Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


II FƏSİL “ƏSLİ-KƏRƏM” DASTANININ KOSMOLOJİ



Yüklə 2,29 Mb.
səhifə16/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   12   13   14   15   16   17   18   19   ...   269
II FƏSİL
ƏSLİ-KƏRƏM” DASTANININ KOSMOLOJİ

STRUKTUR MODELİ
“Əsli-Kərəm” Azərbaycan folklor janrlarının tipologi­yasına görə, bir məhəbbət dastanıdır. Ümumiyyətlə, dastan-epos ənənəsi, əsasən, iki tipi tanıyır: qəhrəmanlıq və məhəb­bət dastanları. Bunlardan birincisi etnosun qəhrəmanlıq ener­ji­si­nin, ikincisi, lirik-emosional enerjisinin kodlaşma-sublima­siya mexanizmidir.

Azərbaycan folklorşünaslığında məhəbbət dastanlarına dair çoxlu tədqiqatlar aparılmışdır. Həmin tədqiqatlar içəri­sində ikisi xüsusi seçilir. Bunlardan birincisi M.H.Təhmasibin xalq dastanlarına dair tədqiqatıdır. Bu işdə məhəbbət das­tanlarının süjeti dörd hissədən ibarət olmaqla aşağıdakı kimi modelləşdirilmişdir:

I. Qəhrəmanın anadan olması və ilk təlim-tərbiyəsi;

II. Qəhrəmanların, yəni aşiq və məşuqənin buta almaları;

III. Qabağa çıxan maneələr və onlara qarşı mübarizə;

IV. Müsabiqə və qələbə15.

Prof. Məhərrəm Cəfərli yazırdı ki, M.H.Təhmasib mə­həb­bət dastanlarının süjet strukturunu Azərbaycan məhəbbət dastanlarının zəngin fondu əsasında öyrənmiş və əslində, mə­həbbət dastanlarımız üçün universal olan süjet modelini qura bilmişdir. Bu baxımdan o, nağılların morfoloji strukturu haq­qında V.Y.Proppun tədqiqatlarının struktur metodundan uğur­la istifadə etmişdir16.

Qeyd edək ki, bu dördhissəli struktur Azərbaycan folk­lor­şünaslığında indiyədək başqa tədqiqatçılar tərəfindən mə­həb­bət dastanlarının öyrənilməsinə qeydsiz-şərtsiz tətbiq olun­muşdur. Yalnız prof. Ramazan Qafarlı bu modeli qəbul et­­məyərək göstərmişdir ki, V.Y.Proppdan fərqli olaraq, M.H.Təh­masib süjetin hissələrini bir-biri ilə əlaqəli şəkildə təhlilə cəlb edir. Lakin M.H.Təhmasib nə qədər maraqlı müla­hizələr irəli sürsə də, süjetin inkişaf xəttinə yardım edən ele­mentləri tam aydınlığı ilə göstərə bilməmişdir17.



Azərbaycan məhəbbət dastanlarının öyrənilməsinin ikin­ci mərhələsi prof. M.Cəfərlinin 2000-ci ildə çap olunmuş “Azər­baycan məhəbbət dastanlarının poetikası” monoqra­fiya­sı ilə başlanmışdır18. Bu tədqiqat üç əsas cəhəti ilə əlamət­dardır:

Birincisi, bu işdə məhəbbət dastanları ilk dəfə olaraq təsəvvüfi semantika baxımından öyrənilmişdir;

İkincisi, burada məhəbbət dastanlarının strukturu ilk də­fə olaraq mətn semiotikası kontekstində modelləş­diril­mişdir;

Üçüncüsü, bu tədqiqatda məhəbbət dastanları mətninə ilk dəfə olaraq struktur-semiotik yanaşma tətbiq olunmuş­dur.

Qeyd edək ki, hazırda M.H.Təhmasibin bölgüsü bir sıra tədqiqatlarda öz aktuallığını saxlasa da, məhəbbət dastanla­rı­nın struktur-semantik təhlilinə dair yeni istiqamətli araş­dır­ma­lar öz nəzəri-metodoloji başlanğıcını M.Cəfərlinin sözü gedən tədqi­qa­tından götürür. Bu cəhətdən alimin məhəbbət dastan­larının süjet strukturuna dair öz araşdırmalarının nümunəsində təsdiq etdiyi aşağıdakı “tezislər” bizim üçün də burada “Əsli-Kərəm” das­tanının süjet modelinin qurulması üçün çıxış nöq­təsi verir. O yazır: “Dastan başdan-ayağa formullar əsasında qurulur. Bu formullar daşlaşmış, donuq düsturlardır. Həmin düsturlar onu yaradan etnosun ilkin, qədim dünyagörüşləri ilə bağlı olmaqla irimiqyaslı zaman hüdudlarında biçimlənmə prosesi keçirmiş­dir. Bu baxımdan məhəbbət dastanı mətnində bədii epik mətn­lərə məxsus olan hərəkət istiqamətlərinin di­na­mika sərbəstliyi qətiyyən yoxdur. Dastanın çox sərt pozul­maz strukturu var və heç bir dastançı bu strukturdan qırağa çıxa bilməz. Məhz bu baxımdan bütün məhəbbət dastanları süjet strukturu baxımın­dan, sadəcə olaraq bir-birlərini təkrar­layırlar. Bu təkrarçılıq, əs­lində, hərfi təkrarçılıq deyildir. Yəni bir dastançı dastan yara­dar­kən artıq mövcud olan başqa bir dastanın süjet strukturunu sadəcə təkrar etmir. Burada məsə­lənin mahiyyəti tamamilə baş­qa cürdür. Dastançı ənənəvi for­mullarla işləyir. O, bütün yara­dı­cılığını, bütün istedadını məhz bu formulların bütün dastan­larda təkrarlanan statik struk­turu, donuq çərçivəsi əsasında nü­ma­yiş etdirməlidir. O, dastan formullarının düzülüş sırasını (das­­tanın sintaktik struk­turu) dəyişməkdə sərbəst deyildir. Das­tanın strukturunda o, heç bir formulun yerini dəyişə bilməz. Ona görə ki, bu for­mulların ənənəvi düzülüş sırası var. Həmin düzülüş sırasına dəyişiklik etmək dastançının heç ağlına da gəl­mir. Bunun sə­bəbləri məhz folklor adlanan hadisə ilə bağlıdır və həmin sə­bəblər bir kompleks şəklində yazılı ədəbiyyatda özü­nü gös­tərmir. Yazılı süjetin strukturunda bu cür statiklik, do­nuqluq, sabitlik yoxdur. Təbii ki, yazılı ədəbiyyat süjetinin də özünə­məxsus süjet qəlibi var. Ancaq məhəbbət dastan­ların­dakı süjet qəlibi ilə, tutaq ki, romanın süjet qəlibi heç müqa­yisəyə gəl­mir. Dastanın süjet qəlibi ilə müqayisədə romanın süjet qəlibi görünmür, ümumiyyətlə, yox təsiri bağışlayır”19.

M.Cəfərlinin tədqiqatından ixtisar etməyə əlimiz gəl­mə­dən verdiyimiz bu bütöv abzas, əslində, mövzumuz baxı­mından təhlil üçün çox qiymətli tezislər versə də, biz diqqəti bir tezisin – “Dastanın çox sərt pozulmaz strukturu var və heç bir dastançı bu strukturdan qırağa çıxa bilməz” fikrinin üzə­rinə yönəltmək istəyirik. Bu cəhətdən M.Cəfərli təsdiq edir ki, “bütün məhəbbət dastanları süjet strukturu baxımından, sadə­cə olaraq bir-birlərini təkrarlayır”. Bu cəhətdən “Əsli-Kərəm” dastanının süjeti də ümumi strukturu etibarilə digər məhəbbət dastanlarının süjet strukturundan qırağa çıxmasa da, bizcə, digər dastanlardan fərqli süjet təfərrüatı nümayiş etdirir. Bu “təfərrüat” o dərəcədə sistemlidir ki, o, məhəbbət dastanları üçün xarakterik olan süjet modelinin ayrı bir səviyyəsini təş­kil edir. Bu halda M.Cəfərlinin “Dastanın çox sərt pozulmaz strukturu var” tezisi bizə “Əsli-Kərəm” dastanının bu fərqli süjet səviyyəsini antisüjet, yaxud ənənəvi süjetin dağılması, ondan yayınma kimi yox, elə ənənəvi süjet modelinin daxili əlvanlığı kimi dəyərləndirməyə imkan verir. “Əsli-Kərəm” süjetinin strukturu “Kitabi-Dədə Qorqud”da Salur Qaza­nın evinin yağmalanması” boyunun strukturu ilə eyni sü­jet yuvasına girməklə qara şamanın yeraltı dünyaya səfə­rinin, başqa sözlə, qamlamanın strukturunu özündə əks etdirir. Mə­sələyə daha geniş kontekstdə yanaşdıqda ümumən Azər­baycan eposunun süjet strukturu vahid sxem-modeli ini­kas edir. Buradakı fərqliliklər vahid süjetin səviyyələri, yaxud modulyasiyalardır. Bunu invariantın variativ döyünmələri, fərq­li alqoritmlərlə təkrarlanmaları kimi də təsəvvür etmək olar. Əsas odur ki, bu səviyyələr ümumən Azərbaycan eposu­nun həm ümumi süjet modelindən, həm də məhəbbət dastan­larının ümumi süjet modelindən qırağa çıxmır: modellərin əsasında duran struktur sxemi dəyişməz qalır.

Biz burada “Əsli-Kərəm” dastanının süjet modelini qu­rar­kən əvvəlki təcrübələri də nəzərə almaqla formullaşdırma üsulundan istifadə edəcəyik. Lakin bu zaman bir məsələ nə­zərə alınmalıdır. Bizim formullaşdırma bütün digərlərinin möv­cud və potensial (gələcəkdəki) formullaşdırmalarında ol­duğu kimi, subyektiv təcrübəni əks etdirir. Belə ki, ən mü­kəmməl, ən detallı formullaşdırma zamanı belə, yeni model­ləşdirmələr üçün imkanlar yenə də qalır. Bu, nə ilə bağlıdır? Fəlsəfə doktoru Atif İslamzadəyə görə, “məhəbbət dastan­la­rının mətn strukturunda kodlaşdırılmış informasiyanın çoxşa­xəliliyi və çoxcəhətliliyi ilə”: “Struktur-semiotik araşdırma bəzən bir situasiyanın bir neçə tərəfini meydana çıxarır ki, bu da, az qala, bir ziddiyyət təşkil edir. Lakin ən zidd anlamlar arasındakı mətnaltı məna əlaqəsi funksionallığın rabitəvi əla­qəni inkar etməsinə yol vermir”20.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin