Nominal gəlir - ayrı-ayrı şəxslərin və ya sosial qrupların (işçilərin, fermerlərin, sahibkarların, ziyalıların, sənətkarların) müəyyən bir dövr ərzində (gündəlik, həftəlik, aylıq, illik) əldə etdiyi pul gəlirləridir.
Sərəncamda qalangəlir - əhalinin şəxsi istehlakına və şəxsi yığımına sərf olunan gəlirlərdir. Onun həcmi nominal gəlirlərdən vergiləri və məcburi ödənişləri çıxdıqdan sonra qalan məbləğə bərabərdir. Deməli: Sərəncamda qalan gəlir = Nominal gəlir – Vergilər və məcburi ödənişlər. Real gəlir - əhalinin sərəncamında qalan gəlirlər hesabına, mövcud qiymətlərlə əldə edə biləcəyi maddi nemətlərin və xidmətlərin miqdarıdır.
Real gəlirlər əhalinin alıcılıq qabiliyyətini göstərərək, eyni zamanda bazarda yaranmış tələb və təklifdən, sərbəst rəqabət səviyyəsindən, qiymətlərdən xeyli asılıdır. Real gəlirlər, əhalinin bilavasitə yaşayış vasitələrində ifadə olunan gəlirlərini özündə əks etdirir.
Qeyd etmək lazımdır ki, tarixən əmək (zəhmətlə, halallıqla qazanılmış) gəlirlə yanaşı, həmişə və xüsusilə də bazar iqtisadiyyatı şəraitində əməksiz (zəhmətsiz, halallıqla qazanılmamış) gəlirlər də olmuşdur, vardır, yəqin ki, gələcəkdə də mümkündür.
Əməksiz, zəhmətsiz gəlirləri şərti olaraq, leqal və qeyri-leqal, qeyri-qanuni gəlirlərə bölmək mümkündür.
Leqal - əməksiz gəlirlərə, səhmlərdən alınan dividentlər, istiqraz vərəqələri və digər qiymətli kağızlardan əldə edilən faizlər, əmtəələrin topdansatış və pərakəndə satış qiymətləri fərqindən alınan mənfəət daxildir. Bu gəlirlər bazar iqtisadiyyatı üçünmümkün bir hal sayılır, qanunauyğundur.
Qeyri-leqalvəqanunsuzgəlirlərin özünü də 2 yerə ayırmaq olar:
ümumi kriminal mənşəli (məsələn korrupsiya, reket, narkobiznes, qaçaqmalçılıq, dələduzluq, sifarişli cinayət əməlləri) əməksiz gəlirlərdir. Bu hal, müəyyən dərəcədə bütün ölkələrdə baş verdiyindən, ona qarşı qanunla mübarizə aparılır.
iqtisadi sistemin nöqsan və «qanun» boşluğundan doğan əməksiz gəlirlərdir. «Gizli» iqtisadiyyat, möhtəkirlik, az tapılan (defisit) malların baha qiymətə satışı buna nümunə ola bilər. Bazar iqtisadiyyatı şəraitində, məşhur firmaların ticarət markalarının saxtalaşdırılması, iş qüvvəsindən gizli istifadə, rüşvətxor məmurlar vasitəsilə imzalanmış müəyyən sazişlər yaxud sənədlər bu qəbildəndir.
«Gizli» yaxud «kölgə» iqtisadiyyatı bütün ölkələrdə bu və ya digər dərəcədə vardır. Yüksək inkişaf etmiş ölkələrdə ÜDM-un 3-10%-i, inkişaf etməkdə olan ölkələrdə 15-65%-i, Müstəqil Dövlətlər Birliyi ölkələrində isə təxminən 35-40%-i «gizli» iqtisadiyyatın payına düşür.
Cəmiyyətdə gəlirlərin qeyri-bərabər bölgüsünə, əhalinin sosial təbəqələşməsinin dərinləşməsinə, ayrı-seçkilik meyllərinə yol verilməsinə qarşı etiraz edən iqtisadçılar, siyasətçilər, mütəxəssislər göstərirlər ki, qanunların elan etdiyi hamı üçün bərabər imkanlar hüququ, «demokratiyanın gözəl və boş sözlərindən başqa bir şey deyildir». Çünki, «əhalinin müəyyən hissəsinin mənzili olmadığı, ehtiyac içərisində yaşadığı, hətta aclıq çəkdiyi, digərlərinin isə var-dövləti başından aşdığı bazar münasibətləri iqtisadi sistemi» müasir demokratiya prinsiplərindən çox uzaqdır. Başqa bir qrup iqtisadçı ölkə əhalisinin gəlirlərinin qeyri-bərabərliyinin, yaşadığımız cəmiyyətdə bərabərlik və səmərəlilik anlayışlarının sosial-iqtisadi mahiyyətinin, habelə əsl mənasının ziddiyyətli izahında axtarırlar. Onlar qeyd edirlər ki, bazar münasibətləri iqtisadi sistemi şəraitində bu mühüm problem mücərrəd «ədalət prinsipləri müstəvisində deyil, real iqtisadi səmərəlilik əsasında həll olunmalıdır». Müasir elmi və siyasi dairələr arasında belə bir meyl xüsusi narahatlıq doğurur ki, yüksək inkişaf etmiş ölkələrlə orta dünya iqtisadi göstəriciləri,eyni zamanda zəif inkişaf etmiş ölkələrin əhalisinin həyat səviyyəsi arasındakı fərqlər azalmaq əvəzinə, əksinə tədricən artmağa doğru gedir. Hazırda beynəlxalq təşkilatların məlumatlarına görə dünya əhalisinin ən varlı və ən yoxsul10 faizinin həyat səviyyəsi arasındakı fərq xeyli artaraq 25:1 nisbətində ölçülür. Başqa sözlə ən varlı ailənin 1 günlük gəliri, ən yoxsul ailənin təxminən 1 aylıq gəlirinə bərabərdir.Şübhəsiz, bu xoşagəlməz meyl milli və qlobal miqyasda sosial gərginliyinin artmasına ayrı-ayrı qrup ölkələrin arasında ziddiyyətlərin kəskinləşməsinə, cəmiyyətin müxtəlif təbəqələrinin həyat səviyyəsindəki fərqlərinin daha da dərinləşməsinə səbəb olur.