Бяйляр ялийев – 60



Yüklə 0,94 Mb.
səhifə8/10
tarix17.11.2018
ölçüsü0,94 Mb.
#82695
1   2   3   4   5   6   7   8   9   10

MÜSLÜM VƏ MAMED
Hörmətli Müslüm Maqomayev, adəti ilə işdən çıxıb, evə gedirdi. Binadan çıxıb dayanacağa getmək istəyəndə, arxadan onu səslədilər. Arxaya baxanda, Müslüm bir gənci gördü. Geyimindən, si­fə­­tindən azərbaycanlı olduğunu biləndə, ayaq sax­ladı və gənci dinləməyə hazırlaşdı. Gənc gülüm­sə­yə-gülümsəyə ona yaxınlaşdı, salam verdi və dedi:

- Müslüm müəllim, siz Azərbaycanı dünya­ya tanıdan və hamı tərəfindən sevilən müğənni və şəxsiniz. Mən Moskvaya təzə gəlmişəm. Burada bir qızla tanış olmuşam. Ona azərbaycanlı oldu­ğumu deyəndə, o, belə yer tanımadığını dedi. Adı­nızı çəkib sizin yerliniz olduğumu deyəndə, onun yanında hörmətim birə-beş artdı. Ona görə sizin konsertinizə iki bilet almışam. İstərdim ki, siz o biletləri qızın yanında mənə verəsiniz və deyəsiniz ki, bizi öz konsertimə dəvət edirəm. Mən sizin bu yaxşılığınızı heç vaxt unutmaram. Etiraz etmirsi­nizsə, səhər elə bu vaxtı biz burada sizi gözləyək. Mənim adım Mameddir. Elə adımı çəkib biletləri mənə təqdim etsəniz kifayətdir. Axı biz yerliyik. Sizə can qurban!..

Mamed çox danışacaqdı. Müslüm müəllim biletləri götürüb dedi:

- Mən tələsirəm. Sabah bu vaxt burada olun, amma gecikməyin.

Mamed sevinərək, baş əyə-əyə dəfələrlə «baş üstə» deyə-deyə Müslüm müəllimi yola sal­dı…

Mamed bir aydır ki, Moskvada idi. Onu buraya böyük pullar və nüfuz arzusu gətirmişdir. Arzusuna çatmaq üçün hər çirkin işlərə hazır idi… On gün idi ki, Mamed «işlədiyi» bazarın yemək­xanasında qabyuyan işləyən qızla tanış olmuşdur. Bu onun həyatında ilk qadın idi və onu «əldə etmək» üçün, onun gözündə ucalmaq üçün əlindən gələni əsirgəmirdi. Müslüm «məsələsi» onun növ­bəti oyunu idi…

Səhərisi günü o qadınla danışdıqları yerdə idi. Müslüm müəllim Mamedi görəndə gülüm­sə­yərək ona yaxınlaşdı, salam verdi. Hal-əhval tutdu, dünən verilən biletləri çıxardıb Mamedə uzatdı və dedi:

- Ay, Mamed! Bu biletlər mənim konserti­mədir. Səni xanımınla konsertimə dəvət edirəm…

Qadın əvvəlcə sevincindən özünü itirdi, sonra əlini uzadıb biletləri minnətdarlıqla qəbul elədi və sevincli gözlərini Müslümdən çəkmirdi.

Mamed isə üz-gözünü turşudaraq dedi:

- Əzizim Musya! Sən bilirsən ki, mən biz­nes­men adamam, mənim vaxtım olmur. Vaxtım olsa gələrəm.

Mamedin yanındakı qadın onun ayağını «tap­­talayandan» sonra Müslüm Maqomayevə çox­lu minnətdarlıq elədi.

Mamed «sağ ol!» - deyib aralandı.

Müslüm Maqomayev onun dalınca baxaraq, dedi:

- Ah, Mamed, Mamed necə varsan, elə də qal­mısan! Zəmanə səni heç dəyişməyib…
ƏSL KİŞİLƏR
Rayon mərkəzi ilə kəndlər arasında işləyən avtobus öz qrafiki ilə işləyirdi və kəndin daya­na­cağında dayandı. Düşən sərnişinlər arasında Fazil də var idi. O, avtobusdan düşəndən sonra ətraf­dakılarla salamlaşdı. Dayanacağın yaxınlığında olan çayçıya tərəf baxıb, əlini qaldıraraq salam verdi və evinə yollandı. O, aralaşandan sonra, ba­yaqdan gülə-gülə Fazilin salamını alan çayçı, üzünü turşudaraq dedi:

- Yamanda elə kişidir. Belələrinin salamını almaq istəmirəm, amma əlacım yoxdur. Salam Al­lahın salamıdır – nə edim?!

Çayçıda oturanlardan biri soruşdu:

- Nə olub ay İsax? Fazilnən sənin nə işin? O kənddə sayılıb-seçilən kişilərdəndir. Gözəl ailəsi və övladları var. Otuz ildən çoxdur ki, o mənim qonşumdur, bir dəfə də olsun mən onun evindən dava-şava səsini eşitməmişəm.

Çayçı qəzəblə dedi:

- Nə olacaq?! Otuz ildən çoxdur ki, mən bu çayçıda işləyirəm. Bir dəfə də olsun görməmişəm ki, çayçıya gəlsin, bir çaynik çay alsın və kimnənsə içsin. Belə də kişi olar?

Həmişə gününü çayçıda keçirən, içki ilə arası saz olan Səməd də dilləndi:

- İsax düz deyir. Mən də eşitməmişəm ki, o bir araq alıb, kiminləsə oturub vursun. Dava salıb baş yarsın. Belə də kişi olar? Kişi içər, çəkər, dava salar, türmədə yatar. Bunların hamısı kişilər üçün­dür. Bəzi bölgələrdə oğurluq etməyənlərə kişi de­mirlər. Heç eşitmisiniz ki, bu işlərlə bir arvad məş­ğul olsun?

Bayaqdan söhbətə qulaq asan, kəndin ağsaqqalı Səlim kişi çay içdiyi stəkanı nəlbəkiyə qoyaraq dedi:

- Bayaqdan sizə qulaq asıram. Ağzınızdan ki­şi­yə layiq nə bir söz eşitdim, nə də ki, hərəkət gör­düm. Sadaladığınız o «kişiliyin» heç biri əsil kişi­nin adına layiq deyil. Gedin əsil kişi işləri ilə məş­ğul olun.

Sözünü deyib, Səlim kişi çıxıb getdi. Çayçı­da olanlar bir-birinin üzünə baxdılar və biri soruş­du:

- Axı biz nə eyləyirik ki…?

Digəri başını aşağı salıb dedi:

- Qeybət qırırıq…


RESTORAN VAQİF
Vaqif kasıb bir ailənin tək övladı idi. Atası və anası qocalmışdılar. Vaqifin özü otuzunu çox­dan keçirmiş adam idi. Valideynləri əsgərlikdən gə­ləndən onu evləndirib, nəvə görmək arzusu ilə yaşayırdılar. 15-16 il müddətində onların bu arzu­ları gözlərində qalmışdır…

Vaqifin evlənmək fikri yox idi. O, bənnalıq edirdi və içki düşkünü idi…

Günlərin bir günü o, evdə heç kim olmadığı üçün, yaxınlıqda yerləşən restorana üz tutub, orada nahar etməli oldu. Onu çox mehriban qarşıladılar. Sifarişini tez yerinə yetirdilər. İlk dəfə restorana gəldiyi üçün ona yüz qram araq da «hədiyə» etdilər və «müəllim» deyərək yaxşı yola saldılar. Bu Va­qi­fin çox xoşuna gəldi. O, özünü ilk dəfə idi ki, «hörmətli» insan kimi hiss etdi…

Həmin gündən sonra Vaqif çalışırdı ki, hə­mişə o restoranda nahar eləsin və özünü «mötəbər» adam kimi hiss etsin. Günlərin bir günü o, resto­rana gələndə ofisiantlardan biri digərinə «Restoran Vaqif» gəlir» deyəndə eşitmişdir. Bu sözlər onun canına sarı yağ kimi yayılmışdır. Həmin gündən sonra o bu ləqəbi götürür və hamıya özünü «Res­toran Vaqif» kimi təqdim edirdi…

Günlərin bir günü Vaqif, içkili vəziyyətdə hör­gü hörərkən, yıxılır və onun onurğa sümüyü zə­də­lənir. Uzun müddət müalicədən sonra işləyə bil­mir, əlil arabasına bağlı qalır. Vaqifin atası və ana­sı övladlarının müalicəsi üçün evlərini də satmalı olub, çöllərə düşürlər. Müalicənin nəticəsi olma­dığını görərək dözməyib, dünyalarını dəyişirlər…

«Restoran Vaqif» əlil arabada gəzərək dilən­çilik edib içki içirdi. Bir gün «nahar» elədiyi res­to­ranın yanından keçəndə, ötən günlər yadına düşdü. O, arabasını restoranın qapısına sürdü və qışqırdı: Görmürsünüz «Restoran Vaqif» gəlib? Ona baxıb güldülər və «dilənçi payı» verib yola saldılar…

Vaqif yalnız indi öz vəziyyətini dərk etdi və xəlvəti yerə çəkilib öz gələcək günlərini ağladı…

QASIM KİŞİ
Qasım kişi altmışı keçirmiş qoca idi. O öm­rünü bu kənddə keçirmişdir. Cavan vaxtları çox qoçaq adam olmuşdur və bunun nəticəsində kəndin ən böyük və gözəl evi ona məxsus idi. Düzdür, bu evi başa çatdırmaq üçün onlarla il vaxt sərf etmiş­dir və tamamlamışdır. Onunla bərabər başla­yan­ların çoxunun evi hələ də yarımçıq qalıb, bəziləri dünyasını da dəyişib...

Belə böyük ev tikmək həvəsinə düşəndə qonum-qonşu və ağsaqqallar bunu etməməyi məs­ləhət görsələr də, Qasım kişi bunu onların «paxıl­lığı» kimi qəbul edib, daha da həvəslənirdi.

Vaxt bitdi, vədə yetişdi. Qasım kişinin öv­ladları böyüdülər. O, vaxta qədər evi ilə fəxr edən Qasım kişi, indi oraya ilan yuvası kimi baxırdı. Onun övladlarının hamısı evin gələcək sahibi ol­maq arzusu ilə yaşayırdılar və bu arzu uğrunda mü­barizə aparırdılar. Dünənə qədər mehriban ya­şayan övladlar, indi biri-birinə qənim kəsilmişdilər. Onların dava-dalaşı zamanı ən çox əziyyət Qasım kişiyə dəyməklə bərabər, hər gün qulağı eşidə-eşi­də ev tikənə hər tərəfdən söyüş və qarğışlar yağ­dırılırdı.

Bu dava-dalaşdan bəzən Qasım kişi etdiyi səhvi indi başa düşürdü. O, kənddən çıxan yolda, təpənin başında duraraq fikirləşirdi: «Kaş mən o vaxtı ağsaqqalların sözünə baxaydım. Bu evə çəki­lən xərclə hər övladıma, balaca da olsa ev tikər­dim. Bu qədər dava-dalaş da olmazdı, qulağım da hər sözü eşitməzdi…»

Qasım kişi dönüb sonuncu dəfə evinə baxdı və yoluna davam etdi. O dava-dalaşdan bezərək, peşman ola-ola baş götürüb gedirdi…
SİMİC
Maarif baba yetmişini çoxdan keçirmiş in­san idi. Ömür boyu bu kənddə yaşamışdı. El ara­sın­­da ona simic Maarif deyirdilər. O, özü də ona de­yilən ləqəbi bilirdi. Yeri gələndə tay-tuşları ona: Ay simic, yenə simicliyindən əl çəkmirsən? – de­yir­dilər. Maarif baba gülümsəyirdi və deyirdi: "Siz bu dünyanı dərindən dərk etmirsiniz. Əgər mənim qədər dərk etsəniz məndən də simic olarsınız. Mənim sizə yazığım gəlir".

Maarif babanın uşaqlığı Böyük Vətən mü­ha­ribəsi dövrünə təsadüf edib. Uşaqkən o çox çətin­liklər, aclıq, ağır kolxoz işləri onun həyatda qalma­sına mane olmayıb. Evin kiçiyi olduğu üçün, ona heç vaxt təzə paltar alınmamışdı. O, böyük qardaş­larının paltar və ayaqqabılarını geyinərək boya-başa çatmışdı. Buna görə o xoş və bolluq günlərə şü­kür edib, gənclərə uşaqlıqda çəkdiyi acıları söy­lə­yərək, bu günkü həyata şükür etmələrini məslə­hət görürdü. Gənclər isə ona inanmırdılar və gülə­rək deyirdilər: "Belə ola bilməz!.."

Bunu həm də sovetlərin xoş günlərində olan gənclərə də deyirdi, indikilərə də. Maarif baba nə­və­lərini tez-tez danlayırdı: "Nəyiniz var - onu da ge­yinin, başqalarının paltarına, ayaqqabılarına göz dikməyin. Allahınıza şükür edin. Ucuz və köhnəl­miş paltarınızı geyinməkdən utanmayın. Çirkli və ütüsüz paltar geyinəndə utanın. Kaş siz mənim uşaqlıq dövrümdə yaşayardınız! Onda dünyanı düz­gün dərk edərdiniz. Siz təzə-təzə paltarları atır­sınız ki, daha dəbdə deyil. Belə iş olar?! O paltarın pulunu qazanana yazığınız gəlmir? Paltarınızı köh­nələnə qədər geyinin ki, valideynləriniz sizin gələ­cəyiniz üçün pul toplasın. Bilirsinizmi ki, sizin gələcəyiniz üçün nə qədər vəsait lazımdır?!"

Ən çox paltar "qaçhaqaçı" kənddə toy olan­da baş verir. Paltarı "prakata" götürə bilməyənlər bir-birinin paltarını geyinib-soyunmaqdan yorul­mur­lar. Axırda birinin paltarını özlərinə uyğun bi­lib, geyinib toya gedirlər. Maarif baba onların ar­xa­sınca baxıb, çarəsiz gülümsəyir.

Maarif babanı əsəbiləşdirən məqamlardan bi­ri də gənclərin yeməkləri sonalaması idi. Axı hər gün ət yemək olmaz. İnsan bütün mövcud olan mey­və-tərəvəzlərdən, ərzaqlardan yeməlidir ki, or­qanizm lazım olan bütün maddələrlə təmin olun­sun, çünki hər məhsulun və ərzağın öz tərkibi var. Maarif babanın özü həmişə südə-qatığa, meyvə-tərəvəzə, göyərtiyə üstünlük verirdi.

Ən çox narazılıq bir yeməyi təkrar yeyəndə olurdu. Uşaqlar deyirdilər ki, bu yeməkdən neçə dəfə yemək olar?! Bizə təzə yemək bişirilməlidir. Bir yeməyi iki dəfə yemək üçün bişirilməyin sə­bə­bi analarının vaxtının olmamasıdır. O, həm çöldə, həm də evdə işləyirdi. Övladları ona kömək etmək is­təmirdilər, mızıldanırdılar. O, uşaqların mızıltı­sı­nı eşitməmək üçün, bütün işləri özü görürdü. Maa­rif baba buna çox əsəbiləşirdi və deyirdi: "Ay gə­lin, sən nə vaxta kimi onları bordaq heyvanı kimi bəsləyəcəksən? Sən onlara tapşırığını ver və özün də nəzarət elə. Onların hərəsi gələcəkdə bir evin yi­yəsi olacaq. Onlar işi, bişir-düşürü, biçib-tikməyi və s. nə vaxt öyrənəcəklər.? Belə getsə, axırda sö­yüş yiyəsi sən olacaqsan. Bunu mən yox, dədə-ba­ba­larımız deyiblər..."

Uşaqların anası gülümsəyərək, deyirdi: "Maa­rif əmi, hələ ki, qolumda qüvvət var, bişirib-dü­şürəcəm, silib-süpürəcəm. Qoy hər şey övlad­la­rım istədiyi kimi olsun! İstəmirəm mənim kimi zü­lüm çəksinlər, hər şeyi gözləri ilə yesinlər, geyin­sinlər. Təki canları sağ olsun!"

Maarif babanın oğlu da arvadının sözlərini təs­diqləyib, uşaqlarla işinin olmamasını xahiş edir­di.

Maarif baba çarəsizlikdən başını bulayırdı və düşünürdü: "Görəsən bunların axırı necə ola­caq?! Oğlanlar kişi kimi böyüməlidirlər ki, böyü­yüb müstəqil həyat sürəndə, çətinliklərə sinə gəl­məyi bacarsın, hərbi xidmətin çətinliklərinə dözüb, vətənimizə layiqli əsgər olsunlar. Qızlarımız da ev işlərinin özünə aid hissəsini bilməlidir, bacar­ma­lı­dır, çünki müstəqil həyatda onlar bu işlərlə üzbəüz qalacaqlar, bacardıqları işə görə təriflənib, bacar­ma­dıqları işə görə danlanacaqlar."

Düzdür Maarif baba bilirdi ki, qadınlara və kişilərə ev işində bölgü anlayışı el arasında de­yi­lir. Yaxşı ailədə bu bölgü yoxdur. Kişilər lazım olan­da qadının işinə köməklik edirlər, qadınlar isə həyat yoldaşının arxasında duraraq, hər an onlara dayaq dururlar və kömək edirlər.

Maarif babanın evində un tökmək üçün bir ne­çə paslanmayan dəmirdən çəllək var. Onlar hə­mi­şə dolu olurdu. Hansı boşalan kimi, tez onu dol­dururdu.

Maarif babaya yalnız buna görə "simic" de­mir­dilər. Onun yaxşı keyfiyyətlərindən biri də hər çətinliklərə hazırlıqlı olması idi. Onun evində hər ehtiyatı var idi. Bir dəfə də olsun qonşuya nəyinsə da­lınca getməzdi. Məsələn: soyuq qış aylarında onun evi həmişə isti olur, çünki onun evində "pri­mus­dan" tutmuş bütün yanacaq növləri üçün so­ba­lar var idi və lazım olanda, onlardan istifadə edirdi. Kəndə qaz çəkiləndə çoxları əvvəllər istifadə et­dik­ləri sobaları kiməsə pay verirdilər, yaxud sadə­cə olaraq bayıra tullayıb, çürüdürdülər. Maarif ba­ba onları səliqə ilə yığışdırırdı və saxlayırdı. Lazım olanda da çıxardıb işlədirdi.

Qazın bol vaxtı Maarif baba ondan səmərəli istifadə edirdi. Məsələn: çoxlarının bağı kəsilmiş ağac­larla və budaqlarla aşıb-daşırdı, əl-ayağa do­la­şır­dı. Maarif baba onları səliqə ilə toplayırdı, ya­rırdı, cərgə ilə düzürdü və lazım olanda işlədirdi. Baş­qaları hamamlarını, su qızdırıcılarını ("kalon­ka­nı") isitmək üçün on kubametrdən çox qaz işlə­dən­də, o odunla isidirdi və qazı yalnız alovlan­dır­maq üçün istifadə edirdi. Bundan başqa o evinin hən­dəvərində tullanmış bütün plastik qabları, sala­fanları və s. toplayıb yandırırdı ki, ətraf təmiz ol­sun. Maarif baba ailə üzvlərindən işığı qənaətlə işlətmələrini tələb edirdi. O deyirdi: "Lazım olan qədər işlədin, lazım olmayanı keçirin!”

Nəticədə kənddə ən az qaz və işıq pulu ve­rən Maarif baba idi. O, ödəniş edəndə hamı gülə­rək deyirdi: "Simicliyindən bilmir necə etsin ki, pu­lu az çıxsın". Maarif babanın bu sözlərlə qulağı dolmuşdu. O, daha heç kimə cavab vermirdi, başa sal­mırdı. O öz amalı ilə ömür sürürdü. Qoy kim nə de­yəcək desin!


AVROPALI BƏHLUL
Bəhlul kişi yaşlı insandı. Ömrünü doğma kənddə keçirib və naxırçılıq edib. El arasında yaxşı hörmət qazanmış Bəhlul kişi ömür boyu çalışırdı ki, övladları eldən geri qalmasın. Geyimləri, yeyib-içmələri və s. hamıda olduğu kimi olsun. O, bunu özünə ən vacib borc hesab edirdi.

Allahın köməyi ilə övladlarını böyütmüşdü, evləndirmişdi ev sahibi etmişdi. Hal-hazırda kiçik oğlunu evləndirib yanında saxlamışdı. Özü də da­ha işləmirdi. Həyat yoldaşı ilə çəkilib evin bir ota­ğın­da həyatlarını yaşayırdılar.

Qapı açıldı, arvadı içəri girdi və sevinə-sevinə dedi:

- Ay kişi, gözün aydın olsun. Oğlumuzun qızı oldu.

Bəhlul kişi sevinərək oğlunu yanına çağırdı və dedi:

- Oğul, Allah övladını başatan versin. Bö­yü­yüb yekə qız olsun. Amma mənim sənə tapşırı­ğım var. Qızının adını Ayanadan, Dianadan qoy.

Oğlu təəccüblə soruşdu:

- Ata bu nəyə lazımdır?

Bəhlul kişi papağını çıxardıb, başını qaşıya-qaşıya dedi:

- Qoy kənddə deməsinlər ki, Bəhlul kişinin ailəsi geridə qalıb, avropalaşmır. Axı bizim başqa­larından nəyimiz əskikdir?..




KAL XİYAR
Tərəvəz satıcısı adəti üzrə satacağı meyvə və tərəvəzləri piştaxtaya düzüb, müştəri göz­ləyirdi. Dükana alıcı yaxınlaşdı. Geyimindən və qolunda gəzdirdiyi pencəkdən görünürdü ki, dağ adamıdır. O, dükançıya yaxınlaşıb üç kiloqram xiyar çək­mə­yi xahiş etdi. Dükançı ona ən yaxşı və körpə xi­yar­ları seçib vermək qərarına gəldi. Çünki dağ adamı hər saat şəhərə gəlmir və aran meyvə-tərəvəzlərinə əli çatmır…

Bunu görən dağ adamı qəzəbli halda satıcıya dedi:

- Ə…, qağa o kal xiyarı ora doldurma. Dağ adamıyam deyə məni aldatmaq istəyirsən? Niyə dəymişlərdən qoymursan? Dəymişlərdən qoy!

Dükançı körpə xiyarları cığaladan boşaltdı və müştərinin sifarişi ilə «ən dəymişləri» qoydu. Müştəri digər meyvə-tərəvəzlərdən alıb, arala­şanda sonra, dükançı onun dalınca baxıb, dedi:

- Həqiqətən bu millətə yaxşılıq yoxdur!..
ATA VƏ OĞUL
Ata adəti üzrə işlədiyi dükanda oturub haq-hesab edirdi. Qapı döyüldü, dükançının oğlu içəri girdi. O pərişan idi. Atası, gözünü qabağındakı dəftərdən çəkməyərək soruşdu:

- Nə üçün belə pərişansan? Oğlu gözünü yerə dikərək cavab verdi:

- Yenə evdə dava-dalaş oldu. Bilmirəm bu söz-söhbətlərin axırı nə ilə bitəcək? Daha bezmi­şəm. İstəmirəm onun üzünü görəm! Övladım ol­masaydı, qoymazdım o bir gün də bu evdə qalsın...

Onun sözünü atası kəsərək dedi:

- Bəsdi, bu sözü çox eşitmişik, çox söz-söhbətləri yat-yut etmişik. Bəla bundadır ki, siz özü­nüzü hamıdan ağıllı bilib, heç kimin məs­lə­hətinə riayət etmirsiniz. Bax, indi məsləhət dalınca gəlmisən. Məsləhəti verəcəm, lakin o məsləhət elə burada qalacaq. Azərbaycanlı ailəsində kişinin öz yeri var, qadının öz yeri. Hər birinin ailə qarşında öz müqəddəs vəzifəsi var. Kişinin ağzının kəsəri olmalıdır. Kişi qazanmalıdır, gətirməlidir, sonra tələb etməlidir. Kişi evinin həm ağasıdır, həm nökəri. Kişi yeməyi evdə yeməlidir, restoranda, kafedə yox. Restoran-kafedə oturanda ailəsi ilə oturmalıdır. Kişi ailəsini və büdcəsini özü idarə etməlidir. Kişi kənar dedi-qodulara inanmamalıdır. Hansı hərəkətinə görəsə ailəsinin gözü qarşısında gözü kölgəli olmamalıdır. Kişi özünə güvənmə­lidir, valideynlərinə yox!

Görmək istədiyi işi valideyn və ailəsi ilə məsləhətləşməlidir. Ailəsinin tələbatını təmin et­məklə, öz vəzifəsini bitmiş hesab etməməlidir. Ailəsinin ən xırda problemi onsuz həll olunma­malıdır və s...

Ata qrafindən bir stəkan su süzüb içdi, dərindən nəfəs alaraq dedi:

- Fikrimi sənə çatdırmaq üçün bir rəvayət söyləməliyəm.

Oğul atasına qəzəblənərək dedi:

- Elə bu rəvayətlərə görə səndən məsləhət almaq istəmirəm də! Axı, qədim kişinin bizim zə­manədən nə xəbəri var idi, onu dinləməyin mənim üçün nə faydası var?..

Oğlu davam etmək istəyəndə, atası onu da­yandırdı və qəzəblə oğluna baxıb dedi:

- Çaşma! Bala, o rəvayətlər uzun illər yaşa­yıb, bizim dövrümüzə gəlib çatıb. Onlar faydasız olsaydı çoxdan xalq onları unudardı. Rəvayətləri heç kim dayanmadan söyləmir. Onu vaxtında və yerində söyləyirlər. Rəvayəti dinləyən insan ondan özünə bir nəticə çıxarır, fikirlərini və qüvvəsini toplayıb o nəticə üzərində öz işini qurur...

Qədim zamanlarda bir bəy yaşayırmış. Heç də sayılan-seçilən kişilərdən deyilmiş. Həyatından küskün imiş, həmişə deyirmiş: "Mənim bəxtim gətirməyib, yaxşı kişinin qızına rast gəlməmişəm. Evimdə elə hey dava-dalaşdır. Qulağım eşidə-eşidə arvadım: "Meytini gördüyüm gəldi, ağrım ürəyinə olmuş gəldi, heç sağ gəlməmiş gəldi" və s. kəlmə­lərini işlədir.

Onun yeganə təsəllisi naxırçısının ailəsi idi. Naxırçının ailəsi hər səhər tezdən durub ona kömək edərdi. Malı toplayıb kəndin kənarına kimi yola salardı. Yoldaşını naxıra yola salandan sonra ev işləri, övladları ilə məşğul olardı. Axşam naxırçı evə qayıdanda “qadasını aldığım gəldi” deyib, onun qabağına gedərdi, çantasını əlindən alıb özü götürərdi, malı tövləyə doldurmağa kömək edərdi və yoldaşı evə girən kimi ayaqlarını yuyardı, qa­bağına isti çay və yemək qoyardı, kənddə baş ve­rənləri ona danışardı. Uşaqları atalarını incit­məyə qoymazdı və s. Naxırçı da arvadına alqışlar oxuya-oxuya şam yeməyini yeyərdi və yatardı. Onların günləri belə keçərdi...

Günlərin bir günü naxırçı naxırda olanda onu şimşək vurur. Onu elin adəti ilə dəfn edirlər...

Bir müddətdən sonra bəy fikirləşir: "Axtar­dığım yar idi, yetirdi pərvərdigar! Arvadımdan ya­rımadım, çünki arvad deyildi. Əsil arvad naxırçının arvadıdır. Elə onu da alım və mən də bu dünyada bir gün görüm...

Bəy fikirləşdiyini etdi və naxırçının dul arvadını aldı...

Üstündən bir neçə ay keçəndən sonra naxırçının arvadı öz arvadından betər oldu. Nəinki bəyin qabağına çıxmırdı, heç içəri girəndə ayağa da qalxmırdı. Bunu görən bəy naxırçının arvadını qabağına qoyub dedi!

- Ay arvad! Mən öz arvadımdan yarımamı­şam və sənin naxırçı olmuş həyat yoldaşına olan münasibətinə heyran idim. Çox arzulayırdım ki, mənim də həyat yoldaşım sənin kimi olsun. Allaha qurban olum. O məni arzuma çatdırdı. Fikirləşdim ki, daha mənim dərdim-qəmim olmaz... Necə oldu ki, sən mənim arvadımdan betər oldun?

Naxırçı arvadı düşünmədən dedi:

- Ay bəy, günah məndə deyil. Günahı sən özün­də axtar. Rəhmətlik naxırçı kasıb da olsa kişi idi. Ailəsinin qədrini bilirdi, ailəsi üçün yaşayırdı, aza da qane olurdu, çoxa da. Hər edilən yaxşılığı dəyərləndirirdi. O mənə heç nə bağışlamasa da şirin dili var idi...

Naxırçı arvadını danışa-danışa qoyub bəy evdən çıxdı... Onun dərdi birə-min artdı. Axı belə töhmətə dözmək olardımı?..

Ata davam etmək istəyirdi, baxdı ki, oğlu yerində yoxdur. O başını bulayıb dedi:

- Sən də o bəy kimi kişisən... Kişiliyi dükanda satmırlar ki, gedib bir neçə kilo alıb kişi edəsən. Kişilik insanın qanında olmalıdır. Kişilik hədə-qorxu ilə yox, insanlıqla, fərasətlə, qabiliy­yətlə, mərifətlə, mədəniyyətlə, ədəb-ərkanla, səbrlə və s. əldə edilir...




ANA İLƏ QIZIN SÖHBƏTİ
Qız anası ilə mətbəxdə yemək hazırlayırdı. Ananın qızı ər evindən acıq eləyib gəlmişdi. O əsəbi halda xəmir yoğururdu və qızını danlayaraq deyirdi:

- Bu neçənci dəfədir ki, sən acıq edib gəlirsən? Arvad dəhrə deyil ki, tez-tez sapından çıxsın! Ata evindən çıxan qız qayıtmaz! Hələ sənin həyat yoldaşın yaxşı adamdır ki, səni bir də evinə buraxır... Qız hirslənərək, dedi:

- Ay mama, axı mənim nə günahım var? Mən sənə hər şeyi söylədim. O boyda dava-dalaşdan sonra mən o evdə necə oturaydım?

Anası qızına tərs-tərs baxaraq dedi:

- Ümumiyyətlə, siz gənclər həyatı düzgün dərk etmirsiniz. Özünüzü kino qəhrəmanlarına bən­zədirsiniz. Avropasayağı həyat yaşamaq istə­yirsiniz. Bilin ki, Avropada, yaxşı ailələrdə o kino­larda göstərilən qəhrəmanlar yoxdur və özlərini onlara bənzədən də yoxdur. O kinolar sizin kimi dünya görüşü olmayan, düşüncəsiz gənclər üçün nəzərdə tutulub ki, onları öz milli mentalitetlərin­dən ayırsınlar.

Elə götürək modanı. Moda nədir, bilirsən? Moda müxtəlif dairələrin istədiyi geyimləri kütləyə geyindirib, böyük qazanc əldə etməkdir. Moda dalınca qaçan qadın zövqsüz və qabiliyyətsiz qadındır. Onun zövqü yoxdur ki, özünə uyğun paltar seçib geyinsin. O başqalarının seçimini xoşlayıb geynir və əksər halda başqasının seçimi ona uyğun olmur. Yaxşı qabiliyyətli və zövqlü qadın özünə uyğun paltarı özü seçir və geyinir. Belə paltar ona çox yaraşdığı üçün başqaları onun seçimlərini bəyənirlər və onun kimi geyinməyə çalışırlar.

Son dövrlər paltarı, ayaqqabını, şubanı, aksesuarları və s. kirayə götürməyə adət etmisiniz. Bu iyrənclikdir. Bir paltarı neçə nəfər geyinə bilər? Elə insanlar xəstəlikdən qorxmurlar? Unutmayın ki, insanı tanımayanda geyimi ilə qarşılayır, ağlı ilə yola salırlar. Getdiyiniz məclisdə iştirak edənlər sizi tanımır? Bilmir ki, ömür boyu sizin belə pal­tarınız olmayıb? Bir gün şuba geyinməklə siz kü­bar xanım adına layiq görüləcəksinizmi? Bu müm­kün deyil! Kübar xanımı şubasız da tanıyır və hör­mət edirlər. Kübar xanımlığı mədəniyyətlə, ədəb-ər­kanla, zərifliklə, zövqlə və sair şəxsi keyfiyyət­lərlə qazanırlar. Kübarlıq insanın cəmiyyətdə tut­duğu, yaxud arzuladığı mövqedən yox, onun ge­nin­dən gəlir.

Siz, qız-gəlinlərin böyük bir günahı da odur ki, sanki açıq-saçıq geyinmək yarışına çıxmısınız. Elə düşünürsünüz ki, açıq-saçıq geyinməklə müa­sir qadın hesab ediləcəksiniz? Yanılırsınız! Açıq-saçıq geyinməklə, siz özünüzü hörmətdən salır­sınız, yol ilə keçənlərdə siz "yüngül qadın" fikri oya­dırsınız və çılğın kişiləri sizə "söz atmağa" "məc­bur" edirsiniz. Unutmayın ki, qadına baxıb onu yetərincə "qiymətləndirməyən" kişiyə "kişı'" demirlər. Siz "müasir" qız-gəlinlər bunu bilməmiş olmazsınız…

Qadın açıq-saçıq evdə, ailədə geyinər və öz həyat yoldaşının "diqqətini" cəlb edər. Əbəs yerə deyil ki, keçmişdə bizim şairlər qadın örpəyinin açılmasını yüksək qiymətləndirərək, şeirlər yazar­dılar. O dövrdə qadınlara daha çox hörmət bəslə­nilərdi və şərafətləndirilərdi... Qız anasına baxaraq dedi:

- Sən keçmişin kişilərini indiki kişilərlə müqayisə etmə. Onlar "əsil" kişi idilər...

Anası qəzəblə qızına baxaraq, sözünü kəsib dedi:

- Kişini kişi edən qadındır. Əgər sən qadın kimi yerində olsan, kişi də "kişi" olar. Elə götürək səni. Sənin həyat yoldaşın çox yaxşı kişidir, işləyir, qazandığını evə gətirir, səni və övladlarını çox istəyir, pis yaşamırsınız, eviniz və maşınınız var. Kişidən daha nə istəmək olar? Bilirəm ki, sənin rəfiqələrinin imkanı çox genişdir: gündə bir paltar geyinirlər, bəzilərinin öz avtomobilləri də var. Sənin ailənin dava-dalaşı da şəxsi maşına görədir. Axı sən başa düşməlisən ki, sənin yoldaşının im­kanı olsa, sənin bu arzunu da yerinə yetirər... Ana başını bulayıb davam etdi:

- Mən heç vaxt belə iddialı olmamışam. Gö­rəsən sən kimə oxşamısan?..

Siz indiki qız-gəlinlər, belə iddialı olduğunuz üçün ilbəil boşanmaların sayı artır...

Bizim nəsil azərbaycanlı qız-gəlinlər tama­milə başqa amal ilə yaşamışıq. Biz evə, ailəyə sizdən çox bağlı olmuşuq, çünki bizi ailə həyatına hazırlayanlar çox nəsihətlər verirdilər. Siz böyük­lərin nəsihətlərindən çox rəfiqələrinizin "məsləhət­lərini" dinləyirsiniz və əməl edirsiniz. Bizə söylə­nilən nəsihətlərdən biri də bu idi.

Keçmiş zamanlarda Peyğəmbərimizin birinin bir qızı olub. O həddi buluğa çatanda Peyğəmbə­rimizin evinə elçilər düzülür. Bir gün ərzində onun qapısını üç elçi döyür və o hər elçiyə qızı ona ve­rəcəyinə söz verir. Elçilər çıxıb gedəndən sonra həyat yoldaşı Peyğəmbərimizdən soruşur:

- Ey Allahımızın elçisi! Sən nə etdin?! Sənin bir qızın ola-ola necə üç elçiyə "hə" dedin? Pey­ğəmbərimiz həyat yoldaşını sakitləşdirərək deyir:

- Darıxma, ay arvad. Mənim dilimə "yox" kəlməsini gətirtməyən Sahibimiz bir çıxış yolu da göstərər...

Axşam olur. Onlar yatırlar və səhər görürlər ki, qapılarındakı it və ulaq da qıza dönüb. Pey­ğəm­bərimiz həyat yoldaşı ilə bir-birinə baxıb, Allaha şükür edirlər və qızların üçünə də toy edib yola salırlar.

Günlərin bir günü Peyğəmbərimiz qızları üçün darıxır və onları görmək istəyir. Eyni za­man­da özünün əsl qızının hansı olduğunu müəyyən et­mək istəyir.

Birinci qızının evində onu yaxşı qarşılayırlar. Peyğəmbərimiz evin böyüklərindən soruşanda ki, qızı onlara necə gəlinlik edir? Cavab verdilər ki, hər işi yaxşıdır, çox razıdırlar, deyilənləri yerinə yetirir, amma çəmkirə-çəmkirə. Peyğəmbərimiz ba­şa düşür ki, bu itdən dönmüş qızıdır.

İkinci ailədə də onu yaxşı qarşılayırlar və sualına cavab olaraq bildirirlər ki, hər işi yaxşıdır, amma sözü bir neçə dəfə deyəndən sonra başa dü­şür və yerinə yetirir.

Peyğəmbərimiz başa düşür ki, bu da eşşəkdən dönən qızıdır.

Üçüncü ailəyə gələndə, ailənin böyüyü ağa­cın kölgəsində qoyulmuş çarpayıda otururdu və Pey­ğəmbərimizi orada qəbul etdi. Salam-kəlamdan sonra ev yiyəsi gəlinə tapşırır ki, zirzəmidən sərin qarpız gətirsin və Atasını qonaq etsin. Gəlin, qa­yınatasının sözünə uyğun olaraq, tez qarpızı süf­rəyə gətirir. Ev yiyəsi qarpıza baxaraq deyir:

- Qızım, bu qarpız xoşuma gəlmədi, get ayrısını gətir.

Peyğəmbərimizin qızı gedib ayrısını gətirir. Ev sahibi bu qarpızı da qaytarır və üçüncüsünü gə­tirməyi tapşırır. Gəlin üçüncü qarpızı gətirəndə ev sahibi bu qarpızı bəyənir. O qarpızı kəsir və Qo­nağının qabağına qoyur...

Peyğəmbərimiz əvvəlki qudalarına verdiyi sualı bu qudasına da verir. Qudası çox razılıq edir və axırda deyir:

- Bax, Sənin gözünün qabağında mən üç dəfə gəlini zirzəmiyə qarpız dalınca göndərdim. Mən bilirdim ki, zirzəmidə cəmi bir qarpız var. Buna baxmayaraq, o qayıdırdı zirzəmiyə və hər dəfə qar­pızın bir tərəfini bizə göstərirdi ki, sən başa düşmə­yəsən ki, bizim zirzəmidə cəmi bir qarpız var. Qoçaqlığı, təmizliyi ilə bərabər, çox təmkinlidir və evin sirrini heç kimə deməz... Belə bir qız bö­yüt­düyünə görə daim, sənə alqışlar edirəm.

Peyğəmbərimiz başa düşür ki, bu onun əsil qızıdır...

Araya sükut çökdü... Bir müddətdən sonra qız anasına baxaraq soruşdu:

- Ay ana, bu necə gözəl nəsihətli rəvayətdir! Niyə indiyə qədər bunu mənə söyləməmisən? Hər gəlin necə gözəl təsvir olunubdur! Həqiqətən gə­linlər var qoçaq olur, bəziləri tənbəl, bəziləri de­yingən... Ana dedi:

- Eşitməmişən, "qadın var ev tikir, qadın var ev yıxır." Bu həyat gör-götür dünyasıdır. Çalış hə­mişə yaxşı işlərə sahib olasız! Bir də işi görməzdən əvvəl böyüklərlə məsləhətləş. Əbəs yerə demə­yiblər ki, "məsləhətli don gen olar. "Qız ata evində xoşbəxt olmaz. Qız öz xoşbəxtliyini ər evində ax­tar­malıdır. O xoşbəxtliyə nail olmaq üçün çalış­ma­lıdır. Onun başqa yolu yoxdur!..

Qız anasına heç nə demədi, çünki onun fikri tamamilə başqa yerdə idi. O ailəsi haqqında dü­şünürdü: görəsən ailəsi onu hansı növ gəlinə aid edərdi...


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin