İsmayıl Məmmədli
filologiya elmləri doktoru, professor.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun lügətçilik şöbəsinin müdiri
İXTİSARLAR
alm. - almanca
arx. - arxaik söz
dan. - danışıq dilində işlənən söz
evf. - evfemistik söz
eksp. - ekspressiv söz
ə. - ərəbcə
əd.d. - ədəbi dildə işlənən söz
f. - farsca
fr. – fransızca
holland.- hollandca
ikrah. – ikrahla
ing.- ingiliscə
ital. - italyanca
kin. - kinayə ilə
kit. - kitab dilində işlənən söz
klas. - klassik ədəbiyyatda işlənən söz
lat. – latınca
məc. – məcazi mənada
n. – neytral söz
rus. – rusca
şair. – şairanə söz
tənt. – təntənəli söz
yun. – yunanca
zar. – zarafatla
G İ R İ Ş
Hər bir dilin leksik-semantik kateqoriyalar içərisində spesifik xüsusiyyətləri ilə seçilən sinomlər dünya dillərinin əksəriyyətinin lüğət tərkibində bir sistem təşkil edir. Sinonimlər Azərbaycan dilində, xüsusən də onun bədii üslubunda da çox böyük əhəmiyyət kəsb edir. A.A.Bragina haqlı olaraq yazır ki, nitqin formasını qüsursuz etmək üçün sinonimlərə müraciət olunur. Fikir və hissləri mümkün olan dəqiqliklə ifadə etmək yaxud, əksinə, şüurlu surətdə gizlətmək üçün də sinonimlərə müraciət olunur (48,15).
Təsadüfi deyildir ki, sinonimlər haqqında xeyli tədqiqat əsəri yazılmış, hər bir dildə onların kəsb etdiyi xüsusiyyətlər, eyni zamanda dilin digər vahidləri ilə sinonimlər arasında olan inteqrasiyanın əsas prinsipləri şərh olunmuşdur . Lakin bu, dilçilikdə sinonimika probleminin bütün əhatəliliyi ilə həlli demək deyildir.
Dildə müxtəlif funksiyaları yerinə yetirən sinonimlər nitq yaradıcılığında fikri müəyyən ideyanın üslubi cəhətdən məqsədyönlü verilməsinə imkan verir. M.İ.Fominanın da qeyd etdiyi kimi “… aşkarlığın əşya və hadisələri haqqında təsəvvürlərimizi dəqiqləşdirmək, dolğunlaşdırmaq, onları hərtərəfli səciyyələndirmək” (103,87).
Dildə texniki aydınlığı yerinə yetirən sinonimlər həm nitqdə, həm də müəyyən bir mətndə eyni sözlərin təkrar edilməsinə yol vermir. L.V.Şerba yazmışdır: ”Ədəbi dildə manevr etməyin sərbəstliyini yalnız o (sinonimlərin texniki rolu-N.S.) təmin edir” (114,122).
Yeri gəlmişkən göstərmək istərdik ki, A.İ.Yefimov çox düzgün olaraq yazır: “Sinonimika – nitq yaradıcılığının hüdudsuz imkanlar sahəsidir” (72,86). Təsadüfi deyil ki, “dilin zənginliyi haqda da danışanda, adətən, şəksiz sübut kimi sinonimlərin hüdudsuzluğu və rəngarəngliyinə işarə edilir”(48,5). M.F.Palevskaya yazır: “ Hələ qədim yunanlar sinonimlərin diqqətlərin diqqətlə öyrənilməsi nəticəsində belə bir qənaətə gəlmişlər ki, onlarda dilin zənginliyi ifadə olunur: firkin əlvanlığı söz və ifadələrdə əks olunur”(87,6).
Ona görə də sinonimiya nəinki bizim ölkəmizdə, həm də xarici ölkə dilçilərinin də diqqət mərkəzində aktual bir problem olmuş və indi də olmaqdadır. Bunu yəqin etmək üçün S.F.Qekkerin tərtib etdiyi “Библиография по синонимике русского языка” (“Rus dili sinonimikasının biblioqrafiyası”) məqaləsinə baxmaq kifayətdir (65,196-242).
Doğrudur, sinonimlikdən bəhs edən dilçilər (Ş.Balli, V.V.Vinoqradov, N.L.Yevgenyeva, D.Layonz, V.Q. Vilyuman, D.N. Şmelyev, V.İ. Koduxov, A.İ. Yefimov, Azəbaycan dilçilərindən: Ə. Dəmirçizadə, S. Cəfərov, B.Abdullayev, R. Məhərrəmova, T.Əfəndiyeva və başqaları) bu problemin həllinin əhəmiyyətini qeyd etmiş, həmçinin ədəbi-bədii dildə sinonimlərin özündə əks etdirdiyi zəngin leksik-semantik və üslubi xüsusiyyətlərin bu və ya digər dərəcədə real dilçilik mövqeyindən tədqiq olunmasının zəruriliyini də göstərmişdir. 1
Dilə praktik şəkildə yiyələnmək üçün müxtəlif tipli lüğətlərin tərtibi prosesində, xüsusən bədii dilin leksikasında sinonimlərdən geniş şəkildə istifadə olunur. Belə bir məqamda sinonimlərin çox genış və fəal işlənən bir təzahürü üslubi sinonimlərin ətraflı tədqiqi əsas diqqət mərkəzində durur. Üslubi sinonimlər ədəbi dilin müəyyən prinsip əsasında tənzimlənən normalarının məqsədəuyğun variantlarını, yollarını aşkar edir, üslubiyyatın əsasıdır, habelə onun dialektik inkişafda olan bir hissəsidir. Üslubi sinonimlər üslubiyyat üçün zəruri hal sayılan firkin aydın, səlis və konkret ifadəsinə xidmət edir, eyni zamanda dilin bədii təsir gücünü, emosionallığı artırır, ifadənin ekspressivliyini yüksəldir.
Xüsusilə sovet dövründə sinonimiya probleminə marağın son dərəcədə artması təkcə onunla izah olunmur ki, sinonimlərin, ələlxüsus da onların dəyişkən sıralarının öyrənilməsi dilin nitq yaradıcılığı üçün potensial və real imkanlarını qiymətləndirməyə yol verir, həmçinin sözlər arasındakı sinonimik əlaqələrin tədqiqi bütövlükdə leksikanın sistem xarakterini müəyyən etmək üçün lazımdır. Y.S. Sorokin yazır: “Sözlərin leksik mənalı əlaqələrindən hər şeydən əvvəl onların sinonimik və antonimik əlaqələri diqqəti çəkir. Bu əlaqələrin öyrənilməsi leksikanın sistemli səciyyəsinin müəyyənləşdirilməsi üçün çox zəruri görünür, baxmayaraq ki, həmin əlaqələr çox olmayan ayrı-ayrı sözlərin münasibətinə aid olduğundan məkan baxımından çox məhduddur. Sinonimik və antonimik münasibətlər cüt sözlər arasında, yaxud məhdud sıralı sözlərin (sinonimik sıra) münasibətləri deməkdir. Lakin bununla belə, bu cütlərin və yaxud ayrı-ayrı sözlərdən ibarət leksik sıralar hər hansı bir inkişaf etmiş dildə kifayət qədərdir. Bu leksik cütlüklərin və nisbətən məhdud olan sıraların tədqiqi dilin leksikasının dəyişmə prosesinin öyrənilməsi üçün əhəmiyyət kəsb edən bir çox məsələlərə işıq sala bilər. Sözlərin sinonimik əlaqəsi onun nəinki məna ümumiliyini göstərir, hətta bu sinonimlərin semantik diferensiyasını və ixtisaslaşmasını, üslubi tonallığının fərqliliyini müəyyənləşdirir, hansı ki, onların istifadə miqyasının müxtəlifliyi ilə, müxtəlif nitq kontekstlərindən asılılığı ilə bağlıdır (98,15).
Rus alimi N.Krujevskiy hələ XIX əsrdə qeyd ediridi ki, hər hansı bir dil öz inkişafında söz aləminin məfhum aləminə daha dolğun … uyğunluğuna can atır (81,149). R.A.Budaqov bu fikri daha genişləndirərək yazır: ”…dil öz inkişaf prosesində fakir və hisslərin ifadəsi üçün, söz dünyası və məfhumlar dünyasının uyğunlaşması üçün getdikcə artan imkanlar açmağa başlayır (51,4-5). Deməli, sözlər və anlayış arasındakı əlaqələri, sözlərin sinonimik və antonimik münasibətlərini ya özünün şifahi ifadəsini və başa düşülməsini tələb edən bizim ətraf mühit haqqındakı təsəvvürlərimizi dərinləşdirən yeni sözlər mürəkkəbləşdirir, ya da lüğət tərkibi təkcə yeni sözlərin (kəmiyyətcə) yaranması hesabına deyil, həmçinin köhnəlmiş sözlərin keyfiyyətcə dəyişməsi, yəni onların çoxmənalılığının artması hesabına da zənginləşir. Bununla bərabər “…söz və məfhum arasında olan əlaqə ola bilsin ki, sinonimik münasibətlər, sinonimik sıralarda daha dolğun və dərinliklə açılır (48,5).
Türk dilləri içərisində xüsusi mövqeyi olan Azərbaycan dili materialları əsasında üslubi sinonimlərin tədqiqinin aktuallığını şərtləndirən əsas cəhətlər aşağıdakılardır: üslubi sinonimlər üçün leksik sinonimlərin baza olması, sinonimik cərgə və onda olan ümumilik, üslubi sinonimlərin birliyinin yaranmasında rolu və nəhayət, üslubi sinonimlərin nitq hissələri və digər söz qrupları, xüsusən frazeoloji vahidlər sistemində mövqeyi. Elmi-texniki tərəqqinin hazırkı mərhələsində belə bir mövzunun dilimizin materialları əsasında araşdırılması dilçilik elminin həm bugünü, həm də gələcək perspektivləri üçün aktuallıq kəsb edir.
Sinonimiyanın öyrənilməsi yalnız tək və çoxmənalı sözlərin semantik xüsusiyyətlərini açmır, həmçinin dilin leksik inkişaf yollarını işıqlandırır. Buna görə də sinonimlərin bir çox zəruri məsələləri bugün də Azərbaycan dilçiləri qarşısında maraqlı və aktual olmaqla bərabər, həllini gözləyən məsələlərdən biri kimi dayanır. Elə bu problematikanın aktuallığına görə də bu monoqrafiyanın mövzusu kimi üslubi sinonimləri seçmək qabaqcadan müəyyən edilmişdir.
Azərbaycan dilinin özünəməxsus xüsusiyyətləri və dərin milli xarakter daşıyan zəngin sinonimlər potensialı vardır. V.V. Vinoqradov qeyd edir ki, lüğət fonduna əsas etibarilə ideoqrafik, yəni məna və anlayışların çalarları ilə bağlı sinonimlər xasdır. Bununla bərabər, ümumi lüğət ehtiyatında üslubi, yəni ümumxalq dilinin nitq üslubunun zənginliyini əks etdirən sinonimlər təşkil edir (55,33).
Monoqrafiyada konkret dil faktları əsasında üslubi sinonimlərin dil sistemində yerini müəyyənləşdirmək, üslubi sinonimlərin tədqiqi tarixini, onların leksik və qrammatik sinonimlərə oxşar və fərqli cəhətlərini göstərmək, bədii xüsusiyyətlərini araşdırmaq və bu prosesdə sinonimik cərgə, onlardakı ümumilik, müxtəlif məzmunlu tekst (mətn) üzrə üslubi sinonimlərin spesifik aspektlərini dəqiqləşdırmək, digər söz qrupları kateqoriyaları çərçivəsində üslubi sinonimlərin yerini, obyektini təyin etmək; tədqiqat prosesində ümumi dilçilik üçün əhəmiyyəti olan üslubiyyat və semantika problemlərinin həlli üçün əsas qanunauyğunluqları müəyyən etmək və s. məsələlər tədqiqatın başlıca məqsəd və vəzifələrinə daxildir.
Tədqiqatda sinonimlərin nəzəri konsepsiyasında rus, sovet və Azərbaycan dilçilərinin əsərləri, onların sinonimlərin öyrənilməsi sahəsindəki nailiyyətləri də nəzərə alınmışdır.
Üslubi sinonimlərin tədqiqi tarixinin ilk dəfə elmi təhlili , üslubi sinonimlərin mənbə və yaranma üsullarının müəyyənləşdirilməsi, müxtəlif üslublu mətnlərin leksik tərkibində sinonimlərin aparıcı rolu və bu işin nədən ibarət olmasının ilk dəfə ətraflı üzə çıxarılması; dilə konkret yiyələnmək və lüğət tərtibi işində üslubi sinonimlərin əvəzsiz rolunun müəyyənləşdirilməsi, nəhayət , dilin bütün üslublar sistemində sinonimlərin mövqeyinin ən son nailiyyətləri baxımından tədqiq olunması və bu prosesdə konkret nəticələrin əldə edilməsinə cəhd tədqiqatın elmi yeniliyi kimi qəbul edilməlidir.
Müxtəlifsistemli dillərin, eyni zamanda qohum türk dillərinin materialları əsasında da üslubi sinonimlərin tədqiq olunmasında, üslubiyyata dair dərslik, dərs vəsaiti və proqramların tərtibində bu tədqiqatdan istifadə etmək olar. Bu monoqrafiya, habelə bədii yaradıcılıqla məşğul olanlar üçün də gərəkli mənbədir. İzahlı və çoxdilli lüğətlərin tərtibində, o cümlədən sinonim lüğətlərinin hazırlanmasında tədqiqatın böyük rolu olacağına inanırıq.
Dostları ilə paylaş: |