«Yoxsul ailələr»qrupunda hər nəfərə düşən gəlirin həcmi, ölkədə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağıdır, yaxud ona yaxındır.
«Aztəminatlı ailələr»qrupunda hər nəfərə düşən gəlirin həcmi, yaşayış minimumu ilə minimum istehlak büdcəsi (istehlak səbəti) arasındadır.
«Təmin olunmuş ailələr»qrupunda hər nəfərə düşən gəlir, minimum istehlak büdcəsi ilə səmərəli (normal) istehlak büdcəsi arasındadır.
«Varlı-imkanlı ailələr»qrupunda ailənin hər nəfərinə düşən gəlirin miqdarı, səmərəli istehlak büdcəsində nəzərdə tutulandan çoxdur.
«Ən varlı, imkanlı ailələr»qrupunda ailə üzvlərinin hər bir nəfərinə düşən gəlir olduqca yüksəkdir.
Cəmiyyətdəki yoxsulluq problemi və onunla bağlı məsələlərin həllini çətinləşdirən cəhətlərdən biri, həmin qrupa daxil edilən insanların, ailələrin ölkənin müxtəlif ərazilərinə səpələnməsi, şəhər və kənd yerlərində yaşaması, onların arasında yaşlıların və yeniyetmələrin, ayrı-ayrı millətlərin və dinlərin nümayəndələrinin olmasıdır. Digər bir səciyyəvi cəhət isə yoxsul şəxslərin və ailələrin vəziyyətinin dəyişkənliyi, ötən il yoxsul sayılanın bu ildən vəziyyətinin xeyli yaxşılaşması, yaxud əvvəllər maddi vəziyyəti normal sayılanların sonralar obyektiv-subyektiv səbəblərlə bağlı çətin vəziyyətə düşərək, yoxsullaşmaları ilə əlaqədardır. ABŞ-ın iqtisadi inkişaf tarixindən məlumdur ki, 1959-1969-cu illərdə ölkədə yoxsulluğun ümumi səviyyəsi 10 faizdən aşağı olduğu halda, sonrakı onillikdə artaraq, 11-13 faiz səviyyəsində stabilləşmişdir. 1980-ci ildən başlayaraq, yenidən ölkə əhalisi arasında yoxsulların sayı artaraq 1993-cü ildə özünün ən yüksək səviyyəsinə çatmışdır. Sonrakı dövrdə ölkədə yoxsulluq səviyyəsi azalmağa doğru meyl edərək, XXI birinci onilliyində 10-11 faiz təşkil etmişdir. Belə bir mənzərə Azərbaycan Respublikasında da müstəqillik illərində müşahidə olunmuşdur.