəri baxışlar sistemində göz önünə gətirən müəllif bu dövrdə təh­kiyənin yığcamlığını, şəxsiyyət amilinin keyfiyyətcə yüksəlməsini şərtləndirən səciyyəvi xüsusiyyətləri, həyatın problemlərinin daha dolğun şəkildə əks olunma imkanlarını çağdaş milli ədəbiyyatımızın nailiyyətləri fonunda araşdırmış, fun­damental bir monoqrafiya ərsəyə gətirmişdir.

Zamanından asılı olmayaraq tənqid diqqət çəkən yeni yaraıcılıq key­fiy­yətlərini izləyir və ədəbi prosesin estetik səviyyəsinin zənginləşməsi üçün düz­gün qənaətlər ortaya qoyur. Keyfiyyət dəyişiminə ictimai-siyasi münasibətlər də öz təsirini göstərir. Dövrün mərhələ xüsusiyyətlərini araşdırarkən ictimai-sosial amilləri görməməzlikdən gəlmək olmaz. Araşdırmada bütün məziyyətlər-zid­diyyətlər, qüsurlar və keyfiyyət yüksəlişi də tənqidin yaratdığı təəsürat əsasında və müəliifinşəxsi nöqteyi-nəzərindən izlənilmişdir. Yeni nəslin yaradıcılıq axtarışları, zövq və düşüncə bədii ənənələrə söykənsə də, özünəməxsusluğu ilə seçilir. İlkin bədii nümunələrdə olmasa da, sonralar həyatın hər sahəsi yara­dı­cılığa inteqrasiya etdi, tənqid üçün hərtərəfli, analitik təhlil etməyə şərait yaran­dı. Bu yunansları diqqətdən qaçırmayan T.Rəhimli konseptual şəkildə məntiqi qənaətlər irəli sürmüş, sosial həqiqətlərin bədii təsdiqini təcrübəli qələm sahibi kimi dəyərləndirməyi bacarmışdır. Diqqəti bütöv şəkildə nəsrin yaradıcılıq problemlərinə yönəldən T.Rəhimli özünü təsdiqləmiş tənqidçi alimlərin fikirlə­rindən gətirdiyi sitatlarla düzgün mövqedə olduğu qənaətinin formalaşmasına nail olmuşdur.

60-70-ci illərdə tarixi mövzular ədəbiyyatın bədii dərk süzgəcindən ke­çərək özünü qəbul etdirən güclü ədəbi nümunələrlə diqqəti çəkdi. İ.Şıxlının “Dəli Kür”, İsa Muğannanın “Məhşər” və s. romanlarda bir növ Sovet rejiminin ədəbiyyat qarşısında qoyduğu tələblərə əməl etməmək, biganə yanaşmaq kimi bir yazıçı mövqeyi var. T.Rəhimli bu standartların qırıldığı nöqtələri tənqidi yanaşmalarla düzgün dəyərləndirmiş, dövrün ədəbi spesifikasını dürüst şəkildə təhlil etməyə çalışmışdır.

Mehdi Hüseynin yüksək qiymət verdiyi “Dəli Kür”ün Cahandar ağası zaman-zaman ikili qiymətləndirilmələrin mancanğında qalmışdı. M.Hüseyn bu obrazı “uğurlu bədii tapıntı” kimi qiymətləndirir, bəzi tənqidçilər isə onda “qə­zəb oyadan hərəkətlər”in çox olduğunu qeyd edirdi. T.Rəhimli tipoloji təhlillər aparır, axırda öz fikirlərini “tənqid ədəbiyyatıımızın monumentel surətləri sıra­sında özünəməxsus yeri olan Cahandar ağaya rəğbətini çox gec və çətin izhar etdi” şəklində yekunlaşdırır.

Müəllifin İlyas Əfəndiyev yaradıcılığının bədii strukturuna nəzər yetirən ədəbi tənqidin fikirlərini sistemləşdirməsi maraqlı məqamlardandır. Xüsusən “Sarıköynəklə Valehin nağılı” romanının bədii quruluşunun qiymətləndirilməsi, əsərdə fikir və hisslərin təsvirinə verilən müsbət rəylər, romanın təkplanlı təh­kiyə formasında yazılması, lirik-emosional təsirinin üstünlük təşkil etməsi, ya­zıçının dastan deyim tərzinə müraciəti və s. məsələlərə müəllif tərəfindən elmi münasibət bildirilir. Tənqidçi lirik-romantik üslubun yazçıya normal imkan yaratması fikrini təsdiqləyir. Bu fikir müəllifin bədii yaradıcılıqla məşğul olma­sının təsiri kimi də qiymətləndirilə bilər. Çünki üslub rəngarəngliyini yaradıcılıq üçün faydalı yol hesab edir.

Monoqrafiyada dövrün nəsrində çox diqqət çəkən psixoloji təsvirlə, psixo­logizmin yeni çalarları ilə bağlı təhlillər mövcuddur. Qəhrəmanın özü, düşün­cələri, hadisələrlə əlaqəli düşüncələr və təsir dairəsi tənqidin gözü ilə analiz edilmiş, obyektiv səbəblər araşdırılmışdır. Xüsusən İ.Hüseynovun nəsr əsərlə­rinin qəhrəmanlarının mənəvi dünyası hadisələrin inkişafı prosesində izlənilərək münasibət bildirilir. T.Rəhimlinin müxtəlif yazıçıların əsərlərindəki lirik-psixoloji məqamlarla bağlı fikirləri də maraqlıdır. Əsərdə 60-70- ci illər nəsrinin obrazlar sisteminin rəng simvolları ilə sintez şəklində inkişafının izlənməsi, rənglərin qəhrəmanın xarakteri, baş verən hadisələrin yeri, obrazların arzu və istəkləri ilə əlaqələndirilməsi, simvollardan yerli-yerində istifadə olunması və s. məsələlər də diqqətlə izlənilmiş və yazıçının üslub imkanları kimi səciyyələn­dirilmişdir. T.Rəhimli göstərmişdir ki, həmin dövr nəzəri təhlillərin mərkəzində simvoldan uğurlu istifadə diqqət çəkən yunanslardandır. Monoqrafiyada 60-70-ci illər nəsirinin dili, dil-üslub xüsusiyyətləri barədə yazılan tənqidi yazılar və tənqidçilərin fikirləri ciddi elmi örnəklər kimi qəbul edilir və dəyərləndirilir. Həyatdakı yeniliklər, insana münasibət və onun bədii ədəbiyyata yansıması, prob­lemin müxtəlif növ və janrlarda bədii təcəssümü, sənət nailiyyətləri, sosial-siyasi ziddiyyətlərin tənqidə təsiri, məhdudlaşdırmalar, uğurlar və s. barədə tən­qid və ədəbiyyatşünaslığın fikirləriT. Rəhimli qələmi ilə tamamilə yeni baxışa­çısından tənqid süzgəcindən keçirilmişdir. Eyni zamanda insan mənəviyyatıını önə çəkən müasir ədəbi-tənqidi fikir dəstəklənmiş və vacib missiya hesab edilmişdir. Müasir insan, dünya insanı obrazının Azərbaycan nəsrinin proble­minə çevrilməsi, Azərbaycan ədəbi-tənqidinin dünya ədəbi-nəzəri fikri ilə uzlaş­ması və s. müəllif tərəfindən arzu olunan reallıqlardandır.

Monoqrafiyada 60-70-ci illər nəsri üçün aktual olan bu tənqidin süzgə­cindən keçən bütün yaradıcılıq problemlərinə münasibət bildirilmişdir.

Tənqid tarixinin təkmilləşməsində dissertasiyanın faydası var. Dissertasiya mövcud təcrübi tənqidi materiallar əsasında işləndiyi üçün 60-70-ci illərin ədəb-mədəni gerçəkliyini özündə tam şəkildə əks etdirmişdir

ƏDƏBİYYAT


  1. Təranə Turan Rəhimli. Azərbaycan nəsri və tənqid. Bakı, 2017

  2. Qarayev Y. Meyar-şəxsiyyətdir. Bakı, 1989.

  3. Qarayev Y. Tənqid: problemlər, portretlər. Bakı, 1976.

  4. Elçin. Tənqid və ədəbiyyatımızın problemləri. Bakı, 1981

  5. Salamoğlu T. Tarixi və çağdaş ədəbi prosesə dair araşdırmalar. Bakı, 2009


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər

Elmi-ədəbi toplu, 2016/2 (49)

Bakı, “Elm və təhsil”, 2016.




Nəşriyyat direktoru:

Nadir Məmmədli


Korrektoru:

Günel Ələkbərli


Kompüterdə yazdı:

Ləman Qafarova

Kompüter tərtibçisi:

Aygün Balayeva

Kağız formatı: 60X84 1/8

Mətbəə kağızı: №1

Həcmi: 134 səh.

Tirajı: 300

AMEA Folklor İnstitutunun Redaksiya-nəşr bölməsinin

Kompüter Mərkəzində yığılmış, səhi­fə­lən­miş,

“Elm və təhsil” NPM-də ofset üsulu ilə



hazır diopozitivlərdən çap edilmişdir.




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin