Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz qrupu türk diLLƏRİNDƏ fonetik uyğunluq və norma


Sözün kök-şəkilçi qovşağında samit yanaşması və norma



Yüklə 222,04 Kb.
səhifə39/40
tarix02.02.2022
ölçüsü222,04 Kb.
#114030
1   ...   32   33   34   35   36   37   38   39   40
3.4. Sözün kök-şəkilçi qovşağında samit yanaşması və norma
Azərbaycan dilində sait və samitlərin ahəngi haqqında bəhs edildikdə daha çox ikihecalı (həm də çoxhecalı) sözlərin sonunda q samitinin q ya, k samitinin isə y-ya, q samitinin d-ya keçidi, qanun kimi səciyyələndirilir. Muxtar Hüseynzadə yazır ki, Azərbaycan sözlərinin sonunda işlənən səssizlərin həm tələffüz, həm də imlada dəyişməsi dilimizin fonetik qanunlarından biri hesab olunur. Məlum olduğu üzrə, son səsi t, k kimi kar səssizlərdən ibarət olan sözlərdə kar səssizlərin cingiltili səssizlərə və q səssizinin ğ səssizinə keçməsi müəyyən qanuna tabedir. Kar t, k səsləri səsli ilə başlayan bir şəkilçi ilə birləşdiyi zaman cingiltili d, y səslərinə, q isə ğ səsinə çevrilir: dört-dördün, kurt-qurda, ələk-ələyi, lələk-lələyin, qoçaq-qoçağın və s. [36, s. 42].

Əbdüləzəl Dəmirçizadə sonu kar samitlərlə bitən sözlərə kar samitlərin cingiltili samitlərə keçidini, nümunələr əsasında bir qədər geniş şərh etsə də bu cür dəyişmələrin səbəblərinin nitq prosesi ilə bağlı olması, bu prosesin nitq tərəfindən uzusa çevrilməsi və bu prosesin normalaşmasındakı ardıcıllıqlarının ümumi təsviri mənzərəsini verir [26, s. 132-140]. Türk dilləri aqlütinasiyalı quruluş üzrə formalaş­dığı üçün aydındır ki, bu dildəki dəyişmələr də əsas etibarı ilə sözün şəkilçi tərkibində baş verir. Bu isə birbaşa nitq prosesi ilə tənzim olunur. Odur ki, hər bir müstəqil dildə bu tipli nitq dəyişmələrinin özünəməxsus təzahürləri peyda olur. Ona görə də, məsələn, Azərbaycan dilindəki nitq dəyişmələrinin türk dili ilə, türkmən dili ilə və qaqauz dili ilə eyni qaydada normalaşdırılması barədə söhbət gedə bilməz. Dillərin bəzilərində kök-şəkilçi nitqin təsiri ilə yaranan uzus əsas götürüldüyü halda, digərlərində dil strukturunun mühafizə olunması prinsipinə daha çox istinad edildiyi müşahidə edilir. Burada, əlbəttə, yazılı dil ənənələrinin hesabına dil strukturunun mühafizə edilməsi də əsas şərtlərdən biri kimi qəbul olunmuşdur.

Azərbaycan və türkmən dillərində yazı normalarının stabilləşdirilməsində daha çox uzus tələblərinə riayət edildiyi üçün söz sonundakı kar samitin cingiltililəşməsi norma kimi təsbit olunmuşdur. Türk dilindəki normalaşmada isə daha çox dil struk­turunun mühafizəsi əsas götürülür. Qaqauz dilində müəyyən məqamlarda müm­kündür ki, türk dilinin təsiri ilə struktur tərkibin saxlanması müşahidə edilməklə danışıq dilinə məxsus assimilyativ təsirlərin yaratdığı normalara da riayət olunsun.

Azərbaycan dilində, bir qayda olaraq, söz sonundakı işlənən d samiti t kimi səslənir: qurd-qurt, dərd-dərt, dörd-dört, öyüd-öyüt, keçid-keçit, söyüd-söyüt və s.

Sonu r samiti ilə bitən sözlərə l samiti ilə başlanan şəkilçi qoşulduqda isə l samiti r samiti ilə tarazlaşır: qar-qarlar-qarrar, yer-yerlər-yerrər, nar-narlar-narrar.

Bu şifahi nitqin tələbidir. Bu tələb sözün quruluşunu istər-istəməz, ənənəvi struktura, yəni ilkin daxili samit tarazlığı ilə tənzim edilən harmoniyaya qaytarır. Ancaq yazıda pərakəndəlik düşməmək üçün bu sözlərin orfoqrafiyasına yeni qayda tətbiq edilir. Buna görə də yazı və nitq arasında ixtiyari bir fərq əmələ gəlir. Bu fərqin aradan qaldırılması nitq mədəniyyətinin öhdəsinə düşür. Bunun yerinə yetirilməsi isə yeni vərdişlərin formalaşdırılmasını tələb edir.

Azərbaycan dilində, həmçinin sonu q, k, t, c, ç kimi kipləşən samitlərlə bitən sözlərə sait və samitlə başlayan şəkilçilər əlavə edildikdə fərqlənmələr baş verir. Q samitinə saitlə başlayan şəkilçi əlavə edildikdə q samiti şifahi nitqə görə ğ-ya keçir: qonaq-qonağın, daraq-darağın.

Bu variant uzusa çevrildiyi üçün həmin dəyişmə ümumi norma kimi qəbul edilir. Sonu q samiti ilə bitən sözlərə samitlə başlayan şəkilçi qoşulduqda isə iki nitq variantı alınır: ğ variantı, x variantı: qonaq-qonağda-qonaxda. Ona görə də norma kimi ənənəvi struktura uyğun variant (qonaqda) norma kimi qəbul edilir. Yenə də nitq mədəniyyətinin üzərinə bir vəzifə düşür ki, ənənəvi variantı ümumi normaya çevirə bilsin.

Eyni variantlıq sonu k, t, c, ç, samitləri ilə bitən sözlərdə müşahidə edilir: kəklik- kəkliyin- kəkliydə- kəklix/də, çəkic- çəkicdə- çəkişdə, süzgəc -süzgəcdə -süzgəçdə.

Sonu t ilə bitən sözlərdə isə söz sonundakı t tələffüzü d-ya keçir: qurut-qurudun, dərt-dərdin, dört-dördün, öyüt-öyüdün, keçit-keçidin, söyüt-söyüdün.

Söz sonundakı t tələffüzünün d-ya keçidinin baş verməsinə görə həmin sözlərin ayrıca yazılışında da son samit noma kimi tələffüzü ilə sabitləşdirilmişdir.

Azərbaycan dilində, bir qayda olaraq, sonu saitlə bitən sözlərə samitlə başlayan hər hansı şəkilçi qoşulduqda samit səsdə dəyişmə baş vermir: meşə-meşəlik-meşədə-meşəçi-meşənin və s.

Sonu sonor m, l, n, r samitləri ilə bitən sözlərə saitlə başlayan şəkilçi qoşulduqda şəkilçi tərkibindəki samit dəyişməz qalır: kələm-kələmin, həkim-həkimin, məşəl-məşəlin, əməl-əməlin, xırman-xırmanın, dəmir-dəmirin.

Bu samitlərlə bitən sözlərə kar və ya cingiltili samitlərlə bişlayan şəkilçilər qoşulduqda da kök və şəkilçi arasında simmetriya (tarazlıq) pozulmur: kələm-kələmdə, kilim-kilimçi, məşəl-məşəldə-məşəlçi, xırman-xırmanda-xırmançı, dəyirman-dəyirmanda-dəyirmançı, dəmir-dəmirdə-dəmirçi.

Sonu m-l samitləri ilə bitən sözlərə –dan (-dən) şəkilçisi qoşulduqda isə mənzərə dəyişir. Şifahi nitqin təsiri ilə kök-şəkilçi tərkibində assimilyasiya hadisəsi baş verir. Yəni şəkilçinin başlanğıcındakı d samiti dəyişir: kələm-kələmdən-kələmnən, xırman-xırmandan-xırmannan.

Sonu r ilə bitən sözlərə –l ilə başlanan şəkilçi qoşulduqda şifahi nitqdə şəkilçi başlanğıcındakı l samiti dəyişir. Saitlə başlayan şəkilçi qoşulduqda t samiti d-ya keçir: yarat-yaradır,q urut-qurudur.

Samitlə başlayan şəkilçi qoşulduqda isə t samiti dəyişmir: yarat-yaratdı-yaratsa, qurut-qurutdu-qurutsa

Türk dilində isə sözün kök-şəkilçi hissəsində bu cür dəyişmələrin baş verməsi ancaq məhdud lokallıqda müşahidə edilə bilər. Ümumi normalılıqda isə dəyişmə baş verməsində sərbəstlik ixtiyarilik yoxdur. Belə olduğu halda yazı və şifahi nitq arasında da bərabərləşmə meyllərinin yaranması labüd hala çevrilir.

Türk dilində sözün sonunun n, l, m, r və ya k, t, ç, c ilə bitməsi dəyişiklik üçün əsas vermir. Yəni söz sonu kar samitlə bitirsə, ona kar samitlə başlayan şəkilçi qoşulur, cingiltili samitlə bitirsə cingiltili samit qoşulur: değırmen-değırmenci, üzüm-üzümcü, şeker-şekerci, maymun-maymuncuk, kar-karlı, karar-kararlı, ısrar-ısrarlı, kitap-kitapta, yarat-yaratlık, demirci, yolcu, yoldaş və s.

Sonu saitlə bitən sözlərə cingiltili samitlə başlayan şəkilçi qoşulur: meşe-meşeci, dava-davacı, bahçe-bahçecik, ova-ovacık.

Sonor samitlə başlayan şəkilçi isə söz sonunun hansı səslə bitdiyindən asılı olmayaraq dəyişmir: şöfer-şöferlik, fazla-fazlalık, gözel-gözellik, genç-gençlik, dost-dostluk və s.

Türkmən və qaqauz dillərində sözün kökşəkilçi mövqeyindəki tarazlaşmada daha çox nitqin təsiri ilə baş verən dəyişmələr norma kimi sabitləşir.

Məsələn, türk dilindəkindən fərqli olaraq türkmən dilində söz sonu kar t, k samiti ilə bitirsə ona kar samitlə başlayan şəkilçi yox, cingiltili samitlə başlayan şəkilçi qoşulur: akıt-akıtdırmak, alış-alışdırmak, artı-arıtdırmaq, barış-barışdırmak, açış-açışdırmak, bak-bakdırmak.

Sözün sonu saitlə bitirsə ona samit başlanğıclı şəkilçi qoşulduqda şəkilçi tərkibində dəyişmə baş vermir: qovqa-qovqaçı, qurra-qurraçı, şəmi-şəmiçi.

Azərbaycan dili ilə müqayisədə sonu l samiti ilə bitən sözlərə –tı (-ti,-tu,-tü) şəkilçisi qoşulmalı olduğu halda t samiti d samitinə çevrilir: qümmüldü, qürküldü, qüjüldi, qürrüldi, hajjıldı və s.

Ümumi bir hal kimi, türkmən dilində kök-şəkilçi arasındakı samitlər ahəngində şifahi nitq ənənələrinin mühüm rolu olduğu müşahidə edilir.

Qaqauz dilində kök-şəkilçi mövqeyində samitlər ahənginin normalaşmasında şifahi nitqin təsiri daha güclüdür. Bu da qaqauz dilinin uzun müddət ərzində yazılı dil ənənələrinin olmaması ilə, yazı və danışıq nitqi arasında bərabərləşməyə meylin yaranmaması ilə izah oluna bilər. Qaqauz dilində şifahi nitqin təsiri ilə ifadə olunan və həm də yazılı dildə şifahi nitqin tələbi ilə normalaşmış assimilyasiya səciyyəli daxili samit ahənginə dair aşağıdakı kimi nümunələri misal göstərmək olar: aydınnama, altını, annanımsızlık, annamaz, annaşma, qünnük, qünnükçü, dal-lanmak, darqınnık, donnu, dumannatma, düşkünnük, yavannık, yannış, yoqunnuk, kurbannık, solqunnuk, tonnuk, üstünnük, çetinnik, çetinnetmə, çannık və s.

Qaqauz dilində, həmçinin türk dilində olduğu kimi, sonu t samiti ilə bitən sözlərdə –t samiti ilə başlayan şəkilçi qoşulduqda daxili tarazlıq pozulmadan qalır: yattırma, kaynattırma, battırma, başarttırma, donattırma, tutturma.

Azərbaycan dili ilə müqayisədə –dır feil düzəldən şəkilçisi sonu ş ilə bitən sözlərdən sonra t variantı üzrə işlənir: kaynaştırma, yapıştırma, karıştırma, yaraştırma, tokkuşturma və s.

Oğuz qrupu dilləri başqa türk dilləri ilə müqayisədə bir-birinə daha yaxındır. Aqlütinasiya ilə bağlı olan fonetik uyğunlaşma prosesində bu yaxınlığın əlamətləri daha qabarıq şəkildə özünü göstərir. Dillərin müstəqilliyi, eləcə də qaqauz dilinin konstitusiya hüquqlu muxtariyyəti ona imkan verir ki, bu dilin sabit normaları bərqərar edilə bilsin. Bu dillərin fonetik sistemlə bağlı daxili quruluşundakı norma yaxınlığı ona imkan yaradır ki, onların müstəqillik hüququ bazasında normaların yaxınlığı bir daha intensivləşdirilə bilsin. Bu halda dil daşıyıcılarının bir-birini daha asan anlaya biləcəyinə təminat yaratmaq mümkün olar. Bununla da artıq, dil birliyi romantikasından daha çox norma yaxınlığının reallığından bəhs etmək olar.



NƏTİCƏ


      1. Oğuz qrupu türk dillərinin təsnifatı ənənəvi qayda üzrə digər türk dillərinin daxilində verilir. Oğuz qrupu türk dillərinin özünəməxsus təsnifatlarda da müxtəlif fikirlər vardır. Oğuz qrupu dillərinin təsnifatında bu dillər qrupuna Azərbaycan, türk, türkmən və qaqauz dilləri ilə yanaşı krım tatarlarının, peçeneqlərin, səlcuqların, Balkan və Axısxa türklərinin və digər dialekt səviyyəli dilləri daxil edilir. Ən son tədqiqatlarda doğru olaraq bu qrupa müstəqil şəkildə işlənən dillər işlənən dillər aid olunur. Çünki dialekt səviyyəli dillərin özü hansısa müstəqil dillərin əhatəsində saxlanılır.

      2. Oğuz dillərinin fonetik normalaşması tarixən baş verən bir hadisədir. Fonetik normalaşma dil strukturunda baş verir və bilavasitə nitq aktı vasitəsi ilə tənzim olunur. Dil strukturunda baş verən fonetik normalaşmada əsas və aparıcı prinsip asanlaşdırıcılıqdan ibarətdir. Bu prinsipə görə sait və samitlər söz tərkibində müəyyən ardıcıllığa əsaslanır. Söz tərkibində sait və samitlərin sırası nitq prosesində tələffüzə görə ağırlıq törətdiyi təqdirdə asanlaşma prinsipi səslərdə dəyişmə yaratmaqla norma tənzimlənməsini təmin edir.

      3. Türk dillərinin qrafik normalaşması yazının meydana gəlməsi və dilə tətbiq olunması bağlıdır. Fonetik normalaşma ixtiyari qaydalara əsaslandığı halda, qrafik normalaşma yazılı dilə məxsus icbari qaydalara əsaslanır. İxtiyari qaydalar dil strukturunda fərqlənmə yaratdığı halda icbari qaydaların vasitəsilə dil strukturuna məxsus ardıcıllıq sırası sabit qalır və mühafizə olunur.

      4. Bütün dillərdə olduğu kimi Oğuz qrupu dillərində də özünəməxsus fonetik və qrammatik normalaşma prosesi baş vermişdir. Lakin demək olmaz ki, bu dillərin hamısında fonetik və qrafik normalaşma biristiqamətli şəkildə baş vermişdir. Bu dillərdə xüsusi normalaşma prosesi onların diferensiallaşdığı müddətdən bəri ayrı-ayrılıqda yarandığından hər bir müstəqil dilin öz normaları formalaşmağa başlamışdır. İlkin yazıyaqədərki normalaşma danışıq dilinin tələbləri üzrə baş verdiyindən həmin normalaşmada müxtəlif regionallıqlar da meydana çıxmışdır. Yazılı dilin icbari qayda üzrə yaranan normalarında isə bütün areal elementləri, o cümlədən, regional fərqlər istisna olunur.

      5. Azərbaycan və türk dillərində yazılı ənənələr daha qədim olduğundan bu dillərdə icbari qaydalar daha çox tətbiq olunmuşdur. Türkmən dilində yazılı ənənələr daha sonrakı vaxtlara aiddir. Qaqauz dilində isə yazı əsas etibarilə XX əsrin ortalarından başlayaraq qeyri-ardıcıllıqla davam etmişdir. Odur ki, türkmən və qaqauz dillərinin fonetik normalılığında ixtiyariliyə əsaslanan danışıq dili elementləri daha çox müşahidə olunur.

      6. Oğuz qrupu türk dillərinin daxili mexanizmi aqlütinasiyaya əsaslandığından bu dillərin söz köklərində sabitlik analitik-flektiv dillərlə müqayisədə daha artıq mühafizə olunur. Odur ki, bu dillərin söz köklərinə şəkilçilər silsilə işə qoşulduqda fonetik elementlərin özünəməxsus ardıcıllıq sırası baş verir. Sait və samitlərin ardıcıllığına əsas olan bu sıra ilə fonetik elementlərin harmoniyasını yaradır. Dilçilik ədəbiyyatında bu harmoniya sıra ahəng qanunu kimi xarakterizə edilir.

      7. Sait və samitlərin söz tərkibindəki harmonik sırası yazılı dildə sabit saxlanılır. Lakin yazılı dilin icbari qaydalarının özünün formalaşmasında da danışıq dilinin ixtiyari qaydalarının təsiri müşahidə olunur. ixtiyari qaydaların icbariliyə keçidi isə nitq aktının intensivləşdirilmə tələbi üzrə baş verir. Oğuz qrupuna daxil olan bütün dillərdə ixtiyari qaydaların icbariliyə keçidi müşahidə edilir. Bu prosesin özü də tədqiq olunan dillərdə biristiqamətli deyildir. Danışıq dili ünsürlərinə daha artıq yer verilən türkmən və qaqauz dillərində ixtiyariikdən icbariliyə keçidin kəmiyyəti Azərbaycan və türk dillərindəki normalaşma elementlərini nisbi olaraq üstələyir.

      8. Oğuz qrupu türk dillərinin fonetik normalaşma prosesində bütün fonetik elementlər söz tərkibində oxşar sıra və ardıcıllıq qaydalarına malik olmur. Bu da hər bir dilin özünün nitq aktı prinsipləri ilə əlaqədardır. Məsələn, Azərbaycan dilində açıq dodaq o, ö saitləri ilə birlikdə açıq dilortası e saiti sözün ikinci hecasında ümumdil norması yarada bilmir. Yalnız bəzi monolit sözlərdə (quzey, güney) e saiti ikinci hecaya daxil olub ümum dil norması üzrə işlənir. Türk, türkmən və qaqauz dillərində isə Azərbaycan dilindən fərqli olaraq e saiti sözün ikinci hecasında ümumi normalılıq qazana bilir.

      9. Dilarxası və dilönü saitlərin ardıcıllıq normasına gəlincə, onu demək lazımdır ki, bu dillərin aqlütinativ quruluşuna görə onlar hər birində dilarxası və dilönü saitlərin müvafiq ardıcıllıq sırası mövcuddur. Yəni hər bir dildə saitlərin harmoniyasına uyğun olaraq dilarxası saitlərdən sonra dilarxası saitlər, dilönü saitlərdən sonra dilönü saitlər işlənir. Bu ardıcıllıq və harmoniya Oğuz qrupu dillərinin aqlütinativ sisteminin tələbidir. Bu tələb demək olar ki, pozulmaz qalır informasiya intensivliyinin bünövrəsini təşkil edir. Dillərin arasındakı fərqlər isə yalnız nitq aktının təsiri ilə struktur tərkibdə baş verir. Məsələn, Azər
        dilində bəzi monolit sözlər ö-ö sırası ilə işləndiyi halda (kösöv, kötöy, köntöy) türk, türkmən və qaqauz dillərində belə sıra yoxdur. Belə nümunələr bu dillərin arasında təsadüfi deyildir. Yaxud, türkmən dilində ö saitindən sonra i işlənməsi norma kimi sabitləşdiyi halda (gözli, görxli, öli, ölçi, gördi) Azərbaycan dilində belə sıra ümumi deyil, lokal xarakterlidir.

      10. Oğuz dillərində fonetik elementlərin söz tərkibində sıralanması üzrə baş verən harmoniyada dilönü-dilönü, dilarxası-dilarxası prinsipi ierarxiyaya görə tənzim olunsa da bəzi hallarda nitq aktının təsiri ilə ierarxiyanın özündə pozulma baş verir. Məsələn, Azərbaycan dilindəki bəzi sözlərdə dilönü saitlərdən sonra dilönü saitlərin işlənməsi gözlənildiyi halda bu ardıcıllıq dilönü dilarxası sırasına keçə bilir: plıq, ilxı, ilan, ildırım, islaq, inam, girov, sinov, birovuz və s. Bu pozulma nitq aktı vasitəsi ilə intensivləşdirilərək ümumi normaya çevrilir. Yaxud Azərbaycan dilində dilortası e saitindən sonra müəyyən qrup sözlərdə i işləndiyi halda türk, türkmən və qaqauz dillərində bu sıra intensivdir: deli (türk), beri (türkm.), eski (qaq.).

Dillərarası bu cür norma fərqlərinin baş verməsi bilavasitə nitq aktının intensivləşdirmə prinsipinin nəticəsidir. Buradan görünür ki, nitq aktı hər bir müstəqil dildə fonetik elementləri özünəməxsus şəkildə intensivləşdirir. Bu intensivləşmə hər bir dildə ona görə fərqli varianta çevrilir ki, bu dillər müəyyən zaman çərçivəsində diferensiallaşdığı üçün onların danışıq tərzinin özündə fərqlənmələr baş vermişdir. İlkin ümumdil normaları isə bir qayda olaraq danışıq dilinin təməlində baş verir.

11. Oğuz qrupu dillərində saitlərlə birlikdə samit səslərin də özünəməxsus harmoniyası vardır. Samit səslər normasında da dillərarası qeyri-bərabərlik mövcuddur. Məsələn, Azərbaycan dilində dilarxası kipləşən kar k samiti lokal xarakterli sözlərdə (kuş-quş, kış-qış, kıfıl-qıfıl, kutu-qutu) işləndiyi halda, türk, türkmən və qaqauz dillərində k samiti başlanğıcda intensiv işlənir. Bundan başqa, Azərbaycan dilində k samiti öz yerini q samitinə verdiyi halda, türk dilində söz əvvəli üçün q samiti xarakterik deyildir. Türkmən və qaqauz dillərində isə həm k və həm də q samiti xüsusi normaya malikdir. Bu da bir daha bu dillərə məxsus ümumi normaların danışıq dili bazasında nitq aktı vasitəsi ilə tənzimləndiyini göstərir.

12. Oğuz qrupu dillərində söz tərkibindəki samit qoşalaşmasına və yanaşı saitərin işlənməsinə aid normalarda da fərq vardır. Məsələn, dillərin bəzilərin eyni samitlər söz tərkibində qoşa işləndiyi halda, bəzilərində qoşa samit işlənmir: qarrı (türkm.), qarı (Azərb.), karı (türk, qaq.). Samit qoşalaşması türkmən dilində daha çox işlənir: seηηer (qum təpəsi), teηηe (gümüş pul), çürrük (çürük), çommek (əyilmək), çuηηur (çuxur) və s.

Sözlərin kök-şəkilçi mövqeyində samitlərin yanaşı işlənməsində də fərqlər baş verir. Məsələn, Azərbaycan, türk və türkmən dillərində yanaşı samitlərin yazı normasına icbari qayda tətbiq edildiyi halda, qaqauz dilində danışıq dili normasının işlənməsi müşahidə olunur: anlamaz (Azərb., türk, qaq.), annamaz (türkm.).



Dillərarası normalaşmada göründüyü kimi tətbiq edilən prinsiplər tam eyni deyildir. Bununla yanaşı, hər bir dilin normalaşmasında prinsip uyğunluğu tətbiq olunmasına ehtiyac vardır. Bu da dillərarası informasiyada sərbəstlik yaranmasının təməli hesab oluna bilər. Prinsip uyğunluğunu Oğuz qrupu dillərinin həm yazılı və həm də şifahi variantında mümkün yaxınlaşma prosesinin baş verməsinə səbəb ola biləcək ə əlverişli üsul kimi nəzərə almaq mümkündür.


Yüklə 222,04 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin