AVTOBUSDA SÖHBƏT
Avtobus yeni çəkilmiş İpək yolu ilə sürətlə hərəkət edirdi. Sərnişinlər özlərini o qədər rahat hiss edirdilər ki, çayxanadakı kimi söhbət aparır, mübahisə edirdilər. Sərnişinlər bir-birini kifayət qədər tanıyırdılar, çünki onlar ticarətlə məşğul olduqları üçün, hər həftə Bakıdakı yarmarkalara gedirdilər.
Bu gün də onların yolu adəti üzrə yarmarkaya idi. Uzaq yolu yaxın etmək üçün müxtəlif mövzuda söhbətlər edirdilər. Bu gün də Rusiya mövzusu ortaya düşdü. Onlar Rusiyanın bizə qarşı olan qərəzli mövqeyindən, ermənilərə olan dəstəklərindən, Türkmənçay və Gülüstan müqavilələrindən və s. söhbət açdılar. Söhbətləri yekunlaşanda iştirakçıların biri, pəncərədən yolu seyr edən, əvvəldən söhbətə qarışmayan Mərdan müəllimə müraciət etdi:
- Mərdan müəllim, siz niyə söhbətə qatılmadınız? Özünüz də tarixçisiniz. Bu mövzunu bizdən yaxşı bilirsiniz. Söhbətə nə əlavə edərdiniz?
Mərdan müəllim 55-60 yaşında bir insan idi. Heç vaxt söhbətə özü başlamazdı. O həmişə susmağı və dinləməyi üstün tutardı. İşlədiyi orta məktəbdə də elə idi. Hətta ona "Dinməz Mərdan" ləqəbi qoşmuşdular. Mərdan müəllim çox savadlı, dərin düşüncəli adam idi. Boş-boş danışmaqdan xoşu gəlmirdi və elələrindən tez aralanmağa çalışardı. Diqqətini cəlb edən adam olanda isə qırsaqqız olub onun söhbətindən lazımi qədər faydalandıqdan sonra əl çəkərdi. Belə vəziyyətlər nadir hallarda olurdu, çünki Mərdan müəllim çox məlumatlıdır və onun təəccübünə səbəb olan mövzular çox azdır.
Elə indi də Mərdan müəllim söhbətə qarışmağı lazım bilmədi... Ona ünvanlanmış sual onu xəyallarından ayırdı. O, dərindən nəfəs alıb dedi:
- Bilirsiniz, siz söhbət etdiyiniz mövzu çox aktualdır, lakin çox "çeynənilib". Bu mövzuda eyni söz eşitməkdən yorulmuşam. İnsanlar bir-birindən eşitdikləri sözü digər yerdə və söhbətdə özününkü kimi təqdim edirlər, çünki özləri mütaliə etmirlər. Bu da nadir halda düzgün olur və tarixi faktlar belə təhrif olunur. Sizin bu söhbətinizin mövzusu o qədər dərindir ki, heç alimlərimiz də oraya baş vurmağa cürət etmirlər. Ən vacibi də odur ki, onlar haradan başlayıb - harada qurtarmağı bilmirlər, təkrara çox yol verirlər.
Bu mövzunu təhlil etmək üçün çox uzaq tarixə müraciət etmək lazımdır. Sizin hansınız deyə bilərsiniz rus kimdir? Rusların, qərbi, şimali Avropanın tarixi nə vaxtdan başlayır?
Dünya tarixi Misirdən, Çindən, Hindistandan başlayır. Yunan-Roma tarixi ən gəncdir. Şimalı və Qərbi Avropanın tarixi orta əsrlərdən başlayır. Bütün tarixlərlə bərabər türk tarixi də mövcuddur. Bu tarix Qobustanda, Azıx mağarasında, Orxan Yenisey tarixi abidələrində öz əksini tapıb. Dünya alimlərinin bu tarixdən də xəbərləri var, lakin onun araşdırılmasında maraqlı deyillər. Biz onu araşdırırıqmı? - Avtobusa sükut çökmüşdü.
Mərdan müəllim gördü ki, hamının diqqəti ondadır və mövzunu tamamlamamış onu rahat buraxmayacaqlar, davam etdi:
- Sizə bayaq sual verdim: Rus kimdir? Hamınız susdunuz, çünki bilmirsiniz. Bilmədiyinizi də danışmaq düzgün deyil...
Rusiyanın paytaxtı Moskva bizim Nizami Gəncəvi ilə yaşıddır...
Rusiya Kiyev knyazlığından başlayır. Onlar haqqında tarixi məlumat birinci minilliyin sonunda başlayır. Bu məlumatlar onların öz kilsələrində yazılmış "letopislər"dədir. Sonrakı dövrlərdə ruslar müharibə edərək ətraflarında olan xalqların torpaqlarını zəbt edərək başqa-başqa knyazlıqlar yaratdılar, o cümlədən Belorusiyanı. Rusların "letopis"lərində polovsı, peçəneqi, basurmanı, inoversı və s. adlar çəkilir və onlarla edilən müharibələrdən söhbət açılır. Moskva şəhəri də belə şəhərlərdən və knyazlıqlardan biridir. O ağacdan tikilmiş və XVII əsrdə bu şəhərin rəmzi olan Kreml Şamaxıdan olan memar Kərəmlinin layihəsi əsasında tikilib.
XV əsrdə, 1480-ci ildə Rusiya monqol-tatar zülmündən qurtuldu və bütün knyazlıqlar Moskva ətrafında birləşərək bütöv Rusiyanı yaratdı. Bu Rusiya Volqa çayına qədər idi. Volqa çayından Sibirə tərəf əraziləri ruslar XVI əsrin sonlarında, xaçpərəstlər barıdı kəşf etdikdən sonra başladılar. Siz bilirsiniz ki, Avropa səyyahları Şərqdə gəzərkən bütün rastlarına çıxan kitabları alıb. Vatikana toplayırdılar: Onlar bilirdilər ki, yazılan kitablar hansısa dahinin əqlinin "məhsuludur." Qərb ölkələrinin nümayəndələrinin məqsədi kitabları toplayaraq bu "məhsuldan" faydalanmaq idi.
Allah bilir barıdın da kəşfi hansı şərq ölkəsi ədibinin "məhsulu" olub. Öz ölkəsində qiymət verilməyib, kəşfi kitab üzərində qalıb və qərb ölkələri onun faydasını görüb. Əgər Avropa ölkələri gəmilərlə üzərək dünyanı İşğal etməyə başlamışdılarsa, ruslar ətraflarındakı torpaqları işğal etdilər. XVI əsrin sonunda rus qaçqın kazakı Yermak özünün çar varisi olduğunu elan etmişdi və Moskvaya yürüş edəcəyi ilə hədələyirdi. O dövrün rus çarı Yermakı Moskvaya dəvət edir və onu o dövrün ən müasir silahı olan barıtla təmin edərək, Volqa çayı boyu və Sibirdə yaşayan türk tayfalarının torpaqlarını işğal etməyə göndərir və deyir: "get o əraziləri zəbt elə və oranın da çarı sən ol."
Yermak öz quldurları ilə 1558-1574-cü illərdə Kama və Uralaşırı torpaqların, 1579-1585-ci illərdə Sibir xanı Kuçumla müharibəyə başlamış və onu məğlub etmişdir. Kuçum 1585-ci ilin avqust ayının 6-da qəflətən Yermaka hücum etmiş və İrtış çayının qolu olan Vaqay çayda yaralanmış Yermakı batırmışdır. Elə həmin dövrlərdən Rusiya işğallarının uğurları onları şirnikdirir və onlar vaxtaşırı hücumlar təşkil edir və XVIII əsrdə Uzaq Şərqə çatırlar. Hazırda erməniləri də şirnikdirən bu "təcrübədir". Onlar da zaman-zaman Azərbaycan torpaqlarını zəbt edərək "böyük Ermənistan" qurmaq istəyirlər. Onların bu planına "bələdçilik" edən ruslardır. Lakin onlar unudublar ki, Azərbaycan o dövrün Azərbaycanı deyil...
Ruslar Azərbaycana ilk yürüşlərini siz dediyiniz dövrlərdən çox əvvəl etmişlər. İlk yürüş 1775-ci ildə Dərbənd xanlığına olmuşdur və XVIII əsrin sonuna tamamilə Rusiyaya birləşdirilmişdir...
Araya sükut çökdü. Avtobusun həzin-həzin gələn səsi hamının ruhunu oxşayırdı. Hər kəs səslənən fikri özü üçün təhlil edirdi. İştirakçıların biri dedi:
- Mərdan müəllim, sizcə bu Orxan-Yenisey abidələrini yazan türk xalqlarının aqibəti necə olur? Nə üçün o abidələr XI-XII əsrlərdən sonra bu əlifba ilə yazılara rast gəlinmir? Bu əlifba itib batır?
Mərdan müəllim azca düşünərək dedi:
- Bilirsiniz, bu haqda çox alimlər düşünür və mülahizələr irəli sürürlər. Mən onları təkrar etmək istəmirəm. Məncə türk Orxan-Yenisey əlifbasının istifadəsi müsəlman dininin bu xalqlar arasında yayılması ilə əlaqədardır. Müsəlman dininin atributlarından biri də ərəb əlifbası və dilidir. Quranda çox aydın göstərilir ki, başqa dilə tərcümə edilən Quran müqəddəs sayılmır, batildir. Ona görə də Sibirdə yaşayan türklər müsəlman dinini qəbul edərkən mütləq ərəb dilini də öyrənməli olublar və buna görə ərəb əlifbası tamamilə Orxan-Yenisey əlifbasını sıxışdırıb, tarixə qovuşdurub. Bir də abidələrdə adları çəkilən türk xalqlarının davamçıları bizim dövrlərdə də yaşayırlar. Müsəlman dinini qəbul etdikdən sonra, onlar da o əlifbadan istifadə etməyiblər. Bu da mənim fikrimi təsdiqləyən faktordur. Orxan-Yenisey əlifbasının tədqiqatçıları bu abidələrin gah çin yazıları kimi yuxarıdan aşağı, gah qərb əlifbası kimi soldan sağa yazılması onun istifadəçilərinə çaşqınlıq yaradırdı. Ərəb əlifbasının yazıları bu fərqi aradan götürdü.
Qeyd edim ki, Orxan-Yenisey əlifbasında yazılmış abidələr Azərbaycanda da mövcuddur. Mənə bu yazılar Goranboy rayonunun Rus Borisi kəndinin yaxınlığında da rast gəlibdir. Bu Orxan-Yenisey əlifbasının bütün türk xalqlarının arasında geniş yayılmasını göstərir. Yenə arada səssizlik yarandı. Bir qədər sonra əvvəl sual verən vətəndaş yenə üzünü Mərdan müəllimə tutub soruşdu:
- Ay Mərdan müəllim, siz gözəl müəllimsiniz, vətənini sevən ziyalısınız, vətəndaşsınız. Siz adi orta məktəbin tarix müəllimi olaraq hər şeyi bilirsiniz və bizə gözəl izah edirsiniz. Bəs bizim alimlər bunu görmürlər? Sizə məlum olan faktlar onlara məlum deyil? Bu məlumatları toplamaq çətindir? Nə üçün sizin dediklərinizi biz tarix kitablarımızda tapmırıq və geniş kütlə bu haqda heç nə bilmir.
Mərdan müəllim təəccüblə çiyinlərini dartıb dedi:
- Bu haqda mən heç nə deyə bilmərəm. Mən borcumdan çıxıb öz şagirdlərimlə bu mövzuda söhbət etmişəm. Onlar da mənə siz verdiyiniz sualı verdilər...
Söhbətin iştirakçılarından biri dedi:
- Onların başı bir-birinə yubiley keçirtməyə qarışıb. Bu sözlər hamının gülüşünə səbəb oldu...
Avtobus yüksək sürətlə ipək yolunda hərəkət edirdi...
QEYRƏTLİ İNSAN
Günortadan keçmişdi. Bazar artıq seyrəlmişdi. İnsanlar aldıqları meyvə-tərəvəzləri sellofan torbalara yığıb nəqliyyatın gəlməyini gözləyirdilər. Hava isti olduğuna görə hamı çalışırdı ki, ağacların kölgəsində dayansın. Mən də o insanların arasındaydım. Onlardan fərqli olaraq, mən çəkilib insanlar seyrək olan yerdə dayanıb seyr edirdim.
Birdən ağacların arası ilə gələn bir əlil arabası gördüm. Əlil arabasında oturan orta yaşlı insan asta-asta zəif əlləri ilə arabanın tutqacından tutub irəli-geri hərəkət edərək arabanı hərəkətə gətirirdi. Ətrafda olan insanlar onu salamlayıb yol verirdilər.
Bu əlil insanı hamı yaxşı tanıyırdı. O adətən bu vaxtlar gəlirdi. Onun qıvraq bir stolu var idi. O bu stolun üstünə üysüklər qoyurdu. Bu üysüklərin birinin altında şirmayi qırmızı şar olurdu. Onu tanıyan adamlar bilirdi ki, üysüyü qaldırıb baxmaq üçün iyirmi qəpik pul vermək lazımdır. Əgər heç nə çıxmırsa, onda oynayanın bir abbasısı (iyirmi qəpiyi) o əlilə qalırdı. Bunu əlil özü kəşf etmişdi və insanları bəxtlərini sınamağa dəvət edirdi. Oyunun şərtlərini bilməyən insanlara o böyük səbrlə xırdalıqlarına qədər izah edirdi. Belə insanlar az olurdu, çünki əlil neçə illərdi, özü dediyi kimi "lotoreya" oyunu ilə məşğul idi.
Adətən insanlar heç bir söz demədən "abbası qoyub üysüyü qaldırırdılar. Çox vaxt onların üysükləri boş olurdu. Bunun səbəbini hamı bilirdi. Səbəbi də o idi ki, əlil çox asta hərəkətləri ilə altında şar olan üysüyü büruzə verirdi. Lakin hamı çalışırdı ki, şar olan üysüyə toxunmasın...
Bu, 30-40 kq çəkisi olan qurumuş, orta yaşlı əlili hamı tanıyırdı. Lakin onun adını çox adam bilmirdi, hamı ona hörmət edirdi və onun hər buyruğunu böyük həvəslə yerinə yetirirdi. Deyilənlərə görə onun gözəl ailəsi, uşaqları da var.
Bu gün əlil adəti üzrə gəlib öz yerini tutdu. Cavanlar onun stolunu gətirib qarşısına qoydular. O üysüklərini, şarı çıxardıb hazırlandı və "müştərilərini" gözləməyə başladı.
Əlilin yanında duran 30-35 yaşları olan iki qadın diqqətlə əlili izləyirdilər. Geyimlərindən qadınlar kənd adamlarına oxşayırdılar. Əllərindəki çantalardan və vedrələrdən müəyyən etmək olardı ki, onlar nəsə satmağa gətirmişdilər. Gətirdiklərini satıb şad-firavan evlərinə qayıdırdılar...
Əlil üysükləri tam rahatlayandan sonra qadınların biri ondan soruşdu:
- Qardaş, bu nə üysüklərdi? Onları neynəyirsən?
- Oyundu, bacı, - dedi əlil.
- Qardaş, nə oyunudur? Kim o oyunu oynayır?
- Üç üysüyün birinin altında şar var. Onu tapan udur, tapmayan uduzur. Bir üysüyü qaldırmaq bir "abbasıdır". İstəsən sən də oynaya bilərsən. Udsan bir manat qazanacaqsan. Udmasan "abbasını" halal etməli olacaqsan.
- Qardaş, bu oyun kimindir? Kim onu icad edib?
- Əlil fəxrlə başını uca tutaraq dedi:
- Oyun mənimdir və onu mən icad etmişəm.
- Qardaş, bir şey qalırmı?
- Əlbəttə. Allah bərəkət versin. Uşaqlarımı dolandırıram.
- Sənin ailən və uşaqların da var?
- Əlbəttə, bəyəm kişi deyilik?
- Qadın heyrətlə əlilə baxıb dedi:
- Qardaş, sənin qeyrətinə qurban olum. Qoy sənin əlindən öpüm.
Qadın cəld əlilin bir dəri, bir sümük olan qurumuş əlindən tutub öpməyə başladı. Əlil qəzəblənərək əlini çəkdi və hirslə qadını süzərək dedi:
- Ay bacı, sən nə edirsən? Xahiş edirəm, əl çək məndən. Qoy işimlə məşğul olum. Məni el içində biabır etmə, alçaltma. Onsuz da Allah məni alçaldıb, zəlil edib. Axı mənim sənə nə pisliyim keçib?..
- Yox, qardaş, sən məni düz başa düşmədin. Mən sənin xətrinə dəymək və incitmək fikrində deyiləm... Mən sənin qarşında baş əyirəm... Sənin qeyrətinə qurban olum! Sən ki, bu vəziyyətdə ailəni, uşaqlarını düşünürsən, halal olsun sənə! Əsil azərbaycanlı kişisən. Mənim yoldaşımın iki metr boyu var, heç sənin kimi ailəsinin qayğısına qalmır. İşsizliyi bəhanə edib heç bir yerdə işləmir. Torpağımızı əkib-becərməyə köməklik etmir. Zülmlə qazanıb gətirdiyimi də arağa verib içir. İçəndə məni də, uşaqları da döyür, təhqir edir. El içində biabır olmuşuq... deyib hönkürtü ilə ağlamağa başladı. Rəfiqəsi onu sakitləşdirməyə çalışdı.
Əlil tamamilə çaşıb qalmışdı. Bayaqkı qəzəbli baxışlarından əsər-əlamət qalmamışdı...
Elə bu vaxt avtobus dayandı. Qadınlar tez-tez əşyalarını götürüb avtobusa mindilər. Əlil baxışı ilə onları müşayiət edirdi. Avtobus tərpənəndən sonra o dedi:
- Yazıq qadın!... Yazıq ailə!...
Ətrafdakılar da başlarını bulayaraq hərə öz işinin dalınca getdi.
Mən bu hadisədən təsirlənib bir müddət donub yerimdə qaldım. Düşünürdüm ki, görəsən Allah niyə belə "ədalətsizdir"? Zəlil olasını zəlil etmir...
RUŞVƏTXOR
Polis işçisi qapını bağlayıb gedəndən sonra Bəbir kamerada tək qaldı. Ətraf sükuta qərq oldu. Bəbir bir neçə il davam edən gurultulu həyatdan sonra ilk dəfə idi ki, belə sakit mühitə düşmüşdü. O, taxtın üstündə uzanıb baş verən hadisəni dərk etməyə başladı. Onu bu səhər rüşvətxorluqda ittiham edərək həbs etmişdilər. O təqsirkar idi...
Bəbir ilk növbədə ailəsini düşünməyə başladı: "Görəsən indi onlar nə edirlər?" Oğlundan çox Bəbiri qızı Sənubər narahat edirdi, çünki vəzifəyə keçəndə o qızının cehizi üçün topladığı vəsaiti vermişdi. Düşünürdü ki, vəzifəyə keçəndən sonra, rüşvət alaraq, daha çox vəsait toplayıb qızına daha bahalı cehiz alacaq...
Vəzifəyə keçəndən sonra onun ətrafına çoxlu dost-tanış toplandı, çoxlu təzə "dostlar" peyda oldu. Onlar şirin sözlər-sağlıqlar deyə-deyə Bəbiri qurd kimi içindən yeyirdilər. O, həyatından, dostlarından çox razı idi və bunu görmürdü.
Bəbir yalnız özündən yuxarıda duran və ona himayədarlıq edən şəxsin qarşısında baş əyirdi. O şəxs Bəbirin gözündə ilahiləşmiş qüdrətli bir insan idi. Bəbir dua edirdi ki, Allah o şəxsin əlini başının üstündən əskik etməsin. Bu fikirlər onu son dərəcə əzazil etmişdi. Bəbir həmin şəxsə o qədər arxayın idi ki, gözünə qayda-qanun görünmürdü. Qanunsuz iş olanda, əlbəttə, Bəbir onunla məsləhətləşirdi, razılığını alırdı və aldığı rüşvətdən onun da "payını" çatdırırdı...
Neçə il vəzifədə işləsə də, Bəbir qızının cehiz pulunu toplamamışdı, çünki düşünürdü ki, imkanı genişdir, nə vaxt istəsə o pulu toplayacaq. İndi onu bahalı maşınlar, dəbdəbəli ziyafətlər, nadir içkilər və s. düşündürürdü...
Bəbirin oğlu da atasına baxıb onun yolunu davam etdirdi. Atası onu dəfələrlə "zibillərdən" qurtarmasına baxmayaraq, o "yoluna" düzəlmə-mişdi və günü-gündən daha da pisləşirdi.
Həyat yoldaşının təzə-təzə "padruqaları" peyda oldu. Onların məsləhəti ilə o almadığı bahalı paltar və zərgərlik məmulatı qalmadı. Bəbirin həyat yoldaşının başı "padruqalarına" o qədər qarışırdı ki, ev işləri yaddan çıxırdı, axır Bəbir qulluqçu tutmalı oldu. Elə indi də, Bəbir səhərdən həbs olunmağına baxmayaraq, ona yemək gətirən olmamışdı...
Bəbir keçmişi xatırlayaraq, bu neçə ildə ilk dəfə olaraq həyatını nəzərdən keçirirdi, buraxdıqları səhvləri götür-qoy edirdi və səhvlərini aşkarladıqca, vahimələnirdi, uzandığı taxtın üstündə büzüşüb-yumaqlanırdı...
Növbətçinin otağından səs gəldi. Bəbir elə bildi ki, ona yemək gətiriblər, ayağa durdu. Səs-küy salan sərxoş sürücü idi. Onu həbs edib, başqa kameraya saldılar. O bir az da səs-küy salıb, sonra yuxuya getdi...
Bəbir kamerada gəzişib yenə taxtın üstünə uzanmaq istədi. Yanlarının ağrıdığını xatırlayaraq, bu fikirdən daşındı. Bir az da hərləndikdən sonra bezib, taxtın üstündə oturdu və fikrə getdi...
Keçmiş həyatının mənasız və faydasız olduğunu dərk etməyə başladı. İlk dəfə idi ki, Bəbir vəzifədən əvvəlki və sonrakı həyatını müqayisə edirdi. Müqayisə edərək, görürdü: vəzifədən əvvəl olan həyat saf, mənalı, qayğılı, qənaətli, məqsədli, sadə, hörmətli, vəzifəli illər - yalanlı, yaltaqlı, hiyləli, cılız, mənasız, məqsədsiz, qayğısız, əzazil və s. olub. İndiki vəziyyətdə ona vəzifəli illərdən çox, vəzifədən əvvəlki illər dəyərli görünürdü, çünki o illərdə o hər işini planlaşdırırdı və ardıcıllıqla o planı həyata keçirirdi. Daima ailəsi ilə birlikdə olurdu. Ailə üzvlərinin hər birinin işindən, problemlərindən xəbəri var idi. Ailə üzvləri hər məsələdə onunla məsləhətləşirdi. Evdə bişirilən yeməklər də onun məsləhəti ilə bişirilirdi...
Bəbir fikrini dağıtmaq məqsədi ilə kamerada gəzinməyə başladı. İndi o fikrini istintaqa yönəltdi: sabah onu nələr gözləyir, ona hansı sualları verəcəklər, verilən suallara o hansı cavabları verəcək, kimi özünə vəkil tutacaq, bu cinayətə görə onu hansı cəza gözləyir və s.
Uzun düşüncələrdən sonra o taxtın üstünə uzandı, pencəyini büküb başının altına qoydu və yuxuya getmək istəyirdi ki, səhərin açılması tez gəlsin. Yuxulayaraq, Bəbir özünə suallar verirdi: görəsən evdəkilər ona niyə yemək gətirmədilər?.. Rüşvət alarkən, niyə bu gününü fikirləşmirdi?.. Himayədarım məni xilas edəcəkmi?.. Mənim axırım nə olacaq?.. Görəsən rüşvət almağa dəyərdi?.. Əmlakımı müsadirə edəcəklərmi?.. Niyə, imkanım olanda, qızımın cehizini almadım?.. Mənə "can" deyənlər indi kimə "can" deyib, növbəti "qurbana" çevirəcəklər?..
AVROPA VƏ BİZ
Hər bir azərbaycanlı həyat tərzi, məişəti, davranışı, geyimi və s. ilə özünü avropalılara bənzədir və bunu insan sivilizasiyasının tərəqqisi hesab edərək fəxr edir. Hətta tez-tez "Avropaya" istinad edərək padio-televiziyada, mətbuatda, nitqimizdə onu "Qoca qitə" adlandırırıq. Əlbəttə, bu böyük savadsızlıq əlamətidir. Avropa heç də "qoca," "qədim" və s. deyil.
IV-V min illik insan sivilizasiyasının beşiyi Misir, Hindistan və Çin hesab edilsə də, biz də fəxrlə deyə bilərik ki, Azərbaycan da qədim sivilizasiya məkanıdır. Belə deməyə bizə ən qədim insan məskənlərındən olan "Azıx" mağarası, Qobustan rəsmləri və Vətənimizin digər qədim insan məskənləri əsas verir. Xüsusi ilə qeyd etmək lazımdır ki, Qobustan təsvirlərində gördüyümüz "Yallı rəqsi", "Qaval daş", "Həsir" və s. təsvirləri bu günə kimi bizim xalqımız yaşadır və biz də dünyanın ən qədim xalqı olmağımızla fəxr edə bilərik...
İndi Avropa haqqında. Orda qədim insan məskənlərı Cənubi Avropada və Balkanlarda olub. Özlərinin dediklərinə görə ən qədimi, bizim eradan əvvəl V-VII əsrləri əhatə edir. Müasir "aparıcı" Avropa ölkələrinin ərazilərində heç bir qədim tarixi abidə mövcud deyil və onlar haqqında heç bir tarixi məlumat yoxdur. O ərazilər qədim tərəkəmə türk tayfalarının otlaq əraziləri olub. Onlar oturaq həyat sürmədikləri üçün, yaşayış məskənləri salmamışlar və buna görə heç bir "nişanələri" qalmayıb...
Zaman-zaman türk tayfalarını Avropadan sıxışdırıb çıxarmışlar. İkinci min illiyin ortalarında monqol-tatar işğalından azad olduqdan sonra türk tayfaları Volqa çayının şərqinə sıxışdırılmış və XIV əsrin ikinci yarısında "Kiyevskaya Rus" onların qalan ərazilərini quldur Yermakın dəstəsi vasitəsi ilə işğal etmişdir.
Onu da qeyd edim ki, türk tayfaları həmişə sülhsevər olublar. Onlar heç kimin varına, dövlətinə, torpağına və s. göz tikməyiblər. Bu sülhsevərliyi onlara çox baha başa gəlib. Belə ki, sakit həyat sürmələri avropalıları və digərlərini onların torpaqlarına yürüş etmək arzusuna salıb və bəzi hallarda, xüsusi ilə Afrikada, Asiyada, Sibirdə, Qafqazda, Krımda və s. buna nail olublar. Lakin birinci dünya müharibəsi dövrü Türkiyənin üzərinə qarğa-quzğun kimi tökülən avropalılar Çanakqalada layiqli cavab alandan sonra, bu fikirdən əl çəkdilər...
Avropada ilk insan məskənləri sayılan Yunanıstan, Makedoniya, İtaliya, Albaniya və s. ərazilərdə, xristian dinindən V-VII əsr əvvəl yaranıbdır. Bu dövlətlər haqqında "Qədim dünya tarixi" fənnindən kifayət qədər məlumatlıyıq...
Qərbi və Şimalı Avropa tarixi orta əsrlərdən başlayır. Həmin dövlətlərin əhalisi burada Cənubi Avropada yaşamış, Vatikanı təbliğ edən xristian dininə mənsub xalqlar köç edib, məskunlaşıb və şəhərlər salmışlar. Avropa tarixində bu hadisə "Böyük köç" adlanır. Onların içindən "Kiyevskaya Rus" daha əvvəl, birinci min illiyin sonlarında məskunlaşmış xristianlığı qəbul etmişlər.
Orta əsrlərdə "köç" edən avropalıların əcdadları ovçuluq və balıqçılıqla yanaşı türk tayfalarından nümunə götürərək heyvandarlıqla (xüsusi ilə qoyunçuluqla) məşğul olmağa başlamışlar.
Bu məşğuliyyət bütün Avropaya yayılır və qısa müddətdə insanları "sıxışdırmağa" başlayır, sıravi insanlar məhv olmaqdan canlarını qurtarmaq üçün Avrondan qaçmağa başlayır... Bu tarixi dövrdən bir kəlam hələ də qalmaqdadır: "Ovtsı pojirayut lyudey" (Qoyunlar insanları yeyir...)
Bu dövrdə insanlar Avropadan bütün dünyaya səpələnir. Onlar Şərq ölkələrindən çox Afrikaya və yəni kəşf olunmuş Avstraliyaya köç edirlər. "Yaşıl qitə" adı Avstraliyaya elə bu dövrdə verilib və avropalılar heyvandarlıq məşğuliyyətlərini bu qitədə indi də davam etdirirlər...
İslam dininin meydana gəlməsini avropalılar çox qısqanclıqla qəbul edir və potensial təhlükə mənbəyi kimi baxırdılar. Bu əbəs deyildi. Xilafət dinin təbliği adı ilə hər tərəfə yürüşlər təşkil edirdi. Bu yürüşlər Avropaya da edilirdi, lakin onlar çox faydasız olurdu, çünki Vatikan bütün xaçpərəst millətləri birləşdirərək güclü müqavimət göstərirdilər və özləri "Xaç yürüşləri" təşkil edirdilər. Bu müharibələr on illərlə davam edirdi. Onlardan biri "Yüz illik" müharibə adı ilə tarixə düşüb.
Xilafət tarixə qovuşandan sonra yürüşlərin əksəriyyəti, bir müsəlman ölkəsi kimi, türklərin üzərinə olub. Türkiyə bu hücumları məharətlə dəf edib və qüdrətli "Osmanlı imperiyasını yaradaraq əsrlərlə Avropanın böyük bir hissəsinə ağalıq edib.
Osmanlı imperiyasının nəzdində avropalıların Yaxın Şərqə səpələnməsi, Şərq dövlətlərinin mədəniyyəti və elmi nailiyyətləri ilə tanışlıq avropalılarda maraq oyatmışdır. Bizdən fərqli olaraq, onlar öyrənməklə bərabər, Şərq təfəkkürlərinin irsini toplamağa başladılar və bütün əldə edilmiş kitabları Vatikana toplayırlar. Burada avropalılar o kitabları oxuyub öyrənirlər. Bunun üçün onlar dünyada ilk dəfə olaraq, təhsil ocaqlarında şərqşünaslıq fakültələri açdılar və şərq dillərini öyrəndilər. Əsrlər keçməsinə baxmayaraq, müasir dövrdə biz qədrini bilmədiyimiz təfəkkürlərimizin adlarını, kitablarını və s. oradan tapırıq, gec də olsa, öyrənirik və lazımi qiymət verib dəyərləndiririk.
Bizdən fərqli olaraq, avropalılar bu kitabları kifayət qədər öyrənib faydalanıblar və bəzilərini "özəlləşdiriblər". Məsələn: Şərqin görkəmli alim, filosof, həkim İbn Sina (Abu Əli Hüseyn ibn Abdulla) özəlləşdirilərək Avropada latınlaşdırılmış Avisənna adı ilə dünyaya tanıtmışdılar. Məşhur Azərbaycan alimi. riyaziyyatçısı, astronomu . N.Tusinin yazdığı kitabları dünyanın müxtəlif ölkələrində və böyük əksəriyyəti Avropada saxlanılır. XIII əsrdə N.Tusi "Zuğ Elxani" kitabında Yer kürəsinin coğrafi koordinat cədvəlini tərtib etmişdir və dünyanın ən məşhur 256 şəhərinin yerləşdikləri koordinatlarını, özü əsasını qoymuş triqonometriya və həndəsə elminin vasitəsi ilə təyin etmişdir. N.Tusi kitabında qeyd etdiyimiz cədvəllə və hesablamaları vasitəsi ilə avropalılar onun göstərdiyi nöqtədən Amerika qitəsinə ekspedisiyalar təşkil edib, onu kəşf etmişdilər. N.Tusi riyaziyyat, həndəsə, triqonometriya, astronomiya və s. cədvəlləri Avropa alimlərini 400-500 il qabaqlamışdır...
Onlarla belə misallar çəkmək mümkündür ki, biz avropalılardan "öyrəndiklərimizdən" çox onları "öyrətmişik". Fərq ondadır ki, biz tarix boyu dahilərimizi dinləməmişik, öyrənməmişik və unutmuşuq. Bu "ənənə" müasir dövrümüzdə də davam edir. Məsələn: bütün dünya azərbaycanlı alim Lütfi Zadənin kəşflərindən faydalanır biz onu heç mükəmməl tanımırıq...
Avropalıların "siyasəti" barıt kəşf ediləndən sonra kəskin dəyişdi. Avropalılar təfəkkürlərimizin irsini toplamaqla bərabər işğalçılıq siyasəti yeritməyə başladılar. Bu siyasəti onlar Avropada, Afrikada, Şərqi Asiyada və Amerikada reallaşdırırdılar. İşğalçılıq "fəaliyyətlərində" kütləvi qırğınlar törədirdilər: millətləri və tayfaları yer üzündən silirdilər. Onları heç kim qınamırdı və "cəzasız" qaldıqları üçün özlərini "dünyanın ağası" hesab etməyə başladılar...
Onu da qeyd edim ki, bu yaxınlarda Azərbaycanımızın Aran zonasında aparılan arxeoloji qazıntılar zamanı barıt qabı tapılmışdır və arxeoloqların dediklərinə görə o dünyada mövcud olan barıt qablarından ən qədimidir. Belə fikir söyləmək olar ki, barıt Azərbaycanda kəşf edilib. Bunu sübut edən fakt kimi elimizin dəyərli mədəniyyət incisi olan "Koroğlu" dastanının bir boyunda barıtın, tüfəngin kəşfi haqqında verilən məlumatdır. Koroğlu eşidir ki, barıt və tüfəng yaradıblar. O tüfənglə ova gedən bir kəsdən xahiş edir ki, kəndlinin öküzünə atəş açsın. Atəşdən sonra kəndlinin öküzünün öldüyünü görən Koroğlu kəndliyə öküzün on qat pulunu ödəyərək deyir: "Tüfəngin dünyaya gəlməsindən sonra qoçaqlıq, igidlik, mərdlik və s. yoxa çıxacaq. Ən cılız adam da kolun dalından ən igid adamı da məhv etməyi bacaracaqsa hansı kişilikdən, igidlikdən, mərdlikdən və s. söhbət gedə bilər?.." Bundan sonra Koroğlu Çənlibelə çəkilir və bir daha onu görmürlər... Dünyada analoqu olmayan faktdır!
Ola bilsin ki, bu "kəşf"i avropalılar bizim ədiblərimizin birinin kitablarından "götürüblər"... Koroğlu haqlı imiş. Barıtın sirlərini öyrənən avropalıların "azğınlıqları" daha da geniş vüsət alır.
Onu da deyim ki, avropalılar Şərq ədiblərinin kəşflərindən və ixtiralarından faydalandıqca, təhsilə yüksək dəyər verməyə başladılar, Avropanın müxtəlif ölkələrində elmi cəmiyyətlər yaratdılar. Hər bir insan o cəmiyyətdə öz fikrini sərbəst ifadə etmək hüququna malik idi. Dəyərli fikrə rəvac verilirdi, bu fikirlərin reallaşmasına dövlət və böyük şirkətlər dəstək verirdilər, qrantlar ayırırdılar. Nəticədə millət və cəmiyyət qazanırdı. İndi də avropalılar və onların şirkətləri dünyanın hər bir yerindən dəyərli fikrə malik insanlara qiymət verirlər və nadir "tapıntı" hesab edib, yüksək məvaciblər və qrantlarla təmin edərək, fəaliyyətlərində iştirak etməyə dəvət edirlər. Onların arasında kifayət qədər soydaşlarımız da var. Bizdən fərqli olaraq onların alimlərinin işlərinə əmi-dayı hesabına ad verilmir və arxivlərdə toz basmır. "Ad" alandan sonra, yəni elmi dərəcə alandan sonra, onlar elmi pillələrdə "kreslo" yiyələnib, ömürlük məvaciblə təmin olunurlar və "yenilikli" gənclərdən qorxaraq ki, "kreslosuna" sahib çıxar, elmdən "didərgin" salırlar. Bəziləri elmlə bərabər, Vətəni də tərk edirlər...
Avropalılar isə yenilikləri uyğun sahəyə operativ tətbiq edirlər və bu müasir elmi tərəqqiyə səbəb olur. Avropalıları irəli aparan faktor budur!..
Ən çox biz Avropanı demokratiya, söz azadlığı, hüququn və ədalətin beşiyi adlandırırıq. Bütün Yer kürəsinin sakinləri Avropanı "azad məkan" kimi tanıyırlar. Əlbəttə bu yanlış fikirdir. Unutmaq lazım deyil ki, iki dünya müharibəsini məhz avropalılar "alovlandırıblar" və üçüncü dünya müharibəsinin astanasındayıq. Bu müharibə Avropanın hüdudlarından kənar olacaq. Müasir dövrdə müsəlmanların başına gətirilən müsibətlər "Parçala və ağalıq et!" siyasətini tətbiq edərək, ərəb ölkələrinin bir qisminə "kökə" təklif edir, digərlərinə-qapaz... Ərəblər bunu başa düşəndə gec olacaq !..
Avropalıların ikinci "ağalıq dövrü" atomun kəşfindən sonra başlayır. Atom bombası vasitəsi ilə onlar dünyanı qorxu içində saxlayırlar və istəyirlər ki, bu silah, onlardan başqa heç kimdə olmasın... Avropalılar dünya ilə bərabər bir-birinə də ağalıq etmək iddiasındadırlar. Tarixdə belə iddialar dəfələrlə səslənsə də, müasir dövrdə, ilk belə fikir Hitler Almaniyasından gəlir. ikinci dünya müharibəsindən sonra belə iddia ilə Amerika yaşayır və bu günə qədər davam edir...
Onu da qeyd edim ki, avropalılar məqsədlərinə çatmaq üçün heç bir iyrənc "metoddan" çəkinmirlər və amansızlıqlarının həddi yoxdur. Onların amansız olmasını əsrlər boyu ən çox yəhudilər hiss edib. Onlar Avropaya Yaxın Şərqdən qaçaraq dindaşlarına pənah gətirmələrinə baxmayaraq, zaman-zaman qırğınlara məruz qalıblar. Ən böyük qırğınları ikinci dünya müharibəsi dövründə olub. Dəqiq olmayan hesablamalara görə, həmin dövr Avropada, əksəriyyəti Almaniyada olmaqla, altı milyondan çox yəhudi məhv edilib...
İndi Avropaya müsəlman ölkələrindən qaçqın axını səngimir. İnsanlar sakit və firavan həyat axtarışı ilə Avropaya üz tutsalar da, kim zəmanət verər ki, onları yəhudilərin taleyi gözləmir?..
Qeyd edim ki, avropalılar müxtəlif heyvanların hüquqlarının müdafiə komitələri yaradaraq, özlərinin humanist olduqlarını göstərirlər. Həmin o «humanist» insanların heç biri İraqda, Suriyada və digər yerlərdə hüquqları tapdalanan, əzilən insanların: uşaqların, qadınların, qocaların hüquqlarının müdafiəsinə qalxmaq fikirləri yoxdur. Bu necə «humanistlikdir...?»
Xüsusi ilə Avropa mədəniyyəti və əxlaqı məsələsinə toxunmaq vacibdir. Müasir dövrdə zəmanəmizin insanları Avropa kinolarına, kosmetikasına, geyimlərinə, hətta əxlaqına meyllənərək, onları təqlid edirlər. Müasir şəhərlərimizi, parklarımızı avropasayağı qurmağa üstünlük verirlər. Belə ki, böyük ağacları məhv edib, əvəzinə xırda kol-kosa bənzər dekorativ ağaclar əkirlər və ətrafını çəmən otu ilə bəzəyirlər. Əlbəttə bu düzgün deyil. Bu işi görənlər unudurlar ki, Avropa daha şimalda yerləşdiyi üçün oranın insanları yaşadıqları əraziləri açıq məkana ona görə çevirirlər ki, orada rütubət çox olur və günəş şüası bu rütubətin qarşısını alır. Bizdə isə insanlara günəşdən qorunmaq üçün kölgə salan iri ağacların olması məsləhətdir.
Ən böyük zərbə millətimizin mənəviyyatına dəyir. Avropa və Amerika ekranlarındakı "supermenlərin məğlub edilməzliyi" qarşısında bizi aciz, itaətli olmağa sövq edirlər, insanlarımızı "sındırmaq" məqsədi güdürlər. Lakin dünya idman arenalarında idmançılarımızın əldə etdikləri nailiyyətlər belə olmadığımızı sübut edir.
Heç kəsə sirr deyil ki, Avropa əxlaqı XX əsrin əvvəllərindən surətlə pozulmağa başlayır. Onlar bunu kinolarda, kliplərdə daha qabarıq göstərməklə bizim əsrlərlə formalaşmış əxlaq normalarımıza böyük zərbə vururlar. Son dövr əxlaq pozğunluğu kino və kliplərdə ifrat dərəcəyə çatıb və bizim bəzi səhnə nümayəndələri avropalıları təqlid edirlər. Unutmaq lazım deyil ki, Avropada "azad məhəbbət", geyimlər, kosmetika və s. əks cinslər arasında o qədər "uçurum" yaradıb ki, onlarda "ailə müqəddəsliyi" yox olub, təbii artım tamamilə azalıb, "eyni cinsli" evlənmələr meydana gəlib. Hətta bəzi dövlətlər eyni cinsli nikahları tanıyaraq, rəsmiləşdirməyə başlayıblar...
Belə mədəniyyətə, əxlaqa, həyat tərzinə və s. meyl göstərməyə dəyərmi?.. Məncə, bu haqda hər birimizin düşünməyi zəruridir!..
Heç də bizə qarşı həmişə səmimi olmayan avropalılar, xüsusi ilə düşüncəli qadınlar bizim əxlaq normamıza üstünlük verirlər və müsəlmanlarla ailə qurmağa üstünlük verirlər, çünki müsəlman kişisi sağlam həyat tərzi ilə onların diqqətini cəlb edir.
Məqaləni oxuyan kəs düşünər ki, sadalanan faktlar mənfi köklər üstündə yazılıb. Avropalıların müsbət xüsusiyyətləri yoxdur? Yoxdursa niyə onlar bizdən yaxşı yaşayırlar? və s.
Belə düşünənlər haqlıdırlar. Avropalıların özləri üçün çox gözəl xüsusiyyətləri və keyfiyyətləri var. Avropalıların ən gözəl xüsusiyyətləri təşkilatlanmaq bacarıqlarıdır. Onlar öz aralarında iki dünya müharibəsi aparsalar da, digər dinlər və millətlər qarşısında birləşərək, bir siyasət yürüdürlər, birgə strateji planlar qururlar. İkinci dünya müharibəsindən sonra dərhal NATO təşkilatını yaratdılar. Bu təşkilat Sovet İttifaqından çox müsəlmanların hücumlarından qorunmaq məqsədi güdürdü, çünki çox "zəifləmişdilər." Sonrakı mərhələdə ATƏT, AŞPA və digər təşkilatlar yarandı. Bu təşkilatlara alternativ olaraq yaranan İSESKO daha çox mübahisə klubuna bənzəyir.
Avropalılar bu ölkələrə silahları da elə düşünülmüş şəkildə satır ki, hücum silahı olmasın və istənilən vaxtı bu silahları məhv etmək imkanı olsun. Məsələn: hansı müsəlman ölkəsinə hərbi təyyarələr daşıyan gəmi, su altı qayıq və s. satılıb?..
Avropalılar zənginləşdikcə, dövlətlərinin qayğısına, müdafiəsinə, abadlaşmasına, xalqın rifahının yaxşılaşmasına və s. diqqət yetirirlər. Müsəlman Şeyxləri qazandıqları vəsaiti Avropa banklarında saxlayaraq, onları daha da zənginləşdirirlər. Vəsaitlərini əyləncələrinə, bahalı villalara, şəxsi təyyarələrə, maşınlara, zinət əşyalarına və s. xərcləyirlər.
Sovet ideoloqları belə fikir söyləyirdilər ki, millətin şüursuzluğu savadsızlıqdan olur. Savadlı cəmiyyətdə şüur yüksələcək, biz çox yüksək şüurlu cəmiyyət qurmağa nail olacayıq və s. Bu fikri bizim klassiklərimiz də səsləndirirdi. Artıq tam əminliklə deyə bilərik ki, biz yüksək savadlılığa nail olmuşuq. Milli şüurumuzda olan dəyişikliklər cəmiyyətimizi qane etmir…
Yüksək savadlılıq cəmiyyətimizə kifayət etmir. Milli şüurumuzu dəyişmək üçün biz dövlətimizə, millətimizə, cəmiyyətimizə, bir-birimizə olan münasibəti dəyişməliyik, saflaşdırmalıyıq. Dövlətimizin, millətimizin, cəmiyyətimizin maraqlarını öz istəyimizdən üstün tutmalıyıq. Görmək istədiyimiz işi qurarkən, əvvəlcə mənfəətimizi yox, bu işin dövlətimizə, millətimizə, cəmiyyətimizə faydalılığını, təbiətimizə dəyəcək ziyanı və s. düşünəndən sonra mənfəətimizi düşünməliyik.
Bir misal çəkim: sovetlər dövründə qonşu dövlətlərin birində, sanatoriyada istirahət edərkən, soyuqlamışdım. O vaxtlar satılan «paket südü» alıb içəndə, gördüm ki, hər paketin içindən qaba dırnaq sədəfi boyda yağ düşdü. Bu məni çox təəccübləndirdi, çünki belə hal «bizimkilər» istehsal etdikləri paketlərdə ola bilməzdi… Mən yerli əhalinin nümayəndəsindən soruşanda, o çox dəqiq cavab verdi: «İstehsalçı özümüzük və bilirik ki, bu südü öz millətimiz içəcək»…
Həmin millətin sərvəti, münbit torpaqları, texniki resursları və s. bizimkindən çox-çox aşağı olsa da, onlar belə milli şüurla heç də bizdən pis yaşamırlar!
Özümə sual verdim, görəsən biz nə vaxt belə yüksək şüura çatacayıq?!.
Biz biri-birimizə dəyər verməsək, hörmət etməsək, sevməsək və s. heç bir millət bizi sevməz və dəyər verməz, sayılıb-seçilən xalqlar sırasına ucaltmaz!..
Biz həmişə fərdiliyə üstünlük vermişik. Biz evimizdən qırağı düşünmürük və xalqımızın gələcəyi bizi az maraqlandırır. Biz elə hesab edir ki, fərdi rifah və rəqabət xalqın rifahından vacibdir. Bu rifahı əldə etmək üçün hər cür çirkaba bulaşmağa və şeytana qulluq etməyə hazırıq. Bunu bilən düşmənlərimiz aramızdan kimlərisə seçərək, özünün quluna çevirir və "şeytan" əməllərini həyata keçirməsi üçün yenidən aramıza göndərir. Köləlik əqidəsi əsrlər boyu bizi izləyib və köləlikdən azad olmağa imkan verməyib.
Əksər hallarda bir-birimizə olan münasibətimiz də həmişə saf olmur: çalışırıq ki, özümüzə ziyan vurmadan, qarşımızdakından maksimum qədər faydalanaq. Bu "faydalanma" "açıq" ya "gizli" olur: "açıq" rüşvət yolu ilə, "gizli"- aldatma. Biri digərinə yaxşılıq edəndə düşünür ki, bu yaxşılığın müqabili nə olacaq, nəyi qurban etməli olacam?..
Vəzifə sahibi olanda iki baxış və təbəssüm sahibi oluruq. "Yuxarı" baxışlarımız və təbəssümlərimiz lütfkar, nəzakətli, itaətkar. "Aşağı"- qəzəbli, kinli, təmənnalı, hiyləgər və s.
Unutmaq lazım deyil ki, milləti - millət, xalqı - xalq, dövləti - dövlət edən ən başlıca amil haqq-ədalətli və rüşvətsiz həyatdır, xüsusilə rüşvətsiz. Rüşvət olan cəmiyyətdə haqq-ədalət tapdalanır, dəyərsizləşir, hərc-mərcliyə yol açılır və nəticədə millət, cəmiyyət parçalanır. Haqq-ədaləti tapmaq arzusu ilə, yaxud iddialarını reallaşdırmaq niyyəti ilə, cəmiyyətin bəzi üzvləri, böyük günah edərək, kənar qüvvələrdən bəhrələnərək, onların təsiri altına düşürlər. Kənar qüvvələr həmin insanların arzularını, iddialarını qismən təmin etməklə bərabər, onların köməyi ilə öz çirkin niyyətlərini həyata keçirirlər, o xalqı özlərinə tabe edirlər və sərvətlərinə sahib çıxırlar. Bu həqiqətdir və belə "oyun" tarix boyu çox xalqların başına gətirilibdir. O cümlədən Azərbaycanın da...
Düzdür, bizim xalq öz mərhəməti ilə seçilir. Belə ki, ehtiyacı olana, xəstəyə, qocaya, yetimə əl uzadırlar. Belə insanlar azdır və onlar bunu əksər halda fərdi şəkildə, Allahın qəzəbindən qorxaraq dini məqsədlə, ehsan üçün edirlər.
İctimai tədbirlər bizim uçun ən xoşlamadığımız işdir, xüsusilə vəsait tələb olunanda. Bunu biz özümüzə alçaldıcı hal kimi qəbul edirik. Unuduruq ki, birlikdə görülən iş daha böyük, faydalı və uzun müddətli olur. Xalqa, millətə heç nə əsirgəməzlər. Xalqımız, cəmiyyətimiz bizimlə yaşayır. Biz olmasaq - millətimiz, cəmiyyətimiz, dilimiz də olmaz! Onları yaşatmaq üçün hər şeyi qurban verməyə hazır olmalıyıq!
Gələn qonaqları keçmişimizlə: "nəhrə və cəhrə" ilə tanıtmağa üstünlük veririk. Onlar keçmişimizin cüzi bir hissəsidir. Tariximizi geniş bilməliyik və təbliğ etməliyik. Bununla bərabər, gələn qonaqlar qarşısında ən son nailiyyətlərimizlə "öyünməyə" dəyər. Son illərin uğurları, nailiyyətləri buna imkan verir.
Vətən uğrunda ölməklə bərabər yaşamağı da bacarmaq lazımdır. Bunun üçün Vətənin bütün sərvətlərindən, israfçılığa yol vermədən səmərəli istifadə etmək lazımdır. Elmi-texniki nailiyyətləri geniş tətbiq etmək, görüləcək işləri düşünərək: minimum qədər xərcləyərək, maksimum faydalanmaq lazımdır. Görülən işləri strateji araşdırılma ilə etməliyik. Strateji araşdırmalar xidmət sahəsindən çox, istehsal sahəsini əhatə etməlidir. Strateji araşdırmalar maddiyyətlə bərabər mənəviyyatımızı da əhatə etməlidir. Biri-birimizə münasibətdə saf və düzgün olmalıyıq. Xalqımızın çox işlənən deyimini: "Düz düzdə qalar"ı unutmalıyıq. "Düz - həmişə qalib gələr" kəlməsinə üstünlük verməliyik. Əsrlər boyu formalaşan əxlaqımızı bizə "sırınan" ucuz Avropa əxlaqına qurban verməməliyik! Avropanın ən yəni texnikasını və texnologiyasını öyrənib tətbiq etməyə üstünlük verməliyik. Dünya elmi nailiyyətlərini izləməliyik, ona görə töhfələrimizi verməliyik. Buna bizim kifayət qədər potensialımız var, əgər səhlənkar yanaşmasaq.
Ən böyük qəbahətlərimizdən biri qanuna hörmətsizliyimizdir. Qanunu pozmağımızı biz «qəbahət» yox, «qəhrəmanlıq» kimi qəbul edirik. Bu çox böyük səhvdir. Qanunlar hər bir vətəndaşı qorumaq üçündür. Qanunları pozanda – biz özümüzü və ətrafdakılarımızı təhlükəyə, maddi və mənəvi sarsıntıya, sağlamlığımıza və s. bəlalara düçar edirik… Biz bunu avropalılardan öyrənsək – faydası böyük olar.
Bəzi hallarda qanunlarımız haqq-ədalətdən uzaq olur. Qanunun qəbulundan əvvəl saf məqsəd söyləsək də, tətbiq ediləndən sonra «çirkin» məqsədlər üzə çıxır.
Məsələn: Deyilənlərə görə başqa üsullardan istifadə etməyərək, saxta iş yerlərinin qarşısını almaq məqsədi ilə ildə bir dəfə maaş kartını dəyişmək təklifi irəli sürüblər və tətbiq ediblər. Əlbəttə bu «görünən» tərəfdir. Medalın o biri «tərəfi» hər il işləyənlərdən «bank kartını» dəyişmək üçün pul almaqdır. Hər bir işləyən yaxşı bilir ki, hər il yüksələn xətlə nə qədər pul ödəyir…
Belə hal dövlətimizə və xalqımıza maddi və mənəvi zərbə vurur, rüşvətxorluğa yol açır və s.
Belə onlarla misal çəkmək olar. Məqsəd bir-bir onları üzə çıxartmaq deyil. Bunun üçün orqanlar var. Məqsəd şüurumuzda dəyişiklik etmək zərurətindədir. Hər bir kəs düşünməlidir ki, o gördüyü işin bəhrəsini həmvətəni istifadə edir və saf düşünülmüş olmayan bəhrə millətimizə ziyan vurur.
Məsələn: televiziyada tez-tez göstərirlər ki, qanunsuz tikililər uçurulur. Kimsə «alıb» tikdirir, digəri – uçurur. Dövlətimiz ziyanı həmin tikilişdə istifadə olunan material, sərf olunan işçi qüvvəsi, dövlət vergisindən yayınmalar və sairdə tapır. Vətəndaşımız isə maddi və mənəvi zərbələr alır və s.
İsrafçılıq, rüşvətxorluq, qohumbazlıq, yerlibazlıq və s. milləti geriyə çəkən mənfi keyfiyyətlərindəndir.
Sevindirici haldır ki, prezidentimizin göstərişi ilə Azərbaycan brendi olan «Asan» xidməti yaradılıb. Bu xidmətin hesabına bir çox işbazların «bazarı» bağlanır. Yaxşı olar ki, bu təşkilatın səlahiyyətləri həyatımızın bütün sahələrini əhatə etsin. «Asan» xidmətinə müraciət edən hər bir vətəndaşımız, bütün xidmətlərlə bərabər, xəyalında qurduğu planlarını reallaşdırmağa nail olmaq imkanı əldə etsin! Əgər onun planı «real» deyilsə, onun mümkünsüzlüyü vətəndaşın bilik səviyyəsində izah edilsin və düzgün yol göstərilsin.
Dostları ilə paylaş: |