Zülf dərdi, xal dərdi, bir də tel dərdi.
Mən yazığın min gününü bir elər,
Nadan dərdi, xoryat dərdi, fel dərdi...”
Sonrakı bəndlərdəki 3-lüklər:
...Bağça dərdi, vətən dərdi, el dərdi...
...Süsən dərdi, sünbül dərdi, gül dərdi...
...Paltar dərdi, əba dərdi, şal dərdi...
...Gələn dərdi, keçən dərdi, yol dərdi...
...Əsli dərdi, Kərəm dərdi, dil dərdi...234
Bütün bu üçlük sıraları təsəvvüf dilinin leksikasını təşkil edən söz/nişan/işarələrdir. Bu işarələrin sintaqmatik düzümü təsəvvüfi düşüncə kodunu yaradır. Bu kodun altında (arxetipində) kosmoloji kod durur. Bu halda həmin təsəvvüfi işarələri kosmoloji koda (arxetipə) retransformasiya etdikdə qəhrəmanlıq kodunun işarələri bərpa olunur.
Beləliklə, Kərəm paşanın yanında sonuncu haqq aşıqlığı imtahanının birinci mərhələsindən keçir. O, Əslinin Süleyman paşaya yazdığı məktubu vəzirə verir: “Vəzir baxdı ki, Əsli yazıb: “Kərəmə rəhmin gəlsin. O mənə aşiqdi, mən də ona. Atam bizə zülm eləyir”. Vəzir işi belə görəndə paşaya dedi:
– Paşam, Kərəm haqq aşığıdı. Biz gərək Əslini keşişdən alıb, ona verək.
Keşiş dad-fəryad elədi ki:
– Kərəm haqq aşığı-zad deyil.
Paşa dedi:
Biz onun haqq aşığı olub-olmadığını yoxlarıq”235.
Bununla sınaq/identifikasiya başa çatır. İndi bunu kosmoloji strukturu baxımından modelləşdirək:
– Kərəmin paşanın yanındakı sorğu-sualı təsəvvüfi səviyyədə onun haqq aşiqliyinin sınaq/imtahanıdır. O, bu sınaqla özünü Haqq aşiqi kimi təsdiqləməlidir.
– Bu, kosmoloji səviyyədə Kərəmin qəhrəman olub-olmamasının sınaq/imtahanıdır. O, bu sınaqla özünü qəhrəman kimi təsdiqləməlidir.
– İlk sınaq sözlü sınaqdır. Başqa sözlə, Paşa Kərəmin haqq aşığı olub-olmadığını sözlü işarələrlə yoxlayır. Haqq aşıqlığı – Haqdan/Allahdan alınmış bilikdir. Bu biliyi ağıl/idrak vasitəsilə, başqa sözlə, elm oxumaqla öyrənmək mümkün deyildir. Bu, butavermə yolu ilə alınmış ilahi-ezoterik bilgi/elmdir. Onu ancaq haqq aşiqləri bilirlər. Bu cəhətdən paşa Kərəmi ilk növbədə nəzəri biliklər, haqq aşiqliyinin sözlü ezoterik simvolları baxımından sınağa çəkir.
– Paşanın Kərəmi sınağa çəkməsi süjetaltında (kosmoloji sxem-süjet səviyyəsində) onun Qəhrəman olub-olmamasının sözlü sınağıdır. Sınağın qəhrəmanlıq kodunu işarələndirən hansı söz/nişanlar əsasında aparılmasını indiki halda bərpa etmək mümkün deyildir. Lakin nağıllardakı eyni motivlərə əsasən demək olar ki, qəhrəman ya 3 tapmacaya cavab verməli, ya üç dəfə əqli sınaqdan keçməlidir.
– Paşanın Kərəmi sınaq/imtahana çəkməsi hər iki kod (təsəvvüfi və kosmoloji kodlar) baxımından identifikasiya prosedurudur. Kərəmin kodlar üzrə Haqq aşığı və Qəhrəman/Nişanlı olub-olmamasının imtahanı onun uyğun olaraq Haqq aşığı və Qəhrəman/Nişanlı modelləri üzrə identifikasiyadan – eyniləşdirmə prosedurundan keçirilməsidir. Bu, tanınma aktıdır. Sınağa çəkən öncədən məlum olan model/işarələr əsasında yoxlama keçirir. Bu model/işarələr identifikasiya əlamətləri, yaxud nişanlarıdır.
– Dastanda sınağın öncədən məlum olan model/işarələrinin obrazı Əslinin məktubudur. Paşa və vəzir Əslinin məktubunu əsas götürərək, Kərəmin Haqq aşığı (kosmoloji kodla: Qəhrəman/Nişanlı) olduğunu qəbul edirlər. Kərəmin bütün fəaliyyətinin əsasında Əsliyə qovuşmaq durur. Kərəm – kişi başlanğıcını, Əsli – qadın başlanğıcını təmsil edir. Onların qovuşması identikliyin ortaya çıxması ilə mümkündür. Bir tərəfin identikliyini (tanınma əlamətlərini) o biri tərəf təsdiq etməlidir. Əslinin məktubu ilə Kərəmin təsəvvüfi kodla Haqq aşiqliyi, kosmoloji kodla Qəhrəman/Nişanlı olması təsdiq olunur. Bununla da paşanın keçirdiyi sınaq/identifikasiya başa çatır.
Dostları ilə paylaş: |