Ərzaq və enerji-yanacaq təchizatı bəşəriyyətin qlobal iqtisadi-sosial problemləri arasında mühüm bir yer tutur. Ərzaq və enerji-yanacaq məhsullarının istehsalı, bölgüsü, mübadiləsi, istehlakı müasir dünya təsərrüfat sisteminin normal inkişafının tərkib hissəsini təşkil edir. Əhalinin ərzaq və müxtəlif istehsal-xidmət təyinatlı məhsullarının ilkin mənbəyi sayılan kənd təsərrüfatı, enerji-yanacaq sahələri, eyni zamanda bu amillərin yer kürəsində qeyri-bərabər surətdə yerləşməsi reallığı, beynəlxalq iqtisadi-ticarət əlaqələrini şərtləndirən səbəblər kimi səciyyələndirilir.
Son iki əsrdə dünya əhalisinin sayının 7 dəfə artması, insanların və bütövlükdə cəmiyyətin fərdi, habelə ictimai tələbatlarının yüksəlməsi qarşısında, Planet miqyasında əkin üçün yararlı olan torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsindən çıxarılması, onların eroziyaya uğraması, yollar salınması, tikinti üçün ayrılması, təbii olaraq əhalinin ərzaqla təminatında müəyyən çətinliklər yaratmışdı.
Qlobal miqyasda dünya ölkələrinin yanacaq-enerji təchizatına gəldikdə, bu mənbələrin 70 faizinin Şərq ölkələrində yerləşdiyi halda, istehlakının yarıdan çoxunun Avropa dövlətləri, ABŞ, Yaponiyanın payına düşməsi reallığı beynəlxalq münasibətlərin meyllərindən, dəyişkən bazar konyukturasından, siyasi-diplomatik gedişlərdən asılı olaraq, vaxtaşırı ciddi iqtisadi-sosial problemlər meydana çıxarır.
Elmi-texniki yeniliklərin və biologiya-fiziologiya sahələrindəki kəşflərin, nailiyyətlərin bilavasitə aqrar bölmədə təcrübədə tətbiqi, müstəqillik qazanmış ölkələrdə aparılan torpaq islahatları sayəsində yaranmış «yaşıl inqilablar», XX əsrin ikinci yarısında bu istiqamətdə müəyyən irəliləyişlər yaratsa da, lakin bütövlükdə problemin həllindən danışmaq çətindir.
BMT-nın məlumatlarına görə XXI əsrin birinci onilliyində dünya əhalisinin 1 milyard nəfərə yaxını ərzaq sarıdan daimi çətinliklər içərisində yaşayır, hətta aclıqla üzləşir, lazım olan kalori və keyfiyyət səviyyəsində, nəhayət ekoloji baxımdan təmiz məhsullarla təmin olunmurlar. Dünyanın ayrı-ayrı ölkələri əhalinin ərzaq məhsulları ilə ümumi və hər nəfərə düşən həcmi (miqdarı) cəhətdən fərqlənsələr də, bütövlükdə Planetin hər nəfərinə orta hesabla elmi qidalanma normalarına əsasən gündəlik 2.500-2.700 kalori nəzərdə tutulduğu halda, hazırda bu rəqəm təxminən 2000 kaloridir.
Dünya əhalisinin yarıya qədərinin gündə 2 dollar və 20 faizdən çoxunun isə 1 dollara yaşaması faktı, ümumi inkişaf, habelə tərəqqi meyllərinə baxmayaraq, müasir standartlar baxımından əhalinin yoxsullaşması prosesinin, şübhəsiz, dəyişmiş yeni tələblər müstəvisində davam etdiyini göstərir. Xüsusilə dünya əhalisinin hər il 65-70 milyon nəfər artdığı və bu demoqrafik prosesin əsasən inkişaf etməkdə olan, o cümlədən nisbətən geridə qalmış ölkələrin payına düşdüyü nəzərə alınarsa, gələcəkdə prosesin daha da kəskinləşəcəyi proqnozlaşdırılır. Bu mürəkkəb ərzaq və xammal, enerji və yanacaq, mənzil və içməli su kimi qlobal sosial-iqtisadi problemlərin müasir vəziyyəti, habelə gələcək təhlükəli meylləri, bütün ölkələrin birgə səylərini tələb edir.