11.6.Dövlətin iqtisadi tənzimləmə vəzifələri və metodları
Dövlət tənzimlənməsinin iqtisadi funksiya (vəzifə) və metodlarını aydınlaşdırıb izah etmək üçün bu tənzimlənmənin subyektlərini, habelə obyektlərini müəyyənləşdirmək lazımdır.
Dövlət tənzimlənməsinin subyektləri - mülkiyyət və gəlirlərinə görə fərqlənən həm dövlət, həm də bazar sisteminə daxil olan müxtəlif sosial qrupları (fərdi əmək fəaliyyəti ilə məşğul olanları, sahibkarları, işgüzar biznes adamlarını, birlikləri, şirkətləri) əhatə edir. Dövlət tənzimlənməsinin obyektlərinə - ölkənin xarici iqtisadi əlaqələri, ətraf mühitin və ekologiyanın qorunması, məşğulluq və inflyasiya, maliyyə-kredit və pul sisteminin sabitliyi, əhalinin iqtisadi-sosial problemləri daxildir.
Dövlətin iqtisadi tənzimləmə funksiyaları dedikdə, aşağıdakılar nəzərdə tutulur: .
- cəmiyyətin «ümumi nemətlər» adlı tələblərinin (müdafiə, təhlükəsizlik, ictimai asayiş qaydalarının qorunması, dövlət idarəçiliyi, yollar çəkilməsi, elektrik, su, kanalizasiya təchizatı, nəqliyyat, rabitə) ödənilməsi;
ölkənin işgüzar təsərrüfat həyatının normal fəaliyyəti üçün tədavül dairəsinin kifayət qədər pul kütləsi ilə təmin olunması;
bazar iqtisadiyyatının səmərəli fəaliyyəti üçün müvafiq hüquqi bazarıın yaradılması;
kiçik və orta sahibkarlığın müdafiə və himayə edilməsi;
antiinhisar siyasəti həyata keçirməklə, ölkədə rəqabət mühitinin formalaşdırılması; ,
fiskal siyasət yeridərək, vergilər və rüsumlar vasitəsilyə dövlət büdcəsinə vəsait cəlb olunması;
ölkədə əsaslı (fundamental) elmlərin, elmi-tədqiqat işləri aparılmasının təşkili və maliyyələşdirilməsi;
region və inzibati ərazilərin (bölgələrin, rayonların) iqtisadi-sosial problemlərinin həll edilməsi.
Dövlət tənzimlənməsinin hüquqi, inzibati və iqtisadi metodlarını (üsullarını) 2 qrupa ayırmaq olar: birincisi - birbaşa, yaxud inzibati, yəni qeyri-iqtisadi metodlardır. Məsələn, müəyyən ərazidə tikinti işlərinin qadağan olunması; Milli Parkdan turizm məqsədləri üçün istifadə edilməsi; hərbi obyektin və bazanın mülki məqsədlər üçün istifadəsinə sərəncam verilməsi. Deməli, bu metod iqtisadi vasitə və üsullarla deyil, «olar» yaxud «olmaz» prinsipi ilə bir növ əmr qaydasında inzibati yollarla həyata keçirilir. İkincisi - dolayı, yaxud iqtisadi metodlardır. Həmin metodlar, dəyişən vergilər sistemini, rüsum haqlarını, gömrük xərclərini, tədarük qiymətlərini, müxtəlif əlavə ödənişləri, hərracları, tenderləri, məqsədli müsabiqələri nəzərdə tutur.
Dünya Bankı hesabatlarında, «Dövlət-dəyişən dünyada» adlı xüsusi bir bölmədə, iqtisadiyyatın , dövlət tənzimlənməsinin uğurlu və nöqsanlı cəhətləri hərtərəfli təhlil edilərək göstərilir ki, ümumi iqtisadi tərəqqi, elm, təhsil, səhiyyə, sosial ədalətin tarazlaşdırılması sahəsində dövlətin səmərəli rolu cəmiyyət üçün həyati əhəmiyyətə malikdir. Lakin, mütəxəssislərinin fikrincə, “C.Keynsin nəzəri iqtisadi müddəalarından və ötən əsrin 30-40-cı ülərdə ABŞ prezidenti F.Ruzveltin iqtisadi sahədə «yeni xətt»-indən fərqli olaraq, dövlət ölkənin təsərrüfat həyatının istirakçısı yox, iqtisadi inkişafın (artımın) təminatçısı, qarantı rolunu oynamalıdır”.
Dövlətin ölkə iqtisadiyyatında iştirakçı (subyekt) deyil, ümumi iqtisadi-sosial tərəqqinin təminatçısı rolunu yerinə yetirməsi üçün aşağıdakı şərtlərə və prinsiplərə əməl etmək tələb olunur: dövlət qanunçuluğunun əsasıdır; siyasi sabitliyin və makroiqtisadi tarazlığın təminatçısıdır; ətraf mühitin və ekologiyanın qorunmasına cavabdehdir; ölkə vətəndaşlarının təkcə siyasi deyil, eyni zamanda iqtisadi hüquqlarının, azadlıqlarının qarantıdır.
Dostları ilə paylaş: |