Mətnaltı haqqında məşhur rus eposşünası B.N.Putilov yazır ki, epik süjetin çoxölçülü olmasını təmin edən ən əhəmiyyətli və müntəzəm fəaliyyətə malik elementlərdən biri mətnaltıdır. Onu ən ümumi formada personajın bu və ya başqa hərəkətini, bu və ya başqa fəaliyyəti izah edən tip motivləşməsi (hadisələrin gizlində qalan səbəbi – S.R.) kimi, hadisə, kolliziya, konfliktlərin gizli, ancaq obyektiv şəkildə mövcud olan mənası kimi qiymətləndirmək olar21.
Beləliklə, mətndəki bütün elementlərin düzülüş məntiqi iki planda görünə bilir: mətnüstü və mətnaltı. Yəni bir var bizə “görünən” məntiqlə qurulan mətn, bir də “görünməyən” məntiqlə qurulan mətn. Bu halda formullaşdırma bizim bu məntiqə nə dərəcədə nüfuz edə biləcəyimizdən (intellektual modelləşdirmə imkanlarımızdan) birbaşa asılı olur.
Digər tərəfdən, dastan mətninin poetik strukturunun əsasını təşkil edən süjet xəttinin özü də, ümumən iki plana malik olur: birinci və ikinci süjet planları. Birinci süjet planı süjetin üzdə olan planı, ikinci süjet planı onun altında, gizlində qalan planıdır. B.N.Putilovun tədqiqatından aydın olur ki, ikinci süjet planı süjet ənənəsinin transformasiyaları zəminində meydana çıxır. Bu prosesdə köhnə süjetlər yeni süjetlərin tərkibində mötivlər, motiv blokları, həlqələr kimi qalmaqda davam edir. Bu baxımdan ikinci süjet planı ilkin süjet(lər)in tranformasiya olunmuş son süjetdəki – birinci süjet planındakı izləridir22.
Beləliklə, istənilən dastan mətninin süjeti hadisələrin düzülüş, təşkilolunma məntiqi baxımından iki plana – mətnüstü və mətnaltı planlara malik olduği kimi, özü də bir məkan-zaman kontinuumu olaraq iki plana – birinci və ikinci süjet planlarına malikdir. Birinci süjet planı (süjetüstü), obrazlı desək, aysberqin görünən hissəsi, ikinci süjet planı (süjetaltı) isə onun görünməyən hissəsidir. Aysberqin görünməyən hissəsi görünən hissəsindən dəfələrlə böyük olur. Demək, süjetin görünməyən hissəsi təsəvvür etdiyimizdən də zəngin olur. Bu halda formullaşdırma bizim süjetaltını nə dərəcədə (haraya qədər) və hansı işarələmələr (semiotik modelləşdirmələr) səviyyəsində təsəvvür edə biləcəyimizdən birbaşa asılıdır.
Biz burada “Əsli-Kərəm” dastanının süjet modelini təsvir edərkən aşağıdakı iki əsas prinsipə əsaslanacağıq:
1. Süjeti onun inkişaf xətti (xronotopu) boyunca formullaşdırmaq;
2. Müəyyənləşdirilmiş süjet formullarını onların funksiyasına uyğun işarələmək.
Dostları ilə paylaş: |