2. Üslubi sinonimlərin tədqiqi tarixindən
Sinonimlər inkişaf etmiş dillərin, demək olar ki, hamısında işlənir. Odur ki, dilçilərin diqqətini bu problem çoxdan cəlb etmiş, bu barədə nəzəri ümumiləşdirmələr aparmağa çalışmışlar.
Dilçilikdə sinonimika probleminin həllinin çətinlikləri dəfələrlə qeyd olunmuşdur. Məhz bu səbəbdən də sinonimləri tədqiq etməyin dəqiq üsulları mövcud deyildir. Lakin məsələ onda deyildir ki, bu əsasda onları öyrənməkdən əl çəkmək lazımdır, məsələ ondadır ki, lazımi metodika yaradılmalıdır. A.P.Yevgenyeva sinonimlərin tədqiqinin çətin problem olmasını qeyd edərək yazır ki, sinonimlik məsələsi dilçiliyin meydana gəldiyi ilk vaxtdan bugünə kimi öz aktuallığını və kəskinliyini saxlamaqdadır ( 69, 4). Deməli, çətin və eyni zamznda aktual hesab olunan sinonimika həmişə dilçilərin diqqət mərkəzində olmuş, həmçinin problemi bu və ya digər dərəcədə həll etməyə çalışmışlar.
Sinonimlər haqqında ilk məlumatlara qədim Yunanıstanda yazılmış əsərlərdə rast gəlirik. Hələ vfxtilə antik filosoflardan Aristotel sinonimlərin üslubiyyatda xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. O, həmçinin sinonimlərin dilin poetik sistemində oynadığı xüsusi rolu da dəfələrlə göstərmişdir. Aristotelin fikrincə, sinonimlərdən şairlər real varlığı obrazlı, həm də poetik şəkildə əks etdirmək üçün istifadə etmişlər. O yazır: “ Adlardan omonimlər Sofist üçün əhəmiyyətlidir ki, onların köməyi ilə hiyləyə əl atır, sinonimlər isə şair üçün əhəmiyyətlidir” (39,33).
Rus dilçiliyində sinonimlik məsələsinə ilk dəfə P.Berındı 1627-ci ildə Kiyevdə nəşr etdirdiyi “Лексикон славнороссийский и имен толкование” kitabında toxunur. Sonra sinonimika probleminə M.Y.Lomonosov (83) toxunmuş, sonralar onun fikirlərini D.İ.Fonvizin (104) davam etdirmişdir. Bir müddət sonra A.S.Şişkov, N.İbrahimov, P.Klaydoviç, İ.İ.Davıdov və başqa dilçilər də bu məsələ ilə maraqlanmışlar. Sinonimlərin üslubi və mücərrəd mənalarına görə fərqlənməsinin dərəcə göstəricisinə, istifadəsinə görə isə bu və ya digər elementlərlə uzlaşmasını qeyd edən M.F.Palevskaya göstərir ki, XIX əsrin ikinci yarısından sinonimika sahəsi tam bir inam və maraqla nəzəri cəlb edir (87,12).
Doğrudur, Azərbaycan dilçiliyində isə, ümumiyyətlə türkologiyada sinonimlər haqqında uzun müddət elmi- nəzəri fikirlər olmamışdır. Lakin M.Kaşğari (24), İbn Mühənna (23) və başqa leksikoqrafların lüğətlərində sinonimlərə rast gəlinir ki, bu da əsasən praktik məqsədlər üçün nəzərdə tutulmuşdur.
Bir həqiqətdir ki, “sinonim” termini Azərbaycan dilçiliyində ilk dəfə XIX əsrin əvvəllərində işlənmişdir. Lakin bu barədə biz ilk nəzəri fikrə böyük mütəfəkkir M.F.Axundovun “ Tənqid risaləsi” məqaləsində rast gəlirik. Müəllif məqalədə “ sinonim” əvəzinə, semantik cəhətdən bu terminin mənasını ifadə edən ərəb dilçiliyinə məxsus “mütəradif” terminini işlədir. O,”Tənqid risaləsi” məqaləsində Rzaquluxanla dialoqlarının birində deyir: “ İndi bu qaydanı tərk etməyimizin və uşaqcasına işdən əl çəkməyimizin vaxtıdır; çünki qafiyə xatirinə mütəradif ləfzlər (sinonim sözlər – N.S.) və çoxlu təkrarlar əmələ gəlir...(11,149).
“ Mütəradif” termini XX əsrin 30-cu illərinə qədər Azərbaycan dilçiliyində işlənmişdir. Hətta üslubiyyata həsr edilmiş ilk kitabda da bu termin öz əksini tapmışdı (33).
Sonralar bu termin dilin arxaik fonduna keçmiş və əvəzinə ümumi dilçilikdə geniş işlənən “sinonim” (yunanca synonymos: syn –bərabər, oxşar – onoma –ad deməkdir) termini qəbul olunmuşdur. Bunu V.İ. Koduxovun, A.İ.Yefimovun, B.Abdullayevin, S.Cəfərovun və başqalarının əsərlərində də görmək olar.
Doğrudur, eynimənalı sinonim sözlər dildə azlıq təşkil edir. Bunlar isə əcacən alınma sözlərdən təşkil olunur. Məsələn, üz−çöhrə−sifət−sima−bəniz−camal−ruxsar−surət kimi eyniməmalı sinonimik cərgə əcnəbi (alınma) sözlərdən yaranmışdır. Burada üz əsl Azərbaycan sözü sima, sifət, surət, camal ərəb, çöhrə, ruxsar fars, bəniz isə türk sözüdür. Bu sözlər bir-birinə ekvivalentlik təşkil edərək tarixin müəyyən bir mərhələsində mütləq (eynimənalı) sinonim kimi işlənmişdir (17, 43), (18,37).
Ümumiyyətlə, yuxarıda deyilənlərdən belə nəticəyə gələ bilərik ki, istər rus dilçiliyində, istərsə də türkologiyada sinonimlik haqqında düzgün elmi-praktik proqnozlar müəyyən qədər mövcuddur. Lakin bunlar ənənəvi xarakter daşıyır. Çünki müasir dil faktları üzrə sinonimliyin tədqiqi prosesində nitq hissələri və onların üslubi xüsusiyyətləri əsas obyekt kimi götürülməmişdir.
Sinonimlər zəngin və rəngarəng olduğuna görə onlara verilən təriflər də müxtəlif xarakterlidir. Sinonimlər haqqında deyilən fikirləri qruplaşdırmağın vaxtı çoxdan çatmışdır. Bu leksik-semantik söz qrupuna verilən təriflərin müxtəlifliyi sinonimlərin yaxınmənalı, yoxsa eynimənalı sözlər əhatə etməsindən irəli gəlir ki, bu da sinonimlərin əhəmiyyətini tam şəkildə ümumiləşdirə bilməz. Bu, heç mümkün də deyildir. Amma məfhumun bu bə ya digər cəhəti, xüsusən ən başlıca cəhəti tərifdə ümumiləşməlidir. Bu aspektdən yanaşanda müxtəlif fikir çarpazlaşmalarına rast gəlirik. A.A.Bragina çox düzgün olaraq yazır ki, artıq, ilk olaraq “ sinonim nədir? sualına biz gah bir-birini tamamlayan, gah da istisna edən bir sıra müxtəlif cavablar alırıq (48, 6). Leksik sinonimlərə aid ədəbiyyatları qısa da olsa nəzərdən keçirdikdə, görürük ki, sinonimləri iki qrupa bölürlər:
Sinonim sözlərdən ibarət olub müxtəlif məna bildirən sinonimlər;
Eyni mənanı bildirən sinonimlər.
Birinci qrupun tərəfdarları sinonimlərin yaxınmənalı olması ilə bərabər vahidlik məfhumunu da qəbul edirlər. İkinci qrupun tərəfdarları sinonim sözlərin yalnız eynimənalılığını qəbul edirlər və “ bir söz − bir məna” (48, 115) prinsipinə əsaslanırlar. Məsələn, D.Layonz, D.N.Şmelev, Ə. Dəmirçizadə, N.Məmmədov və başqaları həm eynimənalı, həm də yaxınmənalı sözləri sinonim hesab edirlər. Digər dilçilər isə eynimənalı sinonimlərin olduqca az, yaxınmənalı sinonimlərin isə kəmiyyət etibarilə çox olduğunu qeyd edirlər. Bu fikir elmi cəhətdən nəzərə alınmalı idi. Bunun üçün başlıca iki səbəb var. Əvvəla, sözlərin sinonim olması üçün onların eyni nitq hissəsinə mənsubluğu əsas şərtdir. Sonra isə, nitq hissələrinin təsnifində qrammatik prinsiplə yanaşı, leksik-semantik prinsip də xüsusi meyar kimi götürülür. Məhz buna görə də leksik-semantik və üslubi kateqoriyalar içərisində mühüm yer tutan sinonimliyin müasir dildə üslubi xüsusiyyətləri həmişə dinamik haldadır. Aşağıdakı misallara diqqət yetirək: 1. Sağ gedib, salamat qayıdasan (Anar); 2. Sonra stul irəli çəkildi, Fatma dərhal təlaşla qabağa yeridi (İ.Şıxlı). Birinci misalda (cümlədə) sağ, salamat sözləri eynimənalı sinonim sözlərdir, hətta bu sözlər leksik dubletlər səviyyəsində durur. Lakin ikinci cümlədəki irəli, qabağa sözləri isə yaxınmənalı sinonimlərdir. Çünki “irəli” sözü ən cox yazılı, “qabağa” sözü isə şifahi nitqdə işlədilir. Bu sözlərin yeri gəldikcə bir- birini asanlıqla əvəz edə bilmək imkanı yoxdur. Bir sözlə, qabağa sözü irəli leksemi kimi müasir dildə işlənə bilmək xüsusiyyətindən məhrumdur. Bunu faktlar cübut edir: “addımla irəli, marş!” deyildiyi halda, “ addımla qabağa, marş!” deyilmir.
Deməli, Azərbaycan dilində sinonimlər əsasən yaxınmənalı, yəni üslubi xarakterdə olub, dilin obrazlı, rəngarəng ifadəsinə xidmət edir.
Sinonimlərin dilin leksik, morfoloji və sintaktik sistemindəki rolunu tədqiq edən dilçilər onun üslubi xüsusiyyətlərini də diqqət mərkəzində saxlamışlar. Məsələn, türkoloqlardan V.E.Polyakova türk dilinin leksik sistemində üslubi sinonimlərin üstünlük təşkil etdiyini qeyd etmişdir. O, üslubi sinonimlər cərgəsində alınmaların ( ərəb, fars və fransız mənşəli alınma sözlər nəzərdə tutulur – N.S. ) rolunu xüsusi qeyd etmişdir.
Müəllifin fikrincə, türk dilində üslubi sinonimləri əsasən isim və fellər təşkil edir, ən az üslubi sinonimlərə xidmət edən nitq hissələri isə say və sifət hesab olunur (89,10).
V.N.Klyuyeva sinonimlərin bir-birindən fərqli cəhətlərini göstərir.O, sinonimləri “mənanın tərkib əlamətlərinə görə, üslubi tərkibinə görə, nitqimizin ( dilimizin ) tələbi və əlaqəliliyinə görə” (75,4)- deyə bir neçə qrupa ayırır . O, sinonimik cərgəni təşkil edən sözləri izah edərək, hər şeydən əvvəl, sözləri bir dominant altında, yəni əsas sözlərlə bir qrupa daxil etməyə imkan verən ümumi xüsusiyyəti təyin edir və bundan sonra hər sinonimi bir–birindən fərqləndirən mənalarını göstərir. V.N.Klyuyeva, həmçinin sinonimik sıranın üzvləri arasındakı üslubi fərqləri göstərir. Bu nöqteyi–nəzərdən o, sinonimləri bir neçə qrupa bölür. Baxmayaraq ki, müəllif bu qrupları bir-birindən ayıran əlamətləri sayır, lakin bu fərqlərin yaranma səbəbləri haqqında heç nə demir.
İ.İ.Kovtunova hər bir sinonimin qrammatik mənasının olması ilə yanaşı, üslubi xüsusiyyətlərini də tədqiq etmişdir. O yazır ki, hər bir sinonim cərgəsi daxilində sinonimlər arasında qrammatik məna, habelə üslubi mənalar da mövcuddur (76,141-142 ).
“Üslubi sinonimlər o sözlərdir ki, onlar eynimənalı olub, lakin üslubi çalarlarına görə müxtəlifdir” (67,39). Bu tərifdən sonra F.K.Qujva sinonimləri aşağıdakı kimi qruplaşdırır.
a) üslubi çalarlarına görə müxtəlif sözlər: - hamı tərəfindən işlədilən sözlər və kitab dili, danışıq dili, loru sözlər, yaxud da vulqarizmlər;
b) dilin tarixən mövcud olduğu vaxtdan müxtəlif əlaqələrdə olan sözlər: köhnə və yeni sözlər ( arxaizm və neologizm – N.S.);
c) müxtəlif sahələrdə işlənən sözlər, sənət–peşə ilə əlaqədar olan sözlər , jarqon sözlər;
ç) mənşəyinə görə müxtəlif sözlər: dilin öz sözləri və başqa dillərdən alınma sözlər;
d) əşyanın ifadə etdiyi həqiqi sözlər və evfemizmlər;
e) frazeoloqizm və söz (67,39-40).
F.K.Qujva burada sözlərin həqiqi mənalarını göstərdiyi halda, məcazi mənaların adını çəkmir. Bilmək lazımdır ki, sözlərin məcazi mənaları da üslubi zərurətdən irəli gəlir. Deməli, sözlər üslub çalarlığına görə məcazlaşır.
“Üslubi sinonimlər yaxınmənalılığa malik olub, mənanın oxşarlığında üslubi çalarlığa və işlənmə yerinə görə fərqlənir” (79,113)
A.A.Bragina (47), R.A.Budaqov (49,62), D.N.Şmelev (111,197), M.F.Palevskaya (87,42) üslubi sinonimlərə belə tərif verirlər: “ Üslubi sinonimlər o sözlərdir ki, onlar eynimənalı olub, lakin üslubi çalarlarına görə müxtəlifdir”.
M.İ.Fomina da onların fikrini əsas tutur (103,88).
Böyük Sovet Ensiklopediyasında da üslubi sinonimlər yalnız üslubi çalarlarına görə fərqləndirilir: “ Üslubi sinonimlər üslubi çalarlarına görə fərqlənir: вялый – апатичный, губы – уста, есть – кушать− жрать kimi sinonim sözləri də misal göstərilir.” 1
Azərbaycan dilçiliyində də sinonimlərin üslubi əhəmiyyətindən danışılmış və onların dildə böyük rol oynadığı qeyd edilmişdir.
Ə.Dəmirçizadə sözlərin mənasındakı fərqlərin nəzərə alınmasının zəruri olduğunu göstərərək yazır ki, sözlər bir–birindən həm üslubi məqamlarına görə, həm də frazeoloji xüsusiyyətlərinə görə fərqlənir. Bəzən belə də ola bilər ki, sinonim sözlər ya ancaq üslubi məqamlarına görə, ya da ancaq frazeolji xüsusiyyətlərinə görə fərqlənsin (18,122)
M.Hüseynzadə üslub müxtəlifliyi üçün sinonimlərin əhəmiyyətindən bəhs edərək yazır: “ Dilin lüğət tərkibinin zənginliyi üçün, xüsusən üslub müxtəlifliyi və zənginliyi üçün sinonimlərin olduqca böyük əhəmiyyəti vardır; çünki bunların vasitəsilə fikrin səlisliyi, incəliyi və doğruluğu təmin olunur (35,12).
B.Abdullayev sinonimlərin, həmçinin üslubi sinonimlərin ədəbi-bədii dil sistemində yerini, əhəmiyyətini göstərərək konkret nəticə çıxarmışdır: “ Sinonimlərin üslubi meyarı ondan ibarətdir ki, neytral qiymətdə işlədilən sözlər həm müsbət, həm də mənfi qiymətdə işlədilən sözlər sinonim olduğu halda, müsbət və mənfi qiymətlərdə işlədilən sözlər sinonim olmur” (1,48).
A.Qurbanov sinonimlərin üslubi rəngarəngliyi etibarilə fərqlənməsini qeyd edərək göstərir: “ Sinonimlərin digər əlaməti onları təşkil edən sözlərin məna çalarlığı və üslubi rəngarəngliyinə görə bir–birindən fərqlənməsi ilə əlaqədardır” (16,171).
Azərbaycan dilçiləri üslubi sinonimlər haqqında maraqlı fikirlər söyləmişlər. Odur ki, tədqiqat prosesində biz, yeri gəldikcə, həmin fikirlərə müraciət edəcəyik. Lakin sinonimlər haqqında Azərbaycan dilçiliyində ilk orijinal tədqiqat aparan B.Abdullayevin müasir Azərbaycan dilində üslubi sinonimlərə aid söylədiyi fikirlər diqqəti xüsusilə cəlb edir.
Ümumiyyətlə, müəllif gor – qəbir- məzar xarakterli isimləri mənaca və qrammatik xüsusiyyətlərinə görə sinonimlərə çox yaxın hesab edir. Lakin bu sözlərin hamısı bir-birinin sinonimi deyildir. Gor və qəbir, eləcə də məzar və qəbir sinonim olduğu halda, müəllifin fikrincə məzar və gor sinonim deyildir. Buna görə də “ atamın qəbri haqqı”, yaxud da “ atamın goru haqqı” işlədildiyi halda , “atamın məzarı haqqı” işlədilmir. Eləcə də “ Nizaminin məzarını ziyarət etmək” və ya “ Nizaminin qəbrini ziyarət etmək” işlədilir, lakin “ Nizaminin gorunu ziyarət etmək” işlədilmir. Çünki qəbir neytral, məzar müsbət, gor isə mənfi qiymətdə işlədilən söz həm müsbət, həm də mənfi qiymətdə işlədilən sözün sinonimi olduğu halda, mənfi və müsbət qiymətlərdə işlədilən sözlər bir–birinin sinonimi olmur. Həm rus dilinin, həm də Azərbaycan dilinin faktları V.N.Klyuyevanın üsulunu təsdiq etmədiyindən müxtəlif qiymətlərdə işlədilən üslub sinonimlərini bu üsulla müəyyənləşdirmək mümkün deyildir. Buna görə də V.N.Klyuyeva öz lüğətinin ikinci nəşrində həmin üsuldan əl çəkməyə məcbur olmuşdur (75).
Bütün bu deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, sinonimlər haqqında müxtəlif fikirlər irəli sürülmüşsə də, dilçilərin əksəriyyəti sinonimlərə üslubi baxımdan yanaşmamışlar. Bu da aydındır ki, sinonimlərin özləri üslubi rənglərə görə bir–birilə eyniyyət və oxşarlıq təşkil edirlər. Sinonimlər özləri də üslubi ehtiyaclarla bağlı olub, dildə çox mühüm üslubi vasitələrdir. Məsələn:
Dostları ilə paylaş: |