Gəldi keçdi yar, müsahib, həmdəmlər,
Bərhəm olur dərdlər, qəmlər, ələmlər,
Bir- birinə gündə dəgər ağlaram.
M.V.Vidadi “ Çərxi − fələk zülmü ziyan eyləmiş”
Xəstə düşdüm, gələn yoxdur üstümə,
Qərib öldüm, bikəs öldüm, yad öldüm...
M.V.Vidadi
Sinonimlərin cüt işlənməsi nitqdə personajın inandırıcılığını tələb edir:
Vallah, daha bezdim, mən, usandım, dedin , ancaq
Tərkində coşan od dənizdən xəbərin yox.
B.Vahabzadə
Allahın adı ilə bağlı vallah, billah, tallah sinonim sözləri çox vaxt cümlədə yanaşı işlənir və mənada ekspressivlik yaradır: “(Salman bəy:) Vallah, billah, tallah, təngə gəlmişəm, axırı peşman olacaqsınız” (N.Vəzirov“ Sonrakı peşmançılıq fayda verməz” ) ;
(Əşrəf bəy:) Ay kişi vallah, billah, tallah mən səni aldatmıram” (N.Vəzirov “ Yağışdan çıxdıq, yağmura düşdük” ).
Mənanı daha həyəcanlı, daha təsirli vermək üçün sinonimlər cüt işlədilir:
Körpünün altı çaydır,
İçimdə gümüş Aydır.
Sənsiz keçən günlərim
Gün deyil. ahdır, vaydır.
N.Gəncəli “ Gəncəçayı”
O acı fəryadlar, şirin nəfəslər
Mənim də könlümün ahı, naləsi...
B.Vahabzadə “ Səhən də məktub”
Sinonimlərin cüt işlənməsi obrazın keyfiyyətini, onun əsas varlığını, iç üzünü göstərməkdə yazıçıya imkan verir: “ Məşədi Allahverdi ibtida bir arvad aldı, gözəl, göyçək, 30 il onunla gün keçirib övladı olmadı” (N.Nərimanov “ Pir”).
Bu cür hallar bəzən də metafora yolu ilə əmələ gəlir və əsas söz əvəzinə məcazi söz işlənir:
O bizim tankçılardır,
Bir anda qan uddurur,
Azğın, quduz düşmənə.
M.Seyidzadə
Anadan doğulub Nəbi şir, pələng;
Yalçın qayalarda başlanan çələng,
Kar etməz Nəbiyə aynalı Tüfəng.
S.Rüstəm “ Qaçaq Nəbi”
Sinonimlərin yanaşı işlədilməsi mənaya üslubi rəng verərək personajın qəhrəmanlıq xüsusiyyətlərini daha inandırıcı edir,daha dəqiqləşdirib konkretləşdirir:
Cani dediyimiz qəhrəmanların,
O igid, o qoçaq, mərd insanların
Könüllü getmişəm köməyinə mən.
M.Dilbazi “ Əlcəzairli qız”
“ Dərhal Həmzə Güləbətinin gözünə başqa cür göründü – qəhrəman, cəsur, qoçaq”
(M.İbrahimov “ Güləbətin”).
Bəzən bədii dildə cüt işlənən sinonimlərdən biri köhnəlmiş söz ( arxaik) olur:
Şirin: ) Eldən uzaq düşdüm, vətəndən iraq,
Bir dar qəfəsdəyəm, ürəyim dustaq.
S.Vurğun “ Fərhad və Şirin”
“ Fərman... atası kimi təmiz, pak qəlb bir oğlan idi” ( Ə.Haqverdiyev “ Xortdanın cəhənnəm məktubları” ).
Bu misallarda işlədilən iraq və pak sözləri köhnəlmiş sözlərdir.
Mənanı izah edib dəqiqləşdirmək üçün bəzən dialekt sözlə yanaşı ədəbi dilə aid olan söz də işlədilir: “ Bütün bu əhvalatdan sonra Höccətullah xanın dili deyilməz dərəcədə qısaldı,gödəldi...” ( S.Rəhimov “ Şamo” 4-cü cild).
Yazıçı səhnə dilində sinonim sadalamalardan istifadə edərkən məna dəqiqləşir, emosional çalarlıq yaranır: “ ( Hacı Qurban:) Neyləyim, neyləyim, allah səbəbin evini tarmar etsin, yurdunu dağıtsın” ( N.Vəzirov “ Keçmişdə qaçaqlar” ).
Bəzən belə sadalamalarda personaj ürəyinin kədərini sakitləşdirir: ” ( Əşrəf bəy: ) Ay yazıq, bədbəxt, biçarə müsəlman...” (N.Vəzirov “Yağışdan çıxdıq, yağmura düşdük” ) ;
(Cahangir xanım:) Fəqir atam.Yazıq atam. Günü qara atam. Bədbəxt, köməksiz anam” (N.Vəzirov “Yağışdan çıxdıq, yağmura düşdük”).
Sinonimlərin cüt işlənməsi bəzən satira və yumor çalarlarını qüvvətləndirir, sözdə satirik ekspressivlik yaradır:
Xortdandı, çoxandı, qoyma, gəldi.
Girdarı yamandı, qoyma gəldi.
M.Ə.Sabir
3. Bədii dildə sinonimlərin üslubi xüsusiyyətlərindən biri də mətndə verilən sözlərin və ifadələrin bəzi hallarda bir–birinə lap yaxın sinonim sözlərlə izah edilməsidir ki, bu da izahlı sinonim adlanır.Belə sinonim iki yolla düzəlir: birincisi, tire ( - ), ikincisi, mötərizə vasitəsi ilə. Bu cür hallar yalnız nəsr əsərlərinə xas olur. N.Vəzirovun, S.S.Axundovun, A.Şaiqin, Y.V.Çəmənzəminlinin və ən çox S.Rəhimovun əsərlərində bunun şahidi oluruq: “Təvəqqəmizi bund(şuriş) hesab edib divana məlum etməyi xahiş elədi” (N.Vəzirov) ; “ O zaman əlli – altmış nəfər qara çadralı qadın şöbənin salonundan çıxıb tribunanın (mənbərin) qabağında oturdu” (S.S.Axundov); “Ata ailənin (külfətin) böyüyü və sahibidir” (Y.V.Çəmənzəminli); “Məsələn, kişi arvadla kefli (sərxoş) zamanında əlaqədə olsa, bundan salamat övlad olmadığı kimi, dəlilərin, ürəkgetmələrin, vərəm və siflis kimi azarları olanların da övladları azarlı və eyibli olar” (Y.V.Çəmənzəminli); “ Safo kişi daha bu işgəncəli-əzablı həyatdan gözlərini çəkib ümidini üzürdü...” (S.Rəhimov, “Şamo”, 4-cü c.); “Çünki Kərbəlayi Hatəmxan gözləri çıxarılan, daha doğrusu, gözləri torpaqlanan Hacı Səfiqulunun, onun oğlu Səyavuşun, yaxud dağ boyda pristav sayılan Talıbxanın kökünə düşməkdən çəkinirdi, hər gecə Göyərçinin iştiyaqında cahıllaşmaq- cavanlaşmaq arzusunda olsa da qorxurdu” (S.Rəhimov.”Şamo”, 4-cü c.).
Ədib belə sinonimliyi nəinki öz dilində, hətta personajların dili ilə də işlədir: “(Hatəmxan:) Onlar orada gölməçələnən lehməni-qaramalığı iyləyər, qanıb bilərlər ki, onların da qulağını dana-duna quyruq-qulağı kimi sivirmək olar”( S.Rəhimov.”Şamo”, 4-cü c.); “(Sultan:) Bolşevikin torpağa düşən izi- rəddi belə od alıb yansın” (S.Rəhimov.” Şamo”, 4-cü c.).
Onu da qeyd etmək lazımdır ki, bədii əsərlərdə tire ilə yazılan bəzi mürəkkəb sözlər bir-birinin sinonimi olmur. Məsələn: mal-qara, ucsuz-bucaqsız, qohum-əqrəba, söyüş-möyüş, çör-çöp, söz-söhbət və s.
Bədii üslubda sinonimikanın bir xüsusiyyəti də vardır ki, bəzən iki sinonim sözün arasında “və” bağlayıcısı içlədilir. Lakin bunlar əsli sinonim olmayıb nisbi sinonim kimi fəaliyyət göstərir, mənanı rəngarəng edir: “Bir neçə gün Şəbanın yanına dost və aşna gəldi; axırda Şəban arvadını da götürüb öz evinə köçməyə qərar qoydu” (Ə.Haqverdiyev. “Şeyx Şəban”); “(Atabəy:) Lakin cəsarətlə demək istəyirəm ki, yoxsulluq və ehtiyac şairin yaradıcılıq qüdrətini azalda bilər” (M.S.Ordubadi. “Qılınc və qələm”);... “bu qəbildən olan bir çox xanın, bəyin, mülkədarın, neft sənayesi sahiblərinin hiddət və qəzəblərini alovlandırdı” (S.Rəhimov.”Şamo”, 4-cü cild).
Dostları ilə paylaş: |