Danışan natiqə bax.
Neolardan fəryad çəkir,
Bütün təzə hiylələri, kələkləri
sayır bir–bir,
Deyir: - Bəsdir bu aldanış.
B.Vahabzadə “ Neo”
Bu parçadakı “ hiylə” sözü ədəbi dildə, “ kələk” isə danışıqda işlədilir və fərdi üsluba məxsusdur.
Sinonimlər dalbadal, yanaşı işləndikdə bədii dildə ifadəni aydınlaşdırıb dəqiqləşdirir: “(Höccətullah xan:) Belə su qiymətinə, ucuzca, dəyər–dəyməzinə satılan yerdə daha nə fikirləşmək gərəkdir, ağalar” ( S.Rəhimov “ Şamo”).
Burada üç sinonim sözün (su qiymətinə − ucuzca – dəyər – dəyməzinə) ardıcıl işlədilməsi ekspressiya yaradır, fikri və mənanı dəqiqləşdirir.
Yeri gəlmişkən deyək ki, yazıçı müəyyən bir fikri daha yüksək, təsirli, ekspressiv vermək üçün öz fərdi uslubunda başqa priyomlara da əl atır. Məsələn, S.Rəhimov istismarçıların iç üzünü açıb rüsvay etmək üçün əzilən təbəqələrin adamlarını aşağıdakı kimi təsvir edir və belə bir sinonim cərgəsi yaradır: “
Aclıq – susuzluq, çörəksizlik, çaysızlıq, qatıqsızlıq, şorsuzluq, onları sabiq Rusiya imperiyasının bir çox yoxsullaşan, ağlaşan, latlaşıb – lütləşən yerlərindən tərpədə - tərpədə buraya, Bakının neft meşələrinə - buruqlarına qovlaya – qovlaya ehtiyacın acıdan –acı qamçıları ilə döyəcləyə - döyəcləyə gətirmişdi” ( “ Şamo” 4-cü cild). “Acların, susuzların, yalavacların, lat–lütlərin, füqəreyi–kasıbələrin gözlərini güldürsün” ( “ Şamo” 4-cü c.).
Bu cür hallara M.İbrahimovun əsərlərində də rast gəlirik. O, əməkçi insanları belə təsvir edir : “... bu cəbhənin birində milyonlarla zəhmət ordusu, əli qabarlılar, həyatın bütün nemətlərini yaradanlar durmuşdu” (“Gələcək gün”).
Yoxsulun malını halal bilərsiz,
Şəriətdən kənar mətləb dilərsiz,
Əysik danışarsız, artıq gülərsiz,
Namus, qeyrətiniz, arınız olmaz.
Aşıq Ələsgər “ Olmaz”
Aşıq Ələsgərdən gətirdiyimiz bu misalda namus – qeyrət – ar sinonimlərinin sadalanması bənddə olan ifadəliliyi artırmış, ekspressiya yaratmışdır.
M.F.Palevskaya yazır: “Bir sinonimi digərindən fərqləndirmə, onlardan dəqiqləşdirmə vasitəsi kimi istifadə etməyə imkan verir (87,65). bu funksiya sinonim düzümünü daha da reallaşdirir:
Fərəhin içində çoxam, lap çoxam,
Dərdimdə vahidəm, birəm, birəm mən.
B.Vahabzadə “ Öz könül dünyam...”
Bəlkə torpağın da, bəlkə yerin də
Qalmayıb əvvəlki gücü, qüvvəti?
Elə bil, elə bil meyvələrin də
Dəyişib əvvəlki dadı, ləzzəti.
B.Vahabzadə “ Elm – Əxlaq”
Sinonimlərin bir qismi cüt işləndikdə fikri daha dəqiqləşdirib aydınlaşdırır: “ Yaman gün, dar ayaq Gülsənəmi barışmaz düşməni Göyərçinin qarşısında bərkidirdi, belə dar günün hər dəqiqəsində, Gülsənəmi zindan üstündə döyülən dəmir kimi möhkəmləndirirdi, saniyədən – saniyəyə mətinləşdirirdi” ( S.Rəhimov “ Şamo” 4-cü cild); “( Əşrəf bəy: ) Ah yazıq, bədbəxt, biçarə müsəlman...” ( N.Vəzirov “ Yağışdan çıxdıq, yağmura düşdük” ).
Sinonimlərin sadalayıcı ( yanaşı) şəkildə işlədilməsi fikri aydınlaşdıraraq rəngarəng edir:
Şübhələrim, gümanlarım,
Səhvlərim, nöqsanlarım,
Fəryadlarım, əzablarım, amanlarım
Mən qaçdıqcan əlinizdən,
Əlimə yağış kimi yağırsınız.
B.Vahabzadə “ Səhvlərim, səhvlərim”
Bədii əsərlərdə bəzən də sinonimlər cüt işlənərək mənada ruhi acınacaq, can sıxıntısı, kədər yaradır. Belə hallara əsasən M.V.Vidadinin əsərlərində rast gəlmək olur :
Hayıf oldu o dövranlar, o dəmlər,
Dostları ilə paylaş: |