II FƏSİL
ÜSLUBİ SİNONİMLƏRİN ƏMƏLƏGƏLMƏ
YOLLARI VƏ MƏNBƏLƏRİ
Türk dillərinin, demək olar ki, hamısında üslubi sinonimlərin əmələgəlmə yolları və mənbələri sabitdir. Təkcə müasir Azərbaycan dilində üslubi sinonimlərin yaranması yollarını və mənbələrini izləsək, digər türk dilləri üçün də maraqlı ola biləcək nəticələr əldə etmək olar.
Üslubi sinonimlərin əmələ gəlməsində
çoxmənalılığın rolu
Üslubi sinonimlərin yaranmasında sözün çoxmənalılığı bir mənbə kimi çıxış edir. Belə ki, sözün bir və ya bir neçə mənası olur. Bu mənalardan biri nominativ xarakterlidirsə, digəri törəmə funksiyası daşıyır. Kontekst daxilində həmin mənalardan biri və ya bir neçəsi müxtəlif məna çalarlarında işlənir. Bu zaman müxtəlif səs kompleksləri sözlərlə həmin çalarlıqları ümumiləşdirmək olar. Bu ümumiləşdirmə prosesində iştirak edən sözlər üslubi sinonim kimi işlənir. Tədqiqat göstərir ki, feilə və sifətə aid olan sinonimlərin böyük bir hissəsi çoxmənalılığın nəticəsidir.
B.Abdullayev “Azərbaycan dilinin izahlı lüğəti “nə əsaslanaraq “ tutmaq” çoxmənalı feilinin aşağıdakı mənalarını göstərir:
1. Yapışmaq.
2. Çevirmək, döndərmək, yönəltmək. Kərim üzünü hər iki növbənin adamlarına tutdu (M.İbrahimov).
3. Düzəltmək. Hər fikir ediriksə, işimiz tutmayır əsla; Ah…Ax…O keçən günlərimiz noldu, xudaya (M.Ə.Sabir).
4. Dişləmək, qapmaq. [Fatı :] Məni o azar dəymiş it tutdu (Ə.Abbasov).
5. Yerləşmək. Hatəm kişi yüz limon tutan bir yeşik sifariş etdi (M.Cəlal).
6. Etmək, görmək. [Çoban babı:] Ay Rüstəm,… bu işdir tutmusan? (M.İbrahimov).
7. Bürümək, basmaq. Axşam qaranlığında alov, tüstü, təzək, saman iyi… dünyanı tutmuşdu (M.Cəlal).
8. Basmaq. Bir tərəfdən də Nəbi onları gülləyə tutur. ( “ Qaçaq Nəbi” )
9. Saymaq. Mən inanmıram ki, bizim əsrin şairləri bahar fəslini, məsələn qış fəslindən artıq tutalar (C.Məmmədquluzadə).
10. Yaraşmaq. Gör nə gözəl tutur;
Gümüş tana siyah zülfü (Miskin Əli).
11. Yazmaq. Əfruz nə məruzə üçün tezis tutmağa, nə də çıxış üçün qeyd eləməyə qabil idi ( M.Cəfər).
Misallardan göründüyü kimi, tutmaq feili 1-ci mənada yapışmaq, 2-ci mənada çevirmək, döndərmək, 3-cü mənada düzəltmək, 4-cü mənada dişləmək, 5-ci mənada yerləşmək, 8-ci mənada basmaq, 9-cu mənada soymaq, 10-cu mənada yaraşmaq, 11-ci mənada yazmaq fellərinin sinonimidir. Tutmaq felinin 2–ci mənada üç (çevirmək, döndərmək, yönəltmək), 4-cü mənada iki ( dişləmək, qapmaq), 6-cı mənada yenə iki ( etmək, görmək), 7-ci mənada yenə də iki ( bürümək, basmaq) sinonimləri vardır.
“…Çoxmənalı sözün bəzi mənaları başqa sözlərlə və ya başqa sözlərin mənaları ilə sinonimik əlaqəyə girə bilər (85, 5).
“Tutmaq” felinin 1-2-ci mənalarda sinonimləri olan fellər də öz növbələrində çoxmənalı sözlərdir və onların da bir çox sinonimi vardır. Beləliklə də, dildə lüğət tərkibinin böyük bir hissəsini sinxron vəziyyətdə əhatə edən arasıkəsilməz söz şəbəkəsi əmələ gəlir.
Dostları ilə paylaş: |