Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan şİfahi xalq əDƏBİyyatina daiR



Yüklə 0,98 Mb.
səhifə4/9
tarix27.12.2017
ölçüsü0,98 Mb.
#36092
1   2   3   4   5   6   7   8   9

ƏDƏBİYYAT

1. Kitabi-Dədə Qorqud / Tərtib edən H.Araslı. Bakı: Gənclik, 1977, 184 s.

2. Kitabi-Dədəm Qorqud (əla lisane-taifeyi-Oğuzan) / Tərtib edən Ş.Cəmşidov. Bakı: 1995, 174 s.

3. Kitabi-Dədə Qorqud / Müqəddimə, tərtib və transkripsiya F.Zeynalov və S.Əlizadənindir. Bakı: Yazıçı, 1988, 265 s.

4. Kitabi-Dədə Qorqud Ensiklopediyası. İki cilddə. I c. Bakı: Yeni Nəşrlər Evi, 2000, 624 s.

5. Gökyay O.Ş. Dedem Korkutun Kitabı. İstanbul: 2000, 3589 s.

6. Ergin M. Dede Korkut Kitabı. Ankara: 1958, 251 s.

7. Hacıyev A. “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı: Elm, 2007, 215 s.

8. Ərəb və fars sözləri lüğəti. Tərtibçilər: Zərinəzadə H.H, Abdullayev B.T. Azərbaycan Elmlər Akademiyası Nəşriyyatı, Bakı: 1966, 1036 s.

9. Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə. IX cild. Bakı: 1986, 624 s.

10. Adilov M. Niyə belə deyirik? Bakı: Azərnəşr, 1982, 238 s.

11. Агаджанов С.Г. Государство сельджукидов и Средняя Азия в XI-XII в.в., Москва: Наука 1991, 241c.

12. Rəşidəddin F. Oğuznamə / Fars dilindən tərcümə, ön söz və şərhlərin müəllifi R.M.Şükürova. Bakı: Azərbaycan Dövlət NPB, 1992, 72 s.

13. Rəşidəddin. Oğuznamə / Anadolu türkcəsindən Azərbaycan dilinə çe­virən, ön söz və göstəricilərin müəllifi və biblioqrafiyanın tərtibçisi İ.M.Os­manlı. Bakı: Azərbaycan Milli Ensiklopediyası NPB, 2003, 108 s.

14. Əbülqazi Bahadır xan. Şəcərei-Tərakimə (Türkmənlərin soy kitabı) / Rus dilindən tərcümə edən, ön söz və göstəricilərin müəllifi və biblioqrafiyanın tər­tibçisi İ.M.Osmanlı. Bakı: Azərbaycan Milli Ensiklopediyası NPB, 2002, 146 s.

15. Kitabi Dədə Qorqud Ensiklopediyası. İki cilddə. II cild. Bakı: Yeni Nəşrlər Evi, 2000, 567 s.

16. Koroğlu X. Oğuz qəhrəmanlıq eposu. Bakı: Yurd, 1999, 244 s.

Fil.ü.f.d. Səkinə QAYBALIYEVA



AMEA Folklor İnstitutu,

aparıcı elmi işçi

sakina051@rambler.ru
İRAQ-TÜRKMAN MƏTBUATINDA FOLKLOR MƏSƏLƏLƏRİ
Sakina Gaybalıyeva

Folklore Problems

in Irak-Turkman Publishing

Abstract: From the beginning of the 20th century the publishing took the main role in the publishing of İrak-Turkman folklore and folklore problems. During that period in the pages of the newspapers and journals both oral literature forms and investigations took main part. The newspapers and journals published among 1950-2005years were in the active list ofthis aim.

Keywords: İrak-Turkman, Folklore, Newspaper, Journal, Publishing, Ata Tarzibashı.
Сакина Кайбалиева

Вопросы фольклора

в Иракско-Тюркманской прессе

Резюме: В издании исследований проведенных в области Иракско-Тюркманского фольклора и фольклористики с начала двадцатого века очень важную рол сыграла пресса, получившая широкий размах. На страницах газет и журналов издаваемых в этот период отведено широкое место образцам устного народного творчества, а также к изучению иссле­дований в этой области. Особое внимание уделили на сбор и издание фольк­лорных образцов в народе, представители интеллигенции 1950-2005 гг., выступившие с этой целью в газетах и журналах.

Ключевые слова: Иракский, тюркман, пресса, фольклор, газета, жур­нал, Ата Терзибашы.
İraq türkmanları xalqın dili, tarixi keçmişi, adət-ənənələri, məişəti, dav­ranış sistemi və s. kimi əsas göstəricilərini özündə əks etdirən zəngin folklora malikdir. XX əsr İraq-türkman folkloru, ədəbiyyatı xalqın arzu və istəklərinin, ictimai-siyasi mübarizələrinin aynası olan mətbuatla çox sıx əlaqədə olmuşdur. Əsrin ilk rübündə demək olar ki, bütün İraq-türkman ədəbiyyatçıları mətbuatla bilavasitə bağlı idilər. Mətbuatın tarixinə qısaca nəzər saldıqda isə bu sahənin nə qədər zəngin olması ilə yanaşı, həm də çox keşməkeşli bir yol keçdiyi məlum olur.

Bəzi Avropa (Stephan Longrigg Hemsley. Four Centuries of Modern İraq. Oxford, 1925; Davison R.H. Reform in the Ottoman Empire, 1856-1876. Prin­ceton, 1963 və b.) və rus (Fadeyeva İ.L. Midxat Paşa. Jizn i deyatelnost. Mos­kva, 1977; Menteşaşvili A.M. İrak v qodı anqliyskoqo mandata. Moskva, 1969 və b.) tədqiqatçılar İraqda mətbuatın yaranması və inkişafı ilə bağlı maraqlı tədqiqatları ilə seçilirlər. Bu və digər tədqiqatlara əsasən İraqda mətbuatın yaranması və təşəkkül mərhələləri ilə bağlı mühüm məlumatlar əldə edirik.

1869-cu ildə Bağdad valisi Əhməd Midhət paşa tərəfindən Parisdən gətiri­lən vilayət mətbəəsində ilk İraq mətbuat orqanı olan “Əz-Zaura” qəzeti nəşr olunurdu. Qəzetin redaktoru Əhməd Midhət idi. Türkcə və ərəbcə yayımlanan “Zaura” qəzetinin ilk sayısı 15 iyun 1869-cu ildə nəşr edilmişdir.

Bağdadda nəşr olunan “Zuhur”, “Beynən-nəhreyn”, Mosulda “Çənəbaz”, Bəsrədə “İkaz” və “Təhzib” kimi qəzetləri xüsusilə qeyd etmək lazımdır.

XX əsr İraq-türkman mətbuatının tarixində daha uğurlu fəaliyyətlə yadda qalır. XX əsrin ortalarında öz inkişafının yüksək mərhələsinə qədəm qoyan mətbuat aktuallığı ilə diqqəti cəlb edir. Bir çox mətbu orqanların fəaliyyətini izləyərək biz İraqda yaşayan, sayı 4 milyona yaxın olan soydaşlarımızın tarixini, mədəniyyətini, ictimai-ədəbi həyatını, dilini, təfəkkür tərzini və düşüncə sis­temini, şifahi xalq yaradıcılığını, adət-ənənələrini və həyatının digər sahələrini əhatə edən zəngin informasiya alırıq, onların həyat tərzi haqqında düzgün təsəvvür əldə edirik.1911-ci ildə nəşrə başlayan “Havadis” qəzeti, 1913-cü ildən Kərkükdə nəşrə başlayan “Maarif’ dərgisi (sonradan “Kaukəbe-maaril” adı ilə nəşr olunmuşdur), 1926-cı ildən “Kərkük” qəzeti (“Kərkük” qəzeti Respublika dövründə (1958-2003) 25 iyun 1959-15 sentyabr 1960-cı illər arasında “Gavur­bağı” adı ilə nəşr olunmuşdur), 1935-ci ildə yayımlanan “İləri”, 1954 (8 may) – 1959-cu illər (27 mart) arasında yayımlanan “Afaq” (1, 111), 1958-ci ilin 23 sentyabrından yayıma başlayan “Bəşir” (1959-cu ildə 26-cı sayından sonra nəşri dayandırılmışdır), “İraq” (21 may 1966-29 sentyabr 1966) və s. qəzetlər, həmçinin 1960-cı il mayın 1-dən nəşrə başlayan “Qardaşlıq” dərgisi, ərəbcə nəşr olunan “ət-Turas əş-Şəab” (1963-1966) və s. dərgilər İraq- türkman folkloru, folklorşünaslığı ilə yanaşı, ədəbiyyatı, dili, tarixi və s. sahələrin tədqiqinə aid yazılara geniş yer vermişdir. Bu qəzet və dərgilər, əsasən iki dildə – türkcə və ərəbcə yayımlanmışdır. İraq-türkman tədqiqatçısı İbrahim Daquqlu İraqda Birinci Dünya müharibəsindən öncə və müharibə sırasında yayımlanan ədəbi, siyasi, satirik və mizahi qəzetlərin sayının 69-u keçdiyini göstərir. Tədqiqatçı yazır ki, I Dünya müharibəsi ilə 1933-cü illər arasında yayımlanan siyasi qəzetlərin sayı 61-i keçmişdir. I Dünya müharibəsindən sonra yayımlanan ədəbi qəzetlərin sayı 86 olmuşdur. İraqda Midhət Paşa dövrü ilə 1933-cü ilin sonları arasında yayımlanmış ədəbi-siyasi dərgi və qəzetlərin sayı 309-u keçmişdir. 1933-1958-ci illər arasında 413 sayda qəzet və dərgi yayımlanmışdır (2, 77-78).

İraqda nəşr olunan bütün türkdilli mətbuat orqanları öz qarşısına əsasən bir qayə, bir məqsəd qoymuşdu: zəngin milli irsə, şifahi xalq yaradıcılığına malik olan bir xalqın çoxjanrlı folklor nümunələrini toplamaq, nəşr etmək və onun tədqiqinə geniş imkanlar açmaq. İraq-türkman mətbuatında həm folklor, həm də folklorşünaslıqla bağlı məqalələrə geniş yer verən fədakar ziyalıların milli təfəkküründə elmi cəhətlə yanaşı ciddi siyasi-ictimai, psixoloji-mənəvi amillər də mühüm rol oynamışdır. Bu, bir tərəfdən xalqın kamil və zəngin yaradıcılığı ilə bağlıdırsa, digər tərəfdən millətin soy-kökü, tarixi yaddaşı, ənənələri ilə bağlı məqamları daha canlı şəkildə yaşatmaqla əlaqədardır.

İraq türkmanlarının istər şifahi, istərsə də yazılı ədəbiyyatının ən arxaik və geniş yayılmış janrlarından biri olan xoyratlar bir çox tədqiqatçının diqqətini cəlb etmiş, xüsusilə xoyratların toplanması, nəşri və qismən də tədqiqi sahəsində xeyli iş görülmüş, bu nümunələrdən ibarət məcmuələr nəşr olunmuşdur. İlk belə xoyrat məcmuəsini 1268-ci hicri ilində (m.1848-ci il) kərküklü şair Seyid Urfi çap etdirmişdir. Mətbuatda isə xoyratlar haqqında ilk məlumat verən yayım orqanı “Kərkük” qəzeti idi. 1927-ci ildən qəzet öz səhifələrində xoyrat haqqında geniş məqalələrə yer vermişdir. Bu mövzu 1954-cü il may ayının 8-dən nəşrə başlayan “Afaq” qəzetinin səhifələrində davam etdirilmişdir. Mətbuat səhifə­lərində xoyratların nəşri və tədqiqi ilə bağlı ilk məqalələr İraq-türkman ədəbiy­yatı və mədəniyyəti tarixində yorulmadan çalışmış, bütün ömrünü bir xalqın milli kimliyinin təşəkkülündə mühüm rol oynayan dil, folklor, ədəbiyyat, mət­buat kimi vacib sahələrin öyrənilməsinə və inkişafına həsr etmiş böyük ziyalı Əta Tərzibaşının (1924-2016) qələminin məhsuludur. Tədqiqatçı idarə heyətində birbaşa fəaliyyət göstərdiyi “Afaq”, “Bəşir” qəzetlərində, eləcə də “Qardaşlıq” dərgisində, sonradan isə ərəbcə nəşr olunan “Turas əş-şəab” (Milli irs) dər­gisində İraq türkmanlarının zəngin folklor irsinin toplanması, nəşri və tədqiqi kimi vacib bir işi yorulmadan davam etdirmişdir.

Mətbuat səhifələrində folklorun toplanması, nəşri və tədqiqi məsələlərinin geniş işıqlandırılmasını bir zərurət halına gətirərək öz həmkarlarının da diqqətini bu istiqamətə yönəldən ilk təşəbbüskar və vətənpərvər şəxsiyyət Əta Tərzibaşı olmuşdur. O, bu sahədəki yorulmaz fəaliyyətini dördüncü sayından on birinci sayınadək mühərriri olduğu “Afaq” qəzeti, sonra idarə etdiyi “Bəşir” qəzeti, fəal müəlliflərindən biri sayılan “Qardaşlıq” dərgisi, həmçinin maraqlı məqalələrlə çıxış etdiyi “Kərkük”, “İraq” qəzetləri və “ət-Turas-əş-Şəabi” dərgisinin səhifə­lərində uğurla davam etdirmişdir.Əta Tərzibaşı “Afaq” qəzetində ilk folklor nümunələri, atalar sözləri, el məsəlləri, digər şifahi xalq yaradıcılığı nümunələri nəşr edərkən buna ağız büzüb “bunların ədəbiyyatla heç bir əlaqəsini görmə­yənlərə” tutarlı cavab kimi “Xalq bilgisi” adlı məqalə ilə çıxış edərək folklorun bir termin kimi mahiyyətini, əhəmiyyətini şərh etmiş, folklorun bir xalqın tarixi keçmişinin, dilinin, adət-ənənələrinin öyrənilməsində əsas açar rolunu qeyd etmiş, zəngin qaynaq olduğunu vurğulamışdır (3, 6).

Əta Tərzibaşı xoyratın yaranması, inkişafı istiqamətində mətbu orqanlarda bir sıra məqalələr çap etdirmişdir. “Qardaşlıq” dərgisində “Qoryatın yaranması və inkişafı” adlı ərəbcə yazdığı məqaləsində xoyratın İraqda yaran­dığını, həm­çinin yayılma arealını göstərməyə çalışmışdır: “Bu gözəl xalq sənəti keçmiş dövrlərdə İraqın türkman bölgələrində yaranmış, ədəbi və musiqi (ifa üsulu) baxımından Ağqoyunlu və Qaraqoyunlu kimi İraqda Osmanlı hakimiyyə­tin­dən qabaq qurulmuş türkman dövlətləri, Səlcuq dövləti zamanında inkişaf etmişdir. O, Osmanlı dövründə təkmilləşərək indiki formasını almışdır. Xoyratın kökləri İraqdan Türkiyə və İranın şimalı, xüsusilə əhalisi türkman olan Təbriz və Ru­siya­nın türkman bölgələrinə, əhalisinin əksəriy­yəti türkman olub azəri və ya azərbay­can­lı adlanan Azərbaycana yayılmış­dır. Xoy­rat bu ölkələrdə İraqda olduğu kimi inkişaf etməmişdir” (4, 8). Müəllif bu məqaləsində qoryat (xoryad) sözünün şəkil etiba­rilə türklər arasında qədimdən mövcud olduğunu, xoryad olaraq “Kitabi-Dədə Qorqud”da, Süheyl Nevbahar kitabında və Aşıq Paşaza­dənin tarixində zikr olun­duğunu, qoryatın geniş yayılmış şeir rübailərindən yarandığını, tarixinin isə XIV əsrin əvvəlləri və ya XIII əsrin axırlarına təsadüf olunduğunun güman edildi­yini qeyd edir. Tədqiqatçı XV əsrdə Abdal, Xəlil Əhməd, Qaraqoyunlu hökmdarı Cahan şah Qara Yusifin, XVI əsrdə isə Şah İsmayıl Xətainin xoyratlar yazdığını qeyd edir. Bu məqaləsində Ə.Tərzibaşı həmçinin xoyratın musiqi sənəti ilə bağlılığına, ifa üsullarına toxunmuş, bunları İraq muğamları ilə müqayisə etmişdir. Tədqiqatçı bu ifa üsullarının hər birini bir növ muğam pərdəsi və ya müstəqil muğam adlandırmış və 24 adda belə üsulun olduğunu göstərmişdir (4,7). 1953-cü ildə çap etdirdiyi bir məqaləsində A.Tər­zibaşı bu muğamların 30-a qədər növünün olduğunu qeyd etsə də, “Kərkük xoyratları və maniləri” əsərində tədqiqatçı təxminən 20 belə muğam növündən bəhs etmişdir: Müxalif, Kəsük, Yetimi, Dəli Həsən, Ömər gələ, Malallah, Mə­məli, Matarı, Bayat, Kürdü, Qarabağlı, Məmməd İskəndər, Zalım, Nalan, Dər­bənd aları, Yar və s.(5, 23-24).

Ümumiyyətlə, çox qədim və zəngin bir tarixə malik olan, İraq türkman­larının milli kimlik səviyyəsinə qaldıraraq böyük önəm verdikləri xoyrat, bu janrın İraq-türkman folklorunda və ədəbiyyatında geniş yayılmış bir janr kimi yeri, əhəmiyyəti, yaranma tarixi və səbəbləri, məzmun və forma xüssiyyətləri, Kərkükə xas muğam növləri arasında özünəməxsus ifa üsulları və s. kimi aktual cəhətlərinin dolğun şəkildə işıqlandırıması zərurətini gözəl bilən Əta Tərzibaşı İraq-türkman folklorşünaslığında yaranmış bu boşluğun yalnız ayrı-ayrı məqa­lələlərlə doldurula bilməyəcəyi gerçəkliyini başa düşərək “Kərkük xoyratları və maniləri” adlı üç cildlik monoqrafiyasını çap etdirmişdir. Əsərin birinci cildi yalnız xoyratın tədqiqinə həsr olunmuşdur. Bildiyimiz kimi, İraq türkmanları arasında bu janr müxtəlif hərf dəyişmələri ilə müşahidə olunur: “xoyrat”, “xoryat”, “qoyrat”, “qoryat”. Əta Tərzibaşı “xoyrat” kəliməsini qəbul edərək xalq arasında bu formanın daha çox yayıldığını qeyd etmişdir: “Kərkükdə xalq dilində qullanışı ən fazla şayi olan “xoyrat” və “qoyrat”dır. Bununla bərabər bəzilərinin “qoyrat” və pək azlarının da “xoyrat” dedikləri vardır. Biz kitabda bu təbirlərdən xalq arasında ən fazla tutulan və araşdırmalarımız nəticəsində də doğru bulduğumuz “xoyrat” sözünü qullanmayı uyğun gördük”. Xoyratın etimologiyası ilə bağlı müxtəlif fikirlər söylənmiş, bu ifadə müxtəlif şəkillərdə mənalandırılmışdır. A.Tərzibaşı öz monoqrafiyasında xoyratın “quru yad”, yəni acı xatirənin məhsulu olduğunu və ya Kərkükün Qələ hissəsində çox qədim məhəllələrdən bir olan “Qorya” məhəlləsi ilə əlaqəli yarandığını qeyd etmiş, “xorı” (qaba, kobud, sərsəm) kəliməsi ilə bağlı olduğunu qəbul etməmişdir: “İləri sürülən bu mütaliə görüşü də heç bir əsasa dayanmayan pək ibtidai bir rəvayətdir. Xoyrat bir millətin xoruları tərəfindən söylənən saçma sözlər olma­yıb, o millətin ancaq parlaq güzgüsüdür ki, könül­lər­dən fışqıran içli duyğuları bin bir sədaqətlə əks etdirir”. Bu monoqrafiyasında A.Tərzi­ba­şı xoyratlarla bağlı qəti qənaətini bildirmişdir: “Bizə qalırsa xoyrat ləfzi nəhayət başqa türkcə qeyri müştaq sözlər gibi dilin bir ehtiyacı olaraq doğmuş bir ləfzdir, hər halda həmasət və sərtlik mənalarını da andıran bir ifadə vasitəsi olaraq bəlirmişdir”. Tədqiqatçı həmin əsərində xoyratla bağlı digər qənaətlərini də irəli sürmüş, İraqda xoyratın yalnız Kərkük və yaxınlığındakı Təzəxurmatu bölgəsinə aid olduğunu, şimalda Ərbil və Təzəxurmatunun cənubunda xoyratın yayılma­dı­ğını, “doğuş və gəliş­məsi, ləhcə və şivəsi və daha bir çox baxımdan başqa ölkələrin xoyrat və mə­nilərindən ayrılmaqda” olduğunu qeyd etmişdir. Bununla belə, əsərinin digər bir yerində tədqiqatçı yazır: “Bizim xoyrat və mənilərlə ilgisi ən yaqın olanı muhaqqaq ki, azəri olanlarıdır” (5, 59). Həmçinin xoyratın yaranma tarixindən danışan müəllif: “Xoyrat və mənilərin əskiliyi pək bilinmə­mək­lə bərabər kökü­nün İraqda türk ədəbiyyatının başlanğıcına dayandığını düşünmək mümkündür” (5, 18) fikrini irəli sürmüşdür.

Xoyratlar İraq türkmanlarının həyat hadisələrinin, xalqın yaşayış şəraiti­nin, arzu və istəklərinin, məşəqqətli həyatının, iztirablarının, sevinc və kədərinin təsiri ilə yaranmış və bir xəzinə kimi zənginləşdirilmişdir.Bəzi xoyratların məz­munu bizə xalqın tarixində çox mühüm rolu olan hadisələrdən bəhs edir, müəy­yən tarixi faktları bəyan edir. Görkəmli tədqiqatçı Ə.Tərzibaşı bu barədə “Kər­kük xoyrat və maniləri” adlı ayrıca monoqrafiyasında geniş bəhs etmişdir (5, 25).

Bununla belə, xoyratın İraqda yalnız Kərkükdə yox, türkmanların yaşadığı digər bölgələrdə də yayıldığı məlumdur. “Bəşir” qəzetinin səhifələrində Ərbildən toplanmış belə xoyrat nümunələri nəşr edilmişdir:


Qala yeri,

Top yeri, qala yeri.

Xudam, necə rəvadır?

Yar köçə, qala yeri (6, 10).


Folklor məsələlərinə həsr etdiyi məqalələri ilə tanınmış, “Yeni İraq” (1961-1963) və “ət-Turas əş-Şəabi” (1963-1966) dərgilərinin baş mühərriri olmuş İbrahim Daquqlu da mətbuatda xoyratın tədqiqinə aid bir çox yazıların müəllifi kimi çıxış etmiş, maraqlı mülahizələr ortaya qoymuşdur. Tədqiqatçının “Türkman xalq mahnılarında xoyrat” (7, 29), “Qoryat” (8, 35) və ərəbcə yazdığı “Türkman xalq ədəbiyyatında qoryat” (9, 25) adlı məqalələri bu qəbildəndir.

“Qardaşlıq” dərgisinin 1961-ci il may-dekabr sayılarının səhifələrində İraq-türkman mətbuatında tanınmış başqa bir tədqiqatçının folklor məsələləri ilə bağlı yazılarına rast gəlmək mümkündür. Şakir Sabir Zabit imzası ilə tanınan bu tədqiqatçının “Əskidən pərrələr – Kərkükün əski toyları” adı silsilə yazıları böyük maraq doğurur. Bu yazılarda qız istənməsi, nişanlamaq, yol aparmaq, xınalıq, kəbin kəsmək, qız və oğlan evində toy və ziyafət, qızın tərifi, kürəkənin geyimi, gəlinin bəzəyi və geyimi, “şəddədə-cihazı (cehizi) köçürmək”, gəlin aparmaq, gəlini qısraqla, təxtərəvan ilə aparmaq, kürəkən əlinə vermək, toydan sonra ayaq açma kimi adət və mərasimlərdən bəhs olunur. Tədqiqatçının son­ralar, həmçinin qədim geyimlərə həsr olunmuş xoyratlar haqqında da məqaləsi nəşr olunmuşdur.

Onu da qeyd etmək yerinə düşər ki, Şakir Sabir 1963-cü ildən 1966-cı ilədək Bağdadda ərəbcə nəşr olunmuş folklor məsələlərinə həsr olunmuş aylıq “ət-Turas əş-Şəabi” dərgisinin, eləcə də 1966-cı ilin 21 may-29 sentyabr tarixləri arasında türkcə-ərəbcə nəşr olunmuş həftəlik “İraq” qəzetinin imtiyaz sahibi idi.

Eləcə də “ət-Turas əş-Şəab” dərgisinin 1964-cü il mart sayında toy və evlilik mövzusu ilə bağlı “kilidləmə” adətinə həsr olunmuş bir məqalə də diqqəti cəlb edir. Məqalə müəllifi R.F. Hindi Kərkükdə yaşayan xristian türkmanlara məxsus bu adətdən bəhs edir və bunun xristianlar arasında boşanmanın mümkün olmadığı şəraitdə sehrə inanmadan irəli gəldiyini göstərir. Müəllif qeyd edir ki, evlilik mərasimində İncilin oxunması dini etiqada görə sehrin təsirini məhv edir.

“Qardaşlıq” dərgisində, həmçinin İraq türkmanları arasında zahı qadınlara müsəllət olan “Al nənəsi”nə həsr olunmuş məqalə də diqqəti cəlb edir (10, s. 42). Bundan başqa, tədqiqata cəlb etdiyimiz qəzet və dərgilərdə bir sıra inanclar da toplanıb nəşr olunmuş, bu inancların mənşəyi, yaranma səbəblərinin şərhinə səy göstərilmişdir. (10, 12).

Qeyd etdiyimiz mətbu orqanların səhifələrində xalqın gündəlik həyatında işlənən, onun nəcib hisslərini, xeyirxahlığını, hər bir kəsə qarşı insanpərvərlik duy­ğularını ifadə edən dualar da geniş yer tutur. Şair Fələkoğlu Tələfər qəza­sın­da topladığı bu qəbildən bir çox duaları “Qardaşlıq” dərgisində dərc etdirmişdir. Bu dualar insanları humanizmə, bir-birinə dəstək olmağa çağırır, eyni zamanda onların şər işlərdən uzaqlaşıb xeyir işlərə doğru yönəlməsi məqsədini daşıyır. Onu da xüsusilə qeyd etmək yerinə düşərdi ki, folklorun bu arxaik janr nümu­nələri bədii ifadə vasitələrinin diqqəti cəlb etməsi ilə yanaşı, həm də dil və ləhcə xü­susiyyətlərinin öyrənilməsi istiqamətində də böyük əhəmiyyət daşıyır (11, 30).

1970-ci ilin yanvarın 24-də İraq türkmanlarına müəyyən mədəni haqlar verilmişdir. Bu zaman ana dilində iki mətbu orqan «Yurd» qəzeti və «Birlik səsi» dərgisi fəaliyyətə başlamışdı, Türkman Yazıçılar Birliyi qurulmuşdu, radio ve televiziyada türkmanca proqramlar yayınlanmağa başlamışdı. Bu istiqamətdə Türkman uşaqlarının ana dilində təhsil alması kimi çox önəmli bir məsələ yenə də kağız üzərində qalaraq öz həllini tapmamışdı. Buna etiraz səsini ucaldan bir çox tələbə və ziyalılar ağır şəkildə cəzalandırıldı. Türkmanların əlifba və yazı ilə bağlı çətinliklərinə də bir aydınlıq gətirilmədi. Onlar latın qrafikalı əlifbanın tətbiq edilməsini istəsələr də, ərəb əlifbası öncə olduğu kimi saxlandı. Öncələr həftəlik, sonra 15 gündə bir, daha sonralar ayda bir çıxan “Yurd” qəzeti 2003-cü ildə Səddam rejimi devrildikdən sonra nəşrini tamamilə dayandırmışdır. Ümu­miyyətlə, “Yurd” qəzeti nəşr işinin çox çətin olduğu İraqda, xüsusilə türkmanlar arasında istər xalq ədəbi ürünlərinin, istərsə də yazılı ədəbiyyatın işıqlandırıl­ması üçün bir qaynaq rolunu oynamışdır. Həm gənc nəslin formalaşmasında, həm də zəngin ədəbi və elmi əsərlərin təqdim edilməsində çiyninə çox ağır yük götürmüş bu qəzet milli-mədəni dirçəliş yolunda əsas dayaqlardan olmuşdur- desək, fıkrimizcə doğru olar.

İraqdakı türkdilli mətbuatda folklor, folklorşünaslıq və s. məsələləri öy­rənmək ədəbi-mədəni əlaqələrin bu günü ilə yanaşı, həmin əlaqələrin tarixi kök­lərini araşdırıb üzə çıxarmağa və müasir əhəmiyyətinin zəruriliyini açıqla­mağa imkan verir.

İraq-türkman ədəbiyyatı və folklorunun yorulmaz tədqiqatçısı Əbdüllətif Bəndəroğlu başda olmaqla fədakar kollektivin səyləri nəticəsimlə otuz ildən artıq bir dövr ərzində nəşr olunan “Yurd” qəzeti (1970-2003) həmin illərdə xalqa zəngin elmi-ədəbi-mədəni xəzinə bəxş etmişdir.

Heç də qısa olmayan bu müddət ərzində qəzetdə bədii ədəbiyyat, ədəbiy­yatşünaslıq, folklor, folklorşünaslıq, publisistik materiallar, eləcə də təkcə Azər­baycan deyil, ümumiyyətlə bütün türk dünyası ilə bağlı olan mövzular, araş­dırmalar, məktublaşmalar, biblioqrafik icmallar və geniş oxucu kütləsinin hə­mişə nəzər-diqqətində olan digər aktual məsələlər yer alırdı.

“Yurd” qəzeti İraq-türkman folkloru və folklorşünaslığının tədqiqi tari­xində keşməkeşli fəaliyyət dövrü yaşamışdır. İraqda yaşayan Azərbaycan dilli xalqın uzun müddət öz milli varlığını qoruyub saxlayan yeganə mətbu orqan kimi qəzet, əsasən xalq yaradıcılığı örnəklərinin işıqlandırılmasına xidmət et­miş­dir. Xüsusilə folklor materiallarının toplanması və nəşri, həmçinin nəzəri məsələlərinin araşdırılmasına yer verən qəzet İraq-türkman folklorunun öyrənil­məsi baxımından böyük əhəmiyyət kəsb edir.

Qəzetin səhifələrində xoyrat-bayatı, atalar sözləri, məsəllər, tapmacalar, lətifələr, xalq havaları, nağıllar, manilər və folklorun digər janr nümunələrinin əhatə olunduğu materiallar, eləcə də həmin folklor janrlarının araşdırılmasına həsr olunmuş irihəcmli məqalələrə geniş yer verilirdi. Ədəbiyyatşünas və folklorşiinas alimlərin yazışmaları, həmin sahələri əhatə edən mövzular üzərində aparılan elmi-tənqidi dəyərləndirmələr, mövzunun müxtəlif aspektlərdə tədqiqi məsələləri qəzet səhifələrində işıqlandırılırdı.

Diqqətə çatdırılmalıdır ki, folklorun janrları arasında İraq türkmanlarının daha çox önəm verdiyi xoyrat-bayatılar və onların tədqiqi məsələləri, həmçinin müasir İraq-türkman şairlərinin öz yaradıcılığında geniş yer verdiyi xoyrat-bayatılardır. Türkman folklorşünasları xoyratı müxtəlif aspektlərdə tədqiq edə­rək xalqın həyatında, adət-ənənəsində ayrıca yeri və rolu olan, çox qədim kökə malik bu xalq ədəbiyyatı örnəyini bütün incəlikləri ilə diqqətə çatdırmağa səy göstərmişlər. Bu baxımdan qəzetdə İraq türkman tədqiqatçılarının ayrı-ayrı dövr­lərdə çap edilmiş monoqrafiya, folklor antologiyaları haqqında geniş icmal­lar yer almışdır. Qəzetin l975-ci il 1 avqust sayında nəşr olunmuş “İraq-türkman folklorunda xoyrat” adlı məqalə xüsusilə diqqəti cəlb edir. Məqalə müəllifi Əli Mərufoğlu xoyratın çoxşaxəli növləri haqqında məlumat verərək onun folklorun çox zəngin bir qolu olduğunu qeyd edir. Müəllif xalq arasından toplanmış bir çox folklor örnəkləri əsasında xoyratın janr xüsusiyyətlərini önə çəkir.

Yuxanda da qeyd etdiyimiz kimi, qəzetin nəşrə başladığı gündən baş yazarı Ə. Bəndəroğlu qəzetin 1981-ci il 14 noyabr tarixli sayında dərc olunan “İraq-türkman folkloruna bir nəzər” adlı məqaləsində qəzetdə xoyrat və xoyratın tədqiqi məsələlərinə geniş yer verilməsini çox maraqlı, eyni zamanda diqqə­təlayiq bir açıqlama ilə izah edir: “Xoyrat İraq türkmanlarının tarixində böyük önəm daşımaqla xalqın tarixi keçmişinin, adət-ənənəsinin bir güzgüsü, xalq yaradıcılığının çox qiymətli açarıdır. Xalqı öz keçmişindən ayırmamaq, gələcək nəsillərə xoyrat havasını, xoyrat həzinliyini duydurmaqdır bizim amalımız”.

Ə. Bəndəroğlunun ən önəmli nailiyyətlərindən biri kimi dəyərləndirilən bu qəzet siyasi təzyiqlər, maddi-texniki imkansızlıq və digər amillərin hökm sür­məsinə baxmayaraq uzun illər (33 il) ərzində İraqda türkmanların varlığını təs­diq edən mətbu orqan olmuşdur. Əgər nəzərə alsaq ki, İraqda uzun illər boyu hökm sürən sosial-iqtisadi qadağalar nəticəsində kitab nəşri, xüsusilə türkman­ların anadilli elmi-ədəbi, mədəni örnəklərinin nəşri problemi mövcud idi, onda “Yurd” qəzetinin xalq üçün, onun elmi və mədəniyyətinin təbliği üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini təsəvvür edə bilərik.

Qəzetdə İraq türkmanlarının folkloru, ədəbiyyatı, tarixi, etnoqrafiyası, coğrafıyası, dili və ümumiyyətlə mədəniyyəti ilə bağlı mötəbər alimlərin qələ­mindən çıxmış yüzlərlə məqalə dərc olunmuşdur. Təkcə Ə. Bəndəroğlu qəzetdə bütün bu sahələri əhatə edən yüzə qədər məqalə ilə çıxış etmişdir. Həmin mə­qalələr elmi yeniliyi və əhəmiyyəti baxımından öz aktuallığını indi də saxlayır.

“Yurd” qəzetinin uğurlarından bəhs edən akademik Həmid Araslı yazırdı: “Xalqın rəğbətini qazanmış bu qəzet türkman gəncliyini, vətənpərvər, həqi­qətsevər, xalqın müqəddəratı ilə bağlı gənclik olaraq tərbiyələndirəcəkdir. İstər­dim ki, qəzetdə nəzəri məsələlər, yəni müasir ədəbiyyatın qarşısında duran əsas vəzifələri izah edən məqalələr daha çox dərc olunsun” (12, 4).

Ə. Bəndəroğlu uzun illər baş yazarı olduğu “Yurd” qəzetində, həmçinin türkman və ərəb dillərində nəşr olunan “Birlik səsi” dərgisində geniş və maraqlı məqalələrlə çıxış edərkən ölkəmizlə bağlı yazıları da diqqətdən kənarda qoyma­mışdır. O, Azərbaycan folklorundan nümunələr, eləcə də Azərbaycan ədəbiy­yatı, onun ayrı-ayrı inkişaf' mərhələləri, ədəbiyyatımızın layiqli təmsilçiləri olan bir çox ədəbi simalar klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Nəsimi, Füzuli və Vaqifin ədəbi irsi ilə bağlı məqalələr dərc etdirmiş, C. Cab­barlı, S. Vurğun, R. Rza, M. Rahim, B. Vahabzadə, A. Tufarqanlı, Aşıq Ələsgər, M.Azaflı və başqalarının yaradıcılığı ilə İraq-türkman oxucularını tanış etmişdir. Qəzetin bir çox saylarında prof. Q. Paşayevin “Altı il Dəclə-Fərat sahillərində” və “İraq-türkman folkloru” kitablarından parçalar verilmişdir.

Azərbaycan ədəbiyyatının, eləcə də folklorunun nəşri, tədqiqitəbliği əsas etibarilə bu qəzetin vahid Azərbaycan-Türk ədəbi-mədəni məkanı yaratmaq ideyaları ilə bağlı olmuş və bu ideya müəyyən dərəcədə reallaşdırılmışdır.

Aparılan müşahidə və müqayisələrdən aydın olur ki, həmin məqalələri “Yurd” qəzeti üçün (həmçinin sonrakı nəşrlər üçün) transliterasiya edənlər Azər­baycan tədqiqat üslubunu, dilini, terminologiyasını mühafizə etməklə, bütün bu elmi ənənələrin İraq-türkman tədqiqatçıları tərəfindən qəbul edilməsinə və be­ləliklə, orada həm ədəbiyyatşünaslığımızın, həm də folklorşünaslığımızın inki­şafına can atmışlar.

“Yurd” qəzeti məlum səbəblərdən 2003-cü ildə öz nəşrini dayandırdıqdan sonra Ə. Bəndəroğlu naşirlik fəaliyyətini eyni adlı dərginin öz hesabına yayımı ilə davam etdirmişdir. 2006-cı ilin aprel ayında “Yurd" dərgisinin ilk sayı buraxılmışdır. Dərginin əlimizdə olan saylarından görürük ki, Ə. Bəndəroğlu gərgin əmək sərf edərək çox qısa müddətdə böyük uğurlara nail ola bilmişdir. Eyni missiyanı – xalqının elmi-ədəbi-mədəni dəyərlərinin qorunması və yaşadıl­ması istiqamətində apardığı fədakar işi davam etdirən Ə.Bəndəroğlu 2007-ci ilin fevralında artıq dərginin X sayını dərc etdirmişdir.

İraq türkmanlarının müxtəlif dövrlərdə nəşr etdirdiyi ana dilli mətbuat orqanları tarixən öz xalqının dilini, şifahi xalq yaradıcılığını, mədəniyyətini, adət-ənənələrini, tarixi keçmişini, milli-mənəvi dəyərlərini tərənnüm etdiyi üçün bir çox çətinliklərlə qarşılaşmışdır. Eyni zamanda xalqın zəngin folklor irsini nəsildən-nəsilə qoruyub çatdıran anadilli mətbuat orqanlarının keçdiyi möhtə­şəm yolu araşdırmaq bu gün daha aktualdır və böyük əhəmiyyət kəsb edir.




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin