AYƏ 89:
﴿ أُوْلَـئِكَ الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ فَإِن يَكْفُرْ بِهَا هَـؤُلاء فَقَدْ وَكَّلْنَا بِهَا قَوْمًا لَّيْسُواْ بِهَا بِكَافِرِينَ ﴾
TƏRCÜMƏ:
«Onlar kitab (şəriət), hökm (rəhbərlik və hakimlik) və peyğəmbərlik verdiyimiz kəslərdi. Beləliklə, əgər bunlar (Qüreyş kafirləri, səma dinlərinin əsası olan) bu işlərə kafir olsalar, şübhəsiz, Biz (Öz qəti təqdirimizdə gələcək zamanlarda olacaq nəsillərdən onu yerinə yetirən və) ona əsla kafir olmayan bir dəstəni təyin edərik.»
TƏFSİR:
Bu ayədə bütün peyğəmbərlərin imtiyazlarının əsası və kökü olan üç məziyyətə işarə edilir və deyilir: «Bunlar həmin şəxslərdir ki, həm onlara səmavi kitab vermişdik, həm də hökm və nübüvvət məqamı əta etmişdik.»
«Hökm» lüğətdə bir şeyin qarşısını almaq deməkdir. Əql qüvvəsi insanın səhvlərinin və qanuna zidd hərəkətlərinin, düzgün yürüdülən mühakimə zülmün, həmçinin adil hökumət də başqalarının yaramaz hərəkətlərinin qarşısını aldığına görə «hökm» kəlməsi bunların hər üçündə işlədilir.
Sonra buyurulur: Məkkə əhlindən olan müşriklər və digərləri bu həqiqətləri qəbul etməsələr, sənin dəvətin cavabsız qalmayacaqdır. Çünki Biz bir cəmiyyətə əmr etmişik ki, nəinki onu qəbul etsinlər, üstəlik onu qoruyub saxlasınlar da. Onlar elə bir cəmiyyətdir ki, heç vaxt küfr yolunda qədəm götürməzlər və haqq qarşısında qeydsiz-şərtsiz təslimdirlər.
AYƏ 90:
﴿ أُوْلَـئِكَ الَّذِينَ هَدَى اللّهُ فَبِهُدَاهُمُ اقْتَدِهْ قُل لاَّ أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِنْ هُوَ إِلاَّ ذِكْرَى لِلْعَالَمِينَ ﴾
TƏRCÜMƏ:
«Onlar (peyğəmbərlər) Allahın hidayət etdiyi kəslərdir. Odur ki, onların hidayət, yol və üslublarına tabe ol. (Və camaata) de: “Mən bunun (ilahi peyğəmbərlik vəzifəsinin təbliği) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm (tələb etmirəm). Bu (Quran) aləmdəkilər üçün öyüd-nəsihətdən başqa bir şey deyil.”»
TƏFSİR:
Bu ayədə yuxarıda adları qeyd olunan böyük peyğəmbərlərin məramları hidayət məşqi ünvanı ilə İslam Peyğəmbərinə (s) təqdim olunur və buyurulur: «Onlar elə şəxslər idi ki, ilahi rəhmətə nail olmuşdular. Belə isə onların hidayətini qəbul et.»
Bu ayədə isə bir daha təkid edilir ki, bütün ilahi peyğəmbərlərin əsas prinsipləri vahid olmuş, sonradan gələn dinlər sadəcə olaraq əvvəlki dinləri daha da kamilləşdirmişlər.
«Hidayət» kəlməsinin geniş məfhumu vardır ki, həm tövhidə, həm də sair əqidə üsullarına şamil olur. Eləcə də səbr, müqavimət və s. kimi əxlaqi prinsiplərə, təlim-tərbiyəyə aid edilir.
Sonra Peyğəmbərə (s) göstəriş verilir ki, camaata belə desin: «Mən öz risalətim müqabilində sizdən heç bir əcr və mükafat istəmirəm. Məndən qabaqkı peyğəmbərlər də belə bir şey istəməmişlər. Mən də onların həmişəki adətinə tabe olur, onları qəbul edirəm.»
Bundan əlavə, bu Quran bütün insanlar üçün risalət, hidayət və bir növ xəbərdarlıqdır. Belə bir nemət günəşin nuru, hava dalğaları və yağışa bənzəyir ki, ümumi şəkildə bütün insanlara aiddir. Bunlar heç vaxt alınıb-satılmır, heç kəs də onların müqabilində mükafat almır.
AYƏ 91:
﴿وَمَا قَدَرُواْ اللّهَ حَقَّ قَدْرِهِ إِذْ قَالُواْ مَا أَنزَلَ اللّهُ عَلَى بَشَرٍ مِّن شَيْءٍ قُلْ مَنْ أَنزَلَ الْكِتَابَ الَّذِي جَاء بِهِ مُوسَى نُورًا وَهُدًى لِّلنَّاسِ تَجْعَلُونَهُ قَرَاطِيسَ تُبْدُونَهَا وَتُخْفُونَ كَثِيرًا وَعُلِّمْتُم مَّا لَمْ تَعْلَمُواْ أَنتُمْ وَلاَ آبَاؤُكُمْ قُلِ اللّهُ ثُمَّ ذَرْهُمْ فِي خَوْضِهِمْ يَلْعَبُونَ﴾
TƏRCÜMƏ:
«Allah heç bir bəşərə bir şey (nə bir mələk, nə vəhy, nə kitab və nə də din) nazil etməmişdir» dedikləri zaman Allahı Ona layiq olan tərzdə tanımadılar və vəsf etmədilər. De: “Musanın nur və insanlar üçün hidayət kimi gətirdiyi kitabı kim nazil etmişdir? (Həmin kitab ki,) siz onu (ayrı-ayrı) kağızlarda yerləşdirərək (bir hissəsini camaata) aşkar edir, çoxusunu isə gizlədirsiniz. Sizə sizin və atalarınızın bilmədiyiniz şeylər öyrədildi.” De: “(Hamısını) Allah (nazil etmişdir)!” Sonra onları boşla ki, öz puç və batil (fikir)lərinə dalmaqda oynasınlar.»
TƏFSİR:
Onlar Allahı layiq olduğu şəkildə tanımadılar. Onun əzəmətinə layiq olduğu səviyyədə riayət etmədilər. Onun Öz bəndələrinə qarşı göstərdiyi mərhəmət və lütfləri lazımınca qiymətləndirə bilmədilər. Buna görə də hər şeyi inkar edərək «Allah heç bir insana heç bir şey nazil etməmişdir» dedilər, hətta ən böyük ilahi rəhmət, bəndələrə ən yüksək mərhəmət olan Peyğəmbər (s) və vəhyi də inkar etdilər.
Yəhudilər Quranın Peyğəmbərə (s) nazil olmasını inkar etməkdə mübaliğəyə yol verib hər şeyi inkar etdikləri zaman Allah onlara müəyyən mətləbləri xatırlatdı ki, həmin şeyləri etiraf etməkdən başqa bir çıxış yolları olmadı. Bu da hamının agah olduğu kimi, Tövratın Musaya (ə) nazil olması idi. Allah-təala bu barədə iqrar almaqla onları məzəmmət etdi və buyurdu: «Siz Tövratı təhrif etdiniz. Onun mətləblərinin bir qismini aşkar edib, digər qismini isə gizlətdiniz.» Sonra buyurulur: «Musa (ə) dinə aydınlıq gətirən və insanların hidayət səbəbi olan Tövratı gətirdi. Siz isə onu pərakəndə vərəqlər şəklinə saldınız ki, öz məqsədinizə çatıb bəzilərini aşkar edəsiniz, bəzilərini isə gizlədəsiniz.»
Yəhudilərə xitab olunaraq deyilir: «Siz Peyğəmbərə (s) vəhy olunanlar vasitəsi ilə nə özünüzün, nə də ata-babalarınızın xəbərdar olmadığı şeyləri öyrənmisiniz. Halbuki, siz Tövratın daşıyıcıları idiniz və sizdən əvvəlki ata-babalarınız özünüzdən də artıq bilikli idilər.»
«Nəml» surəsinin 76-cı ayəsi də həmin məzmunu bəyan edir: «Bu Quran, Bəni-İsrailin ixtilaflı olduğu şeylərin əksəriyyətini onlar üçün bəyan edir.»
Ayənin sonunda buyurulur: De: “Onu Allah nazil etmişdir.” Sonra onları batdıqları şeylərdə boşla.
Dostları ilə paylaş: |