3. Üslubi sinonimlərin leksik və qrammatik
sinonimlərlə oxşar və onlardan fərqli cəhətləri
Dildə sinonimlərin zənginliyi dili şərtləndirən əlamətlərdən biri olduğundan sinonimika problemi təkcə leksikoloqları deyil, həmçinin dilçiliyin digər sahələrini araşdıran dilçiləri də düşündürmüşdür. Odur ki, sinonimləri dil sistemində tutduğu mövqeyə görə iki qrupa ayrırlar:
1. Leksik sinonimlər
2. Qrammatik sinonimlər
Onu da qeyd etmək olar ki, qrammatik, həm də leksik sinonimlik tarixi kateqoriyadır. Leksik sinonimlər qrammatik sinonimlərə nisbətən çox genişdir. Leksik sinonimlər leksik, qrammatik sinonimlər isə qrammatik mənalarına görə fərqlənirlər. Lakin bununla kifayətlənmək olmaz. İ.İ.Kovtunovaya görə qrammatik sinonimlər elə qrammatik konstruksiyalardır ki, onların arasındakı fərq, hətta eyni keksik materialda da meydana çıxa bilər (76, 142).
L.M.Peşkovski bir-birinə yaxın olan söz və söz birləşməsini qrammatik sinonim adlandırır (2, 5).
Qrammatik sinonimlik dilçilik ədəbiyyatında iki yerə bölünür: 1. Morfoloji sinonimlər; 2. Sintaktik sinonimlər.
Morfoloji sinonimlər bir-birinə yaxın olan və dəyişdirilə bilən (əvəzedilə bilən) söz formalarıdır. Məsələn: vətənimiz – bizim vətən, Bakı nefti – Bakının nefti, Azərbaycan pambığı- Azərbaycanın pambığı və s. Qrammatik sinonimlik İ.Məmmədovun “Azərbaycan dilində qrammatik sinonimlik” (27) əsərində geniş şərh edilmişdir. Ona görə də bu məsələ üzərində çox dayanmırıq.
Sintaktik sinonimlər dəyişdirilə bilən sintaktik strukturlardır. Sintaktik sinonimlər mənaca və qrammatik cəhətdən yaxın olan, üslubi rənglərinə görə fərqlənən cümlələrdir. Məsələn: Elmira Cəmilədən iş yoldaşlarına da kömək etməyi xahiş edir. Elmira xahiş edir ki, işdə yoldaşlarına da kömək etsin və s.
Leksik sinonimlər dildə ən çox yayılmış sahə olub söz və adlara görə dəyişdirilə bilən ifadələrdir. Leksik sinonimlər ən çox ifadə vasitələri (metafora, metonimiya, evfemizm) hesabına əmələ gəlir. Həm də leksik sinonomlər formaca müxtəlif, mənaca bir-birinə çox yaxın söslərdir (16, 170).
Leksik sinonimlər bir-birinə çox yaxın olmaya da bilər. Onlar mətn daxilində də biri digərini əvəz edir. Bu, özünü əsasən sözlərin çoxmənalılığında göstərir. “ Leksik sinonimlər çoxmənalılıq hadisəsi ilə sıx bağlıdır, çünki semantik eyniləşdirmə, yaxud yaxınlaşma heç də həmişə sözün tam məna həcmini ehtiva etmir (103, 79).
Leksik sinonimlər barədə M.İ.Fomina A.P.Yevgenyevanın aşağıdakı fikrini əsas tutur və bunu öz əsərində də göstərir: “Leksik sinonimlərə mənasına görə yaxın, yaxud oxşar sözlər, eyni məfhumun müxtəlif , lakin bir-birindən ya məna çalarlarına , ya üslubi çalarlarına, ya da eyni zamanda hər iki əlamətlərinə görə fərqlənən adlar daxildir (103, 78).
Leksik sinonimlər özləri işlənmə dairəsinə və məna fərqlərinə görə iki qrupa bölünür:
İdeoqrafik (semantik) sinonimlər;
Üslubi sinonimlər.
Beləliklə, sinonimləri quruluşuna görə fərqləndirərkən onların ümumi sxemi aşağıdakı kimi olur :
Leksik sinonimlər
|
|
Qrammatik sinonimlər
|
ideoqrafik
|
üslubi
|
|
morfoloji
|
sintaktik
|
Sxemdən göründüyü kimi, üslubi sinonimlər leksik sinonimlərdən yaranır. A.P.Yevgenyevanın qeyd etdiyi kimi, dilin leksik sinonimlərinin əsasını ideoqrafik və üslubi sinonimlər təşkil edir (70,10). Buna görə də başqa leksik sinonimlərlə üslubi sinonimlər arasında həm oxşar, həm də fəqli cəhətlər vardır.
Üslubi sinonimlərin digər leksik sinonimlərə oxşar cəhətlərindən biri odur ki, hər ikisi dildə eyni funksiya daşıyır, eyni mənbədən əmələ gəlir və zənginləşir. İstər leksik sinonimlər, istərsə də üslubi sinonimlər olsun – hər ikisi neytral dominantlığa malikdir, lakin üslubi neytral sözlərin imkan dairəsi daha genişdir.
Oxşarlıqdan danışarkən onu da qeyd etmək lazımdır ki, üslubi sinonimlər leksik sinonimlər kimi aşağıdakı xüsusiyyətlərə malikdir; üslubi sinonimlər də :
dilin lüğət fondu və alınma sözlər hesabına əmələ gəlir;
sözlərin biri ədəbi dildə işləndiyi halda, digərləri dialektlərdə və sadə danışıq dilində işlədilir;
c) sadə və mürəkkəb sözlərdən ibarət olur ;
ç) bir qismi sözdüzəltmə şəkilçiləri vasitəsilə əmələ gəlir və s.
Üslubi sinonimlərin zənginləşməsi yollarından danışdıqda, o da leksik sinonimlər kimi arxaizmlər və neologizmlər, evfemizmlər, dialektizmlər, frazeoloji birləşmələr hesabına artır.
Leksik sinonimlərin tərkibinə daxil olmasına baxmayaraq, üslubi sinonimlər öz strukturuna və semantikasına görə semasioloji tədqiqat baxımından işlənmə tərzinə görə bir-birindən fərqlənirlər. Onlar müəyyən məqsədlə müxtəlif üslublarda işləndikdə üslubiliyə meyil edir. Onun üslubiliyə meyil etməsi müxtəlif çalarlıqda işlənməsidir.
Leksik və üslubi sinonimlərin fərqindən danışıldıqda sinonimiyanın dar və geniş məna kəsb etməsini göstərmək lazımdır. Sinonimlər semasioloji tədqiqatda dar, üslubi tədqiqlərdə isə geniş məna kəsb edir. Məsələn, böyük − ulu sinonim sözlərində ulu sözü ayrılıqda dar məna, üslubi baxımdan isə geniş məna kəsb edir. Burada izah etməliyik ki, ulu arxaik sözdür, klassik ədəbiyyatda kitab dilində, bədii üslubda obrazlı mənalarda istifadə edilir, nitq hissəsinə görə sifətdir, zəka sahibi, dahi deməkdir.
S.Q.Berejan da haqlı olaraq sinonim sözlərin semantik tədqiqatda dar mənada götürülüb dilin leksik-semantik normasına əsasən funksional –üslubi işlənmə və birləşmə imkanlarını nəzərə almaq şərti ilə izah edilməsini göstərir, üslubi tədqiqlərdə isə sinonimliyin geniş mənada başa düşülməsini nitq hissələri ilə əlaqədar qeyd edir (45, 261).
Sonra o, sinonimliyin üslubi tədqiqlərdə geniş mənada başa düşülməsi fikrini davam etdirərək göstərir ki, sözlərin hər hansı məqsədlə məcazi və obrazlı mənalarda istifadə olunaraq məzmunca bir-birinə yaxınlaşması və effektıv cəhətdən şərtlənmiş subyektiv amillərdən asılıdır (45, 261).
Onu da qeyd etmək lazımdır ki, sinonimiyada sinonimlər dar mənada bu və digər məfhumun adını müəyyən bir tərzdə yaxın və eyni mənaya malik olmasını bildirməkdir. Geniş mənada sinonimlər söz və ifadələrin müxtəlif üslublarda işlədilməsidir. Burada, həmçinin sinonim sözlərin ayrı-ayrı nitq hissələrinə aid olması, sadə, düzəltmə və mürəkkəbliyi, frazeologiyaya münasibəti və s. araşdırılmalıdır.
Ümumiyyətlə, üslubi sinonimlər leksik sinonimlərin tərkib hissəsi olsa da , onlardan işlənmə tərzinə görə, üslubi rənglərinə görə, semantik çalarlıqlarına görə fərqlənir. Məsələn, müftə − pulsuz – məccani sinonim cərgəsində müftə sözü ədəbi dildə, pulsuz sözü həm ədəbi dildə, həm də danışıqda işləndiyi halda, məccani sözü yalnız klassik ədəbi dildə işlənir. Xəstə − azarlı – naxoş – kefsiz sinonim cərgəsində olan xəstə və naxoş sözləri həm ədəbi dildə, həm də danışıqda işləndiyi halda, azarlı sözü ən çox danışıqda işlənir, kefsiz sözü isə dialektlərdə işlənir.
Leksik sinonimlər həddindən artıq polisemiyaya malik olduğu halda, üslubi sinonimlərdə bu xüsusiyyət yoxdur. Məsələn, leksik vahidlərdən semantikasına görə “ayaq” sözünün 11, “açıq” sözünün 14, “ olmaq” sözünün 26, “ açılmaq” sözünün 33, “ açmaq” sözünün 20, “ baş “ sözünün 17, “ vurmaq” sözünün 30, “ qoymaq” sözünün 26, “ buraxmaq” sözünün 26, “ yer” sözünün 26, “ durmaq” sözünün 32, “ düşmək “ sözünün 43 mənası verilmişdir (6,7,8,9) ki, bəzi mənalar müstəsna olmaqla həmin sözlər mənaca, üslubca müəyyən xüsusiyyətlərə malikdir. Məlumdur ki, hər bir sinonim söz məntiqi məzmuna, üslubi və emosional xüsusiyyətə malikdir.
Leksik sinonimlər mövcud olduğu vaxtdan məhdud olaraq qalır, üslubi sinonimlər isə dilin müxtəlif üsulla inkişafı prosesində formalaşır və işlədilir. Leksik sinonimlər istənilən tərzdə, istənilən fikri ifadə etmək üçün işlədilir, üslubi sinonimlər isə seçmə yolu ilə, yəni yaradıcının məqsədinə müvafiq məna incəliyinə malik fikri daha dəqiq ifadə etmək yolu ilə işlədilir.
Ayrılıqda götürülmüş hər hansı bir söz leksik sinonim ola bilir, üslubi sinonim isə ola bilməz, çünki üslubi sinonimlər fərdi yaradıcılıq məhsuludur. Hər ikisi ekspressivlik və emosionallıq xüsusiyyətlərinə malikdir, lakin üslubi sinonimlərdə sözlər vahidlik təşkil edərək fikri daha dəqiq və daha düzgün ifadə edir.
Üslubi sinonimlərin leksik sinonimlərdən ən mühüm fərqi bir də ondan ibarətdir ki, leksik sinonimlər məna incəliklərinə, üslubi sinonimlər leksik sinonimlərdən yalnız üslubi xüsusiyyətlərinə görə fərqlənir; üslubi sinonimlər a) emosionallığa və ekspressivliyə malikdir; b) yalnız dilin üslubi çalarlarına aid olur; c) ifadəni qüvvətləndirir; ç) mənanı müəyyənləşdirir, konkretləşdirir, dəqiqləşdirir və aydınlaşdırır; d) satira və yumor yaratmaq üçün istifadə edilir; e) nəhayət, hər hansı bir üslubi sinonim müəyyən bir obrazın əsasında formalaşdığı halda, leksik sinonimlərdə isə belə hal olmur.
Beləliklə, dilimizdə olan sözlərin və söz birləşmələrinin, ifadə vasitələrinin yerli–yerində, məqsədəuyğun şəkildə seçilib işlədilməsi üçün leksik və qrammatik sinonimlərin böyük rolu vardır. Sinonimin hər iki növü dilimizə, yazılı və şifahi nitqimizə bu və ya digər tərzdə ifadəlilik keyfiyyəti verməklə fikri daha dəqiq və düzgün, daha emosional , daha real və təsirli edir. Buradan aydın olur ki, dildə olan sinonimlərin əksəriyyəti üslubi məqsədlərə xidmət edir.
Dostları ilə paylaş: |