3.3. Sözün tərkibində samitlərin qoşalaşması və norma
Sözün tərkibində samit səslərin qoşalaşması təkcə türk dillərinə aid olan bir hadisə deyildir. Bu hadisənin baş vermə səbəblərinin faktik materiallar üzrə təhlilindən məlum olur ki, söz tərkibindəki samit qoşalaşması (və ya geminat) analitik-flektiv dillərdə də ta qədimdən mövcud olan bir hadisədir. Analitik-flekvtiv dillərdə samit qoaşalaşması barədə aparılan tədqiqatlarda da bu hadisənin izlərinin qəimlərə gedib çıxması barədə inandırıcı mülahizələr irəli sürülür [94, s. 45].
Türk dillərində samt qoşalaşmasının səbəbləri barədə müxtəlif fikirlər irəli sürülmüşdür. N.K.Dmitriyev Azərbaycan dilində işlənən addım, addamaq, haqqa, doqqaz, cıqqa, saqqız, saqqal, çaqqal, naqa kimi sözləri nümunə gətirərək onların tərkibindəki samit qoşalaşmasını şərh etməyə çalışır. Onun fikrincə, “tərkibində qoşa d olan sözlərdə qoşalaşmanın səbəblərini türk dillərinin sistemi (yəqin ki, quruluşu) əsasında izah etmək mümkün deyildir. Q samitinin qoşalaşması isə birbaşa monqol dilinin təsiri kimi izah olunur” [92, s. 63-64].
Bu mülahizədən belə çıxır ki, türk dilləri üçün samit qoşalaşması səciyyəvi olmamış, bu hadisə türk dillərində başqa dillərin təsiri ilə baş vermişdir. Ancaq dillərin bir-biri ilə əlaqələrinin öyrənilməsindən aydın olur ki, bir dildən başqa dilə leksik vahidlər keçə bilir, leksik vahidlərlə birlikdə şəkilçilər daxil ola bilir. Bəzən cümlə konstruksiyalarında da transformasiyalara təsadüf etmək olur. Ancaq başqa dilin təsiri ilə sözdaxili dəyişmələrin baş verməsi o qədər də özünü doğrulda bilmir. Çünki bir dildən başqa dilə söz keçərkən nəinki daxil olduğu dilin quruluşuna təsir edir, əksinə, daxil olduğu dilin nitq prosesində onun tələblərinə uyğunlaşır. Ona görə də inandırıcı görünməz ki, Azərbaycan dilindəki, həmçinin başqa türk dillərindəki samit qoşalaşması yad dillərin təsiri kimi anlaşılsın.
N.K.Dmitriyev həmçinin Azərbaycan dilinə Yafət dillərinin ümumilikdə Qafqaz dillərinin təsirini də istisna etmir [92, s. 63-64].
M.Şirəliyev də samit qoşalaşmasının türk dillərində, eləcə də Azərbaycan dilində mövcud olduğunu istisna etmir. Ancaq bu hadisəni doğuran səbəblərin hələ türkologiyada öz həllini tapmadığını göstərir [55, s. 125].
Tofiq Hacıyev samit qoşalaşmasının səbəblərini sözlərin tələffüzündəki assimilyativ intensivliklə izah edir [85, s. 26-27].
Söz tərkibində samit səslərin qoşalaşması hadisəsinə bir qədər qlobal hadisə kimi yanaşdıqda həqiqətən bu hadisənin qədim olduğunu aydınlaşdırmaq mümkün olur. Sual isə belə qoyula bilər ki, samit qoşalaşması haradan başlanır. Analitik-flektiv dillərin quruluşunu bir yana qoyub türk dillərinin qədimliyinə getdikdə bu dillərdə qoşalaşmanın təsadüfi olmadığı aydınlaşır. Türk dillərinin qədim söz köklərinin birhecalılıqdan ibarət olduğu mövcud tədqiqatlarda təqdir edilir. Bu halda şəkilçilərin törəməsində sözlərin özünün baza rolunu inkar etmək olmur.
Sözlər isə, əlbəttə, birdən-birə şəkilçi variantına keçə bilməz. Bundan ötrü şəkilçi mövqeyindəki vahidin özü öz söz mövqeyini itirməlidir. Bu prosesin baş verməsini türk dillərində belə başa düşmək olar ki, bu dillərdə söz üstəgəl söz söz konstruksiyaları aqlütinasiya prosesinin inkişafında dəyişmişdir. Yəni birinci söz müstəqil qalmış, ikincidə isə dəyişmə baş vermişdir. G.Y.Kornilov Çuvaş dilində imitativlərin yaranması ilə bağlı apardığı tədqiqatda belə fikrə gəlir ki, anqır, kıçkır, kıykır kimi sözlərin ikinci tərkib hissəsi olan – kır elementi vaxtilə müstəqil söz kimi mövcud olmuşdur. Şəkilçiləşmə prosesində həmin element özünün söz funksiyasını itirmiş, birinci söz tərkibli elementlə birləşib bir məna bildirmişdir. Yəni anqır sözü əslində an səsi çıxarmaq, kıçkır sözü kıç – səsi çıxarmak, kıykır sözü kıy səsi çıxarmaq kimi məna bildirmişdir [99, s. 92].
Azərbaycan dilində hazırda mövcud olan bir çox ikihecalı sözlərdə kök və şəkilçinin bölünə bilməməsi də məhz sözün tərkibində şəkilçiləşmənin baş verməsi ilə kök və şəkilçinin bir vəhdətdə ifadə edilməsi prosesinin izdəri kimi başa düşülə bilər. Belə ki, məsələn, Azərbaycan dilindəki ağac, odun, kömür, dəmir, ayrı kimi sözləri kök-şəkilçi hissəsinə ayırmaq olmur. Ancaq o da aydındır ki, söz ikihecalıdırsa, demək, tərkibdə şəkilçinin izi var. Onu təyin etmək isə etimoloji təhlilin ixtiyarında qalır. Söz tərkibində samit qoşalaşmasını da məhz bu prosesin başlanğıc əlaməti hesab etmək mümkündür. O da mükündür ki, söz sonu hansı elementlə bitmişsə, samitlərin tarazlığa görə uyuşması tələbi ilə ona qoşulan ikinci tərkibdə eyni elementlə başlamış olsun. Bu halda, təsəvvür etmək olar ki, məsələn, ağac sözü ağğac, odun sözü oddun, yarıq sözü yarrıq, çuxur sözü çuxxur kimi variantlarda formalaşa bilsin. Analitik qarşılaşdırma yolu ilə, əlbəttə belə variantları və adekvatları tapmaq mümkündür. Məhz toqa, hoqqa, doqquz, səkkiz, saqqız, çaqqal kimi sözlərdəki yanaşı qoşalaşmanı ilkin qoşa samit ahəngdarlığının izi kimi qəbul etmək mümkündür. Türk dillərində, o cümlədən Oğuz dillərində şəkilçiliyə doğru inkişaf nə qədər güclü olsa da analitizmin izləri indi yaşamaqdadır. Ancaq müstəqil sözlərdən daha çox təqlidi sözlərdə. Analitik-flektiv dillərdə isə müstəqil sözlərdə daha artıq qalmaqdadır. Çünki türk dillərində söz sonu dəyişkən olduğundan hazırda mövcud olan və kök –şəkilçiyə bölünməyən vahidlərdə ilkin qoşalaşmanı təyin etmək çətindir. Məsələn, oğlan, otaq, oyaq, ayaq, dayaq, yuxarı, aşağı və s. sözlərdə olduğu kimi.
Analitik-flektiv dillərdə isə söz tərkibi daxilən dəyişdiyinə görə, yanaşı elementlərdən birincisi sözyaratma funksiyası daşıya bildiyinə görə daxili samit qoşalaşması həmin dillərdə öz qədim izlərini saxlamaqda daha mühafizəkardır. Belə qoşalaşmanın mühafizəkarlığı hətta analitik-flektiv dillərə məxsus alınmaların Oğuz qrupu dillərində də sabit saxlanılmasında özünü bariz şəkildə nümayiş etdirir.
Sözün tərkibində samit qoşalaşması Oğuz qrupu dillərinin hamısında eyni qaydada öz ilkin sabitliyini saxlamır. Bu dillərdə aqlütinativliyin nitq intensivliyi ilə birlikdə təsiri nəticəsində bir dildə saxlanan ilkin variant forması başqa dildə ayrı bir fonetik variantda ifadə olunur. Bu da, məlumdur ki, hər bir dilin özünün nitq prosesində baş verən dəyişmələrin təsirinin nəticəsidir. Oğuz qrupu dillərində söz tərkibindəki dəyişmələri aşağıdakı kimi nümunələrin müqayisəsində müşahidə etmək olar: Azərbaycan dilində qoşa samitlə ifadə edilən və bu qayda üzrə normalaşan çaqqal, saqqal, yeddi, səkkiz, doqquz, saqqız, eşşək kimi sözlər vardır. Bu sözlər türk dilində Azərbaycan dilindəki qoşasamitli norma üzrə işlənmir. Türk dilində isə həmin sözlər çokal, sakal, yedi, sekiz, dokuz, sakız, eşek variantları formalaşmışdır. Buradan göründüyü kimi birbaşa nitq intensivliyinin təsiri ilə türk dilindəki eyni sözlərdə şəkilçililəşmə prosesi sözlərin daxili samit ahəngini təmin edən tarazlığı pozmuşdur. Qaqauz dilində də eyni vəziyyət müşahidə edilir. Yəni həmin sözlər qaqauz dilində də türk dilindəki kimi çakal, sakal, yedi, sekiz, dokuz, sakız, eşek variantında işlənir.
Sözlərin tərkibində samit tarazlığının pozulması birbaşa nitq intensivliyinin təsiri ilə bağlı olduğu üçün demək olmaz ki, qaqauz dili uzun müddət ərzində yazısız bir dil kimi işləndiyindən şifahi nitq bu dildəki tarazlığa daha asanlıqla dəyişdirmişdir. Türk dilində də həmin sözlərin eyni şəkildə işlədildiyinə əsasən onu demək mümkündür ki, qaqauz dilindəki bu oxşarlıq onun türk dili ilə daha yaxın təmasda olduğunun nəticəsi kimi təsəvvür edilir.
Təhlil edilən sözlərdəki quruluşun əksinə olaraq Azərbaycan dilində birhecalı şəklə düşmüş bığ sözü türkmən dilində murt, türk və qaqauz dillərində isə bıyık şəklində işlənir. Bıyık sözünün, hətta, türk dili şivələrində qoşasamitli bıyyık forması da mühafizə olunur [55].
Türkmən dilində türk və qaqauz dillərindəkindən fərqli olaraq təhlil olunan sözlərin normasında müəyyən qədər özünəməxsusluq vardır. Belə ki, türk və qaqauz dillərində həmin sözlərin daxilində bir samit işləndiyi halda, türkmən dilində qoşa samit işlənir. Tərkibində k samiti işlənən sözlər də Azərbaycan dilindən fərqli olaraq qoşa samitlər kq tələffüzü ilə normalaşmışdır: çakqal, sakqal, dokquz, sakqız. Yeddi və səkkiz sözləri isə Azərbaycan dilindəkindən fərqli olaraq yedi və sekiz şəklində işlənir.
Azərbaycan dilində iki ş ilə işlənən eşşək sözü türkmən dilində bir samitli şəkildə (eşek) işlədilir.
Azərbaycan dilində bir daxili samitlə işlənən yuxarı, çuxur, arıq, qarı, çürük sözlərinə türk və qaqauz dillərində bir daxili samitin iştirakı ilə aşağıdakı variantlarda təsadüf edilir: yukarı, çukur, arık, karı, çürük.
Türkmən dilində isə bundan fərqli olaraq göstərilən sözlərin yukkarı, çunnur, arrık, qarrı, çürrük şəklindəki qoşasamitli variantı norma kimi işlədilir. Müqayisə üçün deyək ki, məsələn, Azərbaycan dilində işlədilən alınma sözlərdəki qoşa samitlər norma kimi mənbə dildə olduğuna uyğun şəkildə də işlədilir. Belə sözlərə aid aşağıdakıları nümunə kimi göstərmək olar: affekt, affiks, affrikat, akkord, əllaf, alliterasiya, ammiak, assiqnat, assonans, assuri, budda, bülleten, kollektiv, kolloid, kolleksiya, panno; amma, effekt, billah, binnət, büllur, kollec, caddə, cədd, ciddi, diqqət, dərrakə, dəllək, dəllal, əvvəl, əziyyət, fərraş, güllə, hədd, haqq, həll, hiss, hümmət, hərrac, xəttat, iddia, məddah, məzənnə, məzəmmət, diqqət, riqqət, şiddət, təvəqqe, təmənna, ümman, üşşaq, hissə və s. Doğrudur, alınma sözlərdə bəzi hallarda qoşa samitlərdən birinin ixtisarına da rast gəlmək olur. Məsələn, proqramma-proqram, teleqramma-teleqram qruppa-qrup, tövsiyyə-tövsiyə, Aliyyə-Aliyə, Şəmsiyyə-Şəmsiyə, mədhiyyə-mədhiyə, aqqlütinasiya-aqlütinasiya və s.
Məsələ bundadır ki, belə sözlərdəki samit qoşalaşmasının ixtisarı, əsas etibarı ilə, sözün şəkilçi hissəsindəki tərkibdə baş verir. Sözün kök hissəsindəki ixtisarlaşmada isə qoşa samitlərdən biri fonetik əhəmiyyətini itirir. Yəni sözlər tələffüzdə bir samitlə də ifadə edilə bilir. Ona görə də nitqin tələbinə uyğun dəyişmə aparmaqla unifikasiya olunması çətinlik törətmir.
Alınma sözlərdəki qoşa samitlərdən birinin ixtisarının səbəbini, bizcə, tək samitlərdən birinin fonetika əhəmiyyətinin itirməsində yox, həm də aqlütinasiyanın özünün yol verdiyi hadisə kimi də nəzərə almaq mümkündür. Çünki əgər aqlütinasiya türk dillərinin özündə ilkin samit qoşalaşması üzrə nizamlanan strukturu itirə bilirsə nitqin imkan verdiyi yerlərdə alınma sözlərdəki simmetriyanın pozulmasına da təsir göstərir [4; 56].
Oğuz qrupu türk dillərində kök-şəkilçi hissələrinə bölünməyən sözlərdəki samit qoşalaşması üzrə simmetrik tarazlıq qeyri-bərabər olsa da, təqlidi sözlərdə simmetriyanın saxlanılmasının daha çox üstün olduğu müşahidə edilir. Başqa sözlə, türk dillərinin aqlütinasiya quruluşu söz tərkibindəki samitlərin ilkin qoşalaşmasını vahid şəkildə mühafizə etməsə də təqlidi sözlərdə bu mühafizə istər-istəməz emosionallığa xidmət etdiyi üçün nitqin emosionallığı ilə də tənzim olunur.
Azərbaycan dilində təqlidi sözlər üzrə daxili samit qoşalaşmasının simmetriya tarazlığını aşağıdakı kimi sözlərdə müşahidə etmək olar: cınqıltı, cingilti, çaqqıltı, çıqqıltı, qaqqıltı, çıqqıltı, cükkültü, cingilti, dıqqıltı, dınqıltı, donqultu, dingilti, hıqqanmaq, hoppanmaq, hoppultu, hoppadan, hoppa, hoptdatmaq, hörtdətmək, hoppanmaq, şappıltı, şıppıltı, şıqqıltı, şillə, şıllaq, taqqıltı, tıqqıltı, taqqaşmaq, çoqqamaq, zıqqıltı, zıppıltı, zoqqultu və s.
Türk və qaqauz dillərində təqlidi sözlər üzrə saxlanılan simmetriya tarazlığı, demək olar ki, biri digərinə oxşardır: cakkır (türk), cakqır (qaq.), cakkır (türk), canqır (qaq.), zenkkırdak (türk), zundırdak (qaq.).
Türkmən dilində təqlidi sözlər üzrə samit qoşalaşması daha çox işlənir. Buradan belə görünür ki, türkmən dilinin təqlidi sözləri ilkin strukturun izləri kimi sözdaxili samit tarazlaşması bazasındakı ahəngin qorunmasında daha mühafizəkardır. Türkmən dilində bu cür daxili simmetriyalı ahəngdarlığa dair aşağıdakı kimi nümunələri misal göstərmək olar: annırmak, annırışmak, cırrıldatmak, dünnür, dünnürdemek, dünnürda, qümmüldi, qürrüldemek, harrıldı, hajıldı, hinnildi, hızzın, hızzınlamak, hınjıldamak, hırrıldı, çaqqıldı, cassıldı, cırrıldı, cıssıldamak, cürrüldemek, cınnırdı, lenner, lokquldanmak, lokquldamak, lokquldu, loņkuldu, loņkildemek və s.
Türkmən dilində, həmçinin daxili samit qoşalaşmasını mühafizə edən bir çox müstəqil sözlərin də işlənməsinə təsadüf edilir. Belə sözlərin mövcudluğu o fikri əsaslandırmağa dəlalət etmir ki, həmin tipli sözlər öz qədimliyini qorumuş elementlərdir. Qədimlik bu cür sözlərin strukturunda mühafizə olunan samitlər sırasının ənənəvi varisliklə saxlanılmasından ibarətdir.
Türkmən dilində bu cür sözlərə dair aşağıdakı kimi nümunələri misal göstərmək olar: seņņer (qum təpəsi), sünni (qovuşuq), şullı (göz ağrısı), tenne (gümüş pul), töņņe (kötük), tümmül (uğramaq), tüņņermek (çıxmaq), yazzı (cəld getmək), yeņņe (yengə), zürrün (çüy, paz), çeņņel (bir çəngə), çeņņek (qarmaq), çuņņur (çuxur), çömmek (əyilmək), çürrük (çürük), dommal (qayıq), dürre (qamçı) və s.
Türkmən dilində daxili samit qoşalığının saxlanma ənənəsi o qədər güclüdür ki, hətta Azərbaycan dilində daşlaşmış şəkilçi kimi işlənən variant bu dildə nitqə görə assimilyasiya olunaraq tam qoşalaşmaya çevrilir. Müqayisə üçün aşağıdakı kimi nümunələri qarşılaşdırmaq olar: usta (Azərb.), ussa (türkm.), üstə (Azərb.), üsse (türkm.), yastı (Azərb.), yassı (türkm.), asta (Azərb.), assa (türkm.), basdır (Azərb.), bassır (türkm.), buzluq (Azərb.), buzzuk (türkm.), bostan (Azərb.), bossan (türkm.), isti (Azərb.), ıssı (türkm.).
Türk dilində də türkmən dilindəkinə bənzər assimilyativ təsirli qoşalaşmaya rast gəlmək olur: yastı (Azərb.), yassı (türk), izsiz (Azərb.), ıssız (türk).
Bu cür assimilyativ qoşalaşma nümunələri lokal nitq ərazilərində də rast gəlmək olur: addaş (adaş), yoqquş (yoxuş), təzzə (təzə) (Muğan, Zaqatala, Qax), ayyak (ayaq), eyyi (eyi) (türk dial.), battak (batak), tüttək (tütək) (Qazax), qoççaq (qoçaq) (Bakı) [55, s. 124-125], doņņuz (donuz), sövveş (söveş), yamman (yaman) [71, s. 19]; çümmük (çimik) [103, s. 14],ommur (omur-sındır), önni (önü-irəli), yaņņak (yanak-yanaq), ikki (iki) [73, s. 13-14] sümmük (sümük), assın (atsın), çassa (çatsa), qassın (qazsın) [84, s. 11], yassıq (yasdıq), qazzar (qazlar), issi (isti) [80, s. 41], üssün (üstün), yassık (yastıq) [134, s. 10].
Dostları ilə paylaş: |