8. Üslubi sinonimlərin məcazlar hesabına
əmələ gəlməsi
Azərbaycan dili məcazi sözlərlə zəngindir. Məcazi mənalar cümlə və yaxud da mətn daxilində yaranır. Cümlədə məcazların yaranması dilimizdə olan sinonimliyi zənginləşdirir.
Hər bir sözün əsas mənasından başqa əlavə mənası da olur. Ə.Dəmirçizadə haqlı olaraq yazır ki, sözün əsas mənası ilə əlaqədar dolayı mənası da ola bilər və sözlərin belə əlavə - dolayı mənalarda işlədilməsi nəinki mümkümdür, hətta zəruridir(18,152).
Sözlərin məcazi mənasının zəruriliyi aid olduğu sözlə sinonimləşir və buradan da sinonimlər sözlərin məcazi mənaları ilə əlaqədar əmələ gəlir.
Məcazi mənalı sözlərin əksəriyyəti ismə, felə, zərfə və sifətə aid olur.
Sadə danışıq dilində, bədii ədəbiyyatda heyvan adlarının məcazi mənada işlənməsi böyük rol oynayır: tülkü, çaqqal, ayı, eşşək, meymun, öküz, tısbağa, aslan, pələng, şir, canavar, inək, quzu, maral, qoyun, ceyran, donuz, qaban, it, dovşan nominativ mənalarına görə, göründüyü kimi, heyvan adlarıdır. Lakin həmin sözlər dilimizdə məcazlaşaraq heyvan adları deyil, müəyyən anlayışı, keyfiyyəti bildirərək əsas sözün sinoniminə çevrilir. Tülkü − bic – hiyləgər; çaqqal − qorxaq, ayı – qaba, kobud, vəhşi; eşşək – qanmaz, axmaq, qanacaqsız; meymun – çirkin; öküz – kobud; qoç – igid, cəsur; şir – qoçaq, igid, cəsur; pələng – igid , qorxmaz; aslan – qoçaq, cəsur; canavar − qurd, qəddar; quzu – sakit, mülayim; ceyran, maral – gözəl; donuz – pinti; qaban – kobud, yöndəmsiz; it – bədxasiyyət, acıdil; dovşan – qorxaq; ilan – xain – mərkli; qurbağa - çirkin.
Misallar : “ Cəfər tülkü olsa da , axır tələyə düşdü; Olan olmuşdu artıq, ötən dəxi ötmüşdü” ( M.Rahim “ Saxtakar Səfər”); (Qulu: ) Görəsən , dünyada mənim kimi də eşşək adam olarmı” (N.Vəzirov” Pəhlivani – zəmanə”) ; (Nağı:) Donub qalmışam dünyanın işlərinə, bu meymun da özünü adam hesab edir, Zöhrə kimi mələkdən uca tutur” ( M.İbrahimov “ Yaxşı adam”) ; “ Hanı bəs Aleksey, dostlar hardadır? Aslana car çəkin, maral dardadır” ( M.Rahim “ Leninqrad göylərində”); “Adamlar vuruşanda dayanaraq üzbəüz; Gah eşşək söyləyirlər bir–birinə, gah öküz” (M.Rahim “ Uzunqulaq”); “(Kiçik gürcü:) Bu dağlar mülkünün pələngi sənsən” (S.Vurğun “ Vaqif”); (Eldar:) Bura bax, qardaşım, indi şah Qaçaq; O sizi talayan dişi canavar; İndi də göz dikib Azərbaycana “(S.Vurğun “Vaqif”); “ (Vaqif:)... Nə də dişlərində qan donan o qurd; Bu tərlan könlümü ovlaya bilməz” ( S.Vurğun “ Vaqif” ) “ Ovçusu olmuşam sən tək maralın; Xəyalımdan çıxmaz hərgiz xəyalın” (M.P.Vaqif) ; “Ərdovdu, qabandı, qoyma gəldi; Didarı yamandı, qoyma gəldi (M.Ə.Sabir “Qoyma gəldi“) ; “(Nurcahan: ) Hələ sən get qanqal otla. Mən də Nurcahanam, sənin kimləri çox xaltalamışam, ay it” ( N.Vəzirov “ Daldan atılan daş topuğa dəyər” ) ; Basma ayağını bizim torpağa ; İlandan, əqrəbdən yar ola bilməz” ( S.Vurğun “ Vaqif” ); Gözəllikdən bixəbər; Lovğa–lovğa hər səhər; Özünü maral sayan; Qurbağalardan həzər” (M.Rahim” Maral və qurbağa” ); ( Qoca:) Al. Oğul. Göz üstə saxla sən bunu; Yaşat ürəyində qoç Koroğlunu” (“Koroğlu”).
Azərbaycan dilinin sinonimikasında yalnız heyvan adlarının məcazi mənası deyil, ayrı–ayrı sözlər də məcazlaşaraq aid olduğu əsas sözün sinoniminə çevrilir. Məsələn: abır – üst–baş; ağır – hamilə; ağrı – dərd – qəm; alçaq – rəzil; anadangəlmə−çılpaq; aparmaq – qalib gəlmək, qələbə çalmaq; arşınlamaq – veyllənmək; bazar–səs–küy; bal – şirin; badımcanburun – yekəburun, uzunburun; balqabaq – key, maymaq; baltadiş – yekədiş; banlamaq – qışqırmaq; başsız – gic; beyin – ağıl; qırmaq – öldürmək” qızartmaq – utandırmaq; vurmaq – içmək; qəfəs – həbsxana; qızmaq – hirslənmək; dam – həbsxana; dəymək – baş çəkmək; danabaş − küt; duzlu – maraqlı; əzmək – kötəkləmək; ərimək – arıqlamaq; yoluq – kasıb, yoxsul; yuva – ev; malbaş – küt; öküzbaş - yekəbaş; çulu cırıq - yoxsul və s.
Bütün bunlarla bərabər, dilimizdə elə ifadələr də vardır ki, onlar məcazi mənada işlənərək məna çalarlarına görə aid olduğu əsas sözlə sinonimləşir. Məsələn: “qara qızıl” – neft; “mavi yanacaq” – qaz; “ ağ qızıl” – pambıq; “polad at” - traktor; “ sarı qızıl” - buğda; “ polad qanad” – təyyarə; “mavi gəmi” – pambıqyığan maşın; “dəmir qanadlı quş” – təyyarə və s.
Bu ifadələrin bəziləri mətbuat üslubunda daha çox işlədilir. Misallar: “ Neftçi, yerin təkindən, dərin sular altından “qara qızıl” və “ mavi yanacaq” çıxaranlar da, təmirçilər də, qazmaçılar da, vışkaquraşdıranlar da çox şərəfli bir ad neftçi adını daşıyırlar” ( “ Kommunist” qəzeti, 14 sentyabr 1982); “Respublikamızda bayram şənliklərinin davam etdiyi günlərdə briqadamız zərbəçi kimi işləyərək öhdəlik hesabına nəzərdə tutulduğundan çox “ ağ qızıl” toplayıb” (“ Kommunist” qəzeti, 2 oktyabr,1982); “ Alnı açıq cavanlar; Şərəfli qəhrəmanlar; Qoy cansız tarlalarda; yenə “polad atınız” ( M.Rahim “ Zəfər təranəsi”) “ O,əlini qaldırıb yellədi, salamlaşdı, sanki bizdən” üzr istəyirmiş kimi gülümsəyib,” mavi gəmisini “ağ çiçəkıər dənizinə sürdü” ( Ə.Qasımov “ Aytəmizin dəftərləri” ); “Yarır” havaları polad qanadlar; Bir də qan ağlamaz yer, göy göyərçin” ( S.Rüstəm “ Göyərçin”) ; “ Güləbətin səsi gəldiyi qədər qışqırıb dəmir qanadlı quşun qabağından qaçmağa, çoxdan hovuzun qırağına enmiş göyərçinlərin yanına enməyə başladı” ( M.İbrahimov “ Güləbətin” ).
Onu da qeyd etmək olar ki, üslubi sinonimlərin cümlə və ya mətn daxilində işlədilməsi, ondan istifadə edilməsi fərdi xarakter daşıyır, çünki hər bir sözün mənası subyektiv olduğundan onu icra edən şəxs və sənətkar tərəfindən müxtəlif cür də işlədilə bilər. Xalq şairi R.Rza “ Qürur nəğməsi” şeirində “ ay” sözünü “göylər qızı” ifadəsi kimi işlədilir:
Təyyarə qanadlı
buludları yararsa,
coşğun nəğmə səsləri
boşluqları sararsa;
bu bəxtiyar həyatda
könül açan
nə varsa,
bizimkidir
nəğmə də,
təyyarə də, sevgilim
Göylər pərisi ay da,
Səyyarə də , sevgilim.
Şair başqa bir şeirində isə “ ay” ı “sarışın kəndli qızı” adlandırır:
Ay – sarışın kəndli qızı,
Yaşlı sular – yellənəcək.
Nazlı-nazlı gülümsəyir
Dalğalara minərək.
S.Vurğun isə “ ay” ı “ göylər şamı” adlandırır:
. .. O, ay dediyimiz göylərin şamı
O qarlı düzlərə baxıb yanırdı...
“ Komsomol poeması”
Beləliklə , sinonimlərin cümlə və ya mətn daxilində işlədilməsi obrazlılıq, emosionallıq yaradır, ona üslubi çalar verir. Sinonimlər cümlə və ya mətndə üslubi məqsəd üçün istifadə olunaraq təkrara yol vermir, fikri daha aydın, qabarıq, dəqiq ifadə edir, sənətkarın öz istək və arzularını həyata keçirməyə nail olur.
Dostları ilə paylaş: |