Biri – qəhrəmanın xaotik qüvvələr tərəfindən oğurlanmış sevgilisinin ardınca o biri dünyaya səfəri;
O biri – şamanın xaotik qüvvələr tərəfindən oğurlanmış xəstə ruhunun ardınca o biri dünyaya səfəri.
“Kərəmin xaosa səfəri” zahiri planda qəhrəmanın xaotik qüvvələr tərəfindən oğurlanmış sevgilisinin ardınca o biri dünyaya səfəri modelinə uyğundur. Çünki Kərəm də xaosa sevgilisinin ardınca gedir. Lakin “Kərəmin səfəri” zahiri fərqlərə baxmayaraq, öz “təfərrüatlarına” görə, şamanın xaotik qüvvələr tərəfindən oğurlanmış xəstə ruhunun ardınca o biri dünyaya səfəri modelinə də uyğundur. Hər iki modelin eyni kosmoloji sxemi inikas etdiyini və ümumiyyətlə, vahid modeldə qovuşduğunu nəzərə alsaq, “Kərəmin səfəri” şaman-qəhrəman paradiqmalarını özündə qovuşduran qiymətli, nadir “səfər təfərrüatıdır”. Eyni səfər modelləri üzərində qurulmuş digər məhəbbət dastanlarında “şaman” paradiqması “aşiq-qəhrəman” paradiqmasının altında qalaraq, demək olar ki, görünməz olmuşdur. “Kərəmin səfəri” isə “qara şamanın səfəri” modelinə dair unikal faktlarla zəngindir.
Digər tərəfdən, “Kitabi-Dədə Qorqud”un “Salur Qazanın evinin yağmalanması” adlanan ikinci boyunda Salur Qazanın xaos dünyasında istifadə etdiyi qam-şaman informativ kommunikasiya modellərinin (xəbərləşmə formullarının) “Əsli-Kərəm” dastanında Kərəmin xaos dünyasında istifadə etdiyi xəbərləşmə formulları ilə eyni olması faktı107 “Kərəmin səfəri” modelini “şamanın səfəri” modeli müstəvisində dəyərləndirməyə imkan verir.
Daha bir yanaşma “Əslinin oğurlanması” motivinin kosmoloji müstəvidə dəyərləndirilmə imkanıdır. Keşiş – xaosun funksioneridir. Onun “Qara” adı Keşişi birbaşa xaosa aid edir. O, Əslini öz dünyasına – qara dünyaya, xaosa aparır. Xaosa diri statusunda adlamaq olmaz. Demək, Əsli də xaosa ruh (ölü) statusunda adlayır. Keşişin Ziyad xandan istədiyi “üç aylıq” müddət Əslinin inisiasiya ritualından keçərək, müvəqqəti ölməsi, ruh-ölü statusu alması deməkdir. Göründüyü kimi, Keşiş Əslinin özünü yox, ruhunu oğurlayaraq xaosa aparır. Demək, Kərəmin Əslinin ardınca xaosa səfəri onun elə Əslinin ruhunun ardınca səfəri deməkdir. Bu da öz növbəsində Kərəmin ruh ardınca o biri dünyaya səfərini şamanın ruh ardınca o biri dünyaya səfəri ilə eyniləşdirir.
Dostları ilə paylaş: |