Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan şİfahi xalq əDƏBİyyatina daiR



Yüklə 0,98 Mb.
səhifə8/9
tarix27.12.2017
ölçüsü0,98 Mb.
#36092
1   2   3   4   5   6   7   8   9

ƏDƏBİYYAT

  1. Rüstəmova Azadə. Klassik Azərbaycan poeziyasında qəzəl. Bakı, Elm, 1990.

  2. Ramiz Zöhrabzadə. Muğam. Bakı. Azərnəşr. 1991.

  3. Füzuli. Əsərləri. II cild. EA nəşriyyatı. Bakı, 1958.

  4. Bəxtiyar Vahabzadə. «Muğam» (poema). Seçilmiş əsərləri. Bakı, 1975.

  5. Владислав Татаркевич. Античная эстетика. «Исскусство». 1977.

  6. İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Maarif nəşr., Bakı, 1985.

  7. Marağalı Əvhədi. Cami-Cən. Azərnəşr. Bakı, 1170.

  8. Füzuli. Əsərləri. V cild. Elm nəşriyyatı. Bakı, 1985.

  9. S.Ə.Nəbati. Əsərləri. EA nəşriyyatı, Bakı, 1968.

  10. S.Ə.Şirvani. Əsərləri. I cild. EA nəşriyyatı, Bakı, 1967.

  11. Q.B.Zakir. Seçilmiş əsərləri. II cild, Bakı, 1975.

  12. S.Vurğun. seçilmiş əsərləri. II cild, Elm nəşriyyatı, 1995.

  13. Füzuli. Seçilmiş əsərləri. Azərnəşr, 1958.

  14. R.Azadə. Nizami Gəncəvi. Azərnəşr. Bakı, 1974.

Bəxtiyar Vahabzadə. Muğam. (poeması). Bakı, Azərnəşr, 1975.

Əsmər Şakir qızı ƏLİYEVA

AMEA Folklor İnstitutu


AZƏRBAYCAN FOLKLORUNDA ZOOANTROPOMORFİK

ÇEVRİLMƏ FORMULLARI
X Ü L A S Ə

Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələri məna və məzmun, motiv və süjet baxımından qədim və zəngin tarixə malikdir. Folklor mətnlərinin daşıdığı zəngin məna yükünə baxdığımız zaman burada xalqın keçmişini, adət-ənənəsini, inanclarını, ümumiyyətlə, bütün mədəniyyətini aydın şəkildə görə bilirik. Azərbaycan folklor nümunələrində geniş şəkildə istifadə edilib, özündə zəngin məlumat əks elətdirən motivlərdən biri çevrilmə motividir. Çevrilmə hər dövrdə, hər bir xalqın folklorunda mövcud olmuş və bizə onların inancları, mədəniyyəti, düşüncəsi haqqında müəyyən bir fikir söyləməyə kömək edir. Heyvana və ya bitkiyə tapınma nəticəsində qədimə əcdadlarımızın təfəkküründə formalaşmış zoomorfik görüş­lər folklor mətnlərinə daxil olaraq ona predmet, funksiya, motivləşmə, obrazlaşma, simvol­laşma və s. xüsusiyyətlər verir. Totemist və animist görüşlərlə bağlı olan çevrilmələr Azərbaycan folklorunun, əsasən, ilkin formaları hesab edilən miflərdə, əfsanələrdə, nağıllarda daha çox təsadüf edilir.



Açar sözlər: çevrilmə, zooantropomorfik, totemist, animist, motiv
ZOOANTROPOMORFIC TRANSFORMATION FORMULAS

IN AZERBAIJANI FOLKLORE

SUMMARY

Azerbaijani folklore patterns have an ancient and rich history in terms of meaning and content, motifs and story. Folk texts of each nation personify its past, traditions, beliefs and generally the whole culture. One of the widely used and deep information reflective motive in Azerbaijani folklore patterns is transformation. Transformation existed in every nation’s folklore every period and helps us in expressing opinions on their beliefs, culture and thoughts. Zoomorphic thoughts formed on our ancestors` mental in the past as the result of worship on animals or plant give objective, functional, motivational, symbolizing and other features to folk texts. Transformations on totemic and animism thoughts widely used in myths, legends, and fairy tales which are considered the first forms of Azerbaijani folklore.



Key words: transformation, zooantropomorfic, totemic, animism, motive,
ФОРМУЛЫ ЗООАНТРОПОМОФИЧЕСКИХ ПРЕОБРАЗОВАНИЙ

В АЗЕРБАЙДЖАНСКОМ ФОЛЪКЛОРЕ

РЕЗЮМЕ

Образцы устного Азербайджанского устного народного творчества имеют богатую историю с точки-зрения смысла и содержания, мотива и сюжета. Фольклорные тексты каждого народа отчетливо отражают его прошлое, традиции, верования, в общем, всю его культуру. Один из мо­тивов, широко используемых в образцах Азербайджанского фольклора, яв­ляется мотив преобразования, отражающий собой богатую информацию. Преобразование имел место в фольклоре каждого народа, в каждой эпохе и помогает нам формировать определенное мнение об их верованиях, куль­туре, мышлении. Зооморфические взгляды, формированные в мышлении наших предков в древности в результате поклонения животным, входя в фольклорные тексты, дают ему предмет, функцию, мотив, и такие свойства как образность, символизированность и т.п. Преобразования, связанные с тотемистическими и анимистическими взглядами, встречаются в основ­ном, в мифах, легендах, сказках, являющихся начальными формами Азер­бай­джанского фольклора.



Ключевые слова: трансформация, зооантропоморфических, тоте­мис­ти­ческим, анимистическим, мотив.
Məsələnin qoyuluşu: Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələri məna və məzmun, motiv və süjet baxımından qədim və zəngin tarixə malikdir. Folklor mətnlərinin daşıdığı zəngin məna yükünə baxdığımız zaman burada xalqın keçmişini, adət-ənənəsini, inanclarını, ümumiyyətlə, bütün mədəniyyətini aydın şəkildə görə bilirik. Azərbaycan folklor nümunələrində geniş şəkildə istifadə edi­lib, özündə zəngin məlumat əks elətdirən motivlərdən biri çevrilmə motividir. Çevrilmə hər dövrdə, hər bir xalqın folklorunda mövcud olmuş və bizə onların inancları, mədəniyyəti, düşüncəsi haqqında müəyyən bir fikir söyləməyə kömək edir.

İşin məqsədi: Tədqiqatın aparılmasında əsas məqsəd folklorda zooantro­pomorfik çevrilmələr məsələsinin araşdırılmasıdır.
Ümumiyyətlə, çevrilmə – folklor mətnlərində personajların şəkildəyiş­mə­si, yəni öz zahiri görkəmlərini dəyişməsi, bir varlıqdan başqa varlığa çevril­mələri, bir cilddən başqa cildə düşmələri şəklində baş verir ki, bu da elmdə eyni zamanda metamorfoza adlanır. Çevrilmə insanın şüuru altından və şüurunun yaradıcı gücündən meydana çıxan arzuların ifadəsi, xəyal gücünün məhsuludur. Çevrilmə motivinin olduğu nümunələrdə çevrilmə prosesi folklor nümunəsinin məqsədi ilə bağlı olub, fikri daha maraqlı, fərqli formada çatdırmağa, insanların arzu və istəklərini ifadə etməyə kömək edir.

Bu barədə rus alimi L.Vinoqradov yazır ki, çevrilmə – canlı varlığın, ya­xud əşyanın öz cildini, zahiri görkəmini, ipostasını dəyişmə qabiliyyəti, başqa sözlə, digər bir varlığa, bitkiyə, əşyaya, daşa və s. çevrilmə imkanı haqqında xalq inamlarının əks olunduğu folklor motividir (9, 67).

Mifoloji düşüncədə əks olunan çevrilmə motivinin kökləri həm də tote­mizm və animizmlə bağlıdır. İlk öncə sözlərin mənalarına diqqət edək.

“Totemizm” totem sözündən götürülmüşdür. Totem ilkin zamanlarda qə­bi­lələrin atası hesab edilən heyvan və bitkilərə verilən ad olmuşdur. Bu totemləri müqəddəs hesab edən dini və fəlsəfi görüşlər isə “totemizm” adlandırılmışdir. “Animizm” isə latınca “anima” sözündən götürülmüş ruh və heyvan həyatı mənasını verir. Təbiətdə insan ruhuna bənzər ruhların olduğunu qəbul edən dindir. A.Nəbiyev yazır ki, totemizm hələ heyvan qarşısında zəif və aciz olan silahsız insanın dünyagörüşüdür. Alim qeyd edir ki, tarixilik prinsipinə əsas­lanan nağıl janrında, heyvanlar haqqındakı nağıllarda və ya heyvanlarla bağlı sehrli nağıllarda totem izləri qorunub saxlanılır (6, 316).

Totemist və animist görüşlərlə bağlı olan çevrilmələr Azərbaycan folklo­ru­nun, əsasən, ilkin formaları hesab edilən miflərdə, əfsanələrdə, nağıllarda daha çox təsadüf edilir. Aydındır ki, türk yaradılış miflərinin böyük bir qismi heyvan­larla bağlı olub, onların yaradılmasına həsr olunmuşdur. Dünya mifologiyasında olduğu kimi, türk mifologiyasında da geniş istifadə edilən heyvanlarla bağlı mətnlər, onların mifologiyadakı yerinin çox qədim olduğunu göstərir. V.V.Yev­syukov yazır ki, yer kürəsinin heyvan obrazında təsvir olunduğu miflər ən qədim və sadə miflər hesab olunur (10, 71). Alim həmçinin göstərir ki, kainatın insan bədəni ilə eyniləşdirilməsi dünyanın zoomodelindən cavandır (10, 79).

V.N.Toporov isə dünya mifologiyalarının təcrübəsinə əsaslanaraq yazır ki, mifologiyada heyvanın və ümumiyyətlə, animal elementin rolu müstəsna dərə­cədə böyükdür. Bu rol heyvanın bəşəriyyətin inkişafının erkən mərhələsindəki əhəmiyyəti ilə müəyyənləşir (12, 440).

İnsanların ilk əcdadının ən əvvəl heyvan görkəmində təsəvvür edildiyini bildirən E.İmaməliyev yazır ki, bu heyvan əcdad daha sonra insan görkəmi qa­zan­mışdır. Buradan görünür ki, mifologiyada əvvəlcə zoomorfizm hakim olmuş, antropomorfizm onun inkişafı kimi meydana gəlmişdir. Burada bir faktı gös­tərmək də yerinə düşər ki, “Oğuznamə”nin uyğur versiyasında oğuzların ilk əcdadı Oğuz kağan öküz şəklində rəsm olunmuşdur (5, 68).

Məlumdur ki, bitki və heyvanlar aləmi ilə bağlı olan əfsanələrin əksə­riy­yəti totem görüşlərinin təsiri ilə yaranmışdır və bu zaman çevrilmə motivindən geniş istifadə olunmuşdur. Totem miflərində, əfsanələrində əsas qəhrəmanın heyvana və ya quşa çevrilməsi onun tayfasının məxsus olduğu totemik görüş­lərdən asılı olmuşdur. Yəni qəhrəmanın öz tayfasının toteminə çevrilmək arzusu həmin totemin tayfanın ictimai həyatında oynadığı rolla bağlı olmuşdur. Digər tərəfdən də totemə çevrilmə yeni yaradılış konsepsiyasına xidmət etmişdir. Azərbaycan əfsanələrinin çoxunda, xüsusən də totem əfsanələrində heyvana və ya quşa çevrilmək arzusu hiss olunur. Əsasən, ilan, maral, ceyran, qurd, at, turac, şanapipik və s. zoomorf heyvan və quşlara çevrilmə ilkin düşüncənin məhsuludur. Bu prosesi izah edən R.Əliyev çevrilmənin reinkarnasiya ilə bağlı olduğunu yazır (3, 74).

Qeyd edək ki, türk xalqları arasında geniş yayılmış bir sıra mifoloji süjetlər vardır ki, “anamaral”, “bozqurd”, “yalnız ağac”, “ağ ilan”, “quşlar” və başqaları məhz totemist, animist görüşlərlə birbaşa bağlıdır. Mətnlərdən görürük ki, totemlə bağlı olan bu ünsürlərə insanlar daima inanıb sitayiş etmiş və bu totemləri müqəddəs hesab etmişlər.

Heyvanlarla bağlı nümunələrin əksəriyyəti öz əksini əfsanələrdə daha çox tapsa da, demək olar, Azərbaycan folklorunun bütün janrlarında heyvanlarla, təbiətlə bağlılıq mövcuddur. Bu ilkin mifoloji düşüncə ilə daha çox bağlıdır. “Azərbaycan folklorunda təbiət kultları ilə bağlı inamların böyük bir hissəsi canlı təbiət obyektlərini əhatə edir. Buraya qurd, ilan, at, müxtəlif quşlar və s. kimi mifik obrazlar daxildir. Adları çəkilən heyvanlar ən qədim çağlardan mifik düşüncənin obyektini təşkil etmişdir. Bu heyvanların əsatiri-magik qüvvəyə ma­lik olması düşünülmüş, onlara əcdad kimi yanaşılmış, sitayiş edilmiş, müva­fiq kult mərasimləri yerinə yetirilmişdir. Bu gün istər inanclar dünyasında, o cüm­lədən folklorumuzda həmin heyvanlar ətrafında vaxtilə mövcud olmuş kult inamlarının izləri bu və ya digər şəkildə qorunub qalmışdır. Azərbaycan folklo­runun bədii semantikasının, mifik-mənəvi əsaslarının öyrənilməsi heyvan və quş kultları ilə bağlı inamların öyrənilməsini bir zərurət kimi tələb edir. Heyvan və quş kultları ilə bağlı inamların bir xarakterik cəhəti ondan ibarətdir ki, ulu babalarımızın mifoloji-mərasimi dünya modelində, əslində, təbiət və məişət kultları biri-birindən keçilməz sərhədlərlə ayrılmamışdır. Xalqımızın mifik dü­şün­cə çağında pərəstiş etdiyi bütün canlı və cansız kultlar onun vahid mifoloji düşüncə təsəvvürlər sisteminə – kosmoloji dünya modelinə daxil idi. Bu cəhətdən canlı təbiət kultları ilə bağlı inamlar, xüsusilə əcdad kultları ilə qırılmaz şəkildə bağlıdır (4, 75).

Heyvanlarla bağlı totemist və animist görüşlərin əks olunduğu çevrilmə motivinə nəzər salaq:

“Bir kişi dostugilə gəlir. Çörəh yeyillər, içillər, axşam olur. Kişi durur getsin, dostu deyir ki, əkişi, getmə, gecədi, bir şey olar. Kişi deyir ki, yox gedəcəm, at altımda, tüfəng belimdə, nədən qorxacam?

Dostunun arvadı bını eşidir. Demiyəsən, bı arvad bizdən yeylərdənimiş. Arvad durup çıxır eşiyə, donun dəyişip qurt donuna düşür. Durur kişinin yolu üstünə. Bınnar tutaşır. Kişi görür ki, yox, bacarmayacax, birtəhər pıçaxnan bı adamcılın döşünnən yaralayır. Adamcıl aradan çıxır. Kişi də ta gedəmmiyip qeyidir dostugilə, başına gələni danışır.

Bu dəmdə arvad gəlir. Kişi baxır ki, arvadın döşü yaralanıp. Məsələni annıyır. Qeyidip dostuna deyir ki, bə o adamcıl sənin arvadındı. Mən onu yaralamışam.

Dostu heş zad demir. Durup ev-eşiyi axtarır. Kərmə qalağında arvadın donunu tapır, yandırır. Arvad qışqırır, özünnə gedir. Əncax ta əli hara yetəcək. Donu yanannan sora adam adamçıllıxdan çıxır, adam olur (2, 106).

Məlum olduğu kimi, qədim türk qəbilələrinin totemlərindən biri qurddur. Gördüyümüz kimi, nümunədə çevrilmə insanların ilkin əcdadı totem hesab edilən qurdla, qadının yeylərdən olması isə animistik görüşlə bağlıdır.

Nümunədə arvad öz görkəmini magik şəkildə dəyişir. O, bizdən yeylərdən hesab olunur. Bildiyimiz kimi, ilkin mifoloji mətnlərdə cinlərlə bağlı çoxlu nümunələr olmuşdur. Onlardan birinə baxaq: “Cinnərə bizdən yeylər deyərix. Bizdən yeylər hər yerdə var, ancax insannara görsəmməz. Təhcə mal-davar onnarı görür. Ona görə qoyun-keçi olan yerdə bizdən yeylər olmaz, yoxsa, əyax altında qalıp qırılallar” (2, 96).

Burada cin – bizdən yey ev sahibinin arvadıdır. Arvadın qurd geyimi ilə qurda dönməsi çevrilmə motividir. Qadının hamıdan gizlədiyi donu var. Bu don qurd cildidir. Arvad bu donu geyməklə qurda dönür. Donun yandırılması ilə o, əbədi olaraq insana çevrilir. “Qurdun totem olmasında əsas məsələ onun qədim türklərin əcdadı olmasıdır”, – deyə yazan V.Vəliyev həmçinin qeyd edir ki,“Al­pa­mış” eposunda Alpamışın atasının adı Bayburidir. Mənası “qurd” deməkdir. “Kitabi-Dədə Qorqud” dastanında Bamsı Beyrəyin atasının adı Baybura bəydir, onun da adının mənası “qurd” deməkdir. Gördüyümüz kimi, türk xalqlarının folklorunda zəngin şəkildə mövcud olanqurd haqqında miflər, sonralar bir çox janrlara keçmiş və müxtəlif motivlərlə canlandırılmışdır (8, 249).

Elmi ədəbiyyatda qeyd olunduğu kimi, mifologiyada “çevrilmə” perso­najın öz görkəmini magik şəkildə dəyişməsidir. Bu, əksər hallarda ilkin (əsil) görkəmə qayıtmanı nəzərdə tutan müvəqqəti çevrilmədir. Çevrilmə motivi, gö­rünür, ovçuluq maskalanması təcrübəsinə və bir sıra totemistik və animistik görüşlərə əsaslanır (11, 234-235).

Yuxarıdakı mətnə olan çevrilmə də həmçinin müvəqqəti çevrilmədir, çün­ki arvad bir müddətdən sonra öz görkəminə qayıdır.

Azərbaycan folklorunda xüsusi bir mərhələni təşkil edən totemizmin ya­ranmasından və inkişafından sonar antropomorf obrazların formalaşması prose­si başlanmış, ov tanrısı, su tanrısı, ağaclar tanrısı və s. anlayışlar əmələ gəlmişdir. Müqəddəsləşdirilən, hətta totem kimi sitayiş edilən ağac, bitki, heyvan, çiçək və s. öz növbəsində insane kimi təsəvvür olunur, obrazlaşdırılır, onların üzərinə insane xas olan sifətlər köçürülür. Bu isə şifahi düşüncədə antropomorfizm mərhələsidir (3, 6).

Azərbaycan folklorunda quşlarla bağlı zəngin nümunələr mövcuddur. Onların çoxunda quşlar çevrilmə yolu ilə, yəni insanın quşa çevrilməsi yolu ilə əmələ gəlir.

Turac quşunun yaranması ilə bağlı əfsanəyə nəzər salaq:

“Turac darağı hara qoyduğunu yadından çıxarır. Xanım darağı istəyəndə çox axtarır, tapa bilmir. Xanımın qorxusundan daşa dönməyi arzu edir. Quşa dönəndən sonra yadına düşür ki, taxçada boxçanın içindədir. Elə o vaxtdan turac quşu oxuyur: “Taxçada, boxçada” (2, 69).

Burada da insan quşa çevrilir. Quşa çevrilən yenə də qızdır. Çevrilmənin səbəbi darağın harada olmasının yaddan çıxmasıdır. R.Əliyev yazır ki, “De­yirlər, Turac gözəl bir qız imiş” başlanğıc formulu ilə hansısa konkret olmayan zamanda Turac adlı bir qızın yaşaması haqqında məlumat verilir. Bu infor­masiya Turac adlı bir onqon haqqında mifə söykənir. Əfsanədə totem mifinin qalıqları qalmışdır. Totem miflərində hər hansı bir heyvan və ya quşa dönmə öz əksini tapır. Əfsanədə isə bu quşa dönmə prosesi mətnin sonunda baş verir. Bu prosesi dinləyiciyə başa salmaq üçün söyləyici həmin quşun vaxtilə insan olmasını öz bədii təxəyyülündə formalaşdırır. Bu əfsanə mif strukturunun tərsinə çevrilmiş bir şəklidir. Onqon haqdakı mif strukturu tarixi şüur prosesində demək olar ki, unudulduğundan mifdən yararlanma ancaq ibtidai dünyagörüş səviyyəsindədir. Burada daha çox bədii şüur fəaliyyət göstərir. Bu əfsanədə Turacın quşa çevrilmək arzusu totem miflərinin tələbləri əsasında baş verir. “Turac (quş nəzərdə tutulur) gözəl bir qız imiş” formulu mifdəki inkarnasiyanın əfsanədə qızın quşa çevrilmək arzusu (reinkarnasiya) kimi ifadə olunur. Göründüyü kimi, əfsanədə mif mətnindən gələn inkarnasiya prosesi yoxdur, təkcə reinkarnasiyadan istifadə olunmuşdur (3, 75).

İnsanlar təkcə heyvanlara, quşlara inanıb onu totem hesab etməmişlər. Müxtəlif bitkilər, ağaclar, hətta çiçəklər də totem hesab edilmişdir. Nümu­nə­lər­dən birinə baxaq:

“Bir bəy oğlunun gözü düşür bir qıza. Deməyəsən, bı qız da ayrı bir oğlanı isdiyirmiş. Bir gün qız öz istədiyi oğlanınan dağd gəzəndə sel gəlir, daşqın olur. Bınnar yenip kənd əgələmmirlər. Bəy oğlu qızı qaçırmaq istəyir. Düşür onnarın dalına. Qızın istəhlisini oxnan vırıp öldürür. Qız Allaha yalvarır ki, məni ağac elə. Allah onu ağaca çevirir. İndi həmin ağaca yalqız ağac deyirıx. Yalqız ağac müqəddəsdi, onu kəsməh olmaz. Bir kişi bilmiyip onun bir putaxını kəsir. Kişinin heyvannarı qırıldı, uşağı öldü, özü də çox yaşamadı. Yalqız ağacın pu­taxın qıranda, qabığını qoparanda həmən yerdən qan tökülür” (2, 76).

Bu mətndə də çevrilmənin kökündə totem durur. Qız ağaca çevrilir və o ağac müqəddəsləşir, ona sitayiş edilir. Müqəddəs ağacı kəsmək, qoparmaq, yan­dırmaq, murdarlamaq isə günah hesab olunur və bunu edən şəxs onun qəzəbinə gəlir. Mətndən də gördüyümüz kimi, ağacı qıran kişiyə ziyan dəyir. Demək, ağacın ruhu var, onun ahı həmin insanları tutur. Ağacın müqəddəsliyi ilə bağlı başqa nümunələrdə də buna təsadüf edirik. Məsələn, dağdağan ağacının nəzər­dən qoruma funksiyasına inanmaq; bugünümüzdə də qorunan, dilək diləmək üçün müqəddəs olan ağaclara qırmızı yaylıq bağlanması adəti, eləcə də güllərlə bağlı əfsanələri buna aid edə bilərik. Bu mətnlər ağaca, bitkiyə tapınma nə­ti­cəsində yaranmışdır. Ağacın totem olması isə mifoloji düşüncədə, eləcə də mətn­lərdə gördüyümüz dünya ağacı obrazına (mifik konseptinə) söykənir. S.Rzasoy yazır ki, Dünya Ağacı dünyanın mərkəzidir. Mərkəz – müqəddəs məkandır: orada kəsilən və yeyilən heyvan isə qurbandır (7, 356).


İşin elmi yeniliyi və əsas nəticəsi: Gördüyümüz kimi, heyvana və ya bitkiyə tapınma nəticəsində qədim əcdadlarımızın təfəkküründə formalaşmış zoomorfik görüş­lər folklor mətnlərinə daxil olaraq ona predmet, funksiya, motivləşmə, obrazlaşma, simvol­laşma və s. xüsusiyyətlər verir. Totemist və animist görüşlərlə bağlı olan çevrilmələr Azərbaycan folklorunun, əsasən, ilkin formaları hesab edilən miflərdə, əfsanələrdə, nağıllarda daha çox təsadüf edilir. Məlumdur ki, bitki və heyvanlar aləmi ilə bağlı olan əfsanələrin əksəriyyəti totem görüşlərinin təsiri ilə yaranmışdır və bu zaman çevrilmə motivindən geniş istifadə olunmuşdur.

İşin nəzəri və praktiki əhəmiyyəti: Məqalənin nəzəri əhəmiyyəti bu işdən çevrilmə ilə bağlı digər tədqiqatlarda nəzəri ədəbiyyat kimi istifadə imkanları, praktiki əhəmiyyəti isə ali məktəblərdə folklorun tədrisi prosesində praktiki vəsait kimi istifadə imkanları ilə müəyyənləşir.
Ə D Ə B İ Y Y A T

1. Azərbaycan folkloru antologiyası. XIII cild. Şəki-Zaqatala folkloru / Tərtibçilər: İ.Abbaslı, O.Əliyev, M.Abdullayeva. Bakı: Səda, 2005, 549 s.

2. Azərbaycan mifoloji mətnləri. Tərtib edən: A.Acalov. Bakı, Elm, 1988, 196 s.

3. Əliyev R. Azərbaycan şifahi xalq ədəbiyyatı (Müasir aktual prob­lem­lər). Bakı: Elm, 2012. 167 s.

4. Əlizadə R. Azərbaycan folklorunda təbiət kultları. Bakı: Nurlan, 2008, 176 s.

5. İmaməliyev E.Q. Türk yaradiliş mifləri və Azərbaycan əfsanələ­ri/fi­lo­logiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş disser­tasiya. Bakı, 2016, 153 s.

6. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. II hissə / Ali məktəblər üçün dərslik Bakı, Elm, 2006, 648 s.

7. Rzasoy S. Azərbaycan dastanlarında şaman-qəhrəman arxetipi. Bakı: Elm və təhsil, 2015, 436 s.

8. Vəliyev V. Azərbaycan folkloru. Bakı, Maarif, 1985, 414 s.

9. Виноградова Л.Н.Превращение. Из словаря “Славянские древности» // Славяноведение. № 6, 2004, с. 67-70

10. Евсюков В.В. Мифы о вселенной. Новосибирск: Наука, 1988, 177 с.

11. Неклюдов С.Ю. Оборотничество / Мифы народов мира. В 2-х томах. Том Москва: Советская энциклопедия, 1982, с. 234-235

12. Топоров В.Н. Животные / Мифы народов мира. В 2-х томах. Том 1. Москва: Советская энциклопедия, 1980, с. 440-449

Famil MƏDƏTOV

Folklor İnstitutunun doktorantı

madat.famil@gmail.com
FUAD KÖPRÜLÜ TÜRK AŞIQ ƏDƏBİYYATININ

TƏDQİQATÇISI KİMİ
XÜLASƏ

Məqalə Fuad Köprülünün zəngin elmi-nəzəri irsində aşıq ədəbiyatı ilə bağlı tədqiqatlarına həsr olunmuşdur. Məlumdur ki, F.Köprülü aşıq ədəbiyyatı ilə bağlı ilk sistemli tədqiqatların müəllifidir. Onun aşıq yaradıcılığının yaran­ması, mənşəyi, türk toplumunun mənəvi-estetik dünyagörüşünün formalaşma­sındakı rolu ilə bağlı elmi qənaətləri bu gün də öz dəyərini qorumuş və gə­ləcəkdə də qoruyacaqdır.

Aşıq ədəbiyyatının sinkretik təbiətindən irəli gələrək onun bir sıra ün­sürləri öz içində daşıması kimi məsələlər F.Köprülü tərəfindən sistemli araş­dırılmışdır ki, məqalədə bu haqda da fikirlərə də münasibət bildirilmişdir.

Açar sözlər: Aşıq, mənşə, antologiya, xalq yaradıcılığı

Fuad Koprulu as a researcher of turkish ashug literature

SUMMARY

The article is devoted to Fuad Koprulu`s researches in his rich scientific-theoretical heritage releated to ashug literature. It is known that F. Koprulu is the first author of the sistematic researches releated to ashug literature. His scientific conclusions releated to the creation, origion of ashug creativity? The participation of turkish community in the formation of moral-aestetic outlook has retained its values nowadays and will retain it in the future. Arising out of ashug literature`s syncretic nature the problem of its carrying some elements within itself systematically investigated by F. Koprulu. In the article expresed!!! Our attitude about these thouts.



Key words: Ashug, origin, antology, fokl art.
Фуад Кёрпулу как исследовательтюркской

ашугской литературы

РЕЗЮМЕ

Статья посвящена исследованиям, связанным с ашугской литерату­рой в богатом научно-теоретическом наследии Фуада Кёрпулу. Известно, что Фуад Кёрпулу является автором первых системных исследований , связанных с ашугской литературой. Его научные выводы, связанные с созданием ашугского творчества, его происхождением, с ролью ашугского творчества в формировании духовно-эстетического мировоззрения тюрк­ского собрания и сегодня сохранили свою ценность и сохранят их также и в будущем.

Вопросы касающие к ашугской литературы ряда элементов, исходя из синкретической природы ашугской литературы, системно расследова­лись со стороны Ф.Кёрпулу. В статье было показано отношение к его мыслям по этому поводу.

Ключевые слова: ашуг, народная литература, ашугское стихотворение, происхождение.
Fuad Köprülünün elmi araşdırmaları içərisində aşıq ədəbiyyatının təd­qiqi mühüm yer tutur. Aşıq ədəbiyyatının geniş elmi mənzərəsini yaradan, onun təşəkkül tapmasından başlayaraq müasir dövrə qədər gəlib keçdiyi tarixi mərhələlərin elmi-nəzəri şərhini verən M. F.Köprülü bu ədəbiyyatın türk düşüncə sistemində müstəsna əhəmiyyətini tutarlı elmi dəlillərlə sübut etmişdir.

Məlumdur ki, aşiq ədəbiyyatı uzun müddət diqqətdən kənar qalmış, xalq ədəbiyyatının bir bölməsi kimi dəyərləndirilmişdir. İlk dəfə II Məş­rutiyyətdən sonra Rza Tevfiq 1911-ci ildə “Peyam” qəzetində aşıq şeiri ilə bağlı məlumat vermiş, təsnifat da aparmışdır. Daha sonra F.Köprülü “Aşıq tərzinin mənşəyi və təkamülü haqqında bir təcrübə” adlı məqaləsinin giri­şin­də bu haqda məlumat vermişdir. Bundan əlavə, Ziya Göyalpın “Türk­çülüyün əsasları” əsərində də xalq ədəbiyyatının bölmələri nəzərdən keçirilmiş, aşıq və təkkə ədəbiyyatı haqqında dəyərli fikirlər irəli sürülmüşdür. (5, 550)

Ümumiyyətlə, M. F.Köprülünün türk aşıq ədəbiyyatına aid tədqiqatları sistemliliyinə görə ilkin araşdırma olmaqla bərabər, elmi tutumuna, zəngin faktoloji bazasına görə seçilir. Sonrakı dövrdə aşıq ədəbiyyatına dair təd­qiqatlar aparan alimlər bu və ya digər dərəcədə bu mənbədən faydalanmış­dırlar: “Aşıq ədəbiyyatı haqqında ilk ciddi əsər F.Köprülünün “Türk saz şairləri” adlı antologiyasıdır. Beş ana bölmədən ibarət olan bu antologiya XVI-XIX əsrlərdə Osmanlı İmperiyası sərhədləri içində yetişən başlıca saz şairləri haqqında biyoqrafik bilgilərlə şeirlərindən örnəklər vardır. Aşıq ədəbiyyatı haqqında günümüzə qədər aparılan çalışmalarda əsas olaraq bu əsərindən irəli sürdüyü görüşlər əsas alınmışdır”. (5, 551)

Yeri gəlmişkən, qeyd edək ki, bu antologiya yalnız XVI-XIX əsrlərdə yaşamış aşıqların şeirlərindən seçilmiş poetik nümunələrdən ibarət olmaqla qalmır. Belə ki, “Saz şairləri, dünən və bugün” adlı geniş ön sözdə F.Köp­rülü aşıq ədəbiyyatına, onun spesifikasına dair bilgilər vermiş, bu sənət sahəsinin təşəkkülündə klassik, təkkə və xalq şeiri ənənələrinin təsirindən, aşıq şeirinin türk toplumunun ictimai, mədəni dünyagörüşünün formalaş­masında olan iştirakından bəhs etmişdir. Bundan əlavə, hər dövrün aşıq şeirindən nümunələr verməzdən əvvəl tədqiqatçı həmin dönəmin səciyyə­sindən, ictimai şərtlərindən də söhbət açmış, saz şairləri haqqında qısa və dolğun oçerklər verməklə dövrün ədəbi-bədii mənzərəsini daha da dolğun təsvir etməyə nail olmuşdur. (4)

F.Köprülü elə tədqiqatçılardandır ki, irəli sürdüyü mülahizələrin, elmi-nəzəri dünyagörüşün həqiqiliyini yüksək professionallıqla, dərin həyati və təcrübi faktlarla izah edirdi. Burada diqqəti F.Köprülünün tədqiqatçılıq özəlliyini xarakterizə edən bir məsələyə yönəltmək istərdik. Bildiyimiz kimi, humanitar elmlərin ayrı-ayrı sahələri cəmiyyətin, elmi düşüncənin və ictimai şüurun inkişafı nəticəsində müxtəlif qollara ayrılmışdır. Diferensiasiya nəticəsində müxtəlif sahələrə ayrılan həmin elmi istiqamətlər zahirən bir-biridən nə qədər fərqlənsələr də, mahiyyət etibarilə onlar arasında dərin elmi bağlılıq vardır. Bu baxımdan, sosial-ictimai elmlər olan folklorşünaslıq, ədə­biyyat, etnoqrafiya, tarix və s. kimi istiqamətlərdə axtarışlar aparan istənilən tədqiqatçı bu sahələr arasındakı mədəni əlaqələri bilmədən düzgün elmi qənaətlərə gələ bilməz. Bu mənada, geniş erudisiyaya və humanitar elmlər arası məntiqi əlaqənin incəliklərinə dərindən bələd olan F.Köprülü araşdır­dığı məsələnin çoxyönlü aspektinə nəzər salmaqla aydın elmi düşüncə sər­giləmiş olurdu. Tədqiqatçı Dilbər Zamanzadə də “Fuad Köprülü və Azər­baycan ədəbiyyatı” adlı monoqrafiyasında F.Köprülünün universal elmi tə­fəkkürünün bu məsələsinə toxunmuşdur. (6, 5-6)

F.Köprülünün haqlı olaraq qeyd etdiyi kimi, hafizələrdə, xalqın şifahi yaddaşında və bəzi nadir nüsxələrdə qorunan belə nümunələrin gələcək nə­sil­lərə çatdırılması işi olduqca vacibdir ki, bunun üçün “Aşıq tərzi haqqında elmi bir tərkib həyata keçirmək üçün bunları diqqətlə toplamaq, təsnif və tərtib etmək, bu ədəbiyyatın şəklə və lisana aid başqa xüsusiyyətlərini və ictimai həyat ilə bağlarını göstermek lazımdır”. (3, 196)

F.Köprülünün aşıq ədəbiyatının düzgün qavranılmasına və gələcəkdə bu sahədə araşdırmalar aparacaq tədqiqatçılara düzgün elmi istiqamət ver­mək üçün dediyi mülahizələr bu gün üçün də öz elmi dəyərini qorumaqdadır: “Müxtəlif ictimai təbəqələr arasında necə bir gözlə görüldükləri qısaca anlattığımız aşıqlar haqqında daha ətraflı bir fikir əldə etmək üçün, bunların hansı ictimai çevrələrdə nə kimi ictimai şərtlər daxilində yetişdiklərini, məs­leklərinin yetişməsinin formalaşmasının xüsusiyyətlərini, bədii zövqlərinin mahiyyetini bilmək tələb olunur. Hər hansı bir sənət şəklini anlamaq üçün, hər şeydən öncə, onu yaradan ictimai çevreyi maddi və mənəvi bütün şərt­ləriylə öyrənmək zərurəti ədəbiyyat tarixinin bir vacib funksiasıdır. Bu baxımdan, aşıq tərzi (yaxud aşıq ədəbiyyatı, aşıq şeiri) dediyimiz sənət şəklini daha yaxşı anlamaq üçün, bunu yaradan saz şairlərinin hansı ictimai çevrələrdə və necə şərtlər altında yetişdiklerini izah etməliyik”. (4, 31) Bu qeydlərdən də aydın göründüyü kimi tədqiqatçı aşıq sənətinin mahiyyətinə nüfuz etmək, bu sənət fenomenin səciyyəsini vermək üçün onun yetişdiyi ictimai mühiti ətraflı izah edir.

F.Köprülü aşıq ədəbiyyatını tədqiq edərkən ilk növbədə onun nə za­mandan fəaliyyət göstərməsinə nəzər salır və lap erkən çağlardan xalq şair və musiqişünaslarının olduğunu tarixi mənbələr əsasında göstərir. O, Qərb mənbələrinə nəzərən V əsrdə Atilla ordusunda belə şairlərin olduğunu gös­tərir. Həyat hadisələrini bədii hissin predmetinə çevirmək ənənəsi lap əski çağlardan türk etnosunun yaddaşında xüsusi yer tutmuşdur. Sevinc, xoşbəxt­lik, qələbə və nailiyyətləri, kədər, ölüm, üzüntü və iztirabları poetik qəlibə salmaq türkün ruhunun incəliklərindən xəbər verir. F.Köprülünün Çin qay­naq­larına istinadən türkün şeirə və musiqiyə vurğun olmasını, Göytürklərin kollektiv şəkildə türkülər söyləyib rəqs etmələrini, nəinki şənlik məclis­lə­rində, eyni zamanda matəm ayinlərində də şairlərin iştirak etməsini gös­tərməsi kimi faktlar şeirin xalqın həyat tərzinin ünsüründən biri olduğunu göstərir. Türk toplumu öz ruhunun mənəvi tələbatını belə nümunələrlə qarşılayırdı, saza, sözə, milli hissin ifadəsinə uyğun gələn bütün vasitələri öz varlığında yaşadırdı. (3, 160) Ənənəyə belə möhkəm bağlılığın nəticəsidi ki, “türklər islamiyyət dairəsinə girdikdən sonra da xalq arasında və ordularda, hətta İslam mədəniyyətinin təsirlərinə rəğmən qövmi ənənələrdən bir çoxunu saxlayan hökmdar saraylarında da xalq şairlərinin mövcud olacağı tam təbiidir”. (3, 160)

Genetik kodlarda yaşayan dayanıqlı milli ruhun sayəsində lap qədim çağın mədəniyyəti ilə müasir düşüncə arasında yaxından səsləşmə türklərin mədəni kimliyini mühafizə etmişdir. Belə olmasa idi, uzun əsrlik tarixi proseslərin nəticəsi ilə bağlı olaraq yad etnik-mədəni ünsürlər, müxtəlif dini-ideoloji təsirlər nəticəsində toplum varlığını itirmək təhlükəsi qarşısında qalardı (3, 160) Düzdür, hər bir mədəni xalqda olduğu kimi, türklərdə də digər toplumun təsiri ilə müəyyən keyfiyyətlər yaranmışdır. Lakin bu pro­sesin davamlı bir hal almaması üçün türk xalqlarının həyatında aşığın mühüm tarixi, mədəni rolu olmuşdur.

İslam dini fərqli mentalitetə, ənənəyə, məişət tərzinə, etiqad və ayin­lərə məxsus xalqları vahid dini ideya ətrafında birləşdirməyə çalışırdı. Bu təsirə isə ən çox uzun əsrlik mənəvi irsi olmayan, zəngin dini-mifoloji keç­mişi ilə seçilməyən xalqlar düşürdü. Cəlal Bəydili türk mədəni-mənəvi dü­şüncəsinin özümlü cəhətlərinə nəzər yetirərək yazır: “Türk dini-mifoloji düşüncə sisteminin öyənilməsini nə qədər çətinləşdirir çətinləşdirsin, milli mədəniyyət tarixinin araşdırılması sübuta yetirir ki, hər hansı ayrı yeni dini anlayışı qəbul edən zamanlarda da türk düşüncəsi özündə olanı itirməmiş, ən çətin anlarda onu öz düşüncəsinə uyğunlaşdıra bilmişdir”. (2, 30) Nəinki islamlaşmış türklər, eyni zamanda müxtəlif dini sistemlərin daşıyıcıları olan ayrı-ayrı türk xalqlarını bir-birinə bağlayan, mənəvi bağları qırılmağa qoy­mayan ümumtürk mədəniyyəti (folklor, mifologiya, tanrıçılıq dünyagörüşü və s.) vardır ki, bütün bular dini təsirlərin onların həyatlarındakı ümumiliyi, ortaqlığı aradan götürməsinə mane olmuşdur: “Bu baxımdan ayrı-ayrı din­lərə mənsub, bir-birindən uzaqda yaşayan türk xalqlarının mövsüm mərasim­ləri arasındakı yaxınlıq, oxşarlıq, eynilik, eləcə də müxtəlif səbəblərdən yaranmış fərqliliklər maraq doğurur”. (7, 26) Bunun səbəbi onunla bağlıdır ki, ortaq milli dəyərlər türklərin hər zaman birliyini kompleks şəkildə təmin edirdi. Türklər üzərində islamiyyətin dərin təsirinin olduğunu göstərən F.Köprülü qeyd edirdi ki, əski ənənələr, bütpərəstlik dövründən qalma ədəbi şəkillər uzun müddət keçməsinə baxmayaraq islami rəng alaraq öz varlığını mühafizə edə bilmişdir. (3, 57) “Zamanla islamiyyət türklər arasında geniş yayılmış və türklərin ruhları ilə ənənələrində önəmli bir yer almışdır”, (1, 65) – deyən türk alimi Bahaeddin Ögele görə türklərin həyat tərzinə islam dini böyük təsir göstərsə də, onların fəaliyyət proqramının ümumi ana xəttini poza bilməmişdir. Bu da səbəbsiz deyildir. Zəngin mifoloji mətnlər vasitəsilə öz varlığının ilkin qatlarına bağlı olan, öz müstəqil dini sisteminə və düşüncə tərzinə söykənən türk toplumu müstəqil təfəkkürə və azad fikrə sahib idi. Tanrıçılıq dünyagörüşünə sahib olan türklər əski ənənələrinin daşıyıcısı kimi milli gələnəyə bağlı idi və onu yaşatmaq, gələcəyə çatdırmaq funksiyasını folklor, mifologiya, etnoqrafiya və tarixi yazılar vasitəsilə ötürürdülər.

Beləliklə, bütövlükdə türklərin milli dəyərlərinə və genetik xüsusiy­yətlərinə bağlı olan aşıq şeirinin sayəsində bu toplum öz əzəli xüsusiyyət­lərini, adət-ənənələrini və vərdişlər sisemini qorumuşdur. F.Köprülünün bu sahədə apardığı araşdırmaların istiqamətverici, sağlam elmi-nəzəri düşüncə­lərə bağlı cəhətləri bu günə qədər bir sıra alimlərin bu istiqamətdə apardığı araşdırmalarda mühüm mənbə rolunu oynadığı kimi, bundan sona da öz aktuallığını qoruyacaqdır.


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin