Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu


Alınma sözlər vasitəsilə əməl gələn



Yüklə 0,93 Mb.
səhifə9/33
tarix01.01.2022
ölçüsü0,93 Mb.
#104279
1   ...   5   6   7   8   9   10   11   12   ...   33
Alınma sözlər vasitəsilə əməl gələn

üslubi sinonimlər

Azərbaycan dilində üslubi sinonimlərin əmələ gəlməsində alınma sözlərin də müəyyən rolu vardır. Bu tipli sözlər dilimizə klassik ədəbiyyatda işlədilən ərəb və fars dillərindən, müasir dilə isə X1X əsrin 40-cı illərindən rus dilindən və rus dili vasitəsilə latın, yunan və başqa Av­ropa dillərindən keçmişdir. Bu keçmə birdə-birə yox, təd­ricən, elm və texnikanın inkişafı ilə əlaqədar olmuşdur. Be­lə sözlərin bir çoxu ehtiyac üzündən dilimizə qəbul edi­lə­rək sabitləşmiş və doğmalaşmışdır.

Dilimizə tarix boyu qəbul edilmiş ərəb və fars söz­lə­rinin bəzilərini çıxarıb atmaq mümkün deyildir. Məsələn, həm ədəbi dildə, həm də danışıqda işlədilən məktub, tələ­bə, namus, qeyrət, qəm, qüssə, inqilab, zəfər, keyfiyyət, ədəb, mədəni, idrak və s. bu kimi sözlərin yerinə hansı bir üs­lubi söz içlətmək olar? Əlbəttə, bunları əvəz edən və ya­xud da əvəz edə bilən ikinci bir semantik söz yoxdur.

Alınma sözlər həm ədəbi, həm də canlı danışıq di­lin­­də işlədilərək bugünkü dövrümüzə qədər gəlib çıx­mış­dır və həmin sözlər üslubi məqsəd daşıyır: ədalətli (n.) - adil (kit.dan.), başçı (n.) - rəhbər (kit.), təqsir (n.) - günah (kit.) (dan.), güc (n.) - qüdrət (kit.), hünər (n.) - şücaət (kit.) və s.

Ə.Dəmirçizadə alınma sözləri həm mənşəcə, həm də üslubi məqam nöqteyi-nəzərindən iki qrupa bölür:

1. Ərəb və fars mənşəli sözlər;

2. Rus və Avropa mənşəli sözlər. (18, 92).

Dilimizdə alınma sözlərin üslubi əhəmiyyəti çox böyükdür. Yazıçılar, yeri gəldikcə, üslubi məqsədlə əlaqədar alınma sözlərdən də istifadə edir və istədikləri məqsədə nail olurlar.

Məlumdur ki, ərəb və fars sözləri dilimizdə mü­x­təlif çalarlıqda üslubi cəhətdən bədii, elmi, mətbuat üslub­la­rında və canlı danışıq dilində işlədilir. Misallara müraciət edək:

Birlik−vəhdət, vurğun−aşiq, kağız−məktub, ay−qəmər, güc−qüdrət, sübut−dəlil oxu−qiraət, sevgi−məhəbbət, üz−surət−camal, var−dövlət, başçı−rəhbər, qaranlıq−zülmət, qış− zimistan.

Burada göstərilən sinonim sözlərin birincisi dilimizə məxsus neytral söz olduğu halda, ikinci tərəf sözlər ərəb mənşəli olub kitab dilində və danışıqda işlədilir.

Başqa misallarda da ikinci tərəf üslubi sözlərə məxsusdur: bəzək – zinət. səs− səda, girəvə− fürsət. naz− şivə, müğənni – xanəndə, od – atəş, xəstəlik – azar, şər− böhtan, azarlı – xəstə. çolaq− şikəst, yaz− bahar, payız− xəzan və s.

Həm ərəb, həm də fars dilindən alınmış sözlərin bir-biri ilə sinonim təşkil etməsinə aid misallar: kasıb (ə.) −fağır (ə.), hədiyyə (ə.)−töhfə ( ə.)−bəxşiş ( f.), naz ( f.)−işvə (ə.), dünya (ə.)−aləm (ə.)−cahan (f.), inkişaf (ə.)−tərəqqi (ə.) və s.

Misallardan göründüyü kimi, ərəb və fars sözlərinin ək­səriy­yətini dildə işlənən əsl Azərbaycan sözlərindən ayır­maq mümkün deyil, hamı tərəfindən anlaşılır və işlədilir.

Müasir dilimizi üslubi çalarlarla zənginləşdirən ikin­ci mənbə, qeyd etdik ki, rus dilindən və rus dili vasitəsilə Av­ropa dillərindən (latın, yunan, ingilis, alman, fransız, is­pan və s.) alınmış sözlərdir. Belə sözlərdən müəyyən tarixi dövrü təsvir etmək üçün həm bədii üslubda, həm də ictimai-siyasi üslubda əlverişli leksik üslubi vahidlər kimi istifadə etmək olar (18, 95).

Rus və Avropa mənşəli sözlərə X1X əsrdə yazıb-yaratmış böyük metəfəkkir M.F.Axundovun əsərlərində rast gəlirik: qubernator, despot, aktyor, naçalnik, poçt, pasport, patriot, müsyö, jurnal, poeziya, proqres və s.

Rus sözlərinə yalnız M.F.Axundovun əsərlərində deyil, Q.Zakirin, M.Ə.Sabirin satiralarında, H.Zərdabinin 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzetində, S.Ə.Şirv­an­i­n­in şeirlərində, C.Cabbarlının pyeslərində, N.Nərimanovun əsər­­lərində və başqa yazıçıların da yaradıcılığında rast gəl­mək olur.

Dildə işlənən rus mənşəli sovxoz, komsomol, latın mən­şəli traktor və s. kimi sözlərin qarşılıqlı sinonimi ol­ma­sa da, bunlar həm danışıqda, həm də kitab dilində üslubi neytral söz kimi işlədilir. Bəzi sözlər də vardır ki, onların sinonimi olduğuna baxmayaraq, həmin sözləri sıxışdırıb dildən çıxarmışdır. Belə sözlərə ancaq bədii əsərlərdə rast gəlirik: masa−stol, soba–peç, çıraq−fənər−lampa, tə­qaüd−pen­siya, şura− sovet, firqə − partiya və s.

Azərbaycan dilinin lüğət tərkibində rus dilindən baş­qa, Avropa mənşəli sözlər də fəaliyyət göstərir ki, bunlar da öz- özlüyündə sinonim cərgəsinin zənginləşməsinə səbəb olur. Bəzi sözlər nəinki yalnız ana dilimizə keçmiş, hətta bey­nəlmiləl sözə çevrilmişdir: patriot, proletar, universitet, institut, respublika, poeziya, mitinq, lider və s. “ Respublika” və “universitet” sözləri vaxtilə dildə işlədilən “ cüm­hu­riy­yət” , “darülfünun” sözlərini sıxışdırıb dildən çıxarmışdır.

Sinonim qarşılığı olmayan sözlər : poema, poetika, demokratiya, sosializm, kommunizm, roman, opera,, çempion, raket, burjuaziya, tramvay, paravoz, lokomotiv, teplovoz, kombayn, traktor, briqadir və s.

Ümumxalq danışıq dilində elə alınma sözlər vardır ki, onlar günün tələbinə uyğun olaraq daha işləkdir. Belə sözlər aşağıdakılardan ibarətdir: ünvan – adres (fr.), masa – stol ( rus.), fırıldaqçı – şarlatan ( alm.fr.), həkim – doktor (lat.), çıraq – lampa ( fr.) , çarpayı- krovat ( rus.), sürücü – şofer ( lat.fr.), əsgər – soldat ( lat.), qəza – avariya ( ital.), sükan – rul ( holland.), həbsxana – türmə ( rus.) və s. Qeyd edək ki, həmin alınma sözlərin hamısı danışıqda daha çox işlədilir.

Alınma sözlərin bəziləri sırf kitab dilində işlənir: xudbin – eqoist ( fr.kit.), zərf− paket ( fr.kit.), mənzərə − landşaft ( alm.kit), əsr − epoxa ( yun.kit.), dastan – epos (yun.kit.) və s.

Bəzən dilimizdə işlədilən və sinonim cərgəsini təşkil edən sözlər ancaq alınma olur : binokl ( ital.) – durbin ( fr.) , av­to­mobil ( yun.lat.) – avto ( yun.lat.) – avtomaşın ( yun.fr.) – ma­şın ( yun.lat.) , aktyor ( fr.kit.dan.) – artist ( fr.dan.), metro ( yun.) – metropoliten ( yun.) , kino ( yun.dan.) – film ( ing.) və s.

Beləliklə, alınma ( əcnəbi ) sözlərin bir hissəsi üslubi əhə­miy­yətinə görə ümumxalq xarakteri daşıyır və müxtəlif sa­hə­lərdə işlənir. Ümumiyyətlə, bədii əsərlərin mətnlərindəki alın­ma söz-terminlər xüsusi üslubi vəzifəni yerinə yetirirlər.


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin