İKİNCİ FƏSİL AİLƏ VƏ CƏMİYYƏTDƏ İLAHİ QÜVVƏ OLAN TƏQVA TƏQVANIN HƏQİQƏTİ
Bu mənəvi kəlmənin kökü lüğətdə ən gözəl və ən əsl bir məfhum olan «وفى» kəlməsidir. «وفى», «pəhriz saxlamaq», «bütün varlığını ilahi qadağalardan qorumaq» deməkdir. وفى əslində, elə bir qüvvə, bacarıq, məharətdir ki, günahı tərk etmək, riyazət çəkmək və nəfsini haramın ləzzətindən qorumaq yolu ilə əldə olunur.
Təqva qazanmaq və günahdan çəkinmək ruhiyyəsi əldə etmək üçün cəhd etmək bəyənilmiş əməllərin ən yaxşısıdır. Təqva qazanmaq Tanrının əmri ilə edilən ibadətdir və bu işdə Allahın razılığı olduğuna heç bir şübhə yoxdur.
Bədən, mal və digər yollarla olunan ibadətlərin məqsəd və məramı insan həyatında təqvanın əldə olunmasıdır. Əgər hər hansı bir ibadət, yaxud əməl insanda təqva yaratmırsa, deməli ibadət deyil.
Təqva kəramət özülü, şərafət təməli, səadət mayası, dünya və axirət xeyirlərinin açarıdır.
Bir cəmiyyət minlərlə ailədən, bir ailə isə qadın, kişi və bir neçə uşaqdan ibarətdir. Əslində, ailə və cəmiyyət məsləhətlərinin təməli fərdlərdir. Əgər hər bir fərd təqva ruhuna malik olarsa, sağlam bir ailə və ideal bir cəmiyyət yaranar və bu ailədə daxili və xarici əmniyyət hökm sürür. Bu ailənin hər bir üzvü üçün tərəqqi və inkişaf yolu təqva amilinin sayəsində açıqdır. Nəticədə cəmiyyətimizdə hər bir fərd digərinə qarşı xeyir mənbəyi olacaq və hamı bir-birinin şərrindən amanda qalacaq.
Təqvalı insanlar Haqqın sevimlisi, peyğəmbər və imamların xüsusi diqqət yetirdiyi, mənfəətli və kəramətli varlıqlardırlar. Təqvalı insanlar gözəl əxlaqa, ilahi görkəmə, günah və çirkinliklərdən uzaq olan əxlaqi davranışlara malikdirlər.
Fərdin, ailənin, cəmiyyətin abrı ilahi təqva ilə ölçülür. Allah yanında heç bir fərd, ailə və ya cəmiyyət təqva əhlindən daha dəyərli deyil.
Ər və arvadın, atalar, analar və övladların, bütövlükdə cəmiyyətin bütün fərdlərinin bir-biri tərəfindən məruz qaldıqları ziyanlar təqvasızlığın nəticəsidir. Ailədə, cəmiyyətdə əhalinin bir-birinə qarşı vəhşət və qorxusu təqvasızlığın acı məhsuludur. İnsan həyatının bütün sahələrində müşahidə olunan bir çox uğursuzluqlar məhz təqvasızlığın nəticəsindədir.
Həqiqətən, qadın və kişilərə sağlam ailə təşkil etmək üçün təqva kəsb etmək, həmçinin öz övladlarının tərbiyəsində təqva üçün böyük yer ayırmaq və öncədən bu ilahi vəzifə üçün zəmin yaratmaq zəruridir.
Çox yaxşı olardı ki, təqva mövzusunda onun mənfəətləri haqqında danışan Quran ayələrinə, rəvayətlərə diqqət yetirib onları dəyərləndirək. Əgər bütün qızlarımız, oğlanlarımız təqva libası ilə bəzənsələr, necə də saf və sağlam bir ailə və cəmiyyət yaranar.
Dostları ilə paylaş: |