§ 12.01. Xaosda təkrar identifikasiya və yalan formulu
Sərhəddəki obanı keçib Keşişin ardınca Tiflisə doğru hərəkət edən Kərəm “lap şəhərin kənarında” bir dəstə cavan oğlanın yaşıl çəməngahda çalıb-oxuduğunu görür. Cavanlar pul müqabilində Kərəmin oxumağını arzu edirlər:
“Kərəm dedi:
– Oxumağına oxuyaram, ancaq biz pul aşığı deyilik. Əgər mənə kömək eləmək istəyirsinizsə, soruşduğuma cavab verin”136.
Kərəm sazını çıxarıb, cavanlar üçün 6 bəndlik şeir oxuyur. Lakin nəsrin məzmunu ilə şeirin məzmunu arasında ziddiyyət yaranır. Kərəm cavanlardan Keşişi, Əslini soruşmaq istəsə də, oxuduğu beş bəndlik şeirin bütün bəndlərində yalnız özünü bir haqq aşığı kimi nişan verir (tanıdır):
Ey ağalar, gəlin sizə söyləyim,
İtirdim Əslimi görən olmadı.
Pərvanələr kimi alışdım, yandım,
Mən tək bu çöllərdə qalan olmadı...137
Göründüyü kimi, eyni motivin nəsr və nəzm hissələri bir-birinə uyğun gəlmir: nəsr hissəsində Kərəm cavanları sorğu-sual etmək niyyətində olsa da, nəzm hissəsində özü “sorğu-sual olunur”. Bu ziddiyyət ondan irəli gəlir ki, nəsr hissəsi süjetüstünün məntiqini, nəzm hissəsi süjetaltının məntiqini ifadə edir. Başqa sözlə, nəsr zamanla epoxal dəyişmələrə məruz qalsa da, nəzm özünün sabit-qəlib strukturuna görə süjetaltını – kosmoloji sxemi mühafizə etməkdə davam edir.
Beləliklə, Kərəmin çəməngahda apardığı dialoq-xəbərləşmə, əslində, onun özünün sərhəddən sonra ikinci dəfə etnokosmik identifikasiya ritualından keçməsidir. Bu, nələrlə sübut olunur:
Dostları ilə paylaş: |