Silahlı Qüvvələrin yaranmasının
96-cı ildönümü günündə
2014-cü il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 96 ili tamam oldu. Həmin gün respublikamızın hər yerində yüksək əhval-ruhiyyədə bayram təntənəsi yaşandı. İyunun 26-da Goranboy rayon icra hakimiyyətinin nümayəndələri bayram sovqatları ilə N saylı hərbi hissələrə gedib düşmənlə üzbəüz doğma torpağın keşiyində ayıq-sayıq dayanmış igid əsgərlərimizi təbrik etdilər, onlara bayram hədiyyələri çatdırdılar.
VƏTƏN OGLU
Umudun hərbi xidməti başa çatırdı. Bu gün o sonuncu dəfə düşmənlə üz-üzə olan səngərdə xidmətə çıxmışdı. Səhər Umud yoldaşları ilə birlikdə öz doğma kəndlərinə qayıdacaq və qısa müddətli məzuniyyətdən sonra gizirlər məktəbinə oxumağa gedəcək. O bu seçimini bir müddət hərbi xidmətdə olandan sonra etmişdi və arzusuna çatmaq üçün yarım il əvvəl ərizə ilə komandirinə müraciət etmişdi. Komandir əsgərin xidmətindən çox razı idi və gələcəkdə ondan yaxşı gizir olacağına şübhə etmirdi...
Umud evin böyük oğlu idi. Evdə onu ata-anasından başqa qardaş-bacısı da səbirsizliklə gözləyirdi Ata-anası Umudu fikrindən çəkindirmək istəsə də, onun yolunu gözləyən qız bu fikri bəyəndi və həmin gündən ona "vətən oğlu" deyə müraciət etməyə başladı, arxasında durduğunu, hər an yanında olacağına söz verdi. Umud quş kimi qanad açıb uçmaq istəyirdi...
Bütün gənclər kimi Umuda da əsgərlik etmək çətin gəlirdi. Sərbəst kənd həyatına alışmış oğlana hərbi nizam-intizam, qeyri-adi geyim və yeməklər, tanımadığı mühit, çox ehtiyatlı davranış tələb edən silahlar və s onu vahimələndirir və düşündürürdü: "görəsən bunların öhdəsindən gələ biləcəkmi?..
Hərbi xidmətin ilk günündən hər şey adiləşdi və gülməli oldu. Belə ki, dünənə qədər "moda" ilə geyinən telli-toqqalı oğlanlar başları keçəl, geyinəndə çətinlik çəkdikləri, bır az da yöndəmsiz görünən təzə hərbi paltar gənc əsgərləri "gülünc" vəziyyətə salırdı. Onlar bir müddət bir-birinə baxaraq gülürdülər, hamısı inkubator cücələrinə oxşadığı üçün bir-birini tanımaqda çətinlik çəkirdilər...
Əlbəttə, bu uzun müddət çəkmədi. Komandirlər qısa müddətdə onlara iynə-sancaqla, ütü ilə, ayaqqabı şotqası, yataq dəsti ilə davranmağı, təmizlik işi aparmağı və s. öyrətdilər. İlk günlər yeməkxanada da gülməli vəziyyətlər olmuşdu. Bəzi əsgərlər yeməklərə qəribə baxışlarla baxıb, tamına-duzuna baxana qədər, durmaq əmri verilirdi. Onların hamısı növbəti yemək vaxtına qədər ac qalırdılar. Növbəti yemək vaxtı hamıdan tez yeyib durmaq əmrini gözləyirdilər.
İndi Umud həmin günləri xatırladığı üçün gülümsədi və diqqətini toplayıb ətrafını nəzərdən keçirdi... Hər şey öz qaydasında idi. Umud yenə hərbi xidmətinin ilk günlərini xatırladı...
Komandirlər əsgərlərə nizam-intizamlı olmağı ilk gündən öyrətdilər. Əsgərin hər bir hərəkəti komandirlər tərəfindən idarə olunurdu. Yalnız istirahət vaxtı əsgərlər sərbəst olurdular. Əlbəttə bu "sərbəstlik" də məhdudiyyətli idi. Sərbəst və asudə vaxtında əsgərlər şəxsi tələbatlarına və gigiyenalarına sərf edirdilər. Çətinlik "cəza" almış əsgərlərə olurdu, çünki əsgərlərin istirahət və asudə vaxtında "cəzalı əsgərlər buraxdıqları "səhvləri" düzəltməklə məşğul olurdular. Umud bilirdi ki, "cəzası" olmayan əsgər yoxdur. Yaxşı əsgər etdiyi "səhvləri" tez düzəldib, yoldaşlarına qovuşmalıdır və bir daha səhvə yol verməməlidir. Təkrar edilən səhvlərin cəzaları da ağırlaşır. "Düzəlməyən" əsgəri "cərimə batalyonlarına" göndərirlər və onun tərbiyəsi ilə daha ciddi məşğul olurlar...
İlk günlərdə bütün əsgərlər komandirlərlə və yoldaşları ilə ünsiyyət qurmağa çətinlik çəkirlər. Buna səbəb bizim yaşayış tərzimiz və tərbiyəmizdir.
Biz kollektivçilikdən çox fərdiçiliyə üstünlük veririk. Çalışırıq ki, özümüz də, övladlarımız da, var-dövlətimiz də və s. digərlərindən üstün olsun. Fərdi əmlakımızı kollektiv əmlakından üstün tuturuq. Bu millətimizin ən böyük səhvlərindən biridir. Biz bilməliyik ki, kəndimiz, el-obamız, millətimiz olmadığı yerdə və halda fərdi də heç nədi. Nə isə!..
Əlbəttə, hər şey ailədən başlayır. Valideynlər deyirlər: "getmə gözümdən - gedərəm özümdən". Belə ailədə tərbiyə almış uşaqlar eqoist və qapalı olurlar, yaxşını pisdən ayıra bilmirlər, ünsiyyətdən çəkinirlər, hər şeyə şübhə ilə yanaşırlar, aldanmaqdan qorxurlar və s. Digər kateqoriyalı uşaqlar özlərindən çox razı olurlar, yaşadıqları mühitdə olduğu kimi, liderlik iddiasında olurlar, özləri düşündükləri kimi durub-oturmaq arzusunda olurlar və s. Çox az miqdarda əsgərlər "hiyləgər" olurlar. Onlar "asan" olduğu yerə can atırlar və s. Əlbəttə bunların hamısının qarşısı alınır. Umud bilir ki, belə əsgərləri nə yoldaşları, nə də komandirlər sevmirlər Hər bir əsgər tapşırılan yerdə öz vəzifəsini layiqincə yerinə yetirməlidir. Hərbidə hər bir əsgərin uğuru verilən tapşırığı yerinə yetirməsinə bağlıdır, kifayət qədər yerinə yetirilməyən tapşırıq manqaya, bölməyə, taqıma və s uğursuzluq gətirir, çətin vəziyyətə salır, məhvə doğru aparır.
Ən güclü yoldaşlıq hərbidə mövcuddur. Əsgərlikdə xidmətin çətinliklərini hər bir əsgər öz çiynində daşıyır. Çiyin-çiyinə duran əsgərin biri səhlənkarlıq etdikdə bu ağırlıq yanında dayanmış yoldaşının çiynində daha da ağırlaşır, çətinləşir... Hərbidə belə səhlənkarlığa "xəyanət" deyilir.
"Xəyanət" – amansızdır. O əvvəlcə "xəyanət" edənin yoldaşlarını, sonra isə özünü, manqanı, bölməni, taqımı və s. məhv edir.
Hərbi xidməti müddətində Umud bunu çox yaxşı başa düşmüşdü və bilirdi ki, manqanın, bölmənin və s. uğuru hər bir əsgərdən asılıdır. Umud yoldaşları ilə birlikdə komandirlərinin tapşırığını tez və tələb olunan müddətdə yerinə yetirməyə çalışırdı. Bu da onlara şan-şöhrət və hörmət gətirirdi.
Umud bilirdi ki, hərbi xidmət ayıq-sayıqlığı çox sevir. Ayıq-sayıq olan əsgər ən kiçik "dəyişikliyi" görür və komandirlərini məlumatlandırır. Komandirlər bu məlumatları toplayıb cəbhə xəttindəki vəziyyəti qiymətləndirirlər...
Bəzi insanların işlətdiyi "Vətən uğrunda ölməyə hazıram!" Umudun ən sevmədiyi sözlər idi. O hesab edirdi ki, "ölməyə hazıram" sözləri düşmən qarşısında diz çökməyə bənzəyir. Umud deyirdi: "Mən düşməni məhv etməyə hazıram! Son nəfəsə qədər məhv edəcəm və lazım gəlsə, bu amal uğrunda canımdan da keçərəm"...
Qaranlıqda kənardan səs gəldi. Umud silahını həmin istiqamətə yönəltdi, avtomatın qoruyucusunu açdı və qışqırdı: "Dayan! Əllər yuxarı!" Səs gələn tərəfdən kimsə "səma" dedi. Umud bilirdi ki, bugünkü parol sözü "səma"dır və gələnlər onun əsgər yoldaşlarıdır. Onlar Umudu əvəz etməyə gəliblər...
***
Umud müddətli hərbi xidmətinə təzə başlamışdı. Bu müddət ərzində o sevdiyi qızla nişanlanmışdı. Onun nişanında bütün kənd iştirak etmişdi, valideynləri çaş-baş qalmışdılar ki, bu qədər qonaqları haraya yerləşdirsinlər, qəlblərində isə sevinirdilər ki, kəndliləri onların övladlarına böyük hörmət bəsləyir, axı onların övladları kəndin ilk peşəkar hərbçisi idi. Nişanlısının dilindən götürərək, Umud yaşadığı kiçik kəndin sakinləri ona "Vətən oğlu" deyə müraciət etməyə başladılar.
Umud gizirlər məktəbini bitirdikdən sonra özü xidmət etdiyi hərbi hissəyə göndərildi. O, buradakı mühitlə yaxından tanış olsa da, yeni vəzifəsi bildiklərindən daha çox bilik tələb edirdi. Umud bunu bildiyi üçün bilmədiklərini uzun müddət xidmət edən gizirlərdən öyrənirdi. O, bilirdi ki, gənc gizir üçün "bilməmək eyib deyil, bilməyib öyrənməmək eyibdir". Düzdür, hərbi hissədə onunla qulluq edən əsgərlərin əksəriyyəti hərbi xidmətlərini başa vurub getmişdilər. Onu tanıyan əsgərlər Umudun təzə geyim və paqonlarına həsrətlə baxırdılar. Onların çoxu Umudun seçimini doğru hesab edirdilər, özləri də gizir olmaq arzusunda idilər. Asudə vaxtı onu sorğu-suala tuturdular. Umud da böyük həvəslə onların suallarını cavablandırırdı...
Beləliklə, bir il tamam oldu. Günlərin birində Umud bölmə komandirinin tapşırığı ilə əsgərləri posta apararkən, rabitə qovşağına zəng gəldi. Zəng edən beşinci postun əsgəri idi. O dedi: "Yanımızdan üç yarasa keçir. Atəş acmağa icazə verin". Ümid bilirdi ki, "yarasa" düşmən kəşfiyyatçısı deməkdir. O, əsgərə tapşırdı: "görməməzliyə vurun, biz yaxınlıqdayıq, özümüz qarşılayacağıq".
Umud əsgərlərinə tapşırığı izah etdi və ardınca qaçmağa əmr etdi. Onlar düşmən gələn dərəyə çatdılar. Umud bir əsgərlə dərənin sağ tərəfində kolun arxasında gizləndi. Digər əsgərlərə iki yüz metr arxada, dərənin sol yamacında mövqe tutmağa əmr verdi.
Düşmənlər hər tərəfi diqqətlə nəzərdən keçirərək irəliləyirdilər. Cəbhə xətti arxada qaldığı üçün onlar tələsirdilər və sayıqlıqları nisbətən azalmışdı. Sol yamacda olan əsgərlər gizirin tapşırığı ilə əlli metr qalmış qışqırdı: "Dayan! Əllər yuxarı!" Düşmən geri döndü, qaçmaq istəyəndə, bayaqdan onları qarabaqara izləyən Umud qışqırdı: "Dayan! Əllər yuxarı!" Əlbəttə düşmənlər bu sözlərin mənasını bilməsələr də, başa düşürdülər onlardan nə tələb olunur. Ermənilərdən biri avtomatın qoruyucusunu açan kimi Umud sərrast atəşlə onu yerə sərdi.
Digərləri başa düşdülər ki, bizim əsgərlər zarafat etmir, əllərini qaldırıb durdular və biri bizim dildə yalvarmağa başladı. Umud onlara silah-sursatı yerə qoymağa və on addım ona tərəf gəlməyi əmr etdi. öz əsgərlərinə düşməni nişangahda saxlamağı və lazım olduqda atəş acmağı əmr etdi. O, düşmənə yaxınlaşdı, üst-başlarını yoxladı, vurduğu ermənini götürdüb əsgərlərlə qərargaha apardı...
Umud rabitə qovşağı ilə bölmə komandirinə məruzə etdi... Yolda əsgərlərin biri soruşdu: "Cənab gizir, nə üçün düşməni əlli metrdən az yaxınlaşmağa qoymadınız, axı qaça bilərdi". Umud qısaca dedi: "Onlar sizə qumbara ata bilərdilər..."
Səhər bütün hərbi hissə meydanda düzlənmişdi. Hissənin komandiri, gündəlik tapşırığını verəndən sonra Umudun qulluq etdiyi bölmənin komandirlərini və əsgərlərini hərbi hissənin önünə çağırdı. O komandanlıq adından təşəkkür etdi. Bölmə birlikdə dedi: Azərbaycan Respublikasına xidmət edirəm!
Həmin an Umud nişanlısının və kəndlilərinin ona "Vətən oğlu" demələri yadına düşdü və o, indi bu sözlərin mənasını dərindən dərk etdi və gülümsədi...
HƏYAT DAVAM EDİR
Fərid və Fariz bir kənddə anadan olub, böyümüşdülər. Onlar gizirlər məktəbində oxumuşdular və möhkəm dost idilər. Dostlar özləri ilə bərabər ailələrini də dost etmişdilər. Belə ki, məzuniyyət vaxtı biri-birinin evlərinə gedirdilər, məzuniyyətlərini birgə keçirirdilər. Onların vasitəsi ilə bacı-qardaşları və valideynləri də biri-birinin evlərinə get-gəl edirdilər. Fəridin bir bacısı, Farizin bacısı və qardaşı var idi.
Neçə illər davam edən dostluğun ağır günləri aprel döyüşləri zamanı başladı. Bu döyüşlərdə Fariz yüngül yaralansa da, Fərid həyatını itirdi. Onun həyatına düşmən snayperi son qoydu...
Bu faciə hər iki ailəni sarsıtdı. Fəridi qəhrəman kimi dəfn etdilər. Fariz özünə söz verdi ki, Fəridin ailəsinin qayğısına qalacaq, ailəsinə də bunu tapşırdı. Fariz tez-tez Fəridin ailəsi ilə əlaqə saxlayırdı, onların problemləri ilə maraqlanırdı, məzuniyyət vaxtı dəfələrlə baş çəkirdi. Çalışırdı ki, Fəridin yoxluğunu onun ailəsi hiss etməsin. Əlbəttə bu mümkün deyildi...
Fəridin ailəsi Farizin gəlməsinə çox sevinirdi. Onu öz övladları kimi qəbul edirdilər. Birgə Fəridin qəbrini ziyarət edirdilər. Onlar da Farizdən xəbər olmayanda özünə, ya da ailəsinə zəng edib, hal-əhval tuturdular. Üstündən bir ildən çox vaxt keçdi...
Belə ziyarətlərin birinin sonunda Fəridin anası, Farizi yola salarkən dedi:
- Sağ ol, Fariz. Səndən çox razıyam. Allah mənim çırağımı söndürdü. Onun məsləhətinə şükür... Vətən sağ olsun! Çox istərdim ki, mənim çırağımı sən yandırasan.
Bu sözlər Farizi çox düşündürdü, lakin heç nə başa düşməyərək, babası Ümid kişiyə müraciət etdi. Ümid kişi qoca olsa da çoxbilmiş idi. Fariz lap uşaqlıqdan onunla “dostluq” edirdi. Babası ən çətin anlarında ona kömək edirdi, məsləhətlər verirdi.
Uyğun məqam seçib babasına olanları söylədi. Babası çox düşünmədən dedi:
- Fəridin valideynləri səni kürəkən kimi görmək istəyir. O, fikrini sənə belə çatdırıbdır.
Bu sözlərdən Fariz yerindən dik sıçradı və dedi:
- Baba sən nə deyirsən?! Bu sənin ağlına hardan gəldi? Sənubər mənim bacımdır! Mən ona başqa gözlə baxa bilmərəm. Ola bilməz!
Ümid kişi gülümsəyərək dedi:
- Sən o kişinin qəlbinə yatmısan. Yəqin qızının da sənə olan münasibətini görüblər, buna görə də belə qərara gəliblər.
Fariz qəzəblənərək:
- Sən deyirsən ki, mən əclafam?! Dostlar arasında bilirsən buna nə deyirlər?..
Ümid kişi sakit bir tərzlə:
- Çırağı zülmətdən qurtarmaq üçün yandırırlar. Kim sənə deyir ki, sən dostuna xəyanət və əclaflıq edirsən?.. Sən onun ailəsini xoşbəxt edəcəksən. Dostuna söz verməmişdin ki, ailələrinin bütün problemlərini və arzularını yerinə yetirəcəksən? Onda əməl elə, onları arzularına çatdır.
Fariz cavab tapmadı. Düzdü, onun Sənubərdən xoşu gəlirdi. Mərifətli, ağıllı, səliqəli və gözəl qız idi. Lakin o Sənubərə bacı kimi baxırdı. Axı o qardaş dediyi adamın bacısı idi. Deməli onun da bacısı sayılırdı.
Ümid kişi nəvəsinin seçim edə bilmədiyini görüb, dedi:
- Ay bala, belə bir rəvayət var. Qədim dövrdə bir gənc tacir öz dükanında otururdu. Birdən meydanda özü kimi yad elli bir gənci gördü. O, dilənçi paltarında, ac-yalavac idi. Bunu görən tacir yad ellini dükana çağırıb yedizdirir, ondan hal-əhval tutur. Qonaq nahardan sonra söylədi ki, uzaq şəhərin imkanlı ailənin övladıdır. Bu şəhərə ticarət etməyə gəlmişdi. Lakin yolda onu quldurlar soyub dilənçi halına gətiriblər.
Tacir onu əziz qonaq kimi qəbul edir, təzə libas verir. Birgə ticarət edirlər. Dərdlərini bölüşdürürlər və s. Onlar möhkəm dost olurlar.
Günlərin bir günü qonaq qonşuda bir qız gördüyünü söyləyir və ondan xoşu gəldiyini bildirir. Tacirin özünün də o qızdan xoşu gəlirdi. Lakin bunu sirr olaraq qəlbinin dərinliyində gizlədirdi.
Qızın da qonaqdan xoşu gəlmişdi. Tezliklə tacir bu qızla onu evləndirir və vətəninə yola salır.
Qısa bir müddətdən sonra tacirin dükanı yanır. O, evini də satıb borclara verir. Müflis halına düşən tacir bilmir ki, nə etsin. Birdən uzaq şəhərdə olan dostu yadına düşür və qərara alır ki, onun yanına getsin.
Dostu olduğu şəhərə çatanda onun evini soruşur və dostunun evinə yollanır. Evə yaxınlaşanda görür ki, dostu eyvandadır və onu görən kimi keçir içəri. Tacir qapıya yaxınlaşır və nökərə deyir ki, ağasına onun gəldiyini xəbər versinlər. Nökər gəlib xəbər verir ki, ağası evdə yoxdur. Tacir dostunun evdə olduğunu gözü ilə gördüyünü desə də nökər qəbul etmir.
Tacir kor-peşman gecələməyə yer axtarmağa başladı. O, şəhərin qırağında bir qoca qarının evində qalası oldu. Gecə yarısı qapı döyüldü. Qarı qapını açdı. Qapını döyən iki nəfər idi. Onlar qonağı çağırmağı tələb etdilər. Qarı qonağının olmadığını desə də, gələnlər əl çəkmədilər və tacir məcbur olub çıxdı onların qarşısına. Bu adamlar taciri onlarla getməyi tələb etdilər və bir müddətdən sonra dayandılar və dedilər:
- Biz xəzinə yarmağa gedirik. Sən burada pusquda duracaqsan. Gələn olanda bizə xəbər verərsən.
Adamlar getdilər və bir müddətdən sonra onlar xəzinə ilə qayıtdılar və üçü də qarının evinə yollandılar. Xəzinəni tacirin yanına qoyub dedilər:
- Əgər gün çıxana kimi biz qayıtmasaq, bu xəzinə sənə ananın südü kimi halaldır.
Tacir yıxılıb yatdı və oyananda günorta olduğunu gördü. Qarıya qızıldan verib, xəzinəni də götürüb tacir bazara yollandı. O fikirləşirdi ki, bu xəzinəni mala verib öz şəhərinə qayıtsın və yenidən ticarətlə məşğul olsun. Dükanların birinə girəndə dükan sahibi – nurani bir kişi, tacirin kim olduğunu və hardan gəldiyini biləndən sonra onu öz evinə aparır. Qonaq edir və axırda deyir:
- Ay, bala. Mən görürəm ki, sən gənc olsan da başın çox bəlalar çəkib. Sən vətənə qayıtsan da sənin orada heç kimin yoxdur. Mənim də övladım olmayıb. İstəyirəm ki, sən burada qalıb mənim oğlum olasan və bütün var-dövlətimin sahibi olasan.
Qocanın bu təklifini tacir bəyənir, həqiqətən vətənlə bağlı onun heç nəyi qalmayıb. Elə bura da vətəndir və qocanın bu təklifini qəbul edir. Səhərisi gün qoca taciri bütün var-dövləti ilə tanış edir və nökər-naibə tapşırır ki, bu gündən onların ağası tacirdir. Onlar mehriban yaşamağa başlayırlar.
Bir müddətdən sonra tacir qocaya dükanına tez-tez gələn qızdan xoşu gəldiyini bildirir. Qoca o qızın valideynlərini tanıdığını bildirir, elçi gedir və tezliklə toya hazırlaşırlar. Toya dəvət olunacaq qonaqları çağırmağı «təzə oğluna» tapşırsa da o şəhəri tanımadığını bəhanə gətirərək bu işi qocanın özünün etməsini xahiş etdi. Siyahı tutulandan sonra tacir siyahıya baxanda birinci dostunun adını görür. O qocadan xahiş edir ki, dostundan başqa bütün qonaqların dəvətini qəbul edir. Qoca tacirin dostunun adını siyahıdan qaralasa da toyun qızğın vaxtında dostu içəri girir. Tacir bərk qəzəblənərək onu toyu tərk etməyini xahiş etsə də, ətrafındakılar təəssüblənərək deyirlər:
- O şəhərimizin ən imkanlı və hörmətli adamıdır. Çağrılsa da, çağrılmasa da bütün toylarda iştirak edir və öz xeyir-duasını verir. Belə mötəbər insanla sənin nə ədavətin ola bilər?
Tacir başına gələnləri söylədikdən sonra, heç kim ona inanmaq istəmədi. Hamı təəccüblə çağrılmamış qonağın üzünə baxırdı və sanki cavab gözləyirdi. Tacirin dostu dedi:
- O nə deyir, düz deyir! Görün mən ona nə etmişəm. Onu eyvandan dilənçi paltarında görəndə özümü dandırdım. Çünki, istəmirdim ki, mənim həyat yoldaşım və dostumun qonşusu onu bu libasda görsün. Qardaşlarıma tapşırdım ki, onu izləsinlər və gecə xəzinəmi yardırıb ona verdim. Bununla kifayətlənməyib öz valideynlərimə tapşırdım ki, onu oğulluğa götürsünlər. Bacımı tez-tez dükana göndərirdim ki, onlar biri-birini görüb bəyənsinlər. Bu da oldu. Bu gün onların toyudur. Bu toyda mən iştirak etməyə bilərəmmi?
Tacir hər şeyi başa düşüb dostunu qucaqlayıb, ən mötəbər yerdə oturtdu…
Xoş niyyətli münasibət heç vaxt, heç kimi utandırmayıb...
Fariz başını aşağı salıb babanın otağından çıxdı.
Ümid kişi tezliklə elçi göndərdi. Bu izdivac hər iki ailənin ürəyincə oldu. Yalnız Fariz hələ də xəcalət çəkərək dururdu.
Günlərin bir günü sübh çağı Fariz dostunun qəbrini ziyarət etməyə gedəndə, Sənubərin qəbrin önündə durduğunu gördü. O, qardaşı ilə danışırdı.
- Qardaş, sənin yoxluğun bizi üzür. Heç bilirsən nələr olub? Mən arzu edirdim ki, sənin toyunda bolluca oynayacağam. Sənin həyat yoldaşınla bacı olacam. Allah ermənilərə lənət eləsin! Onlar bu arzularımın üstündən xətt çəkdilər. Mən heç vaxt ailə qurmayacağımı düşünürdüm. İndi mənim ailə qurmağımı tələb edirlər. Özü də bilirsən kimlə?.. O yaxşı oğlandı. Mən onu qardaş kimi çox istəyirəm və o yanımda olanda sənin yoxluğunu unuduram, elə bilirəm sən yanımdasan. Hər iki ailəni bu izdivac sevindirir... Səndən sonra valideynlərimizi ilk dəfə idi ki, belə sevincli görürəm... İstəmirəm onları bu sevincdən məhrum edəm...
Sənubər geriyə dönüb Farizi gördü. Onun gözləri yaşlı idi. Fariz də yaxınlaşıb dostunun şəklini öpdü. Uzun müddət onlar susaraq dayandılar və qəbir daşından onlara baxan şəkilə baxdılar. Sükutu Fariz pozdu. O, dedi:
- Elə mən də buraya xeyir-dua almağa gəlmişdim. Sənin dediklərini eşitdim... Mən də çaş-baş qalmışam...
Günəş qalxırdı, ətrafa nur saçılırdı. Fəridin qəbir daşının üstündəki şəkil daha şux görünürdü. Onun təbəssümü daha aydın görünürdü. Fariz Sənubərin əlindən tutub dedi:
- Xahiş edirəm, bəsti. Biz ermənilərdən onun qisasını almışıq və alacağıq. Ağlamaqla onun sevincli ruhunu incitmə. Qoy onun ruhu şad olsun! Onlar baş əyib əl-ələ tutub getdilər... Axı həyat davam edir…
AĞRILI-ACILI İLLƏRİ XATIRLADIQCA...
Yenə bahar fəslidir. Təbiət öz qanunları, insanlar öz qayğıları ilə yaşamaqda davam edir... Bu xoş güzəranlı günlərdə 25 il bundan əvvəl yaşadığımız günləri xatırlamaq çox vacibdir. O ağır günləri xatırlamayan insanın Vətənə və xalqına məhəbbəti olmadığının əlamətidir. Belə insanlar xalqının, vətəninin xoş günlərinin və s. qədrini bilməz. Onlara insan deməyə də dilim gəlmir. insan ağrılı-acılı illəri və günləri xatırlayaraq bu günkü xoş günlərinə şükür etməlidir, daha yaxşı güzəran uğrunda çalışmalıdır, özü ilə bərabər xalqının və millətinin firavan həyatını qurmalıdır ki, digərlərindən geri qalmasın.
Qısa müddətdə xoş güzəran: bahalı və zəngin çeşidli avtomobillər, günü-gündən artan çoxmərtəbəli villalar, ərzaq bolluğu və s. öz-özünə yaranmayıb. O 25 il bundan əvvəl canından, qanından keçmiş oğul və qızlarımızın sayəsində yaranıb.
O dövrdə yaşayan insanlar yaxşı xatırlayırlar ki, dövlətimiz və bizim mövcudluğumuz böyük təhlükə ilə üzləşmişdi, bəzi qüvvələr bizi məhvə doğru sürükləyirdi. Unutmayaq ki, o ağrılı-acılı illərdən bizi ümummilli liderimiz Heydər Əliyev müdrik siyasəti ilə xilas etdi. Onun siyasətini bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirir.
Ağır günlərdə vətənimizin müdafiəsinə qalxan on minlərlə oğul və qızlarımızın içində Qaradağlı kəndinin ilk şəhidi Mübariz Səfərov da var idi. O, 1969-cu ildə həmin kənddə anadan olmuş və Qaradağlı kənd tam orta məktəbini bitirmişdir. Haqlı olaraq məktəb bu gün Mübariz Səfərovun adını daşıyır. Ağrılı-acılı illər başlayanda M.Səfərov Moskvada hərbi xidmətdə idi. Xidməti başa vurandan sonra vətənə qayıtdı və yol-tikinti idarəsində sürücü işləyirdi. Gündən-günə qızışan hadisələr onu rahat buraxmırdı. Günlərin bir günü o, sürdüyü maşını təhvil verir və Goranboy könüllülər batalyonuna qoşularaq Vətənin müdafiəsinə qalxır. Məlum Çaykənd hadisələri vaxtı orada iştirak etməsinə baxmayaraq, batalyonun daima müdafiə mövqeyində olmasından narazılıq edirdi. Günlərin bir günü, özü kimi narazılıq edən bir qrup yoldaşları ilə gedib Yevlax batalyonuna yazıldılar, çünki o batalyon tez-tez qızğın döyüşlərə gedirdi...
Sürücülük vəsiqəsi olduğuna görə Mübariz Səfərova KamAZ markalı avtomobil verirlər ki, döyüşçülərimizə silah-sürsat gətirsin və lazım gələndə yaralılarımızı həkimə çatdırsın.
Xocalı faciəsindən sonra onu Şuşanın müdafiəsinə göndərirlər. Mübariz Səfərov maşını ilə yenə öz vəzifəsini yerinə yetirməsinə baxmayaraq, lazım gələndə döyüşürdü. Yoldaşlarının söylədiklərinə görə döyüşlərin birində Mübariz Səfərov maşını ilə əsgərlərimizin yanına gedirdi. Əsgərlərimizə çatmamış onu dayandırırlar ki, irəli getməsin, çünki düşmən o postu alıb. O avtomobildən düşür ki, hal-əhval tutsun. Birdən əsgərlərimizin biri deyir ki, ermənilər bizim səngərə doldular. M.Səfərov qumbaraatan silahını götürüb irəli gedir və atır. Onun sərrast atıcı olmasını hamı bildiyi üçün, onu müşahidə edirlər. Mübariz əlverişli mövqe seçib qumbaraatanı düşmən səngərinin içinə tuşlayır... Kömək gəlib, düşməni yerinə oturdandan sonra həmin səngərdə 16 düşmən cəsədi görürlər.
Belə hadisələrin tez-tez baş verdiyini Mübariz Səfərovu daima müşahidə edən tibb bacısı da söyləyirdi. O həmişə Mübarizin maşınında aparılan yaralılarımızı müşayiət edirmiş...
Mübariz Səfərovun son döyüşü mayın 8-də, Şuşanın süqutu günü olmuşdur. Həmişəki kimi Kosalardan əsgərlərimizə ərzaq və döyüş sursatı apararkən onu dayandırırlar ki, düşmən bizim mövqelərimizi ələ keçirib. Mübariz Səfərov yenə də avtomobildən düşüb döyüşə başladı. O, həlak olmuş əsgərin qumbaraatanını götürür və bir neçə dəfə atəş açır. Baxmayaraq ki, qumbaraatanın əynində bronjilet və dəmir dəbilqə olmalıdır. Mübariz onlardan istifadə etmirdi. Düşmən snayperi onun fəal döyüşdüyünü görür və atəş açır. Güllə Mübarizin ürəyindən dəyir.
Ordumuz mövqelərini itirdikcə, geri çəkilir... Yoldaşları Mübarizi çiyinlərində, meşə ilə İsti-suya gətirirlər. Oradan da, elə həmin gün doğma kəndlərinə göndərirlər...
Həmin gün, digər rayonlar kimi, Goranboy rayonundan da itkilər olmuşdur. Mübariz Səfərovla Yevlax batalyonuna gedən Xoylu kəndindən olan igidimiz də (onun da adı Mübariz idi) qəhrəmancasına həlak olmuşdur.
Həmin döyüşdə Quşçular kəndindən olan Əli qardaşımız da ağır yaralanır və qolunu itirir...
Allah şəhidlərimizə rəhmət eləsin!
Vətənin oğul və qızları tükənməyib! Əksinə bu igidlərimizin davamçıları birə-min artıb. Bunu həmişə görürük və 2016-cı ilin aprel hadisələri bunu sübut etdi! Onlar qoymazlar düşmənlərimiz "arzularına" çatsın!
Şəhidlərimizin qanı yerdə qalmaz! Prezidentimizin müdrik siyasəti və igidlərimizin şücaəti ilə biz torpaqlarımızı azad edəcəyik! Qoy düşmən, onun havadarları və bizi istəməyənlər bunu bilsin!
Biz sülhsevər və zəhmətkeş xalqıq, amma lazım gələndə oda-alova dönüb düşmənlərimizi məhv etməyə hazırıq! Yalnız bu əqidə ilə biz dövlətimizi və millətimizi yaşada bilərik! Başqa yolumuz yoxdur!
Unutsaq unudularıq
Dostları ilə paylaş: |