Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр ●



Yüklə 5,72 Mb.
səhifə7/16
tarix20.02.2020
ölçüsü5,72 Mb.
#102136
1   2   3   4   5   6   7   8   9   10   ...   16


Burada Məhəbbət Paşayeva «hər anın öz hökmü var» məsəlini diqqətə çəkməklə inamların göy cisimlərinin hərəkətlərinə müvafiq olaraq yerinə yetəcəyi fikrini önə çəkir, ulduzların da məhz uğurlu anı, günü, saatı yarat­maqda mühüm funksiya daşıdıqları bildirilir. Burdan da o məntiq anlaşılır ki, «ilin, ayın, günün açıq saatı» da məhz göy cisimlərinin səma­dakı düzü­lüş-yerdəyişmə mövqeyinə əsasən həyata keçir. Az sonra isə M.Paşayeva qədim astroloji təqvimlərdə həftənin planetlərlə bağlı adlanan günlərinə diqqəti yönəldib, maraqlı fikirlər söyləyir: «Qədim astroloji təqvimlərdə həftənin günləri planetlərin adları ilə adlandırılırdı. Qədim təqvimə görə bazar ertəsini Ay, çərşənbə axşamını Mars, çərşən­bəni Merkuri, cümə axşamını Yupiter, cümə gününü Venera, Günəş şənbə gününü Saturn, bazar gününü isə təmsil edirdi. Bu yeddi səma cisminin Yerə təsir gücünə inanan azərbaycanlılar da hələ çox qədim dövrlərdən etibarən həftənin günlərini planetlərlə əlaqələndirərək müxtəlif mənalar axtarmış, bütün həyatlarının uğurlu keçməsi üçün vaxt bölgüsünü yeddi planet üzrə müəyyənləşdirməyə çalışmışlar. Şəki-Zaqata­la bölgəsində yaşayan udilərdə, görünür, bu qədim astral dünyagörüşünün təsiri ilə hər həftənin bazar günü Günəş günü kimi qeyd olunur, udilər buna beğeğe deyir (25, 229). Həmin gün udilər sübh tezdən Günəşin seyrinə çıxar, onun doğmasına baxardılar.

Şumerlərdə İştar kimi tanınan sevgi və məhəbbət simvolu Venera azərbaycanlıların astral təsəvvürlərində Zöhrə adı ilə məlumdur. Görünür, bu planetin təsir gücünə inamla bağlı olaraq soydaşlarımız bütün xeyir işlərin cümə günü başlanmasının uğur gətirəcəyinə və ümumiyyətlə, cümə gününün uğuruna inanmışlar. Cümə axşamını təmsil edən Yupiter isə Veneradan sonra ikinci yeri tutur. Venera yalnız səhər və axşam göy üzündə görünürsə, Yupiter öz parıltısı ilə səmanı bütün gecə bəzəyir. Gö­rü­nür, bu astronomik biliklərin nəticəsi idi ki, azərbaycanlıların ailə məra­sim­lərində cümə axşamı müqəddəs bir gün kimi qəbul edilir. Saturn isə qədim astroloji-mifik təsəvvürlərə görə, ömür yolunda insanın rast gəl­diyi bütün çətinliklərin, bədbəxtliklərin simvolu idi. İndi çox zaman qo­ros­kop adlanan qədim tale kitablarında Saturn qaşqabaqlı qoca kişi kimi təs­vir edilir. Əfsanəyə görə, Saturn yer üzərində doğulmuş bütün körpələri ye­yirmiş. Görünür, elə bu səbəbdən Saturnun təmsil etdiyi şənbə günü də nə evlilik, nə də doğum mərasimləri üçün uğurlu gün sayılmazdı» (1, s. 246-247).

Beləcə, qədim mifoloji dünyagörüşdə inamların gerçəkləşmə mə­qam­larına, ümidlərin-arzuların doğrulma anlarına planetlərin düzülüşü, bir sözlə, səma cisimləri ilə bağlı açıqlama gətirilir, həmçinin də bundan irəli gələn amil kimi həftənin düşümlü günlərindən söhbət açılır. Burda bir maraqlı fikir də ondan ibarətdir ki, müsəlman aləmində müqəddəs gün sayılan cümə gününün, cümə axşamının uğurlu, müqəddəs sayılmasının kökünün şumerlərdən başlandığı açıqlanır. Eyni zamanda el arasında şənbə gününün ağır gün kimi hesab olunması inamının da əsası onun Saturn planeti ilə bağlı olması ilə izah olunur…

Saturnun isə astroloji-mifik düşüncədə çətinlik, bədbəxtlik simvolu olduğu açıqlanır. Əgər məsələyə bu baxımdan yanaşsaq, onda «saatın açıq vaxtı» – duaların, alqış-qarğışların eşidilən, yerinə yetən vədəsi, niyyətlə­rin hasil olan vaxtı məhz həftənin müəyyən uğurlu günləri (yaxud uğursuz şənbə günündə qarğışa, çətinliyə tuş gəlmək) ilə bağlı düşünülməlidir. Deməli, xalq dilində məsəl kimi mövcud olan «saatın açıq vaxtı», «hər anın bir hökmü var» və s. bu kimi ifadələrin kökündə tarixi-mifoloji həqiqətlər, işarələr dayanır.

Əgər inamların reallığa qovuşması anları, ya inamların qaynaqlan­dığı məqamlar qədim dövrlərdə yuxarıda göstərilən faktlara – astroloji səma cisimlərinin hərəkətlərinə uyğun mövqelərə dayaqlanırdısa, bəs müa­sir zamanda bu inamlar hansı tarixi-mifoloji gerçəklikdə təzahür edir? İnamların böyük əksəriyyəti xalq bayramları ilə vəhdətdə anılır, xalq bayramları ilə bağlı düşünülüb həyata keçirilir, xalq bayramlarında zühur edib, çin olur, gerçəkləşir. Bəs inamlarla xalq bayramlarının hansı daxili bağlılıqları vardır? İnamlarımızın bayramlarımızla sıx vəhdəti hansı amillərlə şərtlənir?

Məlumdur ki, xalqımız el ilə gələn vayı da toy-bayram sayıb. Bu mənada inamın – ümidin doğrulması yaxşı əlamət sayılmaqla sevinc hissi ilə qarşılandığı kimi, inamın puç olub bədbəxtliklə nəticələnməsi də kə­dər­li hal doğurur. Xalq bayramına qarışan sevinc duyğusu sevinc üstünə sevinc gətirirsə, xalq bayramına qarışan kədərə isə xalq özü təskinlik gətirir, kədər-yas sahibinin qəlbini ələ alıb ovundurur. Necə ki əzizi ölə­nin ailəsinə Novruzqabağı adamlar dəstə bağlayıb onu yasdan çıxarmağa gedirlər, təskinedici sözlərlə: «Bayram qazanınızı asın. Bayramınızı keçi­rin. Bayramı yaslı-yaralı qarşılamaq Allaha ağır gedər» və s. bu tipli ifa­dələrlə kədərini-dərdini yüngülləşdirirlər, eləcə də hər hansı bayramda hasil olmayan diləyin – doğrulmayan inamın da kədərini beləcə bayram ovqatının əhval-ruhiyyəsi ilə yumşaldırlar, təskinlikgətirici vasitələrlə könlünü alırlar. Bax inamları xalq bayramları ilə bir yerə bənd eləməyin ilkin sirri bu amilə bağlanılır.

Lakin bundan başqa, xalq bayramları ilə inamların bir-birləri ilə bağlı­lıqlarını şərtləndirən digər mühüm qanunauyğunluqlar da vardır. İnamları bayramlarla münasibətdə götürdükdə isə iki mühüm psixoloji məqama görə qruplaşdırmaq mümkündür: 1) Bayramların birbaşa özləri­nin təbiətindən doğan inamlardır ki, bunlar ümumi səciyyə daşıyır; 2) İnsanların özlərinin bayramlara bəslənən ümidlərinin ifadəçisi olan inam­lar­dır ki, bunlar hardasa fərdi xarakter daşıyır. Bu mənada onları ümumi məzmunlu və fərdi məzmunlu – fərdi yozumlu inamlar kimi də qruplaş­dırmaq olar.

I. Ümumi məzmunlu inamlara – yəni bayramların öz mahiyyəti ilə bağ­lı inamlara misallar gətirməklə fikrimizi şərh edək: «İlin axır çərşən­bə­sində Qədir gecəsi olur. Bu, elə gecədir ki, yalnız yaxşı adamların gözünə görünür. Həmin gecədə hər şey təpəsi üstə dayanır. Özü də o, yaxşı adamların gözünə görünəndə onların nə diləyi olarsa, o saat yerinə yetir» (2; səh. 13).

«At ancaq Novruz gecəsində üç dəfə gövşüyür. Deyərlər ki, kim onun gövşəməyini görsə, ona vergi verilər» (2; s. 16).

«İlin axır çərşənbəsində eşidilən söz düz çıxar» (2; s.19).

«Axır çərşənbədə qulaq falına çıxarlar. Əgər hər hansı bir evdən yaxşı söz eşitsən, niyyətin qəbul olar, yox, əgər pis söz eşitsən, niyyətin qəbul olmaz» (2; s. 30).

«Qurban bayramında doğulan uşaq hacı sayılır» (3).

«İl təhvil olanda su dəyişir. Təzə sudan gətirib həyətə, evə, tövləyə səpirdilər ki, aydınlıq olsun, bərəkətli olsun» (4).

«Novruz bayramında qapını bağlı qoymazlar. Deyərlər ki, o qapı yeddi il bağlı olar» (inv. № 997. səh. 11).

«Naxçıvanda ən çox sevilən bayramlardan biri də Xıdır Nəbi bayra­mıdır. Hər il fevral ayının təxminən ikinci həftəsinin ilk cümə axşamı qeyd olunur. O zamana qədər ilk cümə axşamı xanların, bəylərin bayramı hesab olunur.

Xıdırın gəlişi münasibətilə yerli camaat qovud və qovurğa hazır­layar, oğlanlar evlərə torba atarlar.

Üyüdülmüş qovudu bayram axşamının gecəsi çöldə teştin içində saxlayırdılar. Rəvayətə görə, dan üzü açılanda Xıdır Nəbi atı ilə gəlib bütün evlərdə qoyulmuş qovudlara xeyir-duasını verərmiş. Mən bir neçə dəfə nənəmin üzündə sevinc görmüşəm. O çox məmnun bir tərzdə deyərdi ki, gecə qurban olduğum gəlib, atının nalı qovudun üstündə açıq-aydın görü­nür. Şübhəsiz ki, biz bunun nə demək olduğunu o qədər də başa düşmürdük və böyük bir təlaşla qovudun gülab tökülmüş şərbətlə ovulmasını, lavaş dürməyi kimi sinilərə yığılmasını gözləyərdik. Bayram günü isə mütləq qovurğa qovrular ki, onun da içində ailənin vəziyyətinə görə cəviz, fındıq, badam, küncüt, çətənə, buğda, yemiş və qarpız tumu, kişmiş və s. əlavə edərdilər. Yəni qovurğasız ev olmazdı. Yası düşən və bu səbəbdən bayram edə bilməyənə qohum-əqrəba, qonşular pay göndərərdilər. Baxmayaraq ki, hər evdə bu mərasim mütləq qeyd olunur, bununla belə oğlan uşaqları əllərinə dəyənək və torba götürüb, qapı-qapı gəzər və Xıdır Nəbiyə xalqın illərlə qəlbində yaşatdığı ən səmimi istəklərini bildirər və deyərlər:

Xıdıra Xıdır deyərlər,

Xıdıra çörək verərlər.

Mən Xıdırın nəyiyəm?

Ayağının nalıyam.

Atının noxdasıyam.

Mən Xıdırın pişiyəm,

Damda durub üşüyürəm.

Hər kəs payımı verməsə,

Ocağına işiyərəm.

Xanım, ayağa dursana,

Yükün dalın açsana,

Torbanı doldursana,

Qonağı yola salsana.

Qara toyuğun qanadı,

Kim vurdu, kim sanadı?

Məhlənizə gələndə

İtlər bizi daladı.

Yalnız bu parçanı dedikdən sonra qapılar açılar və uşaqlara bayram payı verilərdi. Qovurğadan həyətdəki toyuq-cücəyə atardılar ki, qışdan çıxmış toyuqlar tezliklə yumurta versinlər. Müqəddəs bir bayram oldu­ğun­dan, qovurğanın yerə dağılmasına və ayaqlanmasına imkan vermək olmaz» (5, 59-60).



«Ramazan oruc ayıdır. Xalq on bir ayın sultanı Ramazanı xeyir sa­vab ayı kimi qeyd edir. On bir aydan daha qiymətli Ramazan ayında Quran nazil olduğundan, xalq bu aya xüsusi ehtiramla yanaşır. Qədr surəsi bu gecə nazil olub. Ona görə həmin gecəyə Qədir gecəsi deyilir. Qədir gecəsində səhərə qədər xalq ibadət ilə məşğul olar, namaz qılar, Quran oxudar. Xalq bu bir ay müddətində səhər sübhdən yeməyə qalxar, axşama qədər oruc tutaraq ibadət xeyir əməllərlə məşğul olar. Axşam iftardan qabaq Ramazanın hər gününə məxsus duasını oxuyaraq iftarı açmaq lazımdır. Naxçıvanda müqəddəs Ramazan ayını özünəməxsus qay­da-qanun ilə keçirirdilər. Ramazanda toy-qonaqlıq etməzlər. Yas məra­sim­lərində isə yalnız iftardan sonra ehsan verilə bilər. Bir aylıq orucluq ibadətinin axırı Ramazan bayramı ilə tamamlanır. Ramazanın son günü dindarlar məscidə toplaşaraq bayram namazı qılır, Ramazanda müxtəlif səbəblərdən oruc tuta bilməyənlər bu müddət ərzində oruc tutan imkansız­lar üçün iftar süfrələri açar, yetim-yesirə, imkansızlara maddi yardım edərdilər.

Ramazanın son günü evdən mütləq fitrə çıxararlar. Fitrə adambaşına 4 kiloqram buğdanın dəyərində bir yardımdır. Bunu pul şəklində də, başqa ərzaqlarla da vermək olar. Fitrəni bayramdan qabaq vermək lazımdır ki, kasıb və imkansız əhali də bayramı qeyd edə bilsin. Ramazan mənən paklıq, səbr, yardımlaşma ayıdır. Bayram günü müsəlmanlar bir-birini, kiçiklər böyükləri – oruc tutanları gedib təbrik etməlidirlər. Ramazanda imkanı olanlar Məkkəyə, Mədinəyə ziyarətə gedərlər, bu ibadətləri orada icra etdikdən sonra Hacı adını alıb vətənə qayıdarlar» (5, 61).



«Müqəddəs bayramlardan biri İsmayıl qurbanıdır. Rəvayətə görə, İb­rahim peyğəmbər oğlu İsmayılı sidq-ürəkdən inanc gətirdiyi Allaha qur­ban kəsmək istəyirdi. Bu zaman oğlunun gözlərini bağlayır, qorxur ki, oğ­lu­nun aman diləyən gözlərinə gözü sataşar bu işdən vaz keçər. Ancaq Al­lah-təala İbrahim peyğəmbərin bu əməlini mükafatlandırır, İsma­yılın ye­rinə qurbangaha bir qoç nazil edir. qoçun qurban kəsil­məsi üçün ona vəhy gəlir. Həmin gündən müsəlmanlar bu günü bayram keçirib, Allah yo­lun­da müxtəlif sayda, yəni imkana görə qurban kəsərlər. Qurban erkək də­və­dən, danadan, qoçdan, keçidən kəsilə bilər. Kəsilən ətin üçdən biri ev yiyəsinin, qalan hissəsi isə kasıb imkansızlara paylanır. Qurban günü hər bir müsəlmanın evində qurban əti bişər. Qurbanlıq heyvanı kəsməzdən əvvəl heyvana qurban duası oxunar, üzünü qibləyə tutub kəsərlər. Naxçı­vanda qurbanda nişanlı qızlara xüsusi bəzədilmiş, xına­lanmış qurbanlıq qoç xonça apararlar. Qız evində qurban kəsildik­dən sonra qaydaya görə hey­vanın yarısını oğlan evinə göndərirlər. Qurban kəsilən zaman kəsilən hey­vanın erkək, sağlam təmiz olmasına xüsusilə diqqət yetirmək lazımdır.

Ramazan və Qurban bayramlarından bir neçə gün əvvəl müsəlman­lar müqəddəs yerlərə ziyarətə gedər, dini ayinləri orada icra edərlər. Məkkədə həcərül-əsvədi (qara daşı) ziyarət edər, şeytanı daşlayar, zəm-zəm suyundan içər və yaxınlarına da bu sudan pay gətirərlər» (5, 62).

«Kiçik Çillədən on gün sonra Xıdır Nəbi bayramı keçirirlər. Qovut çəkirlər, xəşil bişirirlər. Bir qab qovut götürüb qoyurlar eşiyə. Qovutu ələklə yaxşı sığallayıb hamarlayırlar ki, Xıdır Nəbi çəliyini qovuta basa, ev-eşiyə bərəkət gələr» (6, 201).

«İlin axır çərşənbəsində Qədir gecəsi olur. Həmin gecə hər şey təpəsi üstə dayanır. Özü də o yaxşı adamların gözünə görünəndə onların nə diləyi olsa, o saat yerinə yetir» (6, 202).

- Novruz bayramında ağaclar yatırlar.

- At ancaq Novruz gecəsində üç dəfə gövşəyir. Deyirlər ki, kim onun gövşəməyini görsə, ona vergi verilir.

- Çərşənbə gecəsi sular dayanar, bütün ağaclar isə başını aşağı salıb, səcdəyə gedər. Su duranda elə ki at kişnədi, nəyi desən, o, qızıla çevrilər.

- İl təhvil olanda su dəyişir. Təzə sudan gətirib həyətə, evə, tövləyə səpirlər, evdə yatanların gözünə su tökürlər ki, aydınlıq olsun» (6, 211).



Yuxarıda müxtəlif mənbələrdən ayrı-ayrı bayramlarla bağlı bir sıra ayinlərin icrasına dair inamlardan nümunələr gətirdik. Hətta burada müxtəlif mənbələrdən gətirilmiş inamlarda bir-birini döyən – yəni demək olar ki, bir-birinin eyni olan fikirlərə – ifadələrə də rast oluruq. Bu da təbii­dir. Çünki yuxarıda söylədiyimiz fikrin məzmunu bu məqamda öz yerini alır, çünki bunlar xalq bayramlarının ümumxalq kütləsi tərəfindən vahid qaydada – mütəşəkkilliklə icra edilməsinin göstəricisi olmaqla, həm də həmin bayramların ümumi mahiyyətindən doğan eyni missiyanın təzahürləridir, elə həmçinin də bunlar bayramlardakı ümumi məzmunlu inamların əlamətləridir. Çünki vahid qaydada keçirilən bayramlarda vahid inamlar silsiləsinin olması da təbiidir.

Müqayisə üçün «Koroğlu» dastanı ilə, ya «Əsli Kərəm» dastanı ilə bağlı əhvalatların kütləviləşməsi, yaxud Molla Nəsrəddin lətifələrinin, Bəh­lul Danəndə lətifələrinin hər yerdə hamı tərəfindən eyni epizodlarının söy­lə­nilməsi, yaxud da xalq yaradıcılığı nümunələrinin ən kiçik həcmli janrla­rınınatalar sözlərinin, məsəllərin s. bütün soydaşlarımız tərə­findən vahid qaydada işlədilməsi kimi faktlarla xalq bayramlarındakı, məra­sim­lə­ri­mizdəki icra mütəşəkkilliklərində rast gəlinən vahid prinsiplər folklor ha­disəsinin ümumi qanunauyğunluq prinsiplərinə söykənməsi ilə əlaqədardır. Eləcə bəhs açdığımız mövzudaxalq bayramları ilə bağlı inamlar silsiləsində vahidliyin gözlənilməsi , eyni zamanda bu inanc­larla bağlı ayrı-ayrı informatorların demək olar ki, bir-birlərini təkrarlayan cümlə quruluşlarının da olması bu baxımdan labüd haldır. Necə ki yuxarıdakı gətirilən misallarla biz Cəbrayıl rayonundan olan Həsən Təh­məz­linin yazdıqları ilə Naxçıvan folkloru antologiyasından gətirilən nümunələr arasında, demək olar, eyni mətn tipləri ilə rastlaşırıq. Məsələn: «İlin axır çərşənbəsində Qədir gecəsi olur. Bu elə gecədir ki, yalnız yaxşı adamların gözünə görünür. Həmin gecədə hər şey təpəsi üstə dayanır. Özü o, yaxşı adamların gözünə görünəndə onların diləyi olarsa, o saat yerinə yetir».

«Naxçıvan folkloru»ndan (AFA, XXIII, Naxçıvan örnəkləri, 2-ci cild), gətirilən bu cümlələrin demək olar ki, eyninə Cəbrayıl rayonunun Şıxalıağalı kənd sakini Təhməzlinin öz kəndləri Şıxalıağalı ilə bağlı qələ­mə aldığı kitabında da aşağıdakı qaydada rast gəlirik: «İlin axır çərşən­bəsində Qədir gecəsi olur. Həmin gecə hər şey təpəsi üstə dayanır. Özü də o, yaxşı adamların gözünə görünəndə onların nə diləyi olsa, o saat yerinə yetir» (6, 202).


Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin