Həcəri özündən ay qoçaq Nəbi
(“Qaçaq Nəbi” dastanı).
Üslubi sinonimlər Azərbaycan dilində -cıq, - cik, - cuq,-cük; - cığaz, - ciyəz, - cuğaz, - cüyəz; - ca, cə şəkilçiləri ilə düzəlir ki, bunlar emosional məna bildirir. Buna görə də bu şəkilçilər bədii üslubda geniş işlədilir: əzizləmə, kiçiltmə, oxşatma məzmununa və çalarlığına malik olur. Məsələn, ana ( n.) – anacıq- anacığaz; bacı ( n.) – bacıcıq – bacıcığaz; balaca (n.) – balacacıq – kiçicik; qız (n.) – qızcığaz - qızcıq; quzu (n.) – quzucuq; quş ( n.) – quşcuğaz – quşcuq; oğlan (n.) – oğlancığaz; uşaq ( n.) – uşaqcığaz ; körpə (n.) – körpəcik - körpəcə; ev ( n.) – evcik – evciyəz; xırda ( n.) – xırdaca və s. Bu sözlərin bəzilərinə ədiblərimizin əsərlərində də rast gəlirik : “ Xidmətçi arvad tələsik ona balacacıq bükülü bir kağız uzatdı” ( Ə.Əbülhəsən) ; “ Gülzar kiçicik əllərini irəli uzatmış, həyəcan içində nəticəni gözləyirdi” ( C.Cabbarlı); “ Dəyişdi günbəgün qızcığın halı; Pozuldu gördüyüm o gül camalı” ( S.Vurğun) ; “ Ay qız, hacı Məhərrəmin, deyirlər, qızcığazı qoşulub qaçıbdır axı” (N.Vəzirov) ; “ Bir quşcuğun uçuşunda bilsəniz nələr; Nələr duyur bir şairin səyyar ürəyi “ ( S.Vurğun ) ; Ağabəyim diksinmiş bir quşcuğaz kimi başını cəld qaldırıb, Vaqifin üzünə baxdı” (Y.V.Çəmənzəminli) ; Ah.O körpəciyin nə dərdi vardır? Onu da ağladan bir intizardır” ( S.Vurğun) ; “ Alagöz, sarışın, körpəcə bir qız; Dörd divar içində ağlayır yalqız” (S.Vurğun); Budur, şəhərin ucqarında kiçik bir evciyəz qaralır” ( Ə.Məmmədxanlı); “ (Vidadi:) Vaqif, sabah məni yola sal, gedim; Torpaq evciyimi ziyarət edim” ( S.Vurğun).
Yuxarıda göstərilən bu cür şəkilçilər vasitəsilə rus dilində də üslubi sinonimlər əmələ gəlir. Məsələn: вода – водитса – водчика; сестра – сестритса – сестричка; игла – иглица; белый – беленький – белехонький – бебешенький və s. (81,135).
-ca, - cə şəkilçiləri ilə başqa mənalı sözlər də düzəlir ki, bunlar zərflərin sonuna artırılır : yaxşı (n.) – yaxşıca; oğrun ( n.) – oğrunca; yavaş (n.) – yavaşca; gizli (n.) – gizlicə; sakit ( n.) – sakitcə və s.
-ca, -cə şəkilçili sözlər ən çox danışıqda işlədilir.
Azərbaycan dilində üslubi sinonimlərin əmələ gəlməsində ərəb və fars dillərindən alınmış “ - at” şəkilçisinin də müəyyən qədər rolu vardır. Bu cəm şəkilçisi çoxluğu bildirmək üçün istifadə olunursa da , dilimizdə tək kimi də işlədilir. Bu da iki formada özünü göstərir.Birinci formaya eyni kökdən ibarət olan söz daxildir: izah – izahat; xəyal – xəyalat; tələb – tələbat; təfəkkür - təfəkkürat; təhqiq – təhqiqat; təsnif – təsnifat və s. İkinci formaya isə eyni mənaya malik olan müxtəlif sözlər daxildir: avadanlıq – müxəlləfiyyat; zəmanət – təminat; tale – müqəddərat; reforma – islahat və s. Bu cür sözlər Azərbaycan dilində, demək olar ki, çox azdır.
Dilimizdə fellərdən düzələn - ma, - mə şəkilçili isimlər də vardır ki, bunlar həm elmi, həm də bədii üslubda işlədilir. Belə sözlər ən çox elmi üslubda işlənir və bu tip sözlərin sinonimliyi çox azdır: güclənmə - qüvvətlənmə; artma – çoxalma; varlanma – dövlətlənmə və s.
- ma, - mə şəkilçilərinə sinonim olan -ış, -iş, - uş, -üş şəkilçiləri də vardır. Bu şəkilçilər bir-birinə sinonim olduğu halda, onlardan düzələn sözlər də bir –birinin sinonimi olur: bəzənmə − bəzəniş; getmə − gediş; qaçma – qaçış; gülmə − gülüş; uçma – uçuş; vuruşma – vuruş və s.
Yuxarıda göstərilən şəkilçilərlə ( - ış, -iş,- uş,- üş, - ma, - mə) düzələn isimlər başqa sözlərlə də sinonimlik təşkil edir: Məsələn: ağlaşma – yas – matəm; bağlaşma – müqavilə − saziş; bildiriş – elan; yüksəliş – inkişaf – tərəqqi; düzəliş – təshih; baxış – nəzər və s.
-ma, - ma şəkilçiləri ilə düzələn sözlər bəzi hallarda - aq, -ək şəkilçiləri ilə düzələn sözlərə sinonim olur. Məsələn: əsnəmə - əsnək ( “ Mövlanqulunun nəfəsi yavaş – yavaş genişlənir, onu əsnək tuturdu” ( S.Rəhimov), “ Əsnək əsnək gətirər” (Atalar sözü) ; öskürmə − əskürək (“Qaraltının öskürməsi Qüdrətli üçün naməlumu aşkar etdi” (T.Ş.Simurğ). “ Bir–iki quru öskürək qarının sözünü yarımçıq kəsdi...” ( Ə.Əbülhəsən).
Cəmlik bildirən - lar, - lər şəkilçiləri də bəzi sözlərə artırılaraq üslubi məqsədlə işlədilir. Bu şəkilçilərin sözlərə artırılıb işlədilməsi mənanı qüvvətli edir. İctimai anlayışı bildirən bu şəkilçilərdən düzələn sözlər üslubi keyfiyyətə malik olaraq dildə ekspressivlik ifadə edir və yazıçıya müxtəlif priyomdan istifadə etməyə imkan yaradır. Məsələn, “ yazıq” sözünün aşağıdakı sinonim cərgəsi vardır: məzlum – fağır – dilsiz–ağızsız – aciz – üzüdanlaqlı – üzü tüpürcəkli − əlsiz–ayaqsız – köməyə möhtac − əlsiz ( məc.)− köməksiz − zavallı – başıbəlalı – biçarə − bədbəxt – miskin – başıküllü ( dan.) – başıqapazlı ( dan.)
Bu söz və ifadələri daha obrazlı, daha qabarıq, daha ekspressiv vermək üçün onlara – lar, -lər şəkilçiləri artırılır: yazıqlar – fağırlar – dilsiz−ağızsızlar ( məc.) – acizlər – üzüdanlaqlılar – məzlumlar – üzü tüpürcəklilər − əlsizlər (məc.) − əlsiz – ayaqsızlar – köməyə möhtac olanlar – köməksizlər – miskinlər – zavallılar – başıbəlalılar – bədbəxtlər ( dan.) – biçarələr – miskinlər− dilsizlər (məc.) – başıküllülər (dan.) – başıqapazlılar (dan.)
Bəzi sözlərə və ifadələrə aid misallar göstərək. “ Yazıqlar çəkildi bir az uzağa; Dözməzdi Ayişə bu ağır dağa” ( H.K.Sanılı); “ Cəlil ağa özü keçmişdə fəqir olduğundan çox rəhmli idi və harada bir ittifaq düşsəydi, fəqirlərə, əlsizlərə kömək edərdi” ( M.Musabəyov) ; “ Məni göndəribdir bura kəndin ağsaqqalları; Əlsiz–ayaqsızları, köməksiz yoxsulları” ( S.Rüstəm) ; “ Dilsizlər hərə bir küncdə palçığa bulanmış, aclıqlarından nalə edirlər” (N.Nərimanov).
İsim və sifətlərə -lıq,- lik,-luq, -lük şəkilçiləri artırmaqla sözlərdə emosionallıq və ekspressivlik yaranır: qəhrəmanlıq ( n.) – igidlik – mərdlik – qoçaqlıq – bahadırlıq; adamlıq ( n.) – insanlıq; pislik ( n.) – yamanlıq; gənclik (n.) – cavanlıq.
Azərbaycan dilinə məxsus - sız,-siz,-suz,-süz şəkilçiləri alınma “- bi” şəkilçisi ilə sinonim təşkil etdiyi kimi onlardan düzələn sözlər də bir–birinin sinonimi olur və mənada emosiya və ekspressivlik yaradır. Belə sinonim sözlər çox vaxt mənfilik məzmununa malik olur. – “na” prefiksi də bu qəbildəndir: dinsiz – bidin; namussuz – binamus; vafasız – bivəfa; ədəbsiz – biədəb; insafsız – biinsaf − nainsaf; xəbərsiz – bixəbər; məzmunsuz – biməzmun; qeyrətsiz – biqeyrət; həyasız – bihəya; əlacsız – naəlac; ümidsiz – naümid; haqsız – nahaq və s.
Dostları ilə paylaş: |