Бяйляр ялийев – 60


İLHAMIN MƏNALI HƏYAT YOLU



Yüklə 0,94 Mb.
səhifə3/10
tarix17.11.2018
ölçüsü0,94 Mb.
#82695
1   2   3   4   5   6   7   8   9   10

İLHAMIN MƏNALI HƏYAT YOLU
İlham Qərib oğlu Məmmədov 1971-ci ildə Gədəbəy rayonunun Köyəlli kəndində anadan olub. Sonra valideynləri ilə birlikdə Qaradağlı kəndinə köçüb gəlib və təhsilini Qaradağlı kənd orta məktəbində başa vurmuşdur.

Orta məktəbi bitirdikdən sonra Gəncə şəhər 88 №-li texniki peşə məktəbinə daxil olub. Mək­təbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 1992-ci ildə hərbi xidmətini qurtarandan sonra doğma kəndinə qayıdıb.

İlham təzəcə müstəqil həyata qədəm basmaq istəyəndə onu Vətənin dar gününün harayına ça­ğırdılar. O bu çağırışa qoşulub Goranboy rayon hər­bi komissarlığından cəbhəyə yola düşdü. İl­ha­mın ilk döyüşü Goranboy alayının tərkibində Ağ­də­rədə başladı. O bir neçə kəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdi.

Düşmən Ağdərə rayonunun bəzi yaşayış mən­təqələrini yenidən işğal edəndə İlhama və onun yoldaşlarına Sərsəng su anbarının yaxın­lı­ğın­da olan teleqülləni müdafiə etmək tapşırıldı. Onlar bu tapşırığı məharətlə yerinə yetirdilər. Artıq 20 gün­dən çox idi ki, düşmənin həmlələrini heçə en­dirdilər.

Düşmən martın əvvəllərində həmlələrini güc­ləndirmək məqsədi ilə həmin ərazini güclü top atəşinə tutdu. Bu top atəşi nə qədər dəhşətli olsa da, döyüşçülərimiz mövqelərini tərk etmirdilər və güclü top atəşindən sonra olan həmləni dəf etməyə hazırlaşırdılar. Elə bu vaxt düşmən topunun mər­misi düz İlhamın yanında partladı. İlham Qərib oğ­lu Məmmədov ağır qəlpə yaraları aldı. Onun ha­rayına gəlmiş yoldaşları İlhamı döyüş meyda­nından çıxartsalar da, həyatını xilas edə bilmədilər.

...Vəziyyətinin ağırlığını dərk etsə də İlham döyüş yoldaşlarına döyüş mövqeyinə qayıtmalarını deyirdi. Onlardan biri İlhamın yanında qaldı. Qa­lan­ları isə mövqelərinə qayıdaraq, düşmənin növ­bəti həmləsini dəf etdilər...

İlhamın şəhid olması bütün kənd tərəfindən kədərlə qarşılandı. Çünki o cavan olmağına bax­ma­yaraq, camaat arasında böyük hörmət qazan­mışdı. Kənddə elə adam yoxdur ki, ondan incimiş olsun. Hamı onu mədəni, mərifətli, qoçaq, səmimi oğlan kimi tanıyırdı. Bir sözlə, İlham böyüyün-kiçiyin yerini bilirdi...

Bütün kənd camaatı Qərib kişinin ailəsinin başına toplaşıb İlhamı layiqinsə yola saldılar... Allah ona rəhmət eləsin! Qəbri nurla dolsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin!


XARİCİ QONAQLAR
Kəndə səs düşdü ki, xaricdən qonaqlar gə­ləcək. Qeyri-hökumət təşkilatının xətti ilə layihə hə­yata keçirmək üçün bu kəndi seçmişdilər. La­yi­hədən əvvəl xaricilər əhaliyə həftəlik seminar ke­çirəcəklərini bildirmişdilər. İcra nümayəndəsi təcili fəalları toplayıb bu xəbəri onlara çatdırdı və dedi: "Bizim millətin qonaqpərvərliyi bütün dün­yaya məlumdur və biz elə etməliyik ki, gələn qonaqlar bizdən narazı qalmasın. Bunun üçün biz hər işi xır­dalıqlarına qədər ölçüb-biçməliyik ki, harada qo­naqlara süfrə açacağıq və harada gecələyəcəklər."

Müzakirələri dinləyəndən sonra icra nüma­yəndəsi fəallarla birlikdə qərara aldılar ki. Qonaq­ları rayonun ərazisində olan ən yaxşı restoranda yedirdib, ən yaxşı oteldə istirahətini təşkil etsinlər. Hətta bunun üçün lazım olan vəsaiti hesablayıb, toplanmasına göstəriş də oldu.

Həmişəki kimi, hamı sakitcə oturan Kamil müəllimin fikrini gözləyirdi, çünki o yeganə adam idi ki, əksər hallarda çoxluğu təşkil edən fikirlə razılaşmırdı və özünə məxsus tərzdə insanların "ağzını pozurdu".

Kamil müəllim orta yaşlı insan idi. Baş­qa­larından fərqli olaraq zəngin deyildi və topladığı vəsaiti kitablara və ailəsi ilə səyahət etməyə xərc­ləyirdi. Hətta bir neçə xarici ölkələrdə də olmuşdu. Kamil müəllim nə villa, nə də "xarici maşın" sahibi idi. Çoxları Kamil müəllim kimi yaşamaq arzu­sunda olsa da, bunu edə bilmirdilər, çünki "qon­şunun acığına mən də..." fikri onlara bu arzularına çatmaq imkanı vermirdi. Topladıqları vəsaiti qon­şuya çatmaq və onu qabaqlamağa sərf edirdilər. Yeri gələndə Kamil müəllim haqqında söhbət düşəndə deyirdilər: "Kamil müəllim bir dənədir. Heç kim Kamil müəllim ola bilməz." Kənddə Kamil müəllimin böyük hörməti var idi. Hamıya o eyni gözlə baxırdı və heç kəsdən məsləhətini və köməyini əsirgəmirdi. Kamil müəllimin hörməti çoxlarını "qayğılandırırdı" və gözləri götürmə­yən­lər onun haqqında xoş olmayan sözlər yayırdılar.

Kamil müəllim bu kəndə təyinatla gəlmişdi. Uzun müddət idi ki, bu kənddə müəllimlik edirdi. Özünəməxsus təmkinli, görəcəyi işi çox götür-qoy edən adam idi. Ona görə də onun işində nöqsan tapmaq mümkün deyildi. "Tapılan" nöqsanları ona deyəndə, gülümsəyərək "işin mahiyyətini yaxşı dərk etmədiyiniz üçün, sizə belə görünür", - deyə cavab verərdi...

Çıxış üçün Kamil müəllim söz istədi. Hamı sakitləşdi. Onlar bilirdilər ki, Kamil müəllim söz istəyibsə - yığıncağın qərarı onu qane etməyib və o yeni təklif irəli sürəcək.

- Yoldaşlar, - dedi Kamil müəllim. - Siz bizim millətin qonaqpərvərliyini düz qeyd etdiniz. Mən az-çox dünya xalqlarının nümayəndələri ilə təmasda olmuşam. Bizim qonaqpərvərliyimizdən heç bir yerdə yoxdur. Otuz nəfər azərbaycanlı içinə qeyri-bir millətin nümayəndəsi düşəndə, o otuz nəfər çalışır ki, ya o bir nəfərin dilində danışsın, ya da elə bir danışıq dili seçirlər ki, o bir nəfər onları başa düşsün. Biz bunu qonağa hörmət kimi qiy­mətləndirdiyimizə baxmayaraq, əksər halda bunu müsbət qarşılamırlar və o bir nəfərdə bizim haq­qımızda müsbət rəy formalaşmır. Biz elə et­məliyik ki, o bir nəfər bizim dilimizi öyrən­məyinin zəru­rətini duysun və dilimizi öyrəndikdə - necə zərif, zəngin, məlahətli, dünya dillərindən gözəl oldu­ğunu hiss etsin...

Hər xalqın öz xüsusiyyətləri və meyarları var. Siz nəzərdə tutduqlarınız yalnız qonaqların qarnını doydurub, rahat yatmaqdan ibarətdir. Sizə elə gəlir ki, insanlara bundan artıq heç nə lazım deyil. Bu fikir səhvdir. Bu, bizim millətin psixolo­giyasıdır. Siz qonaqların qidalanmasına əbəs yerə külli miqdarda vəsait sərf etmək fikrindəsiniz. Lazım deyil! Sizin üçün ləziz görünən "qrilləri", "kababları" və s. onlar qəbul etməyəcəklər. Onlar bilirlər ki, hər gün yağlı, güclü qidalı yeməkləri yemək insanların sağlamlığına xeyirdən çox ziyan verir. İnsan xəstəliklərinin dörd dərin kökü olan sütunu var. Bu sütunlar soyuqdəymə, əsəb, yağlı-kalorili yeməklər və hərəkətsizlikdir. Yalnız bizim millət özünü bunlardan qorumur.

Təklif edirəm qonaqlar üçün kəndimizdə süfrə açaq. Onları millətimizin dadlı xörəklərinə qonaq edək. Onlar üçün bu daha maraqlı və xoş­xatirəli olacaq. Yemək üçün nəzərdə tutduğunuz vəsaitin cüzi bir hissəsinə ətrafımızda olan tarixi abidələrimizlə tanış edək, toylarımıza, nişanları­mıza, təbiətimizin mənzərəli yerlərinə aparaq. Sizin o hər gün gördüyünüz su dəyirmanı, istifadə etdiyiniz kəhriz, toxunan xalça və s. bizim üçün adi olmağına baxmayaraq, onlar onu möcüzə sa­yaraq, öz ölkələrində göstərmək üçün şəklini çə­kəcəklər, məqalələr yazacaqlar.

Kamil müəllim sözünü davam etmək istə­yəndə icra nümayəndəsi Həsrət kişi ona otur işarəsi etdi...

Kamil müəllimə "camaatın ağzını pozan" sö­zünü ən çox Həsrət kişi işlədirdi. Elə indi də Ka­mil müəllim söz istəyəndə Həsrət kişinin kefi po­zuldu. O, Kamil müəllimə tərs-tərs baxaraq söz vermişdi.

Həsrət kişi ağır-ağır durub dedi:

- Ay Kamil müəllim, sənin sözünlə gələn qo­naqlar yeməkdən imtina edib, muzey ax­ta­ra­caqlar? Hər şey yeməyə bağlıdır. Adamın qarnı tox olanda oynamaq da istəyir, oxumaq da.

Bu sözləri eşidəndə hamı ürəkdən gülməyə başladı. Kamil müəllim heç nə demədən sakit otur­du. O bilirdi ki, Həsrət kişini inandırmaq mümkün deyil. O heç vaxt səhvini etiraf etməzdi və sona qədər dediyinin üstündə durardı...

Bir həftədən sonra qonaqlar gəldi, semi­nardan razı qaldılar. Onlar çıxıb gedəndən sonra Həsrət kişi yenə də toplantı keçirdi. Bu toplantıda Kamil müəllim yox idi. Həsrət kişi toplantı işti­rakçılarına, qonaqların qəbulunda iştirak edənlərə təşəkkür etdi. Amma qonaqların gəldiyi gündən bir gün sonra onların tələbi ilə Həsrət kişi qonaqları "Göy-gölə" və şəhərdəki tarix diyarşünaslıq muze­yinə apardığını, kəhrizin və su dəyirmanının ya­nında şəkil çəkdirdiyini, həyat yoldaşının qonaq­lara yuxa yaydığını, dürmək düzəltdiyini, kətə, əvəlikli umac, dovğa bişirdiyini və s. deməsə də, camaat hər şeyi bilirdi. Onlar Kamil müəllimin haqlı olduğunu görüb, ona daha çox hörmət bəs­lədi.

Kamil müəllim onlara həmişə deyirdi ki, "bizimkilərdən bəziləri var-dövləti və yeməyi hər şeydən üstün tutur. Getdikləri şəhərlərin, dövlətlə­rin bazar-dükanlarından başqa heç bir yeri gör­mürlər və getdikləri ölkələr haqqında yalnız on­lardan danışırlar. Getdikləri ölkə haqqında təsəv­vürləri az olur. O ölkə haqqında fikir söyləməyə çə­tinlik çəkirlər. O ölkənin adət-ənənələrini bil­mədikləri üçün "kobud" səhvlər edirlər və bununla öz xalqı və milləti haqqında mənfi rəy yaradırlar. Məsələn: heç kəs bilmir ki, qonşu dövlətlərin ək­səriyyətinin muzeylərində bizim milli musiqi alət­lərimiz, ərazi bütövlüyümüzü şübhə altına salan xəritələr, millətimizə məxsus çoxlu əşyalar orada nümayiş etdirilir və mənimsənilir və s. Heç kəs on­lara mane olmadığı üçün milli əşyalarımızın çe­şidini genişləndirirlər. Görəsən bu nə vaxta qədər davam edəcək...


QONAQLIQ
Bu gün çayçıya həmişəkindən çox insan top­lanmışdı. Buna səbəb Tofiqin qonaqlığa getməsi idi. Bu adi qonaqlıq deyildi. Tofiq icra hakimiyyəti başçısının qonağı olmuşdu. Hamı səbirsizliklə To­fiqin gəlməyini gözləyirdi ki, qonaqlığın necə keç­diyini öyrənsin...

Tofiq 40 yaşını keçmiş insan idi. Bir neçə ay əvvəl onun tələbə yoldaşı rayonlarına başçı təyin olunmuşdu. O, Tofiqin bu rayonda yaşadığını bilir­di və yanına çağırmışdı...

Tofiq yaxşı insan və yaxşı mütəxəssis idi. Hamı onun təvazökarlığına heyran idi. O böyüklə böyük, kiçiklə kiçik idi. Heç vaxt qabiliyyəti ilə öyünməzdi, heç kimə köməyini əsirgəməzdi, etdiyi köməkdən təmənna güdməzdi, edilən "hörmətlə" kifayətlənərdi. Böyük hörmət sahibi olsa da, zən­gin deyildi, heç zəngin olmağa da can atmazdı. İn­sanların çoxu onun bu keyfiyyətinə görə hörmətini saxlasa da, bəziləri onu "ağılsız" hesab edirdi. De­yirdilər: Tofiqin qabiliyyəti və bacarığı məndə ol­say­dı, qaz vurub qazan doldurardım. Nəinki kən­dimizin, rayonumuzun ən zəngin insanı olardım...

Yeni gəlmiş icra başçısı Tofiqi kifayət qədər tanıyırdı. Axı onlar tələbəlik həyatını birgə yaşa­mışdı. O, Tofiqin qabiliyyətinə, savadına bələd idi. Təvazökar və məğrur olmağını bildiyi üçün özü onu yanına çağırmışdı. Düzdür, yeni gələndə Tofiq onu evinə dəvət etmişdi. Vaxtı olmadığı üçün başçı gələ bilməmişdi. Bu Tofiqin xətrinə çox dəymişdi və bir də başçının yanına getmirdi...

Tofiq çayçıya girəndə hamı onu alqışlarla qarşıladı, mötəbər yerdə əyləşdirdilər, qabağına çay qoydular və s. "Təmtəraqlı qəbul" qurtarandan sonra qonaqlığın necə keçdiyini soruşdular. Tofiq heç bir qonaqlığın olmadığını, başçı ona iş təklif etdiyini söyləsə də ona inanmadılar, çünki səhər qəbula gedən Tofiqin gün batana yaxın evə gəl­diyini bilirdilər. Onlardan biri soruşdu:

- Neçə il idi görüşmürdünüz. Görüşünüzü qeyd etmədiniz? Ola bilməz ki, siz axşama qədər ac-susuz oturaydınız.

Tofiq dedi:

- Niyə ac-susuz? O qəbulun sonuna kimi göz­ləməyimi xahiş etdi. Qəbul qurtarandan sonra evə dəvət etdi.

- Yəqin ki, möhkəm yediniz-içdiniz, özü də ləziz və dadlı yeməklərlə...

Tofiq qəzəblə:

- Niyə sən hər şeyi yemək-içməyə bağla­yırsan? Bəyəm bundan vacib iş yoxdur? Biz başçı ilə sadəcə nahar etdik...

- Nə yediniz? - deyə həmin adam əl çək­mir­di, - yəqin ki, növbənöv kabablar...

Tofiq qəzəblənərək dedi:

- Sən necə insansan?! Kabablar nədir? Biz şor­ba, qarabaşaqla katlet, turşu, kompot və s. ye­dik...

Həmin adam əl çəkməyərək:

- Daha bunun nəyi qonaqlıq oldu? Köhnə dostların görüşünü şorba ilə "qeyd" etmək günah­dır. Yəqin ki, içkiniz xarici olub...

Tofiq ona tərs-tərs baxıb dedi:

- Sənin kimiləri hər şeyi "gödənə" bağlayır. Adam bu qədər qarınqulu olmaz! Sizlər masanın üstündəkindən o yanı görmürsünüz...

İndi də sual verən qəzəblənərək dedi:

- Əgər mən başçı olsaydım, gündə bir quzu yeməsəm dayanmazdım...

Hamı qəh-qəhə çəkib güldü və biri dedi:

- Yaxşı ki, sən başçı deyilsən, yoxsa rayonu yeyib qurtarardın.

Bu sözlər hamının bir neçə dəqiqəlik gülü­şünə səbəb oldu. Hamı dayanandan sonra Tofiq dedi:

- Bizi hər yerdə biabır edənlər elə be­lə­lə­ridir. Hər şeyin həddi var, başqa xalqlarda olan "por­siya" anlayışı bizdə yoxdu. Biz həmişə doyana kimi yeməyə vərdiş etmişik. Yemək ürəyimizcə olan­da "partlayana" qədər yeyirik. Bunun nəticə­sində əksəriyyətimiz artıq çəkidən əziyyət çəkirik, müxtəlif xəstəliklərin baş qaldırmasına şərait yara­dırıq...

Biz heç istirahət günlərində istirahət etməyi bacarmırıq. Təbiətin qoynuna gedəndə, ləziz ne­mət­lərlə bərabər mütləq quzu aparmalıyıq, sanki biz evdə ləziz yeməklər görmürük və yemirik. Təbiət qoynunda istirahət əvəzinə, başımız quzuya və ləziz yeməklər hazırlamağa elə qarışır ki, təbiə­tin gözəlliyini duymağa vaxt qalmır. Təbiətə vur­du­ğumuz ziyanı buraya əlavə etsək, bunu "istira­hət" adlandırmaq olarmı? Başqa xalqların nüma­yən­dələri, təbiətin qoynuna gedəndə "suxoy pa­yok" götürürlər. Kifayət qədər təbiətdən zövq alan­dan sonra, gətirdikləri bol çeşidli turist konser­vaları, kolbasaları, kətələri, yumurtanı, pendiri, ayranı və s. Qabağına qoyub yeyirlər-içirlər, isti­rahətlərinə davam edirlər. Yeyib qurtarandan sonra mütləq təmizlik işi aparırlar; çirkləndirdikləri yeri təmizləyib, səliqə-səhman yaradırlar, zibilləri top­la­yırlar, yanasını yandırırlar, qalanını oturduqları yerdən kənarda bir yerə qoyurlar və ya basdırırlar.

Siz bilirsiniz ki, mən uzun müddət Rusiyada yaşamışam. Yayda onlar təbiət qoynuna göbələk, giləmeyvə yığmağa, balıq tutmağa və s. gedirdilər. Onlar göbələk yığmaq üçün özləri ilə kəsici alət aparırlar və böyümüş göbələyin kökünü zədələ­mə­mək üçün onu səliqə ilə kəsib götürürlər ki, həmin yerdən bir də göbələk tapa bilsinlər. Balıq ovu zamanı onlar müəyyən ölçüdə balaca tutduqları balıqları yenidən suya atırlar ki, böyüsün. Onlar bilirlər ki, o balıq böyüyəcək və böyüyəndən sonra onu tutmaq daha sərfəlidir...

Bunu onlara heç kim məcbur etmir. Onlar yüksək şüura malik insanlar kimi davranırlar və bilirlər ki, belə davranışla təbiətin neməti tükən­məz olur: meşənin - göbələyi, göllərin - balıqları bitmir. Ümumiyyətlə, flora və fauna vəhdət təşkil edir və daha çox fayda verir.

Tofiq, onu sakitcə dinləyənləri nəzərdən ke­çirərək, dedi:

- Deyin görüm, sizin hansınız təbiətimizə be­lə münasibət bəsləyirsiniz?! Danışanda hər biri­niz Vətən sevgisindən ağzı dolu danışırsınız, şeir­lər söyləyib, mahnılar oxuyursunuz. O quru sevgi­dir! Vətənini sevən insan onun sərvətlərinə qayğı ilə yanaşmalıdır, istifadə etməlidir və israfçılığa yol verməməlidir. Təbiətimizin flora və faunasının harmoniyasını pozmamalıdır, pozulmuş sahəsində tarazlığı bərpa etməyə çalışmalıdır.

İsrafçılıqdan söhbət düşmüşkən, hansı sahə­də biz israfçılıq edirik?! Xeyir işlərimizdən tutmuş, hüzr yerlərinə qədər. Dövlətimiz nə qədər mübari­zə aparsa da, yenə də bizi fikrimizdən döndərə bil­mir. Dövlət bir ay üçün nəzərdə tutduğu məvacibi bir neçə toyda xərcləyirik və gileylənirik ki, bizə məvacibi az verirlər. Həmin məvacibin 20-30 faizi bir ay ailənin normal qidalanması, digər hissəsi başqa xərclərə kifayət edər.

Toya dəvət edilən şəxs şahidlik etmək üçün çağırılır ki, bu izdivac elə bəlli olsun. Çoxmu va­cibdir bu izdivaca yüzlərlə insan şahidlik etsin?! İnsanlar elə başa düşürlər ki, toya çox adam çağır­maqla çoxlu pul qazanacaqlar. Əlbəttə bu yanlış fikirdir. Çox qonaq çağırılan toyun xərci də çox böyük olur. Nəticədə az və çox qonaq dəvət edən­lər bərabər olur. Az qonaq çağıranda - ən yaxın adamlar olur və çox pul salanda onlardır...

Onu da qeyd edim ki, toyda "qazanmaq" to­ya gedənin özündən, toylara saldığı puldan, cə­miy­yətdə tutduğu nüfuzdan və vəzifədən asılıdır. Bəzi toylarda stollar boş qalır. Bu o adamların başına gə­lir ki, cəmiyyətdəki nüfuzunu, mövqeyini, get­dik­ləri toyun sayını və s. nəzərə almırlar. Elə hesab edirlər ki, dəvətnamə yazılarsa, deməli gələcəklər. El arasında belə fikir formalaşıb ki, toya getmək - borc vermək kimidir: çox verərsən - çox alarsan. Çox təəssüf ki, bu belə olmur.

Toylar günü-gündən bahalaşır, çünki toylara çəkilən xərclər, edilən ərzaq tədarükləri süni şəkil­də bahalaşır. Səbəb - toylara göstərilən marağın art­ması. Hər birimiz çalışırıq ki, etdiyimiz toy di­gər­lərinkindən üstün olsun. Məsələn: əvvəllər gəli­nin ayağının altında kəsilən qoyunun başına qır­mızı bağlayardılar. İndi ona o qədər bəzək-düzək vururlar ki, bəzək-düzək qoçdan baha olur. Gəlini qohum-dostun olan adi maşınla gətirirdilərsə, indi gəlini ən bahalı maşınla yüksək məbləğ kirayə pulu verib gətirirlər. Musiqi zakazları artıb və s.

Kiçik oğlan toylarında əgər əvvəl valideyn övladına təzə paltar alıb geyindirirdisə, son vaxtlar xüsusi paltar dəbdədir. İmkanı olan o paltarı alır. İmkanı olmayan o paltarı, qiymətinin azı üçdə bir hissəsinin müqabilində kirayə götürür. Özü də o paltar cəmi bir dəfə geyinilir. Ayrı yerdə onu ge­yin­mək mümkün deyil. Son vaxtlar kiçik toya təl­xək və digər personajları dəvət edirlər. Bu da əlavə xərcdir.

Bu iradı nişan və toyda gəlinlik paltarlarına da aid etmək olar.

Qız toyunda şirniyyat paylayırlar. Əgər əv­vəl­lər o şirniyyatı adi salfetə bükürdülərsə, indi on­lar üçün torba "kəşf" ediblər. Həmin torbalar için­dəkindən bahadır. Toylarda süfrəmizə 30-40 ad­da nemət qoyulur. Onun yarıdan çoxu ümu­miy­yətlə heç istifadə edilmir.

Yaslarımız da toydan geri qalmır. Bəziləri bu mərasimdən biznes qurublar. Vəfat etmiş insan qalıb bir yanda, yasa gələnlər mağarın tərtibatından tutmuş, düzülən qablara, verilən nemətlərə və edi­lən qulluğa diqqət yetirirlər. Qəbir yerinin və baş daşlarının artan qiymətləri tez-tez mətbuatda və televiziyada qınaq obyektinə çevrilir...

Belə "qəbahətlərimizi" sadalamaqla bitmir, belə getsə heç bitməyəcək də. Məni düşündürən odur ki, görəsən biz nə vaxta qədər belə ucuz şöh­rət dalınca düşəcəyik?! "Tədbirlərimizin" şan-şöh­rətini yox, mahiyyətini düşünəcəyik, bir-birimizin bəhsinə girib, kreditlər girovuna çevriləcəyik, evlə­rimizi boş, övladlarımızı ac qoyacayıq? Axı bunlar bizə və övladlarımıza xoşbəxtlik yox - bədbəxtlik gətirir, vəfat edənlərə şöhrət yox, ruhuna narahatlıq gətirir və s...

Hamı susurdu. Tofiqin dedikləri hamını na­rahat etsə də, qabağa düşən yoxdur. Hamı gözləyir ki, kimsə "birinci" olacaq, nöqsanları aradan gö­tü­rəcək və digərləri onun arxasınca gedəcək...


BİR GECƏNİN ODU
Aslan həmişəki kimi, əlil arabasında oturub vağzalda siqaret satmaqla məşğul olurdu. Elektrik qatarı dayandı və sərnişinlər düşdülər. Birdən As­lan köhnə tanışı olan Elmanı gördü. Aslan Elmanın həbsxanadan çıxdığını bilirdi. Onlar rastlaşma­mış­dılar, evlərinə getməyə Aslan xəcalət çəkirdi, çün­ki Elmanın həbsə düşməyinin səbəbkarı o idi. Elə o gecənin hadisəsindən sonra Aslan ömürlük əlil arabasının ümidinə qaldı. Hadisə belə olmuşdu...

Aslan orta məktəbi bitirəndən sonra Ru­si­yada yaşayan atası onu yanına apardı. Aslan çox­dan Rusiyaya getmək arzusunda idi. Oradakı həyat haqqında o kifayət qədər eşitmişdi və Rusiya xə­yalları ilə yaşayırdı. Aslan ucaboylu, idmançı qa­mətli, gözəl bir oğlan idi. Küçə ilə gedəndə hamı ona heyran olurdu, yerli qızlar heyrətlə baxırdı və söz atırdılar. Aslanın işi-gücü yox idi və bütün günü şəhəri gəzib dolanırdı. Onu müşahidə etmək üçün atası Elmana xahiş etmişdi və xərcləmək üçün kifayət qədər pul vermişdi.

Elman Aslandan 4-5 yaş böyük idi və bir neçə il idi ki, Rusiyada yaşayırdı, buranın abu-havası ilə tanış idi. Yerli cavanlar da Elmanı tanıyır və xətrini istəyirdilər. Elə bu səbəbdən də Aslanın atası oğlunu ona etibar etmişdi.

Elmanla Aslan bir neçə gün şəhəri gəz­dik­dən sonra Aslan eşitdiyi rəqs meydançasına get­mək istədiyini bildirdi. Elman onun bu istəyini yerinə yetirmək istəmirdi, çünki bilirdi ki, çox vaxt orada gənclər hər cüzi sözə və hərəkətə görə dava salırlar.

Aslan əl çəkmirdi. Axırı Elman məsuliy­yət­dən canını qurtarmaq üçün Aslana atasından icazə almağı məsləhət gördü. Aslanın atası icazə verdi, hələ bir Elmanın üstünə qışqırıb dedi: "Sənə de­mədim ki, mənim oğlumun nə arzusu olsa, yerinə yetir".

Elman Aslana verdiyi məsləhətə görə pərt olaraq, onun arzusunu yerinə yetirmək üçün növ­bəti rəqs gecəsi onu rəqs meydançasına gətirdi.

Eşitdiyinə görə Aslan bilirdi ki, rəqs mey­dançasında istədiyin qızla rəqs etmək imkanı olur və öz xarici görkəminə arxayın olaraq bütün gözəl qızlarla rəqs etmək arzusunda idi. O çox xoşbəxt görünürdü və gözünə heç nə görünmürdü. Aslan bilmirdi ki, hər yerdə olduğu kimi, rəqs meydan­çasının da öz qayda-qanunu var. O, bilmirdi ki, qızı rəqsə dəvət edəndə kifayət qədər mehriban olmaq lazımdır və qızın rəqs etməkdən imtina etməsini səmimi qəbul edib minnətdarlıq etmək lazımdır, kobudluğa yol vermək lazım deyil. Əgər qızın yanında oğlan varsa - əvvəlcə oğlandan qızla rəqs etmək icazəsini almaq lazımdır və sonra qızı rəqsə dəvət etmək imkanı əldə etmək olar. Qızla rəqs edib qurtardıqdan sonra, onu rəqsə dəvət etdiyi yerə kimi ötürmək, qıza və rəqsə icazə verən oğlana minnətdarlıq etmək lazımdır. "Belıy tanes", "damskiy tanes" elan edildikdə - rəqsə qızlar dəvət edirlər. Oğlanın rəqsə dəvət etməyi - kobud səhv hesab edilir və s. Elmanın da bu qaydaları başa sal­maq yadından çıxdığı üçün, Aslanın ağına-bozuna baxmayaraq buraxdığı "kobud səhvləri" yerli ca­vanları möhkəm qıcıqlandırırdı...

Elman Aslanı özünü yaxşı aparmağa dəvət etsə də, o "göylərdə uçurdu", Elmanın sözlərinə mə­­həl qoymurdu...

Elman özü də ara-bir rəqs edirdi. Bir dəfə hətta o "ləzginka" sifariş verdi. Bu rəqsi çox se­vinc­lə qarşıladılar və Qafqazdan olan gənclər bö­yük həvəslə bu rəqsi oynadılar. Qafqazlılarla bə­rabər yerli gənclər də bu rəqsi bəyəndilər və elələri oldu ki, qafqazlılara qoşulub oynadılar. Rəqs mey­dançasında olan insanlar bütün rəqs müddəti əl çaldılar və rəqsin sonunda gurultulu alqışla al­qış­ladılar...

Növbəti rəqs çalındı. Aslan bir neçə dəfə rəq­sə dəvət etdiyi qızı yenidən dəvət etmək istə­yirdi. O, qıza yaxınlaşıb, köhnə tanış kimi qızın əlindən tutub dedi: "Poşli?" Elə bu vaxt qızın ya­nında duran rus gənci gözlənilmədən Aslana güclü bir yumruq vurdu. Aslan zərbənin gözlənilmədən vurulduğu üçün səndələdi və yerə yıxıldı.

Zərbəni vuran gənc, qızın həyat yoldaşı idi. Aslanın ilk dəvətində tərs-tərs baxışlarına o fikir verməmişdi. Gənc qız həyat yoldaşını sakitləşdirə­rək: "Sən ona fikir vermə, axı o rus deyil, qonaq­dır. Qoy onun xətrinə dəyməyim" deyib onunla rəqs etməyə getdi.

Rəqs zamanı o Aslanın haradan gəldiyini, kiminlə gəldiyini və s. soruşdu. Aslan dəfələrlə onun ayağını tapdaladı və hər dəfə utanaraq, üzr istəyirdi. Bu da qızın gülməyinə səbəb olurdu. Qız Aslanın xoşuna gəlmişdi və onu sorğu-suala tut­ma­sı, gülməsi qızı Aslana yaxınlaşdırmışdı. Buna gö­rə o qızla "köhnə tanış" kimi rəftar etməyə baş­la­mışdı. Aslan qızın ailəli olduğunu, yanında duran gəncin onun həyat yoldaşı olduğunu heç ağlına da gətirmirdi...

Aslan yerə yıxılanda heç nə anlamadı. O durub rusu sorğu-suala tutmaq istəyirdi ki, onu niyə vurdu. Elə bu vaxt ona təpik dəydi, o yenə də yerə yıxıldı. Bayaqdan Aslana tərs-tərs baxanlar vəziyyəti belə görəndə onu təpikləməyə başladılar. Aslan qalxmağa çalışsa da, macal tapmırdı. Saysız-hesabsız zərbələr dolu kimi onun üstünə tökülürdü. Əvvəlcə Aslan bu zərbələri hiss edirdisə, sonra bədəni sanki keyləşdi və o huşunu itirdi...

Elman səs-küy eşidəndə və arxaya dönəndə gördü ki, 8-10 nəfər bir nəfəri təpikləyir. Belə hallar rəqs meydanında tez-tez baş verir. Ala-toran işıqda döyüləni tanımaq mümkün olmasa da, Elman geyimindən Aslanı tanıdı və tez irəli atılıb döyənləri qırağa itələməyə başladı. Heç kəs çəkilmirdi, hətta onu da vurub yıxmaq istəyirdilər. Elman belə işləri çox görmüşdü. O, bilirdi ki, yıxılanı döymək bunların adətidir. Çalış yıxılma, yıxıldın - qanın batdı. Gələn bir təpik vuracaq...

Elman əlacı cibindəki bıçaqda gördü. O cəld bıçağı çıxardıb ona zərbə atmaq istəyən pezə­vən­giyə tərəf uzatdı. Pezəvəngi bıçağı saymayıb onun üstünə şığıyanda Elman ləngimədən onun qarın boşluğuna iki zərbə vurdu. Pezəvəngi qış­qıra-qış­qıra yerə yıxıldı. Onun qışqırığı Aslanı döyənlərin diqqətini cəlb etdi. Onlar Elmana hücum etdilər. Elman yaxın gələni bıçaqla vurub yıxırdı. Hücum edənlər görəndə ki, bu təpiklədiklərinin tayı deyil, sakitləşdilər və hücumları dayandırdılar. Hamı sa­kitləşəndən sonra bayaqdan boğazını yırtan erməni mənşəli qafqazlı hələ davam edərək qışqırırdı: bu azərbaycanlılar belədirlər, hamının kefinə soğan doğrayırlar, mədəniyyətsizdirlər, tərbiyəsizdilər, ko­buddurlar... Elmanın sərt baxışlarını görən kimi susdu və bir anda da yox oldu...

Tezliklə milis gəldi. Təcili yardım çağırdı­lar. Aslanı və digərlərini xəstəxanaya apardılar. El­ma­nın da qoluna qandal taxıb öz maşınlarına otur­dub, çıxıb getdilər...

Aslan beş gün komada qaldı. Həkimlər de­dilər ki, sabaha qədər ayılmasa - öləcək. Xoşbəxt­likdən Aslan ayıldı, amma buna xoşbəxtlik demək olmazdı. Onun diaqnozu çox ağır idi. Yaşamaq şansı çox az idi, yaşasa da ömürlük şikəst qala­caqdı...

Aslan yarım ildən çox xəstəxanada qaldı. Bu müddət ərzində Elmanın məhkəməsi oldu. Ona doqquz il iş kəsdilər. Aslanın yaraları sağalsa da, ayaqları sözünə baxmırdı. O bütün gələcək həyatı­nı əlil arabasında keçirəcəyini dərk edirdi...

Aslanın atası övladının belə vəziyyətini gö­rüb dözmədi, dünyasını dəyişdi. Anası havalandı. O, hamıya həyat yoldaşının gələcəyini və Aslana toy edəcəyini söyləyirdi. Yaxşı ki Aslanın bacısı var idi. Anasına da, qardaşına da o baxırdı. Aslan da siqaret satmaqla güc-bəla ilə onları dolan­dı­rır­dı...

Elman qatardan düşəndə eşitdi ki, kimsə onu çağırır. O dayanıb ətrafa baxdı və ona tərəf əlil arabasının gəldiyini gördü, lakin başa düşmürdü ki, bu kim ola bilər. Əlil arabası ona yaxınlaşanda Elman Aslanı tanıdı... Onlar heç nə demədilər və bir-birini baxışları ilə başa düşdülər. Elman As­lanın arabasından tutub yaxındakı çayçıya apardı. Aslan göz yaşlarını saxlaya bilmirdi... Elman çay gətirtdi. Aslan Elmandan üzr istədi, onu bağışla­masını dilədi...

Elman bir az susaraq dedi:

- Olan olub, keçən keçib. O acı günləri və illəri yada salmaq mənasızdır. O gecənin odu bizi ömürlük yandırdı. - Bir az susaraq, davam etdi: - O gənclik səhvi idi. O gecənin odu bizimlə bərabər gör neçə nəfəri yandırdı... Həyat amansızdır. Bir balaca səhvin gör necə ağır nəticəsi olur... Biz demək olar ki, hələ yaxşı qurtardıq". Mən təyyarə limanında arabaçı işləyirəm və görürəm, hər təy­yarə reysində Rusiyadan bir və daha çox tabut gə­tirilir. Gətirilənlərin yarıdan çoxu gəncdir və bu­raxdıqları səhvlərin qurbanlarıdır, az sayda xəs­təlikdən vəfat edənlərdir, yerdə qalanlar qəza və di­gər səbəblərdən dünyalarını dəyişənlərdir... On­la­rı təyyarədən düşürəndə - çox acıyıram. Görəsən nə vaxta qədər biz taleyimizə biganə olacağıq və belə "cüzi" səhvlərin qurbanı olacağıq, nə vaxta qədər bu davam edəcək...



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin