YARILMAYAN BAŞ
Kənd çayxanası həmişə dolu olur. Kəndin bütün orta yaşlı insanları günorta və axşam oraya toplaşırlar. Kəndin və dünyanın xəbərləri hamıya burada çatdırılır. Əlbəttə Güvənli kəndinin camaatı bununla kifayətlənmir. Kainat problemlərindən tutmuş, dünyada toyuq birinci yaranıb yoxsa onun yumurtası məsələsinə qədər burada müzakirə edilir və öz həllini tapırdı.
Günlərin bir günü çayxanada yarılmış başlardan söhbət düşdü. Hər kəs yardığı başlardan və başında olan çapığı göstərərək, onu kim yardığını və nə üstə yardığını söyləyirdi. Hamı bu hekayələrə həvəslə qulaq asırdı. Elə hekayə edənlər də həvəslə söyləyirdilər ki, sanki böyük bir qəhrəmanlıq ediblər. Əlbəttə şişirtmələrə də geniş yer verirdilər.
Yalnız Abbas kişi kirimiş oturub çayını içirdi və hekayətlərə qulaq asırdı. Hekayətlər qurtaranda sükut yarandı və bu sükutdan istifadə edərək, bayaqdan ona fikir verən Dünyamalı kişi Abbas kişidən soruşdu:
- Ay Abbas, bayaqdan fikir verirəm, sən heç nə danışmırsan. Bir sən də danış görək kimin başını yarmısan, sənin başını kim yarıb, biz də çay içə-içə qulaq asaq.
- Mən heç kimin başını yarmamışam, nə də mənim başımı heç kəs yarmayıb. Nə var ki, nə də danışım, deyib, Abbas kişi çayını içməyə davam etdi.
Çayçıda olanlar mat-məhəttəl qalan Dünyamalı kişiyə baxıb, gülüşdülər. Dünyamalı kişi çiyinlərini dartıb, təəccüb qaldığını bildirdi və əyləşib çayını içdi. Əlbəttə bu düşdüyü vəziyyət onu qane etmirdi. O çox pərt oldu ki, Abbas kişi onun sözünə qısa və konkret cavab verdi. Dünyamalı kişi çayçıda həmişə təşəbbüsü öz əlinə alırdı. Bütün söhbətlərin səbəbkarı o olurdu. Söhbətə başlayanda hamı əvvəlcə ona baxıb, adını çəkib məsləhət kimi söhbətə başlayırdı. Dünyamalı kişi söhbətə rəvac verəndə söhbət uzanırdı və hətta mübahisələrə səbəb olurdu. Elə buna görə də ən çox başı yarılan və baş yaran Dünyamalı kişi sayılırdı. O bununla çox fəxr edirdi...
Abbas kişinin cavabı onu qəzəbləndirmişdi. O ürəyində: "Eybi yoxdur, ay Abbas, sənin başını özüm "siftələyəcəm" - deyərək çayını içib, sonra da çıxıb getdi.
Bu söhbətin üstündən bir neçə ay keçdi. Dünyamalı kişi Abbas kişinin başını yarmaq üçün bir bəhanə axtarırdı. Yay idi. Günlərin bir günü Abbas kişi öz torpağını suvarırdı. Dünyamalı kişi də öz pay torpağında işləyib evə gəlirdi. Abbas kişinin torpaq suvardığını görəndə axtardığı məqamın çatdığını düşündü. O xeylaq yuxarıdan Abbas kişinin suyunu kəsərək sahibsiz kol-kos basmış dərəyə çevirdi və əyləşib Abbas kişini gözləməyə başladı.
Abbas kişi görəndə ki, su qurudu belini çiyninə alıb arxadik gəlirdi ki, görsün suyu kim kəsib. Dünyamalının yanına çatanda və suyun su görməyən dərəyə axdığını görəndə bildi ki, Dünyamalının bir hiyləsi var. Abbas kişi yaxınlaşdı, salam verdi və soruşdu:
- Ay Dünyamalı, sən burada nə edirsən?
Dünyamalı salamı almadı, dedi:
- Mən bu dərəni sulayıram.
Abbas kişi dünyagörmüş adam idi. Çayxanada olan söhbət onun da yadında idi. O bilirdi ki, Dünyamalı əl çəkən deyil və nə vaxtsa ona ilişəcək. Abbas kişi bilirdi ki, Dünyamalı suyu dava salmaq üçün kəsib. Dünyamalı Abbasın yarısı boyda idi və onun bir yumruğu Dünyamalını yatırtmaq üçün kifayət edərdi. Buna baxmayaraq Abbas kişi səbrlə dedi:
- Ay Dünyamalı, sula qurtar və suyu aşağı çevir. Mən də aşağıdayam Abbas sözünü qurtarıb üzünü çevirib getmək istəyəndə Dünyamalı kişi onu səsləyib dedi:
- Ay Abbas kişi, sən bilirsən ki, bu dərəni heç vaxt, heç kəs sulamır. Suyunu kəsməyimin səbəbi başqadır. Yadındadırmı çayçıda baş yarmaqdan söhbət düşəndə sən dedin ki, heç kim sənin başını yarmayıb və sən də heç kimin başını yarmamısan. Bax həmin günü mən özümə söz verdim ki sənin başını özüm "siftələyəcəm." Bu gün suyu da o məqsədlə kəsmişəm. Lakin sənin hərəkətin mənə o qədər ləzzət verdi ki, mən sənə heyran qaldım və fikirləşdim ki, sənin başın həqiqətən yarılası baş deyil. Halal olsun sənə. Götür suyunu apar. Bu gündən mən də gic-gic hərəkətlərimi tərgidəcəyəm. Axı biz yaşlıyıq. Cavanlarımız bizdən nə nümunə götürər...
Abbas kişi Dünyamalının sözünü kəsərək dedi:
- İndiki cavanlarımız çox ağıllıdırlar. Onlar hamını yaxşı görürlər. Sən dingiliş adam olduğun üçün, onlar da səninlə dingiliş söhbətlər və zarafatlar edirlər. Sənə dedikləri sözləri və etdikləri zarafatı mənimlə niyə etmirlər? Bir sözü düz dedin ki, biz cavanlara nümunəyik. Elə hərəkət et ki, cavanlarımız bizə baxıb yaxşı nümunə götürsün.
Abbas kişi çıxıb getdi. Dünyamalı cavab tapmayıb, başını sallayıb evinə yollandı...
KOSMOSA UÇUŞ
Fantastik hekayə
Kosmik gəmimiz plana uyğun hərəkət edirdi. Biz bikef halda enmə aparatında öz yerimizi tutduq. Bikefliyimizə səbəb enmə aparatı idi, cünki o Yer planetindən qalan yeganə nişanə idi. Biz planetimizin qədrini bilməyi - illərlə kosmosda uçduğumuz müddətdə öyrəndik...
Biz bu planetə göndəriləndə bilirdik ki, daha yerə qayıtmayacağıq, çünki illərlə buraya uçmuşuq, bir müddət burada çalışmalıyıq. Geri dönməyə ömrümüz qalmayacaq... Bir də ki, bu proqramda qayıtmaq heç nəzərdə tutulmayıb... Gələcək həyatımız qaranlıqdır. Yaşasaq da qocalıb elə burada it-bat olacağıq...
Enmə aparatı yerə çırpıldı. Biz kameralar vasitəsi ilə ətrafı müşahidə edəndə, enmə aparatının qarşısında robotları gördük. Onlar bizim enmə yeri təyin edərək, gözləyirdilər...
Robotlar əlləri ilə bizə istiqamət verərək şara bənzər bir əşyaya mindirdilər. Biz oturan kimi qapılar bağlandı və televizor işləməyə başladı. Televizorda Yer kürəsini göstərirdilər. Əvvəlcə Yer kürəsinin kosmosdan olan görüntülər, dalınca qitələr, böyük şəhərlər nümayiş etdirildi. Həmin şəhərlərin on illər ərzində inkişafı təqdim edilirdi. Tikilmiş su elektrik stansiyaları, ildən-ilə genişlənən səhralar, yanğından zərər çəkmiş ərazilər və s. haqqında məlumat verilirdi. Sonra müharibələri göstərdilər. O görüntülər birinci və ikinci dünya müharibələrini əhatə edən əraziləri, dağılıb viran qalmış şəhərləri və s. göstərdilər.
Bütün bu təsvirlərin nümayişi diktorun şərhi ilə davam edirdi. Əlbəttə biz onların dillərini bilmədiyimiz üçün bu şərhi anlamırdıq...
Birdən nümayiş dayandırıldı və qapılar açıldı. Səyriyən oxlar bizə yol göstərərək istiqamətləndirirdi. Biz geniş bir otağa daxil olduq. Otaq tamamilə boş idi. Bizi kamera vasitəsi ilə izləyirdilər və bizə elə gəlirdi ki, onlar bizdən dəhşətli yoluxucu mikrobdan qorxan kimi qorxurdular...
Birdən mikrafonlar açıldı və bizə öz dilimizdə dedilər: "Salam! Biz bilirik ki, siz Yer planetindən gəlmisiniz və sizi bu planeti öyrənməyə göndəriblər, çünki bizim planet Yer kürəsinə bənzəyir. Siz bizi indi öyrənmək istədiyinizə baxmayaraq, biz neçə əsrlərdi sizin planeti öyrənirik. Planetinizin müxtəlif ərazilərində tez-tez gördüyünüz, sizin dildə desək "uçan boşqablar" bizim kosmik gəmilərdi. Siz onların sirlərini bilmirsiniz, çünki bizim texnologiyamız sizinkindən çox əsrlər irəlidir. Siz indi əldə etdikləriniz bilikləri biz neçə-neçə əsr əvvəllər əldə etmişik. Sizi miqratora mindirib buraya gətirəndə əbəs yerə sizə öz planetinizi göstərmirdik. Biz göstərmək istəyirdik ki, sizin planet çox gözəldir. Əvvəlcə sizin gözəl şəhərlərinizi, inkişafınızı göstərməklə öz sevincimizi bildirmək istəyirdik. Müharibə təsvirləri ilə sizin necə vəhşi və yırtıcı olmağınızı təsəvvürümüzə gətirdik. İnsanların min bir əziyyətlə tikdiyini və qurduğunu dəfələrlə belə amansızcasına məhv etmək olarmı?... Siz necə də zülmkar və düşüncəsizsiniz!..
Sizin düşüncəsizliyinizin bariz nümunəsinin biri də ekologiyanıza yanaşmağınızdır. Siz öz gözəl planetinizi düşüncəsiz layihələrinizlə məhv edirsiniz. Sizin planetin səhraları böyüyür. Bu həmin ərazilərin məhvi deməkdir, canlı orqanizmin yarası deməkdir. Siz buna yol verməməlisiniz. Hələ nüvə fəaliyyətinizi buraya daxil etmirik. Siz nüvə və digər təhlükəli enerji ilə davranmağı bacarmırsınız. Buna görə də tez-tez fəlakətlər baş verir... Siz hələ adi təbii fəlakətlərlə mübarizə aparmağı bacarmırsınız. Adi ekologiyaya ağır zərbə vuran meşə yanğını ilə mübarizə aparmağı bacarmırsınız. Hansı ərazidə meşə yanğını olanda - yalnız o ərazinin insanları alovla mübarizə aparır. Unutmayın ki, planetinizdə olan fəlakətlərin əziyyətini bir müddətdən sonra hamınız çəkəcəksiniz. Planetinizdə elə bir beynəlxalq qurum yoxdur ki, bütün dövlətləri birləşdirib, ümumi bir təyyarə ordusu yaratsın və dünyanın hansı bir guşəsində yanğın olarsa, onu təcili söndürsün. Sizdə təcili yardım anlayışı yoxdur?... Siz necə də bədbəxtsiniz...
Siz elə bir inkişaf dövründəsiniz ki, bunların hamısı sizdə olmalıdır. Yəqin sizdə, əsrlərlə əvvəl bizdə olduğu kimi beynəlxalq qurumlar kiminsə maraqlarına xidmət edir, kimlərisə mühakimə edir, kimlərisə müdafiə. Siz onu bilin ki, bu lazımsız fəaliyyətdir. Onların fəaliyyəti dünyəvi problemlərin həllinə yönəldilməlidir.
Sizə elə gəlir ki, siz öz planetinizi kifayət qədər öyrənmisiniz və bütün dünyada olan enerjilərə sahibsiniz? Xeyr! Siz hələ əlifba dövründəsiniz. Dünyada mövcud olan işıq sürəti var. Ola bilsin ki, o sürət sizə bəllidir. Kainatın surəti odur! Sizin saniyədə 5-10 kilometr sürətilə uçan kosmik gəmiləriniz o sürətin qarşısında "əlifba"dır...
Biz indi işıq sürətinin sirlərinə yiyələnmişik. Siz illərlə uçub getdiyiniz məsafəni biz bir necə saata qət edirik.
Sizin gəmilərə və özünüzə bizim planetdə yer yoxdur. Siz öz planetinizin qədrini nə bilirsiniz ki, bizim planetə nə fayda verəsiniz. Sizin kimilərinə heç kainatda da yer yoxdur. Siz yırtıcısınız! Canlı orqanizmdə yoluxucu mikrobsunuz! Allah Yer planetini siz yırtıcıların əlindən qorusun, çünki Yer planetinin faciəsi - kainatın faciəsinə çevrilə bilər!
İndi, qayıdın sizi bura gətirən miqratora. O sizi bizim "Uçan boşqab"a aparacaq. Siz bir neçə saatdan sonra öz planetinizdə olacaqsınız. Burada eşitdiklərinizi planetinizin hər bir sakininə çatdırmağı unutmayın ki, belə yırtıcılıqla siz planetinizi məhvə doğru aparırsınız. Siz əqidənizi dəyişməlisiniz. Bir xalq o biri xalqın nailiyyətini dağıtmaq yox, birləşdirib irəli getmək lazımdır. Onda siz də bizim kimi yüksək texnologiyalara sahib olacaqsınız və yəni-yəni inkişaf mərhələlərinə çatacaqsınız.
Mikrafon söndü, ox işarələri yenidən səyriyib bizə yol göstərdi. Biz miqratora əyləşdik. Qısa bir zamanda miqratorun qapısı açıldı və biz "uçan boşqab"a daxil olduq. "Uçan boşqab"da bizdən başqa heç kim yox idi. Biz kreslolarda əyləşib ətrafdakı aparatlara nəzər yetirirdik və heç nə anlamırdıq...
Yenə televizor açıldı və orada biz gəldiyimiz planetin nailiyyətləri haqqında veriliş nümayiş etdirildi. Biz onların nailiyyətlərini gördükcə, heyran qalırdıq və başa düşürdük ki, onlara çatmaq üçün bizə əsrlər lazımdır...
"Uçan boşqab" Yerə tərəf uçurdu. Biz çox sevinirdik ki, vətənə qayıdırıq. Bizim xoşbəxtliyimiz buradadır. Ayrı yerdə biz xoşbəxt ola bilmərik...Yad planetdə bizə tutulan iradları xatırlayırıq, düşünürük ki, nə qədər onlar haqlıdırlar. Nə üçün biz elə yırtıcıyıq ?..
31 mart - Soyqırım gününə
EHSAN
Səriyyə xala səksəni haqlamış bir qadın idi. Onun bütün həyatı doğma kəndlərində keçmişdi. Məktəbi bitirdikdən sonra ailə qurub beş övlad böyüdüb, boya-başa çatdırıb. Onların ikisi zabitdir, Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. biri polisdə, ikisi isə Bakıda işləyirdi. Övladları analarını yanına aparmaq istəsə də buna nail ola bilmirdilər. Səriyyə xala deyirdi: "Mənim bütün qohum-əqrəbam burada uyuyur. Mən də onlarla birlikdə olmaq istəyirəm. Sizin hərəniz Azərbaycanın bir tərəfindəsiniz. Birinizin yanında olsam, o birinizi az görərəm. Mən burada olanda hamınız başıma yığılırsınız və məzuniyyətinizi burada keçirirsiniz".
Səriyyə xala yaşlı olmasına baxmayaraq, çox qıvraq idi. Heç kimin köməyinə ehtiyacı yox idi. Səriyyə xalanın kənddə böyük hörməti var idi. Bu hörməti o qoçaqlığı, mərdliyi, səxavətliyi, şücayətliyi və digər yaxşı keyfiyyətlərilə qazanmışdı. O bayramları çox sevirdi. Çünki bayramlarda övladları və nəvələri onun başına yığışırdı və birlikdə bayram edirdilər. Elə günlərdə Səriyyə xalanın övladlarının yanına gələn kənd camaatından da qonağı çox olurdu. Bunlarla bərabər qonum-qonşudan bişir-düşür üçün məsləhət alanlar da kifayət qədər olurdu. O yorulsa da, sevincindən gözləri parıldayırdı, üzündən təbəssüm əskik olmurdu.
Səriyyə xala bayramlarla bərabər xalqımızın kədərli günlərini də qeyd edirdi. Aşura günündə İmamzadəyə gedirdi, yuxa salıb, halva çalırdı. Halvanı yuxanın arasına qoyub qonşulara paylayırdı. Bu işdə ona qonşular yaxından kömək edirdilər. Qanlı yanvar, Xocalı faciəsi və azərbaycanlıların soyqırım günü o kəndliləri üçün çay süfrəsi açıb, ehsan verirdi. Dağların qoynunda yerləşən kənddə kifayət qədər villa sahibləri olsa da, belə "tədbirləri" yalnız o keçirirdi...
Bu gün də Səriyyə xala azərbaycanlıların soyqırımı günü münasibəti ilə çay süfrəsi təşkil etmişdi. Yas yerində çay süfrəsi üçün lazım olan ərzaqları da tədarük etmişdi. Baharın günəşli və hərarətli günü olduğu üçün ağacların altında süfrə açmış, samavara köz salmışdı.
Kəndin axundu başda əyləşib dua oxuyurdu, salavat çevirir, şəhidlərimizə Allahdan rəhmət diləyirdi. Oraya toplaşanlar axundu dinləyir və onun dediklərinə uyğun hərəkət edirdilər...
Evin qabağında "mersedes" dayandı, orta yaşlı kişi maşından düşüb toplaşanların yanına gəlib əyləşdi. Səriyyə xala onun qabağına çay qoydu və kənara çəkilib öz işləri ilə məşğul olmağa başladı.
Gələn adam Səriyyə xalanın kəndlisi idi. Bu insan onun xoşuna gəlmirdi, çünki cəmiyyət üçün faydasız idi. O, xeyir-şər məclislərindən başqa kəndin heç bir işinə yaramırdı: özü üçün yaşayırdı. Yaxşı yaşamağına baxmayaraq, o daima narazı idi. Fürsət düşən kimi mövcud qurumdan narazılıq etməyə başlayırdı. Bu gün də əlinə fürsət düşdüyünü görərək. Səriyyə xalanın qapısına toplaşan camaata yaxınlaşdı və toplaşmağın səbəbini bilmədən, əyləşib çay içməyə başladı... Çayını içib qurtarandan sonra, öz-özünə kəndin yollarından, işığından, qazın olmamasından, baxımsızlıqdan və s. giley-güzar etməyə başladı. Bu işdə o kənd və rayon rəhbərliyini günahlandırdı. Respublika "səviyyəsinə" qalxmaq istəyəndə, kəndin ağsaqqalı Müslüm kişi onu dayandırdı və dedi:
- Ay bala, sən heç bilmirsən camaat buraya nə üçün toplaşıb? Sənin xəbərin varmı ki, bu gün nə günüdür? Sən heç radioya qulaq asıb, televizora baxırsanmı?
İştirakçılardan biri dedi:
Onun "krosnu" antennası var. Onlar heç vaxt yerli televiziya kanallarına baxmırlar. Onun evindən daima xarici mahnılar səslənir; O və ailəsi, Azərbaycanda yaşamalarına baxmayaraq. xarici qonaqlar kimi geyinir və özlərini də xaricilər kimi aparırlar. Xaricilərə bənzər geyinməklə, davranmaqla, yeməklə və s. fəxr edirlər"...
Müslüm kişi əlini qaldırdı, danışan şəxs o dəqiqə kiridi. O üzünü "mersedes" sahibinə çevirib dedi:
Ay bala, sən özünü mənə tanıtma. Mən sənin yeddi qat nəslini tanıyıram. Sizin nəslinizdə sənin kimi, insan olmayıb. Babanın atası Nuru Paşanın rəhbərliyi altında Bakını ermənilərdən təmizləyib və repressiya qurbanı olub. Baban müharibə dövründə rusların müharibəsinə getməyərək qaçaqlıq edib və on beş il Sibirdə dustaq olub. Atan mənim yaşıdım olub. Həmişə namusla, qeyrətlə yaşayıb, xalqını, millətini çox sevib, onun adət-ənənələrinə sadiq olub. Sən belə kimə bənzəmisən?.. O qanlı-qadalı günlərdə camaat ermənilərə qarşı çıxanda sən gözə görünmürdün, səsin-sorağın gəlmirdi, qaçıb Rusiyada gizlənmişdin... Onda Vətəni Səriyyə xala və onun tərbiyə verdiyi övladları kimiləri qoruyurdu. Vətənpərvərlik ruhu onun canından heç vaxt əskik olmayıb. Sənin kimi varlı-hallı insanlardan fərqli olaraq o təqaüdü ilə soyqırım qurbanlarının və şəhidlərimizin ruhunu yad etmək üçün bizi buraya toplayıb ki, biz soyqırım qurbanlarımızı və bütün şəhidlərimizi heç vaxt unutmayaq. Azərbaycan Səriyyə xala kimilərinin hesabına dünya xəritəsindən silinməyib və silinməyəcək. Çünki onlar rəhbərimizin ətrafında sıx birləşərək düşmənlərimizin və sizin kimilərin dövlətçiliyimizə zərbə vurmalarına imkan verməzlər.
Sənin kimiləri xalqımızın, dövlətimizin yaşaması üçün nə edibdir? Hansı düşmənimizə dil ucu da olsa cavab vermisiniz? İndi dilli-dilavər olmusan. Sənin nəyin çatmır? Camaat gecələr qaranlıqda oturanda, sən "generatorla" işıqlı dünyada oturursan, kəndə boru ilə gətirilən sudan sən müxtəlif yollarla qapına su çəkdirmisən. Halbuki heç kimin qapısına su çəkilməyib, hamı küçədən vedrə ilə həyətinə su gətirir. Mersedes sürsən də heç vaxt camaatla birgə yolun kələ-kötür hissəsini düzəltməmisən, su arxının işlənməsində iştirak etməsən də, həyətini birinci suvarmaq istəyirsən. Heç bir yerdə işləmirsən, sənin gəlirinin mənbəyi məlum deyil. Nə fəaliyyətin, nə də məşğuliyyətin məlum deyil. Bu var-dövləti sən necə və haradan qazanmısan? Dinini, məzhəbini və mənsubiyyətini yanılmısan! İşin-gücün ona-buna qara yaxmaqdır. Heç gecə-gündüz bir tikə çörəyə işləyən kəndli sənin kimi dövlətdən, hakimiyyətdən, millətdən, müxalifətdən, iqtidardan və s. narazılıq etmir. Sənin nəyin çatmır? Sənə qarşı hansı məhdudiyyətlər var? Sənin hansı hüququnu pozublar?..
Müslüm kişi ürəyini tutub susdu. Hamı bilirdi ki, onun ürəyi xəstədir. Vəziyyəti gərginləşdirməmək üçün hamı susurdu. "Mersedes" sahibi ikinci çayını da içib sağollaşmadan getdi...
Araya sükut çökdü. Bir qədər sonra kəndin axundu dedi:
- Görəsən bizim aramızda belələri haradan peyda olurlar? Nə üçün onlar xalqımızın keçmişinə və indiki taleyinə belə biganədirlər? Görəsən belələri, yalnız özlərini düşünənlər aramızda çoxdurmu? Belələri üz-üzə duran düşməndən qat-qat təhlükəlidir. Onlar qurd kimi ağacı içindən yeyirlər və bir də görürsən ağac qurudu...
Müslüm kişi özünü toplayaraq dedi:
- Dəfələrlə eşitmişəm o, müxtəlif məclislərdə deyib ki, Rusiyada erməni tanışları ona deyiblər ki, biz Qarabağı sizin rəhbərlərdən pul ilə almışıq. Mən özüm ona dəfələrlə demişəm ki, bu kəlməni dilinə gətirmə. Bu erməni təxribatıdır. Onlar bunu söyləməklə sənin kimilərini rəhbərimizdən uzaqlaşdırıb, özlərinə yaxın etmək istəyir. Sənin kimi düşüncəsiz vətəndaşlarımız bu sözü eşidəndə inanacaq və rəhbərimizə qarşı inamsızlıq yaranacaq. Elə ermənilərə və başqa düşmənlərimizə də bu lazımdır. Onun özü düşmən fikirlərinin qurbanı olubdur.
Müslüm kişi üzünü Səriyyə xalaya çevirib dedi:
- Səriyyə bacı, sən Allah məni bağışla. Mən istəməzdim ki, belə söhbətlər olsun, amma məcburam belələrini yerində oturdam. Əbəs yerə demirlər ki, bizimlə olmayan bizə düşməndir. Gec-tez belələrinin xainliyi üzə çıxacaq. Onlarla ciddi mübarizə aparmaq lazımdır, lap dövlət səviyyəsində...
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah sənin də valideynlərinə rəhmət eləsin! Nə yaxşı ki, sən varsan! Ara-bir toplaşıb xalqımızın keçmişini xatırlayırıq, mövcud vəziyyətimizi müzakirə edir və gələcəyimizi düşünürük. Azərbaycanımızı yaşadan sənin kimi insanlardı. Sənin kimilər yaşadıqca - xalqımız da, millətimiz də, dövlətimiz də yaşayacaq!
Səriyyə xalanın gözləri işıq saçırdı. O çox sevinirdi ki, bu gününü də xalqına, millətinə, kəndinə həsr etdi. Onun zəhməti nəticəsiz qalmadı! Insanlar daha bir "düşmənini" tanıdı...
AŞURA
Etibar müəllim bir il idi ki, kəndə müəllim göndərilmişdi. O məktəbdə tarix fənnini tədris edirdi. Cavan olmasına baxmayaraq, yüksək savada malik idi, ona görə tezliklə camaat arasında böyük hörmət və məhəbbət sahibi oldu. Etibar müəllimi hər yerdə çox yaxşı qarşılayırdılar və ən mötəbər yerdə əyləşdirirdilər. Bu Hacı Cumanın diqqətindən yayınmırdı. Həmişə hörmətlə, izzətlə qarşılanan Hacı Cuma Etibar müəllimi özünə rəqib gorürdü və ona göstərilən nəzakəti görəndə qısqanırdı...
Hacı Cuma altmışı keçirmiş bir insan idi. O həmin kənddə anadan olmuş, boya-başa çatmış, sovetlər dövründə uzun illər vəzifələrdə işləmiş, o dövr bitdikdən sonra Həccə getmiş, indi də kənddə mollalıq edən adam idi...
Hacı Cuma, qısqanclıqla bərabər, çalışırdı ki, Etibar müəllimi, bir gənc kimi, öz təsiri altına alsın və ondan üstün olduğunu sübut etsin. Etibar müəllim isə bütün ağsaqqallara bəslədiyi hörməti Hacı Cumaya da bəsləyirdi, onun hörmətini saxlayırdı. Hacı Cuma Etibar müəllimi aşura mərasiminə dəvət etsə də, o getməmiş və Hacı Cumanı bununla çox qısqandırmışdı. Hacı Cuma onu rüsvay etmək üçün bəhanə axtarırdı...
Etibar müəllim subay olduğu üçün tez-tez kənd çayçısına gəlirdi, ağsaqqalların söhbətinə qulaq asırdı, onların suallarını cavablandırırdı, məsləhətlərinə əməl edirdi və s.
Hacı Cuma çayçıya girəndə Etibar müəllimin kənd ağsaqqalları ilə əyləşib çay içdiyini gördü. O, masaya yaxınlaşdı, boş oturacağın birində ağır-ağır əyləşdi və kinayə ilə Etibar müəllimə müraciət etdi:
- Ay müəllim, sən niyə mənim çağırışıma gəlmədin, niyə cavanlarımızdan seçilirsən? Bütün cavanlarımız toplaşıb mərsiyələr oxuyurlar, aşuraya hazırlaşırlar. Bəyəm sən bizim cavanlarımızdan deyilsən? Elin dərdinə şərik olmaq istəmirsən? Niyə mənim sözümə əhəmiyyət vermirsən?
Etibar müəllim Hacı Cumanın kinayəli sözlərindən təəccüblənmədi. Çünki onun münasibətini duymuşdu. O, səbrini basaraq nəzakətlə dedi:
- Hacı Cuma siz özünüz də bilirsiniz ki, mən həmişə, bütün ağsaqqallar kimi, sizin də hörmətinizi saxlayıram və hər tapşırığınızı yerinə yetirməyə hazıram. Elimızin dərdi həmişə mənim dərdim olub və olacaqdır. Mən xalqımızın uğrunda ölümə də getməyə hazıram. Lakin Aşura bizim elimizin dərdi deyil. Hörmətli Prezidentimiz xalqımızın, millətimizin hər dərdinə, probleminə şərik olur. Sovetlər dovründə qadağan olunmuş bütün bayramlar və mərasimlər Prezidentimizin göstərişi ilə qeyd olunur və istirahət günü elan edilib. Əgər aşura xalqımızın dərdi olsaydı, digər faciəli günlər kimi, bu gün də qeyd olunardı...
Hacı Cuma dözməyib Etibar müəllimin sözünü kəsib dedi:
- Səncə min ildən çox qeyd olunan Aşura elimizin dərdi deyil ki? Onda camaat onu niyə qeyd edir, yas saxlayır, ehsan verir?
Etibar müəllim səbrlə cavab verdi:
- Bu hadisənin bizim xalqa heç bir aidiyyatı yoxdur. Bu hadisə Ərəbistanda 1350 il bundan əvvəl baş verib. Heç bu hadisə baş verən xalq hadisəni belə faciəli şəkildə qeyd etmir, çünki hadisənin təfərrüatları onlara bəllidir. Bu hadisələri xalqa düzgün çatdırmaq əvəzinə, siz ona dini don geyindirib - yaşadırsınız...
Hacı Cuma özünü saxlaya bilməyərək, qışqıra-qışqıra ağsaqqallara dedi:
- Siz bu kafirin yanında niyə oturmusunuz? Siz özünüz bilərsiniz, amma mən oturan deyiləm, - dedi və əşyalarını götürüb Etibar müəllimə qəzəbli baxışlarla baxaraq çayçıdan çıxdı...
Çayçıda əyləşənlər Etibar müəllimin ətrafına toplaşaraq bu hadisələrdən onları məlumatlandırmağı xahiş etdilər.
Etibar müəllim hələ hadisənin şokundan ayılmamışdı. O istəməzdi ki, belə olsun, amma həqiqəti xalqdan danmaq istəmirdi. Min illər həqiqəti açıqlamadan xalqı ağladanlar, ona nə verib ki, indi də min il xalqı ağlatsa nə əldə edəcək?..
Etibar müəllim özünü toplayıb mülayim bir səslə dedi:
- Ay camaat, mən də sizin kimi Allahıma, Peyğəmbərimizə inanıram. Amma məndə olan bu inam sizdə olduğu kimi kortəbii deyil. Mənim inamım şüurludur. Heç kəs bu inamı mənim qəlbimdən çıxara bilməz. Xalqımızın kortəbii inamla inanması nəticəsində bəzilərimizi digər dinlər tez yolundan azdırıb, şirin vədlər verib öz tərəflərinə çəkir, onlardan istifadə edərək özümüzə qarşı təxribatlara cəlb edirlər. Bunu dərk etmək üçün Suriyada döyüşən həmyerlilərimizi xatırlayaq. Onlar kortəbii inamların qurbanlarıdırlar Biz dinimizi mükəmməl bilsək başqalarının "toruna" düşmərik. Lazım olanda din uğrunda mübarizəyə şüurla qatılarıq...
Mən, özümə borc bilib, sizi məlumatlandırmaq istəyirəm. Məhəmməd Peyğəmbərimizlə bərabər bütün İmamlarımız tarixi şəxslərdir. Onlar öz dövrlərində yaşamış insanlardır.
Məhəmməd Peyğəmbərimizdir. İmamlarımızı isə biz tarixçilər xəlifə adlandırırıq. Xilafətin fəaliyyəti hicri tarixinin onuncu ilində, miladi tarixinin 632-ci ilində Peyğəmbərimizin vəfatından sonra başlayır. İlk xəlifəni (imamı) Peyğəmbərimizin özü təyin edib. O bu işi silahdaşlarından biri olan Abubəkrə tapşırıb. Xəlifənin vəzifəsi İslam dinini təbliğ etməkdən ibarət olub. Abubəkr iki il (632-634 illərdə) xəlifə olub. Onu Peyğəmbərimizin digər silahdaşı Ömər əvəz edib. Ömərin xəlifəliyi on il çəkdi. 644-cü ildə xəlifəliyə Əlinin namizədliyi irəli sürülsə də, 3-cü xəlifə Osman oldu. O da, Əli kimi, Peyğəmbərimizin kürəkəni və Əməvi nəslindən idi. O çox yaşlı idi. Ömərin işini davam etdirməyə heç qabiliyyəti də yox idi. Osman 644-656-cı illərdə xəlifə olmuşdu. Osmanın zəifliyindən istifadə edərək, daxildə intriqalar yarandı. Osmanın xəlifəliyi zamanı birinci daxili müharibə əmələ gəldi. Peyğəmbərimizin ən hörmətli mübarizə yoldaşları Osmana və Əməvilər nəslinə qarşı xütbələr oxumağa başladılar və dedilər ki, ancaq Əli və onun oğlanları Peyğəmbərimizin varisi olmaq hüququna malikdirlər. Onların təklifi ilə 656-cı ildə Əli xəlifə seçildi, lakin bu seçkilər yekdilliklə olmadı. Məkkə və Mədinə şəhərlərinin əhalisi, İraq, Suriya, Peyğəmbərimizin həyat yoldaşı Xədicənin qardaşı oğlanları Zubeyr və Təlhə bu seçkinin əleyhinə oldular. Əli xəlifə keçəndən sonra, müsəlmanlar arasında ilk vuruşma oldu. Nəticədə Zubeyr və Təlhə öldürüldülər. Bu vuruşma "Dəvə vuruşması" adı ilə tarixə düşdü.
Hələ xəlifə Ömər tərəfindən Suriyanın idarə edilməsi tapşırılmış Əməvilər tayfasının nüfuzlu nümayəndəsi Əbusufyanın oğlu Müaviyə də bu seçkinin əleyhinə çıxmışdı.
Qureyşilər nəslinin böyük və kiçik budaqları arasında təhlükəli nəticələr doğurmuş münaqişə yaxınlaşırdı...
Qeyd edim ki, Qureyşilər nəslinin nümayəndəsi Qusay Məkkə şəhərinin əsasını qoyan şəxslərdəndir. Qusay öz qəbiləsinin dağınıq hissələrini birləşdirib Məkkə şəhərində möhkəm kök saldı və şəhərin idarə olunmasında böyük nüfuza malik idi. Qusayın böyük oglu Əbduddar, kiçik oglu Əbd Mənəf idi. Əbd Mənəfin dörd oğlu vardı.
Bunların ən böyüyü Əbd Şəmsdir ki, onun Uməyyə adında bir oglu Əməvi xəlifələrinin ulu babası olub. İkinci oğlu Haşim isə Məhəmməd Peyğəmbərin ulu babası olub.
Onu da qeyd edim ki, Haşimin nəvə-nəticələri yoxsul olublar, buna görə də Məkkədə Uməyyənin nəvə-nəticələri ağalıq edirdilər. Bu iki tayfa eyni nəslin nümayəndəsi olmasına baxmayaraq, bir-biri ilə hakimiyyət uğrunda düşmənə çevrilirdilər...
Xəlifə Əlidən ayrılanlar öz aralarından bir xəlifə seçdilər. Tarix onlara "xaricilər" adını verdi. Əliyə sədaqətli qalanları isə "şiə" adlandırdılar...
Xəlifə Əlinin vəziyyəti faciəli bir şəkil aldı. O, iki il "xaricilərə" qarşı vuruşdu və onların qoşunlarını qırdı.
Lakin Əməvilərin başında duran Müaviyənin tərəfdarları gündən-günə çoxalırdı. Xəlifə Əli iki illik döyüşlərin birində "xaricilər" tərəfindən öldürüldü.
Əli öləndən sonra onun İraqdakı tərəfdarları Əlinin oğlu Həsəni xəlifə elan etdilər. Həsən xəlifə olduqdan sonra Mədinəyə çəkilib getdi və orada gənc yaşında ikən xəstəlikdən vəfat etdi. Bundan sonra Suriyanı idarə edən Müaviyə özünü xəlifə elan etdi. Onun ilk islahatı paytaxtı Mədinədən Dəməşqə köçürmək oldu. Müaviyə 19 il hakimiyyəti əlində saxlayıb ərəb dünyasının mənəvi birliyini bərpa etdi...
Müaviyə hələ öz sağlığında oğlu Yəzidi özünə vərəsə təyin etdi. Xəlifənin seçki ilə təyin edilməsi üsulu artıq aradan qalxmışdı.
Yəzid qan tökülməsinə yol vermədən xəlifə taxtına otura bilməzdi. Həsənin kiçik qardaşı Hüseyn hələ Müaviyə zamanında Mədinədə sürgündə yaşayırdı və öz ailəsinin tərəfdarları onu yanlarına çağırdıqları halda onların səsinə heç hay vermədi. Bir müddətdən sonra fikrini dəyişib, gəlib Kufada onlarla birləşmək üçün Mədinədən çıxıb getdi və yolda əməvi atlılarının təqibinə düçar oldu. Kərbəla yaxınlığında mühasirə edildi. Yanındakı kiçik bir dəstə ilə birlikdə Hüseyn on gün ərzində belə ümid edirdi ki, bir təsadüf onu bu çətin vəziyyətdən xilas edə biləcək. Yezidin qoşunu vuruşmurdu. Onun məqsədi Fərat çayının yolunu kəsmək və Hüseyni susuz qoyub, vuruşmasız təslim olmağa məcbur etmək idi. Lakin Hüseyn 10 gündən sonra da təslim olmağa razılıq vermədi. Vuruşma başlandı. Yezidin dörd min nəfərlik qoşunu Hüseynin kiçik dəstəsinin öhdəsindən asanlıqla gəldi. Hüseyn sayca çox olan düşmənin zərbələri altında həlak oldu.
Özlüyündə xüsusi əhəmiyyəti olmayan bu hadisə saysız-hesabsız siyasi və dini nəticələr doğurdu: "şiələr" Hüseynə dini şəhid adı verdilər...
Hüseyn həlak olandan sonra Yezid xəlifə olmaq iddiasında olan daha təhlükəli rəqib Abdulla ilə mübarizə etməli oldu. Abdulla Peyğəmbərin bibisi oğlu Zubeyrin oğlu idi. Vaxtı ilə Zübeyr də xəlifəliyi ələ keçirmək üçün Əli ilə inadlı mübarizə etmiş və həlak olmuşdur.
Abdullanın tərəfdarı mədinəlilərə qalib gələndən sonra, Məkkə üzərinə yeridi. Şəhər mühasirə edildi və Kəbəyə od vuruldu... Məkkəlilər iki aydan artıq mühasirədə qalandan sonra Yezidin ölüm xəbəri alındı. Cənubu Ərəbistan, İraq və Suriyanın bir hissəsi Abdullanın xəlifəliyini dərhal tanıdı.
Müsəlman aləminin yerdə qalan ölkələri Yezidin iki varisinin o qədər də ləyaqətli adam olmadıqlarına baxmayaraq, əməvilərə sədaqətli qaldılar. Yezidin üçüncü xələfi Əbdülmalik əməvilərin hakimiyyətini bərpa etdi. İraq yenidən istila edildi. Abdulla 692-ci ildə xəlifənin qoşunu Məkkəni alanda əlində silah həlak oldu.
Əbdülmalik 705-ci ilə qədər hökmdarlıq etmişdir. VIII əsrin birinci yarısı ərzində xəlifələr bir-birini tez-tez əvəz edirlər. Sərkərdələrin xeyli ərazi istila etməsinə baxmayaraq, daxili narazılıqlar, zövq həvəskarlığı və s. əməvilər sülaləsinin süqutuna səbəb oldu. Onları Abbasilər sülaləsi əvəz etdi. Bu sülalə 500 il hakimiyyətdə idi.
İslam dini, digər dünyəvi dinlər kimi, kifayət qədər şaxələnib. İslam dininin qolları müxtəlif xalqlarda, dövlətlərdə geniş yayılıb. Məsələn, sizə məlum olan "şiəlik" və "xaricilik"lə bərabər müsəlman aləmində "sünnilik" geniş yayılıb. "Sünnilərin" və "şiələrin" arasında ziddiyyətlər qeyd olunsa da, onlar çox azdır: islamın elə radikal mövqedə olan, qolları var ki, sünni və şiələrin hər iksini də məhv etmək niyyətindədir. Məsələn, "Vəhhabilər" bütün müqəddəslərdən imtina edir, ziyarətgahları, məscidləri od vurub dağıdırlar. Onlar üçün müqəddəs heç nə yoxdı. "Mürcilər" ibadəti haqq-ədalətdən, səxavətdən, ziyarətdən, əməlisalehlikdən və s. üstün tuturlar. "Meidilər" - yoxa çıxmış imamın qayıdacağına inanırlar. "Qərmətilər", "İsmaililər", "Mötəzililər;" "Əşərilər" "Sufilər", "İmamilər", "Zeydilər", "Babililər", "Bəhaililər" və s.
Artıq sizə hər şey məlumdur. Gördüyünüz kimi bütün hadisələr hakimiyyət davasından ibarətdir. Belə hadisələr bizim dövlətdə 90-cı illərdə cərəyan edib. Bunun nə olduğunu biz yaxşı bilirik. Onu da qeyd edim ki, imam Hüseynlə bərabər neçə-neçə xəlifələr qətlə yetirilib. Onların özləri də düşmənlə amansız olublar. Xalq onları unudub, imam Hüseyn bu cərəyandan uzaq olsa da, siyasi burulğana düşüb və məhv olub. Onun vəzifədən uzaq durmasını, yüksək insanı keyfiyyətlərini, incə qəlbini və s. nəzərə alsaq, belə hadisə olmamalıydı. Lakin onun böyük nüfuz sahibi olması, düşmənin amansızlığı, məqsədə çatmaq üçün hər cür çirkin əməl törətməsi və s. bu hadisənin baş verməsinə səbəb oldu...
Hadisələrdən tam məlumatınız olandan sonra seçim sizindir. Mən də dövlətimizin siyasətinə uyğun olaraq, sizin özünüzün qərar verməyinizi istəyirəm.
İmam Hüseyn şəhid olub, şəhidlər müqəddəsdirlər. Dinimizdə ən yüksək qiymət verərək onların sorğu-sual olmadan "cənnət əhlinə" qovuşacağını söyləyir. Belə olduğu halda biz Vətənimiz, dövlətimiz uğrunda şəhid olanlara daha çox qiymət verib, onları daima anmalıyıq, dualar oxumalıyıq, ehsanlar verməliyik. Adlarını əbədiləşdirməliyik və s. Allah bütün şəhidlərə rəhmət eləsin.
İslam dininin kifayət qədər əlamətdar günləri, ayları var ki, onları qeyd etmək vacibdir. Müsəlman olan kəs o günləri, ayları qeyd edir, (ibadət) etməlidir. Pərəstişlik aşağıdakı beş əsas vəzifə üzərində qurulmuşdur: dinə iman gətirmək (dinin düsturu olan kəlmeyi-şəhadəti qəbul etmək və söyləmək), namaz qılmaq, oruc tutmaq, zəkat (sədəqə) vermək və Həccə getmək.
Bir gün imam Hüseyn üçün göz yaşı tökmək müsəlman olmaq deyil. Hər bir müsəlman dinin tələblərini yerinə yetirməklə bərabər onun qadağalarına da əməl etməlidir: haram yeməməlidir, yalan danışmamalıdır, oğurluq etməməlidir, böhtan atmamalıdır, özgə malına göz dikməməlidir, təkəbbürlü olmamalıdır və s. Yaxşılıq etməlidir və yaxşılığı elə etməlidir ki, yaxşılıq etdiyi adam utanmasın, xəcalət çəkməsin. Bununla bərabər müsəlman olan kəs insaflı və vicdanlı olmalıdır. Əbəs yerə demirlər ki, "insaf da dinin yarısıdır" və s.
Allahımız hər an qəlbimizdə yaşamalıdır. Hər bir hərəkət edərkən düşünməliyik: «Görəsən bu hərəkətimiz Allaha xoş gedərmi»? Onda Allahımız, rəvayətdə olduğu kimi, pənahını üstümüzdən əksik etməz...
Peyğəmbərimiz digər insanlarla böyük çayın qırağında əyləşib söhbət edirmiş. Çayın əks tərəfindən iki nəfər suya girib onlar tərəfə keçmək istəyirdi. Onlardan biri çaya girənə qədər Allaha yalvardı, digəri isə dinməz-söyləməz suya girdi. Elə oldu ki, çayın gur yerində Allaha yalvaran batdı, dinməz-söyləməz insan isə çayı uğurla keçdi...
Peyğəmbərimizin ətrafına toplaşanlardan biri soruşdu:
- Ya Peyğəmbər! Allah niyə ona yalvaranı batırdı, yalvarmayanı sağ-salamat eylədi?
Peyğəmbərimiz cavab verdi:
- Ey bəndə, çaya yalvara-yalvara düşənin Allah indi, dar məqamda yadına düşdü. Ona görə o batdı. Susaraq çayı keçənin Allah daima qəlbindədir. O heç vaxt Allahını unutmayıb. Siz də Allahınızı unutmayınl! Etibar müəllimin ətrafına toplaşanlardan biri dedi:
- Çox ibrətamiz rəvayətdir. Görəsən biz o, çayda batarıq, yoxsa çıxarıq?
Ətrafdakılar gülüşdülər. Onlardan biri yarı ciddi-yarı zarafatla dedi:
- Bizim qəssablarımızın əksəriyyəti batardı, çünki Azərbaycanda elə bir qəssab görməmişəm ki, qoyunun ətini - qoyun adı ilə, keçinin ətini - keçi adı ilə, malın ətini - mal əti adı ilə, camışın ətini - camış əti adı ilə satsın. Mən Orta Asiya dövlətlərinin hamısında olmuşam. Orda hər heyvanın ətini öz adı və qiyməti ilə satırlar. Onlar əsil halal müsəlmandırlar. Hamı gülüşdü. Etibar müəllim davam etdi:
- Son vaxtlar televiziyada "halal kolbasa" anlayışı gündəmdədir və tez-tez "haram" kolbasa hazırlayan sexlər və külli miqdarda mənşəyi məlum olmayan ətlər aşkar olunur. Belə acınacaqlı halların yaranmasının günahını özümüzdə axtarmalıyıq.
Əvvəlcə kolbasa haqqında söhbət açmaq istəyirəm. Bəzi insanlar bu yemək növünün digər millətlərə mənsub olduğunu söyləyib, onun istifadəsindən imtina edirlər. Kolbasa sözü iki türk sözündən ibarətdir: "qol" və "bas". Deməli bu türk xalqının yeməyidir. Türk tayfaları köçəri həyat sürdüklərinə görə uzun müddətli ərzaq növü kimi kolbasadan istifadə edirlərmiş. Müasir həyatımızda kolbasadan istifadə edənlər də kifayət qədərdir.
Bu yaxınlarda televiziya ilə bir kəndlinin on üç camışını ildırım vurduğunu xəbər verdilər. Bu o deməkdir ki, həmin kəndli var-yoxundan çıxıb, müflis olub. O nə yolnan olursa olsun 2-3 ton əti satmağa çalışacaq ki, heç olmasa 1-2 camışın pulunu əldə edib, yenidən camış alsın. Öz məqsədinə çatmaq üçün o ət dəllallarına müraciət edəcək və çox ucuz qiymətə əti satacaq, əlbəttə ki, yenə də həmin ət kolbasa sexlərinə yönələcək və "halal" adı ilə satılacaq...
Əslində bu ət kəsilmədiyi üçün, insan istifadəsinə yararsız olsa da istifadəyə “yaradırlar”. Bu əti zooparka, xidməti itlər saxlayan müəssisələrə satmaq olar. Eyni zamanda bu ətlə ev heyvanları üçün qida hazırlayıb satışa çıxartmaq da olar. Onsuz da ev heyvanları və quşları saxlayanların hamısı heyvanlarını və quşlarını xarici ölkələrdən gətirilmiş ət mənşəli qidalarla qidalandırırlar. Belə qidanı hazırlayıb ixrac etmək də mümkündür.
Bizim biznesmenlər ət məhsullarından hazırlanan yemlər istehsal edən müəssisə yaratsalar, belə ətlərdən istifadə edərək yüksək gəlir əldə edərlər, millətimiz də "halal" və "haram" kolbasa anlayışından azad olar...
Bu məsələnin dövlət səviyyəsində baxılması və həll olunması vacibdir...
Etibar müəllim susdu. Ətrafdakılar da susurdular, çünki belə hal kənddə tez-tez baş verirdi...
Etibar müəllimlə bir masada əyləşən ağsaqqallardan biri dedi:
- Halal olsun sənə müəllim. Sən doğrudan dəyərli müəllim olmaqla bərabər, dəyərli insansan. Kəndlilərin ağrılı yerini görürsən və həlli yollarını göstərirsən. Heyif ki, gəncsən və heç bir vəzifən də yoxdur. Təəssüf ki, bizlər pullu və vəzifəli insanları yaxşı dinləyir və məsləhətlərinə əməl edirik, onların fikirləri, sözləri dəyərsiz olsa da...
Dostları ilə paylaş: |