5. Üslubi sinonimlərin əmələ gəlməsində
evfemizmlərin rolu
Üslubi sinonim cərgəsinin böyük bir qrupunu evfemistik sözlər təşkil edir. Dilçi alimlərimizin qeyd etdikləri kimi evfemizm kobud, qaba və qeyri–mədəni söz və ifadələrin yumşaldıcı, mülayim tərzdə, ədəbi dil sistemində işlədilməsidir. “ ... bu hansısa əşya yaxud hadisənin yumşaldıcı ifadəsidir, kobud ifadənin mülayim ifadə ilə əvəzlənməsidir (93,533). Məsələn: “ ikicanlı”, “ağırayaq” əvəzinə “ hamilə”; “eşşək” əvəzinə “ulaq”, “uzunqulaq”, “abi-kövsər” əvəzinə “ cənnət suyu” və s.
Deməli, evfemizm gözəl, ədəbi, nəzakətli, tərbiyəvi, yumşaldıcı, yüngülləşdirici və bunlarla bərabər, həm də aldadıcı, sovistik, demaqogiyaya aid söz və ifadələrdir ki, bu söz və ifadələr müxtəlif, lakin fərqli səbəb motivlərindən ibarətdir: gündəlik zövqdən, konvensiyadan, nəzakətdən, ədəbdən, mövhumat və xurafatdan, uydurma fikirlərdən.
Evfemizm dilçilikdə son illərdə daha intensiv inkişaf etmiş sahələrdən biridir və yalnız “ üslubi bir vasitə kimi geniş mənada düşünülür və müxtəlif üslublarda, xüsusən bədii üslubda geniş istifadə məqamlarına malikdir” (17,164). Bədii üslub da, ümumxalq danışıq dili də öz-özlüyündə evfemizmin işlədilməsini tələb edir. Sarsıdıcı, ürəkürpədici, qorxu ifadə edən sözlər birdən–birə deyil , başqasına evfemistik yolla deyilir.Məsələn, bəd xəbər ifadə edən “ xəstə” sözü “nasaz”, “ naçar” , “ kefsiz” evfemistik sözləri ilə ifadə edilib deyilir. “ Ölmək” sözünün qorxu ifadə etməyən 40-a yaxın evfemistik söz frazeoloji birləşmələrlə əvəz edilib deyilir.
Evfemizm, qeyd etdik ki, əsas funksiyasına görə üslubi səciyyə daşıyır. Onun üslubi səciyyə danışması da elə nəzakət və mədəni formada mədəni sözlərlə işlədilməsidir. Deməli, evfemistik söz və ifadələr mənanı mədəniləşdirir, zərifləşdirir və üslubi bir hala gətirib çıxarır.
İstər bədii üslubda, istərsə də canlı danışıq dilində, evfemizmlər nitq hissələrindən ən çox felə, isimə və zərfə aid olur:
Arvad – uşaqların anası (evf.dan.) – həyat yoldaşı (evf., kit). – yastıq yoldaşı ( evf., məc.,dan.)
həbsxana−ağzıbir ( evf.,dan.) − dörd divar arası (evf., məc..dan.)
məzar – son mənzil ( evf.,kit.)
qoca- yaşlı ( evf.,kit.) – dünyagörmüş ( evf., kit.,dan.) – yaşadolmuş (evf.,kit.)
sərxoş – kefli ( evf.,dan.) – məst ( evf.,kit.) – dəm ( evf.,dan.)
ağlamaq – gözünün qorasını tökmək ( evf.,dan.) – yaş axıtmaq (tökmək) (evf..kit.) – gözündən od tökmək ( evf.. dan.) - gözünün zılığını tökmək (evf.,dan.)
qocalmaq – saçına dən düşmək (evf., kit.) – beli bükülmək ( əyilmək( evf., dan.) – saqqalı ağarmaq (evf., dan,zar.) – birçəyi ağarmaq ( qadın haqqında) ( evf., dan.)
basdırmaq – dəfn etmək (evf., kit., dan.)
basdırılmaq− dəfn olunmaq ( evf., kit., dan.)
doğulmaq – anadan olmaq ( evf., kit.) – dünyaya göz açmaq ( evf., kit.)
Bəzi evfemizmlər məcazi məna bildirir:
evləndirmək − başını bənd eləmək ( evf., məc., dan.) − başını bağlamaq (evf., məc.,dan.)
bədbəxtlik üz vermək – beli bükülmək (evf., məc., dan.) − beli qırılmaq (sınmaq) (evf., məc., dan.).,
araq − ceyran südü (evf., məc., dan.)
Göründüyü kimi, sinonimlərin inkişaf edib genişlənməsində evfemizmlərin rolu olduqca böyükdür. Dilimizdə evfemizmlər bir o qədər də çox deyildir. Onlar yalnız bədii üslubun ehtiyacını ödəmək üçün işlədilir. Deməli, evfemistik sözlər yalnız bədii üslubda deyil, fərdi və canlı danışıq üslubunda da işlədilir.
Dediklərimizdən belə bir nəticəyə gəlmək olar ki, üslubi məqsədlə işlədilən evfemizmlər aşağıdakı qruplardan ibarətdir:
1. İctimai-əxlaqi evfemizmlər: yalan danışmaq – özündən uydurmaq (evf.); sərxoş olmaq – kefi yuxarı olmaq (evf.) – içmək (evf.); arvad – uşaqların anası (evf.) – həyat yoldaşı (evf.) – külatan (evf., dan.) – ömür yoldaşı (evf.); ər – həyat yoldaşı (evf.) – uşaqların atası (evf.) – evin kişisi (evf.) – kişi (evf.); fahişə − əxlaqsız (qadın) (evf.) – pozğun qadın – yava və s.
2. İctimai-estetik evfemizmlər: əmcək – döş (evf.); dal – arxa (evf.); doğmaq – uşağı olmaq (evf.) – bari-həmlini yerə qoymaq (evf.); çılpaq – lüt(evf.) − paltarsız (evf.); çimmək− suya girmək (evf.) − yuyunmaq (evf.) və s.
3. Dini evfemizmlər: Allah – bizi yaradan (evf.); ölüyuyan-mürdəşir (evf.); canalan − əzrayıl (evf.); axirət – o dünya (evf.)
4. Siyasi evfemizmlər: asılı – müxalif (evf.); faşist – nasional (evf.); fəhlə sinfi – proletariat (evf.); gizli – məxfi (evf.) və s.
5. İctimai həyatla əlaqədar evfemizmlər: qorxmaq − çəkinmək (evf.); xəstələnmək− naxoşlamaq (evf.) – nasazlamaq (evf.); qorxaq – öddək (evf.)− quşürəkli (evf.); qoca− yaşlı (evf.)− sinli (evf.); ikiüzlü – riyakar (evf.); hiyləgər – çoxbilmiş (evf.); ölmək – keçinmək (evf.) və s.
Bütün bunlarla yanaşı, evfemizmlər müxtəlif formalar vasitəsilə əmələ gəlir:
1. Adların metonimik formada verilməsi evfemizmin əmələ gəlməsi vasitələrindən biridir: vətən – ana torpaq (yurd) (evf.,kit.,tənt.); kişi – başıpapaqlı (evf.,dan.); Azərbaycan− Odlar yurdu (ölkəsi) (evf.,kit.).
2. Evfemizmin əmələ gəlməsinin əsas səbəblərindən biri adların metaforik formada verilməsidir: ölmək – saralmaq (evf.) – dünyadan köçmək (evf., kit.).
3. Evfemizm əcnəbi sözlər vasitəsilə düzəlir: arvad− əhli-əyal (evf.) – külfət (evf.,dan.); uydurma – anektod (evf.,kit.); geyinmək – tualetini düzəltmək (evf.,kit.).
4. Evfemizmlərin bir hissəsi də jarqonizm vasitəsilə düzəlir: oğru− əliəyri (evf.,dan.) − əliuzun (evf.,dan.); oğurlamaq− əliuzunluq etmək(evf.,dan.) – çalmaq (evf.,kit.,dan.).
5. Evfemizmlərin əmələ gəlməsi söz və ifadələrin frazeoloji birləşmələrlə əvəzlənməsi hesabına da olur: arıqlamaq – bir dəri- bir sümük olmaq; pərt olmaq – kefi pozulmaq və s.
Beləliklə, üslubi evfemistik söz və ifadələrin aşağıdakı xüsusiyyətləri vardır:
1. danışıq dilini, həm də söz və ifədələri gözəlləşdirir; 2. ədəbiləşdirir; 3. yumşaldıcı rol oynayır; 4. dili yüngülləşdirir; 5. tərbiyəvi xarakterə yönəldir; 6. nəzakətli edir.
Dostları ilə paylaş: |