XXI əsrin əvvəllərində Azərbaycan respublikasının xarici siyasəti və beynəlxalq əlaqələri. XXI əsrin əvvəllərində də Azərbaycanın xarici siyasət prioritetləri sırasında Qərb ölkələrinin təmsil olunduğu Avropa Birliyi sisteminə (iqtisadi, siyasi, sosial, mədəni sahədə) və qlobal dünya siyasəti məkanına inteqrasiya mühüm yer tutur. Bu sistemə daxil olmaqla Azərbaycan həm özünün mövcud resurslarından xalqının firavan həyatının təmin edilməsi istiqamətində daha səmərəli, təhlükəsiz və itkisiz istifadə etmək imkanı əldə edir, həm də qabaqcıl dünya texnologiyalarından, investisiya və xarici kapitalın ölkə iqtisadiyyatına daha sürətlə daxil olması, qeyri - neft sektorunun inkişafına nail olunması imkanı qazanır. Bununla bağlı, Avropa İttifaqı və ABŞ-ın imkanlarından istifadə edərək ölkənin daxili iqtisadi, sosial və digər strukturlarının islahatını aparmaq və dünya standartlarına qaldırmaq imkanı da yaranar. Bu səbəbdən Avropa İttifaqı və bütün digər beynəlxalq maliyyə strukturları, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi qurumlarla əməkdaşlıq Azərbaycanın xarici iqtisadi siyasətinin əsas prioriteti hesab olunur.
XXI əsrin ilk illəri Azərbaycanın xarici siyasətinin uğurları ilə başlandı. Avropa Şurasının (AŞ) Nazirlər Komitəsi 2001-ci il yanvarın 17-də keçirilən sessiyasında Azərbaycanın AŞ-nın tam hüquqlu üzvü olması haqqında qərar qəbul etdi. 2001-ci il yanvarın 25-də AŞ-ın Fransanın Strasburq şəhərində yerləşən iqamətgahı qarşısında ölkəmizin dövlət bayrağı qaldırıldı.
2001-ci il yanvarın 21-26-da Starsburqda keçirilən növbəti sessiyada Milli Məclisin üzvü İlham Əliyevin başçılığı altında Azərbaycandan 12 nəfərdən ibarət nümayəndə heyəti AŞ-nın Parlament Assambleyasının (AŞPA) sessiyasında iştirak etdi. AŞPA-nın 2001-ci il sentyabrın 24-də keçirilmiş payız sessiyasında Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən sənəd qəbul edildi. 2003-cü ilin yanvar sessiyasında İlham Əliyev AŞPA-nın vitse-Prezidenti və qurumun büro üzvü seçildi.
Azərbaycan dövlətinin xarici siyasət sahəsində fəaliyyətinin əsas istiqamətlərindən biri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdir. ABŞ-ın Ki-Uest şəhərindəki danışıqlar zamanı ABŞ Dövlət Departamenti 13 ildən sonra Ermənistanı təcavüzkar dövlət kimi tanımışdır.
2001-ci il sentyabrın 11-də ABŞ-da beynəlxalq ticarət mərkəzində terrorçuluq nəticəsində yüzlərlə adam həlak oldu, çoxmərtəbəli bina dağıdıldı. Azərbaycan Respublikası ABŞ-ın terrorçuluğa qarşı mübarizəsini dəstəklədi və terrorizmə qarşı mübarizədə iştirak etdi. ABŞ prezidenti Corc Buş Azadlıgı Müdafiə Aktına 907-ci düzəlişi dayandıra bildi. Bundan sonra ölkəmizə maliyyə yardımı ilə yanaşı, ABŞ-ın Azərbaycana silah satışı üzrə qoyduğu qadağa 2002-ci il martın 30-da ləğv edildi.
2006-cı il 16 martda Bakıda Dunya Azərbaycanlılarının II qurultayı keçirildi və bu qurultay diaspor təşklatlarının möhkəmlənməsində boyuk rol oynadı.
Azərbaycan BMT-nin müvafiq orqan və qurumlarına öz namizədlərini irəli sürməklə, bu orqanlara seçkilərdə aktiv iştirak edir. Əvvəl qeyd edildiyi kimi, Azərbaycan UNİCEF-in İcra Heyətinin 1995-1997, 1998 - 2000-ci illər ərzində, Qadınların vəziyyəti haqqında Komissiyanın 2000-2002-ci illər ərzində və BMT - nin Davamlı İnkişaf üzrə Komissiyasının 2002-2004-cü illər ərzində üzvü olmuşdur. Azərbaycan 2003-2005-ci illər üçün BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü seçilmişdir. 2011-ci ilin oktyabrında Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. 2012-ci ilin mayında isə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etmişdir ki, bu da ölkəmizin diplomatiya tarixində ən böyük uğurlarından sayılır.
BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO dünyanın təhsil, elm və mədəniyyət məsələləri sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Onun Nizamnaməsi 16 noyabr 1945-ci ildə Londonda imzalanmış, 4 noyabr 1946-cı ildə isə 20 üzv-dövlətdən ibarət təşkilat öz rəsmi fəaliyyətinə başlamışdır. Hal-hazırda 193 dövlət YUNESKO-nun üzvüdür. O, BMT və onun ixtisaslaşmış qurumları ilə sıx əlaqədədir.
1991-ci ildə öz müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikası bir sıra əhəmiyyətli beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq siyasətini həyata keçirmişdir. Öz üzvlərinə dünya səviyyəli mütəxəssislərin, texniki yardımların, həmçinin elmi və pedaqoji kadrların hazırlanması, qlobal elmi layihələrdə iştirak etmək imkanlarından bəhrələnmək imkanı verən YUNESKO ilə əməkdaşlıq etmək qərarına gələn Azərbaycan Respublikası 1992-ci iyulun 3-də həmin təşkilata daxil olmuşdur.
Azərbaycan YUNESKO münasibətlərinin inkişafında, onların canlanmasında və güclənməsində Heydər Əliyev Fondunun rolu əvəzsizdir. Qeyri-hökumət, qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərən Fondun rəsmi açılışı 10 may 2004-cü ildə olmuşdur. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevadır.
Fond Heydər Əliyevin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə etmək, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədi ilə yaradılmışdır. Azərbaycanda fondun dəstəyi ilə 2005-ci ildə Cavad xanın qəbri üzərində məqbərənin ucaldılması, Abdulla Şaiqin ev-muzeyinin bərpası, Xəzər rayonunun Mərdəkan qəsəbəsində kütləvi kitabxana üçün müasir binanın inşası, 2007-ci ildə Mərdəkan Mədəniyyət Sarayının yenidən qurulması, 2008-ci ildə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin yaradılması, Gəncə qapılarının ilkin şəkildə qurulması, Salyan Dövlət Rəsm Qalereyasının yenidən qurulması, Ağcabədidə Qarabağ Muğam Mərkəzinin inşası, Bakıda Beynəlxalq Muğam Mərkəzinin inşası, 2009-cu ildə Ağdaşda Xalq artisti Habil Əliyevin adını daşıyan uşaq musiqi məktəbinin inşası, Bakı Müasir İncəsənət Muzeyinin yaradılması, 2010-cu ildə Xəzər rayonunun Türkan və Binə qəsəbələrində yeni mədəniyyət mərkəzlərinin inşası, 2011-ci ildə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin ərazisində Etno-Ekoloji Mərkəzin və Qala Əntiq Əşyalar Muzeyinin yaradılması, 2014-cü ildə Gəncədə Nizami Gəncəvi Muzeyinin inşası, Məhsəti Gəncəvi Mərkəzinin inşası, Bakıda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın inşası həyata keçirilmişdir.
Fond tərəfindən Gürcüstanda, Hollandiyada, Misirdə, Pakistanda, Rumıniyada, Rusiya Federasiyasında, İtaliyada və s. ölkələrdə bir sıra məktəblər, kilsələr, tarixi abidələr yenidən qurulmuş və əsaslı təmir olunmuşdur.
Bu gün Azərbaycanın yerləşdiyi Avrasiya bölgəsində dövlətlərin hərbi təhlükəsizliyini təmin edən iki sistem - Rusiyanın rəhbərlik etdiyi "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı" və ABŞ-ın hegemon olduğu NATO bloku mövcuddur.Önəmli regional dövlət olan İran müstəqil olaraq öz təhlükəsizliyinin qeydinə qalır. Azərbaycanın yaxın illərdə NATO-ya qoşulması qeyri-realdır. "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı "na qoşulmaq isə Azərbaycanın milli maraqlarına cavab vermir. Azərbaycan bitərəf ölkə kimi bloklara qoşulmamaq siyasəti yürütmək fikrində də deyil. Göründüyü kimi, Avropa təhlükəsizlik sisteminə (NATO-ya) inteqrasiya olunana qədər kənar təsir və təzyiqlərdən qorunmaq, öz hərbi təhlükəsizliyini təmin etmək ölkənin xarici siyasət prioriteti olaraq qalmaqdadır.