Süjeti kosmoloji struktur baxımından təhlil etdikdə diqqəti ilk növbədə toy semantemi cəlb edir. Kərəmin haqq aşıqlığı üzə çıxan kimi toy təyin olunur: epik mahiyyətində (arxetipində) ərgənlik ritualı duran butaalma ritualı bütün hallarda toyla tamamlanmalıdır.
Diqqəti cəlb edən ikinci element “üç ay” semantemidir. Toy ritualı və ümumən keçid ritualları üçün səciyyəvi kəmiyyət-zaman formulu “40 gün”dür. Lakin burada “üç ay” zaman vahidini görürük. Keşiş bu müddəti zahirən toya hazırlıq üçün istəyir. Ancaq bu semantemi ritual-mifoloji təhlil müstəvisinə gətirdikdə aşağıdakı mənalar üzə çıxır:
– “Üç ay” müddət kimi ixtiyari zaman parçası yox, Ziyad xanın verdiyi üzüklə toy arasındakı zaman vahididir;
– Kərəm bu üç ay müddətində öz mənzilinə qapanır: “Kərəm yarı şad, yarı naşad mənzilinə keçib düz üç ay gözlədi”97. Bu, üç aylıq təcrid deməkdir. Kərəmin yenicə buta aldığını göz önünə gətirsək, demək, bu “üç ay” göbəkkəsmə/buta nişanlıların hansısa bir toyqabağı ritualdan keçmələrini bildirən zaman vahididir;
– Bu üç ay müddətində Qara Keşiş Kərəmin halal haqqını – ilahi nişanlısını oğurlayır. Qara Keşişin qara dünyanı – xaosu təmsil etdiyini nəzərə alsaq, ehtimal etmək olar ki, bu “üç ay” semantemi həm də xaosa səfərin (keçidin, adlamanın) müddətini bildirən zaman vahididir.
Diqqəti cəlb edən üçüncü element “oğurluq”_semantemidir'>“oğurluq” semantemidir. Bu, oğuz kosmoqoniyasının ən məşhur ritual mexanizmidir. Ümumuyyətlə, oğuz tarixinin hansı dönəmində olursa olsun, harada toy ritualı varsa, orada hökmən oğurluq formulu da olmalıdır. Xüsusilə kənd yerlərində keçirilən müasir Azərbaycan toylarında oğurluq ən müxtəlif şəkil və fakturada özünü qorumaqdadır. Səfa Qarayev mifoloji xaos probleminə həsr olunmuş dissertasiyasının “Toy ritualında xaos və kosmogenez” yarımfəslində bu oğurluq faktlarını təhlilə cəlb edərək göstərir ki, oğlan evi qız evində olarkən həyata keçirilən ritual faktından biri də “oğurluq”dur. Oğlan evi qız evinə qədəm qoyarkən həm də “yağmalama və ya qarət ritualı” həyata keçirilir. Onlar əllərinə keçən müxtəlif əşyaları qız evindən xəbərsiz olaraq götürür və bu, oğurluq sayılmır. Bunun özü də xaos məkanından xəbər verir. Qız evi xaos sahəsi hesab olduğuna görə, orada normalar pozulur. Antinorma (oğurluq) özü “normaya çevrilir”. Kosmos qanunlarının əksi olan “qanunlar” aktivləşmiş olur. Əslində, bu səfərin mahiyyətinə “total oğurluq” kimi baxmaq da olar. Simvolik planda qız da, əşyalar da oğurlanır98. “Xaos mövqeyində yerləşən məkandan həm qızlar, həm də mal-mülk oğurlanır. Başqa sözlə, xaos “sökülür”, aradan qaldırılır”; “...Beləliklə, toyda əks olunan oğurluq epik mətnlərdə də əks olunan “total oğurluq” ritualı kontekstində anlaşılmalıdır. Mifoloji düzümdə xaosu əks etdirən qız evində antinorma aktivləşir. Novruz bayramında olan keçid anında (məs., qadın kişi, kişi qadın paltarı geyinir) olduğu kimi, bu keçid anında da antinorma “normaya çevrilir” və kosmosda qəbul olunmayan oğurluq faktı gerçəkləşmiş olur”99.
Göründüyü kimi, “oğurluq” toy ritualının ayrılmaz tərkib hissəsi, toyun proqramlaşdırılmış davranış formullarından biridir. Bu halda S.Qarayevin oğlan evinin qız evində həyata keçirdiyi “oğurluq” aktını “yağmalama və ya qarət ritualı” kimi səciyyələndirməsi kosmoloji sxemin məntiqinə uyğundur: doğrudan da, “oğurluq” bu halda məhz “xaosun sökülməsinə, aradan qaldırılmasına” xidmət edir.
Beləliklə, oğlan evinin qız evində həyata keçirdiyi “oğurluq” aktı “qızın oğurlanması (qaçırılması)” elementini də əhatə edən kosmosyaradıcı ritual formuludur: çünki burada oğlan evi qızı “oğurlayıb” (alıb) aparmaqla oğlanla (kişi başlanğıcı ilə) qızı (qadın başlanğıcını) bir-birinə qovuşdurur və bununla yeni həyat, yeni dünya, bir sözlə, yeni kosmos yaradılır.
Əslinin oğurlanması (qaçırılması) da qız evində baş verir. Lakin oğurlayan oğlan evi yox, xaos dünyasının təmsilçisi olan Qara Keşişdir. Demək, xaos funksionerinin (Qara Keşişin) qız evində həyata keçirdiyi “oğurluq” aktı xaosyaradıcı ritual formuludur: çünki burada Qara Keşiş qızı “oğurlayıb” (alıb) aparmaqla kişi başlanğıcı ilə qadın başlanğıcını bir-birindən ayırır və bununla kosmik nizamı pozaraq xaos yaradır.
Xaos funksioner(lər)inin həyata keçirdiyi “oğurluq” aktının xaosyaradıcı ritual formulu olması Oğuz eposu ilə birbaşa təsdiq olunur. Dastanın üçüncü boyunda Bayburd qalasındakı düşmənlər Beyrəyi öz 39 igidi ilə bərabər oğurlayırlar. Toy yasa dönür: “Baybörə bəgin dünlügi altun ban evinə (şivən) girdi. Qızı-gəlini qas-qas gülməz oldı. Qızıl qına ağ əlinə yaqmaz oldı. Yedi qız qardaşı ağ çıqardılar, qara tonlar geydilər”100. Beyrəyin ailəsində kosmik düzən xaosla əvəz olunur və ailə məkanı öz rəngini dəyişir: ağ (paltarlar) qara (paltarlar) ilə əvəz olunur. Beyrəyin (yalançı) ölüm xəbəri gələndə bütöv Oğuz kosmosu xaosa qərq olur: “Ağ çıqardılar, qara geydilər. Qalın Oğuz bəgləri Beyrəkdən umud üzdilər”101.
Lakin Beyrək, əslində, ölməmiş, onun yalançı ölüm xəbəri gəlmişdir. Başqa sözlə, bu, bir yalançı ölüm, yəni ritual aktıdır. “Oğurluq – oğurlanma” həmin bu “yalandan ölmə” aktının mühüm mexanizmidir. Beləliklə, kosmoloji sxem özünü hər yerdə təsdiq edir: “oğurluq” Qara Keşişin Əslini oğurlamasında olduğu kimi, burada da xaosa (ölüm dünyasına) keçid mexanizmi, başqa sözlə, xaosyaradıcı formuldur. Biz bu barədə geniş tədqiqat aparmışıq. Həmin tədqiqatın nəticələrinə əsasən, “Beyrək ritual-mifoloji kontekstdə şərti – yalançı ölümü ilə xaosa – yalançı dünyaya daxil olur. Bu, mərasimi ölüm dünyasıdır və «Yalançı dünya» olduğu üçün burada davranış prinsipləri yalana söykənir. Beyrək də buna uyğun olaraq nə qədər ki ölü – yalançı (dəli) Beyrək statusundan çıxıb, əvvəlki diri – doğruçu Beyrək statusuna qayıtmamışdır, o, yalnız «yalançılıq» semanteminin gerçəkləşdiricisi kimi çıxış etməlidir. Oğuz ritual-mifoloji dünya modelinə uyğun olaraq oğuzlarda yalanın rituallaşdırılmış ömrü vardı. KDQ oğuzları üçün bu ömür 40 gün idi (toy ritualının müddəti). Həmin «ömür» müddəti başa çatandan sonra Beyrək qayıdıb gəlməli, başqa sözlə, ölü (dəli ozan) Beyrək statusundan çıxıb, diri Beyrək statusuna qayıtmalı idi. O, toyda oğurlanır. Toy – mərasimdir, ritual vahididir. Bu baxımdan, toydakı oğurluq – mərasimi oğurluq, yəni «yalançı» oğurluqdur. Həmin oğurluqla o, ölmüş «elan edilir». Bu halda yalançı oğurluq və yalançı ölüm bir paradiqma sütununu təşkil edir. Onun oğurlanması (ölümü) şərti ritual hadisəsi olduğu kimi, qayıdışı da – dirilməsi ritualla mümkün idi. Beyrək toyda oğurlandığı kimi, toyda da qayıdıb gəlir: o, ritualda ölür və ritualda dirilir. Onun gəlişi ilə yalanın üstü açılır; yalanın mərasimi ömrü başa çatır: başqa sözlə, yalan antistrukturunun təcəssümü olan Yalançı oğlu Yalancığın ölümü ilə yalanın ömrü sonlanır”102.
Beləliklə, toyda oğurluq aktı üç semantemi birləşdirir: “toy” – “oğurluq” – “ölüm”:
Dostları ilə paylaş: |