Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu


Arxaizmlər vasitəsilə üslubi sinonimlərin



Yüklə 0,93 Mb.
səhifə10/33
tarix01.01.2022
ölçüsü0,93 Mb.
#104279
1   ...   6   7   8   9   10   11   12   13   ...   33
3. Arxaizmlər vasitəsilə üslubi sinonimlərin

əmələ gəlməsi
Dildə üslubi sinonimlərin əmələ gəlməsində ar­xaizm­lərin də rolu az deyildir. Ümumiyyətlə, məfhum, mə­na və formanın vahidliyini söz əks etdirir. Buna uyğun da dil­çilik ədəbiyyatında arxaizmlər müxtəlif qruplara bölünür ki, bunlar haqqında ayrıca söhbət açacağıq.

Arxaizmlər əsas etibarı ilə tarixi dövrlə əlaqədar el­mi üslubda işlədilərkən əksəriyyəti müasir dildə olan söz­lər­lə sinonimlik təşkil etmir, bəziləri isə köhnəlmiş sözlərin sino­nim cərgəsini əmələ gətirir ki, bunlar dildə çox azdır. Arxaik sözlər dildə müxtəlif çalarlığa malik olaraq üslubi məqsəd daşıyır. Belə sözlər əksər üslublarda (bədii, ictimai-siyasi və s. ) istifadə olunur, həm personajın, həm də müəllifin fərdi üslubunda meydana çıxır.

Arxaizmin hamısını müasir dildə işlənmiş fəal sözlərin üslubi sinonimi kimi qəbul etmək olmaz. O sözləri qəbul etmək olar ki, onlar öz dövrü üçün üslubi məqsədlə işlənmiş söz olsun :

Qızıl− altun : Gödəkboy, başının tükü tökülməyə üz qoymuş bir oğlan ötkəm–ötkəm danışdıqca qabaqdakı qızıl dişləri parıldayırdı ( Ə.Vəliyev); Nigara bir çox altun zinətlər və qiymətli daşlar gəldi “ ( Y.V.Çəmənzəminli).

Həkim – təbib : “ Şəkər qapını cəld kilidləyib həkimin arxasınca getdi” ( B.Bayramov) ; “ ( Hacı Muxtar ağa : ) Əgər məsləhət bilirsiniz, yazım padşahın təbibi gəlsin” ( Ə.Haqverdiyev).

Gözəllik – hüsn : “ Gözəllik bəxşişdir; Bəxşişlə öyünməz insan...” (B.Vahabzadə) ; Xoş havalarda artırmanın başqa hüsnü vardır” ( Y.V.Çəmənzəminli).

Tərcüməçi – dilmanc : Son illərdə bizdə bacarıqlı tərcüməçilər dəstəsi yaranmışdır (M.Arif) ; “Nəçərnik onun üstünə çığırıb qovdu kənara və rusca atlılara dedi ki, içəridən dilmancı çağırsınlar” ( C.Məmmədquluzadə) və s.

Azərbaycan dilində arxaizmlər üç qrupa ayrılır:

1. Leksik arxaizmlər. Bu arxaizmlərdə sözlər bütövlükdə köhnəlir. Məsələn: zaman − əyyam, günah – suç, silah – yaraq, qoşun – ləşkər, oxucu – qare, qızıl – altun, kapitalist − sərmayədar, təmiz – arı, uzaq – iraq və s. Burada olan ikinci tərəf sözlər arxaizmlərdir.

2. Semantik arxaizmlər. Burada ancaq sözlərin mənası köhnəlir.Məsələn: tacir, bac, xərac, bəzzaz, bəzzazlıq, töycü və s. Bu cür semantik arxaizmlərə aid olan sözlərin müasir dilimizdə sinonimi olmur. Onlar yalnız özləri bir- biri ilə sinonimlik təşkil edir: kətxuda – katta, kəniz− qarabaş, qul – kölə, kübar – zadəgan, şah – padşah və s.

3. Leksik–fonetik arxaizmlər. Bu arxaizmlərə mənaca dəyişməyən, fonetik tərkibcə fərqli olan sözlər daxildir. Məsələn; şu− bu, ol−o, övrət− arvad və s.

Ə.Dəmirçizadə yazır ki, arxaik sözlərin hamısı eyni aqibətli olmur; bumlardan bəzisi tamamilə unudulur; bəzisi məhdud dairədə - dialekt, şivə sözlərinə çevrilərək yaşayır; bəzisi başqa dilə keçir, əsil mənsubiyyəti olan dil üçün əcnəbiləşmiş olur; nəhayət, bəzisi yenidən işlək söz hüququ kəsb edir ( 18,100). Odur ki, bəzi sözlər müasir dilimiz üçün arxaik olsa da, dialekt və şivələrdə üslubi söz kimi işlədilir: doğru−çin; çöl – yazı; valeh olmaq− uymaq; ləqəb – ayama; zərər−ziyan; bostan−xır; təmiz − arı −pak ; oxşamaq− bənzəmək; uzaq −iraq; çörək − əppək; ensiz − dar; dava − savaş; nəsil – soy; bəxt – tale ; özbaşınalıq − dərəbəylik; doğru – gerçək; igid − ərən ; insan – bəşər; gizli – xəlvət; həyat − eşik; axtarmaq – aramaq; səs-ün; səs – avaz; güzgü – ayna; zamanəyyam – dövran ; bədən − əndam; allah – tanrı; cam – qədəh ; bəxtiqbal ; hədiyyə − ərməğan və s.

Arxaik sözlərin böyük bir hissəsi dinlə əlaqədar yaranmışdır. Bunlar dini-üslubi sözlərdən ibarətdir. Belə sözlər həm neytral üslubda, həm kitab dilində , həm də danışıqda işlədilir. Aşağıdakı misallardan bunu daha aydın görmək olur: allah – xuda – tanrı – ilahi – pərvərdigar − yaradan − xaliq − müsəvvir ; inam – etiqad; alqış – dua; dindar – mömin; ifrit − iblis − şeytan; məhşər − qiyamət; cənnət − behişt; cəhənnəm – duzəx; ehsan − xeyrat; urf – adət; dəstəmaz – vüzu; ilahiyyat – teologiya ( kit.) ; minbər – kürsü; pir – ocaq; peyğəmbər – nəbi ; qanun – şəriət; xütbə − moizə − vəz və s.

Arxaik sözlər əksər hallarda bədii üslubda ekspressivlik məqsədi ilə təntənəli çalarlıq yaratmaq üçün, satira və yumorda, kinayə istehza çalarlığı yaratmaq üçün, sarkazmlarda, komik əsərlərdə və s.-də işlədilir. M.Ə.Sabirin satiralarını buna misal gətirmək olar. S.Ə.Şirvaninin, M.Ə.Möcüzün, Ə.Qəmküsarın, Ə.Nəzminin satiralarında da belə hallara rast gəlmək olur.

İstər bədii- ədəbi dildə, istərsə də ümumxalq danışıq dilində XX əsrin 40-cı illərinə qədər bir qrup sözlər də işlədilirdi ki, bunların bəziləri yenə də ərəb, fars və türk dillərindən alınmışdır. 40-cı ildən isə dilimizdə olan həmin sözləri əvəz edən yeni məfhumlar əmələ gəlmiş, rus və Avropa mənşəli sözlər keçmiş və müasir dil üçün arxaikləşmişdir: firqə− partiya, firqəçi – partiyaçı, xitabnaməmüraciət, özək – təşkilat, qərardad – qərar, sərmayədar – kapitalist, cahan – dünya, darülfünun − universitet, əmələ − kargərfəhlə, məşrutə − Əsas QanunKonstitusiya, şura− sovet, cümhuriyyət – respublika, ruznamə − qəzet, yardım – müavinət və s.

Bu dövrdə bədii ədəbiyyatda ərəb və fars sözləri ilə yanaşı türk mənşəli sözlər də işlədilmişdir ki, bunların da əksəriyyəti ədəbi dilə məxsusdur: otaq – oda, yüngül (asan) – qolay, uşaq- çocuq, sabah – yarın, qadağan – yasaq, mahnı – şərqi – türkü və s. Bu sinonim cərgələrdə ikinci tərəf sözlər türk mənşəlidir. Lakin elə türk mənşəli sözlər də vardır ki, onlar dilimizdə bu gün də işlənir. Məsələn: həyat – dirilik, yatmaq – uyumaq, qarşı – ön, aydın – bəlli, gecikdirmək – yubatmaq, yıxmaq−devirmək və s.

Beləliklə, üslubi məqsəd üçün müasir yazıçılar tərəfindən arxaik sözlər aşağıdakı hallarda işlədilir:

a) təsvir edilən hadisələrin tarixi xüsusiyyətlərini əks etdirmək üçün;

b) poeziyada qafiya düzəltmək üçün;

c) satira və yumor yaradıcılığında kinayə, sarkazm, məsxərə və s. çalarlığı yaratmaq üçün;

ç) ekspressivlik yaratmaq üçün;

d) müəllif və personajın nitqini fərqləndirmək üçün.

V.İ.Koduxov yazır ki, arxaizmlər bütün hallarda üslubi sinonimlər kimi çıxış esir; onlar nitqi yüksəldir, təmtəraqlı edir (78)


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin