Dəmir yolu ilə beynəlxalq yük daşımaları haqqında Saziş
Rusiya Federasiyası və digər MDB ölkələrində isə dəmir yolu nəqliyyatını qaydaya salan əsas beynəlxalq hüquqi akt “Dəmir yolu ilə beynəlxalq yük daşımaları haqqında” Sazişdir. Bu, dəmir yolu ilə beynəlxalq yük daşınması sahəsində çox önəmli akt hesab edilir.
Saziş sosialist ölkələri tərəfindən bağlanılmışdı. Yuqoslaviya istisna olmaqla, Avropa və Asiyanın bütün sosialist ölkələri Sazişin iştirakçıları idilər.
Saziş Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) çərçivəsində işlənib hazırlanmışdı. İkinci dünya müharibəsi qurtardıqdan və sosialist ölkələrinin birliyi yarandıqdan sonra SSRİ ilə bu ölkələr arasında dəmir yolu daşımaları əvvəlcə ikitərəfli sazişlər əsasında həyata keçirilirdi. 1950-ci ildə ikitərəfli sazişlər çoxtərəfli sazişlə əvəz olundu ki, o da “Dəmir yolu ilə beynəlxalq yük daşımaları haqqında” Saziş adlandı. Həmin Saziş 1951-ci il noyabrın 1-də qüvvəyə mindi. Sonralar Sazişə dəfələrlə yenidən baxılmışdır. Axırıncı dəfə Sazişə dəyişiklik və əlavələr 1998-ci il yanvarın 1-də edilmişdir. 1999-cu il yanvarın 1-ə kimi Sazişdə Azərbaycan, Albaniya, Belarus, Bolqarıstan, Vyetnam, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Koreya, Latviya, Litva, Moldova, Monqolustan, Polşa, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna və Estoniya iştirak edir.
Bəzi Şərqi Avropa ölkələri (Macarıstan, Makedoniya, Rumıniya, Slovakiya və Çexiya) Sazişdə iştirak etmirlər. Lakin həmin dövlətlər qonşu ölkələrlə beynəlxalq dəmir yolu daşımaları həyata keçirən zaman Sazişin ayrı-ayrı müddəalarından və daşıma sənədlərindən istifadə edirlər.
Saziş aşağıdakı məsələləri tənzim edir:
-yükdaşıma şərtləri;
-daşıma haqqı (ödəniş) üzrə münasibətlər;
-daşıma sənədinin forması və onun tərtib edilmə qaydası;
-təhlükəli yüklərin xüsusi xarakterli daşıma şərtləri;
-yükün təyinat yerinə çatdırılma müddəti;
-yükün daşınmaya qəbul olunması üzrə münasibətlər;
-yükün təyinat yerində yük sahibinə (yükalana) verilməsi üzrə münasibətlər;
-daşıyıcının (dəmir yolunun) məsuliyyəti;
-yük göndərənin və yükalanın məsuliyyəti;
-pretenziya və iddiaların verilməsi qaydaları və s.
Dostları ilə paylaş: |