NİZAMİ GƏNCƏVİNİN SÖZƏ VERDİYİ DƏYƏR
Nizami Gəncəvinin söz haqqındakı fikirləri saysız-hesabsızdır. Onlar bu gün üçün də qiymətlidir, sabah üçün də gərəklidir. Onlardan nə qədər adam faydalanacaq, nə qədər mənəviyyatlar zənginləşəcək. Bu, bir həqiqətdir ki, şairin özü dediyi kimi:
Ağıllı adamın söylədikləri
Yer altına düşsə, itməz dəyəri.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamında da qeyd edildiyi kimi, qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığı bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətə malikdir. Buna görə də dahi şairin həyatı, dünya ədəbiyyatının nadir incilərindən olan poetik irsi qiymətli bəşəri dəyər kimi daim öyrənilib təbliğ olunacaq. Heç şübhəsiz ki, “Nizami Gəncəvi ili” bu mühüm məramın gerçəkləşməsinə öz misilsiz töhfələrini verəcək. Azərbaycan zaman-zaman dünyaya söz sənəti xəzinəsini nadir incilərlə zənginləşdirən böyük sənətkarlar bəxş etmişdir. Bunların sırasında böyük söz ustadı Nizami Gəncəvi yaradıcılığı möhtəşəmliyi, müdrikliyi və həyatiliyi ilə seçilir. Əbəs yerə deyil ki, 2021-ci il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildi. Bu ədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə, klassik irsimizə olan münasibətin təzahürüdür.2021-ci ildə qüdrətli söz və fikir ustadı, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığı ilə Nizami Gəncəvi dünya miqyasında secilən simalardandir. Dərin fəlsəfi məzmunu yüksək poetik dillə, aydın, anlaşıqlı bir tərzdə oxucularına çatdıra bilən şairin yaşayıb-yaratdığı XII əsr mədəni-elmi nailiyyətlərlə zəngin bir dövr idi. Nizami Gəncədə yaşasa da, özünü dünyanın söz hakimi hesab edir: O, təhsilini öz doğma şəhərində almiş, hələ çox gənc ikən ərəb, pəhləvi, fars və çox güman ki, yunan dilini də öyrənmiş, zəmanəsinin elmlərinə dərindən yiyələnmişdir. O dövrdə Gəncə şəhərində təhsil almaq üçün kifayət qədər geniş imkanlar var idi. Şair “Xəmsə”də adının İlyas, atasının adının Yusif, babasının adının Zəki Müəyyəd olduğunu göstərmişdir. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə bağlıdır. Nizaminin qəhrəmanlıq-romantik poeziyası sonrakı əsrlər boyunca, fars dilinin istifadə olunduğu bütün ərazilərdə özünü ona oxşatmağa çalışan gənc sənətkarların yaradıcılığına təsir etmiş, Əfqanıstan, Hindistan, İran, Pakistan, Tacikistan, Türkiyə və Özbəkistan kimi müasir ölkələrin mədəniyyətinin formalaşmasında rol oynamışdır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur.
Sözün qüdrəti danılmazdır. Əsas məsələ odur ki, yerində deyilsin.
Fərqi yoxdur, istər şirin olsun, istər kobud, yerində işlədilən sözün təsiri çağlayıb, məcrasını dağıdan sellərdən daha güclüdür. Leksik olaraq, bir şey və ya hadisə haqqındakı anlayışın səslə ifadəsindən ibarət olan nitq vahidi; kəlmə; dil və nitq mənalarına gələn sözdən keçmişdən-günümüzə istifadə edildiyi kimi, gələcəkdə də hər kəs ehtiyacı olduğu qədər istifadə edəcəkdir. Söz insanın tutan əli, görən gözüdür. Natiq və xətiblərin; şair və söz sənətkarlarının çəliyi, əsası həmişə söz olmuş, “söz”lə oturub, “söz”lə durmuşlar, nitqlərini mənalı və kəsərli sözlərlə bəzəmişlər. “Şirin dil ilanı yuvasından çıxarar” deyib atalar. Əslində ilanı yuvasından çıxaran dil deyil, dillə ifadə olunan mülayim sözlərdir ki, bu “sehrli” sözlər də sahibini daim ucaldar. İrsi kimi qəlb dünyası da zəngin olan Nizami Gəncəvi “Leyli və Məcnun” əsərində;
Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.
İnci tək sözlər seç, az danış, az din,
Qoy öz sözlərinlə dünya bəzənsin.
Az sözün inci tək mənası olmaz,
Dostları ilə paylaş: |