2. Üslubi sinonimlərin bədii mətnin
poetik xüsusiyyəti ilə bağlılığı
Qeyd etdik ki, üslubi sinonim onu yaradanın şəxsi yaradıcılıq məhsuludur. Hər bir dil priyomlarında özünü büruzə verən üslubi sinonimlərin özünəməxsus gözəlliyi vardır. Bədii yaradıcılıqda üslubi sinonimlərin seçilib işlədilməsi güclü bədii ifadə vasitəsi yaradır ki, bu da yaradıcıdan bacarıq bə sənətkarlıq istedadı tələb edir.
Nəsr əsərlərinə nisbətən poeziyada sinonimlərdən daha çox istifadə edilir. Belə məqamda söz poetik vasitəyə çevrilir. Məlumdur ki, müasir dilimizdə işlədilən poetik sözlərin bir qismi ərəb və fars dillərindən alınmışdır. Dilbər, dildar, canan, məst, badə, piyalə, xumar, dilrüba, saqi, rəvan, mələk, ruh, nərgiz və s. bu kimi sözlər ədəbi dilimiz üçün köhnəlmiş olsa da, ədiblərimiz yeri gəldikcə bunlardan istifadə edirlər.
Klassik şairlərimizdən Nəsimi, Q.Bürhanəddin, Kişvəri, Xətai, Füzuli, Vaqif, müasirlərimizdən S.Vurğun, S.Rüstəm, R.Rza, B.Vahabzadə, N.Xəzri və başqaları öz şeirlərində poetik sözlərdən olduqca geniş istifadə etmişlər.
İkinci qrup şairlərin birinci qrupdan fərqi ondadır ki, onlar sinonimləri işlədərkən yeni sözlərdən daha çox istifadə etmişlər.
Klassik şeir üslubunun əsasını qəzəl, məsnəvi, müxəmməs, müstəzad, mədhiyyə, qəsidə, qoşma və s. təşkil edir. Göstərilən bu şeir formalarından fərqli olaraq qəzəl və qoşma müasir poeziyada da davam etdirilir.
Aşıq yaradıcılığını əsas etibarilə qoşma təşkil edir. Qoşma ən sadə şeir növüdür, musiqilidir, oynaqdır, ritmikdir. Ona görə də qoşma aşıq yaradıcılığının, aşıq poeziyasının aynasıdır.
Ümumxalq danışıq dilinin ən incə üslublarından bəhrələnmiş Aşıq Ələsgər öz qoşmalarını başadüşüləcək, ən cadə, aydın və axıcı bir dildə yazmışdır:
Bivəfanın, müxənnəsin, nakəsin,
Doğru sözün, düz ilqarın görmədim.
Namərdin dünyada çox çəkdim bəhsin,
Namusun, qeyrətin, arın görmədim.
Burada Aşıq Ələsgər sinonim düzümündən istifadə edərək emosionallıq yaratmışdır. Bifəfa- müxənnəs- nakəs; doğru söz- düz ilqar; namus- qeyrət- ar sinonim cərgələri ifadəni daha da qüvvətləndirmişdir, bədiiliyi isə gözəlləşdirmişdir.
Aşıq Ələsgər qoşmalarında işlənən sinonimlərin üslubi xüsusiyyətlərindən biri də budur ki, o, təkrara yol verməmək üçün müəyyən sözü bir neçə dəfə təkrar etməmiş, həmin sözü müxtəlif sinonimlərlə əvəz edərək işlətmişdir. Məsələn, o, “üz” sözünün aşağıdakı sinonimlərindən istifadə etmişdir:
Yazıq Ələsgərə çoxdu zavalın,
Aparır ağlımı günəş camalın.
***
Yetmədim gözəlin əsli- soyuna,
Aşiq oldum simasına, boyuna.
***
Firqətindən yarpaq kimi əsirəm,
Rüxsarımı eynim yaşı yandırır.
Burada camal, sima sözləri ərəb, rüxsar sözü isə fars dilindən alınmadır. Camal, rüxsar sözləri poetik üslubda, sima sözü isə əsasən bədii üslubda işlənir. Lakin rüxsar sözü arxaikləşərək müasir dilimizdə işlədilmir.
Göründüyü kimi, Aşıq Ələsgərin qoşmalarında işlənən sinonimlər poetik vasitələrlə zənginləşmiş, şeirdə bədii gözəllik, məzmun çalarları daha təsirli, daha tutarlı olmuşdur.
Nəinki Aşıq Ələsgər, hətta şairlərin hamısı poetik sözləri ancaq üslubi məqsədlə əlaqədar işlətmiş və işlədirlər. Şeirdə üslubi sözlərin əksəriyyəti isə üslubi – poetik xarakter daşıyır.
İstər klassik, istərsə də müasir şeirdə əsas rolu söz incəliyi, söz axıcılığı, obrazlılıq təşkil edir.
Onu da qeyd etmək lazımdır ki, klassik şeir üslubunda ərəb və fars mənşəli sözlərdən geniş istifadə edilmiş və canlı xalq dilinə məxsus ifadələr, söz birləşmələri də işlədilmişdir. Belə poetik (üslubi) sözlərin əksəriyyətinin sinonimləri vardır. Şairlər də yalnız belə sözlərdən üslubi məqsəd kimi istifadə etmişlər. Məsələn, göy (n.) – səmavi ( şair.); vurğun ( n.) – məftun ( şair.) – bənd (şair.) – aşiq ( şair.) ; şərab ( n.) – badə ( şair.) ; yaz ( n.) – bahar ( şair.) – gül – çiçək mövsümü ( şair.) ; çəmənlik ( n.) – çəmənzar ( şair.) ; saç ( n.) – zülf ( şair .) ; naz- işvə ( şair .); işıq ( n.)- nur ( şair.) – ziya ( şair .); məhəbbət ( n.) – eşq (şair.) ; payız ( n.) – xəzan ( şair.) – son bahar ( şair.) ; boy – buxun (n.) – qədd ( şair.) – qamət ( şair.) ;bədən ( n.) - əndam ( şair.); ürək ( n.) – könül ( şair.) ; üz ( n.)− rüxsar ( şair.) – hüsn (şair.); bulaq ( n.) – çeşmə ( şair.) və s.
Göstərilən bu misallardakı neytral sözə sinonim olan şairanə üslubi sözlər bu gün də artıq azərbaycanlaşmış, milliləşmiş və oxucuda ekspressiv təsir yaradır.
Misallar: “O mavi gözlərin; Səmavi gözlərin; Görəcəyəm mütəssil (M.Rahim); Aşiq baş qoymağa, canan yolunda; Yeriyib meydana mərdanə gələr (M.Rahim); Hamı bu halə valehü - məftun; Nagahan Hadis oldu bir yanğun (M.Ə.Sabir); Könül meyxanə cənnət, badə kövsər, saqidir qılman; Gedib vaiz deyən nisyə sözə ümidvar olma (S.Ə.Şirvani); Nə zaman ki, çəmənzara gedərdi; Lalələrin qan edərdi (M.Rahim); Deyim gözləri süzgün; Zülfü pərişan gərdən olurmu? (Q.Zakir); Çıxdı günəş, doldu cahan nur ilə; Cütcü sürür tarlada cüt şur ilə (M.Ə.Sabir); Qaraş Göycəyə necə dil açsın? Yeni-yeni parlamağa başlayan qızılgül misalı eşqə, məhəbbətə, sevgiyə necə arxa çevirsin? (Ə.Vəliyev); Mən səni xoşlayıram ən gözəl şeir kimi; Görürəm camalını, mənə görünməsən də (M.Rahim) ; O, çeşməyə baxdı bir də; Dedi – Söylə, sən ey bulaq; Könlün neçin düşdü dilə? ( A.Şaiq) və s.
Dominant sözə sinonim olan şairanə sözlərin bəziləri yalnız klassik şeir üslubuna məxsusdur, müasir poeziyamızla səsləşmir, öz əksini belə tapır: öpüş− busə; yuva – aşiyan; gənclik – baharıstan; qış – zimistan; qırmızı – laləgun; iy – buy; dodaq – ləb ; üz – rux – liqa; dil – zəban; diş – dəhan; günəş – aftab – şəms; bulud−əbr; dost − ənis; göz – didə; ayrılıq – hicr – fəraq; gül – şükufə − xəndan; gülüzlü – gülrux− gülçöhrə − gülruxsar; şeh – jalə; laləüz − lalərux; rəngli – rəngin; güllük – gülzar; laləlik – laləzar və s.
“Gözəl” sözünü klassik ədəbiyyatda istər şairlərimiz, istərsə də yazıçılarımız məcazi mənada üslubi sözlərlə əvəz edib işlətmişlər: afət, dilara, dilbər, huri, dildar, pəri, rəna, mələk, dilruba, sənəm. Qeyd edək ki, klassiklərimiz bu cür sözləri dönə - dönə , təkrar – təkrar işlətmişlər. Misallar: “ Gülzar altı–yeddi ay bundan əvvəl deyər, gülər, çalar, oynar şux bir afət idi” (C.Cabbarlı); “Leyk hanı səndə bəsirət gözü; Ta görəsən vəchi dilarasını? (M.Ə.Sabir) ; “ Mənim yarım bir əcaib dilbərdir; Üzü təzə güldür, zülfü ənbərdir” (M.P.Vaqif) ; “ Mənim də bir cam ilə aram tutardım, saqi; Gör yetişsəydi əlim yari – dildarın əlinə” (Ə.Vahid); “ Dönmüşəm mələkdən, tamam pəridən; Vaqifəm, sevmişəm təzə fatimə” ( M.P.Vaqif) ; “ Kim bilir, yollarında, ey rəna; Nə qədər, uf, boyun bükənlər var” (A.Şaiq) ; “ Bir yanda gizlicə; Qırx dilruba, qırx incə...” (M.P.Vaqif).
Gözəllərin üzünün qəşəng olması aşağıdakı şairanə sözlərlə təsvir olunurdu: pəriüzlü, pərisurət, pərisima, pəriçöhrə, pəricamal; ayüzlü, aybəniz, ayqabaqlı, mahcamal və s. Bunlarla bərabər təşbehlərdə gözəl qadınlar ahuya, ceyrana bənzədilirdi.
Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar ki, istər klassik, istərsə də müasir şairlərimiz sinonim sözlərdən aşağıdakı üslubi xüsusiyyət kimi istifadə etmişlər və edirlər:
1. İfadəni qüvvətləndirmək məqsədi ilə neytral dominant əvəzinə onu əvəz edən başqa sinonim sözlər işlədilir. Məslən:
Dostları ilə paylaş: |